Məhkəmə qərarları › İş №e-2(006)-1008/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1008/2022

06.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1008/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə" tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə" tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının anasıdır. O, 2005-ci ildə iddiaçını övladlığa götürmüşdür. İddiaçının hazırda 19 yaşı vardır. Uzun illərdir ki, onlar birlikdə mübahisəli – Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında yaşamışlar. Cavabdeh iddiaçını həmin mənzilə ailə üzvü kimi köçürüb, mübahisəli sahə iddiaçının yeganə yaşayış evidir. Digər yaşayış yeri yoxdur, o, tələbədir (ödənişli əsaslarla ali təhsil alır). İddiaçı hər zaman düşünürdü ki, onu övladlığa götürən cavabdeh ona ana kimi baxıb, doğma münasibət bəsləyəcəkdir. Lakin, ona bəlli olmayan səbəblərdən son dövrdə onun münasibəti kəskin şəkildə pisləşmişdir. Bildiyi qədərilə mübahisəli evi satmaq üçün onu evdən çıxarmaq istəyir. Bunun üçün müxtəlif bəhanələr danışır. Dəfələrlə iddiaçıdan əşyalarını da götürüb evdən çıxıb getməyini tələb edib. Özü qəsdən dözülməz ab-hava yaradırdı, aqressivlik edirdi. Bunların nəticə vermədiyini görəndə o, 09 noyabr 2021-ci il tarixdə gecə saatlarında onunla mübahisə etməyə başlamış, iddiaçını evdən qovmuşdur. O, açarları iddiaçıdan alıb, qapının kilidini bağlamışdır və o vaxtdan bu günədək onu evə buraxmır. Ona izah edə bilmir ki, iddiaçı kimsəsiz tələbədir, qalacağı yeri yoxdur. Məcbur olub dost-tanışlarından maddi və s. yardım istəməyə məcburdur, çıxılmaz ağır vəziyyətdə qalmışdır. Buna görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Onun qalmağa başqa yeri yoxdur, cavabdehin isə iddiaçını yaşayış yerindən məhrum etməyə hüququ yoxdur. Göstərilənlərə əsasən, iddianın təmin olunması, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməyi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 07.12.2021-ci ildə Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 1-ə məcburi köçürülməsi və yaşayış sahəsindən istifadəyə dair manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilməsini o, 19 yanvar 2022-ci ildə Bakı şəhər İnzibati məhkəməsində baxılan iddia ərizəsilə əlaqədar öyrənmişdir. İdda ərizəsinin surətini də həmin gün vəkili və nümayəndəsi Nümayəndə2 vasitəsi ilə almışdır. Buna qədər həmin iddia ərizəsi ilə bağlı onunheç bir məlumatı olmamışdır. İddia ərziəsində göstərilir ki, guya o, evini satmaq istəyir, buna görə də müxtəlif bəhanələr gətirərək İddiaçı evdən çıxarmaq istəyir. Ona görə də son dövrdə 2005-ci ildə övladlığa götürdüyü İddiaçı əşyalarını da götürüb evdən getməsini tələb etmişdir, 09 noyabr 2021-ci ildə gecə saatlarında onunla mübahisə edib onu evdən qovmuşdur. Bütün bunlar doğru deyil və həqiqəti əks etdirmir. İddiaçı evdən 09 noyabr 2021-ci ildə deyil, 08 noyabr 2020-ci ildə ürək nahiyyəsindən edilən əməliyyatdan sonra onu çarpayıda köməksiz vəziyyətdə xəstə yatan halda qoyub getmişdir, yeriyə bilmədiyi, baxıma ehtiyacı olması barədə israrlı yalvarışlarına məhəl qoymayaraq, ərə getdiyini, əri ilə 3 otaqlı mənzil kirayə etdiklərini, bundan sonra orada yaşayacaqlarını bildirərək çıxıb getmişdir. Bütün bunlara və onun getdiyi vaxt iddiaçının yataq xəstəsi olduğunu, onun qonşuları - Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küşəsi 35, mənzil 9-da yaşayan X2, Rəsul Rza küçəsi 35 mənzil 9-da yaşayan X3, Rəsul Rza küçəsi 35 mənzil 11-12-də yaşayan X5 və qeyriləri də şahiddirlər. Onun övladlıq vəzifəsini yerinə yetirməyərək, iddiaçını xəstə yatağında qoyaraq 08 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad olunan gün onu tərk etməsi, ona qarşı qanunsuz hərəkətlər etməsi ilə bağlı bildirmişdir ki, o, xx.xx.1952-ci ildə anadan olmuşdur. Hazırda Bakı şəhəri Nəsimi rayonu,R.Rza küçəsi ev 35 mənzil 1- də tək yaşayır, ürək şatışmamazlığı xəstəliyindən əziyyət çəkir, ürək nahiyyəsindən ağır cərrahiyə əməliyyatı olunmuşdur, mütəmadi müalicə alır, Bakı şəhərində yaxın qohumları yoxdur, bacıları Moskva şəhərində yaşayırlar. Qeyd olunan mənzildə 2020-ci ilin 08 noyabrına kimi xx.xx.2002-ci ildə anadan olmuş, 2005-ci ildə övladlığa götürdüyü İddiaçı ilə birlikdə yaşamışdır. O, 2020-ci ilin oktyabr ayının sonlarında ürək nahiyyəsindən ağır əməliyyat keçirmişdir. Əməliyyatdan sonra yataq xəstəsi idi, müstəqil hərəkət edə bilmirdi, ciddi baxıma ehtiyacı var idi. Lakin, buna baxmayaraq qızlığı İddiaçı “ məni qulluq etmək üçün övladlığa götürməmisən ki ” deyərək ona baxmaqdan imtina etdi, getməməsi üçün ona yalvarmağına baxmayaraq, əşyalarını da toplayaraq tanışı X4 ilə evləndiyini, onunla birlikdə tutduqları 3 otaqlı kirayə mənzildə yaşayacağını bildirərək 08.11.2020-ci ildə evdən çıxıb getmişdir. Ona bu çətin dövrdə qonşuları yardım etmiş, onlar baxmış və baxırlar. Bundan sonra İddiaçı və onun evləndiyini dediyi, tanışı X4 təxminən 2020-ci ilin noyabr ayının 15-də birlikdə yaşadığı evə gəlmiş, ona meyvə və yarımkiloluq şüşə qabın yarısı həcmində plov verərək çıxıb getmişlər. Həmin plovdan 2 qaşıq yedikdən sonra vəziyyəti pisləşdi, tibbi müdaxilədən sonra özünə gəldi. Bundan 3 gün sonra Səbinə zəng edərək, ona heç nə olmadığını biləndə çox təəccübləndi. Sonralar öyrəndi ki, o əməliyyat olanda Səbinə Elmirlə birlikdə Xaçmaza gedərək oradakı valideynlərindən ona miras qalan evi və torpaq sahəsini Rəşada göstərmişdir. Səbinə bir uşaq kimi çətin tərbiyə olunan uşaq olmuş, o qəddarlığa meyilli olmuşdur. İddiaçı həmişə çalışmışdır ki, onu düzgün tərbiyə etsin. 2020-ci ilin sonunda onun səhhətində problem olanda o evdən tez- tez çıxıb getmiş, gecələr evə gəlməmiş, bəzən isə səhərə yaxın evə gəlmişdir. Səbinənin qəddarlığa meyilli olmasını iddiaçı onun çəkdiyi rəsmlərdən də hiss etmişdir. Belə ki, onun çəkdiyi bütün insan və heyvan rəsmlərində qan əsas rol oynayır. Onun çəkdiyi bir qız rəsmində ingiliscə “mənimlə oyna “ yazıb, qızın ağzından, ürəyindən və çiynindən qan gəlir, qızın hər iki qolu dirsək nahiyyəsindən kəsilmiş, hər iki qolun kəsik yerlərindən və qızın ağzından qan gəlir. Digər bir rəsmdə o, zəncirlə birləşdirilmiş, ilan dolaşmış qan içində qadın və kişi rəsmləri çəkmişdir. Onun dediyinə görə o rəsmlər onun və sevgilisi Elmirin rəsmidir. Onları kim ayırsa onun rəsmdəki kimi qanı axacaqdır. Onun belə rəsmləri çox idi. İndi iddiaçıda 7 belə rəsm qalıb. Onların surətlərini iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa o, Səbinə evdən gedəndən sonra otaqdan 3 ədəd termometr və kəsici alət tapmışdır. Bu barədə qonşuları Fomaya da demişdir. O və Foma Səbinə ilə söhbət edəndə o bildirdi ki, termometrləri o, özü alıb, onlar işləmir. O, həkimə bunu deyəndə həkim ona bildirdi ki, o termometrlərin birindəki civə kifayətdir ki, insan zəhərlənsin və ölsün. O o saat bildi ki, 3 işləməyən xarab termometrləri ona Rəşadgil verib ki, iddiaçını termometrdə olan civə ilə zəhərləsinlər. Əks halda 3 işləməyən eyni markalı termometrləri almaq, evdə gizli saxlamaq başqa nə üçün ola bilər? Bundan sonra İddiaçı və onun evləndiyini dediyi, tanışı X4 təxminən 2020-ci ilin noyabr ayının 15-də birlikdə yaşadıqları evə gəlmiş, ona meyvə və yarımkiloluq şüşə qabın yarısı həcmində plov verərək çıxıb getmişlər. Həmin plovdan 2 qaşıq yedikdən sonra vəziyyəti pisləşdi, tibbi müdaxilədən sonra özünə gəldi. Bundan 3 gün sonra Səbinə zəng edərək ona heç nə olmadığını biləndə çox təəccüblənmiş, ona “kakaya tı, jilistaya ” demişdir. Sonralar öyrənmişdir ki, o əməliyyat olanda Səbinə Rəşadla birlikdə Xaçmaza gedərək oradakı valideynlərindən ona miras qalan evi və torpaq sahəsini Rəşada göstərmişdir. Eyni zamanda 2021-ci ilin yanvar ayının 17-də Səbinə, Rəşad və Rəşadın atası evlərinin yanına gəlib ona dedilər ki, guya onlar “zaqsa” gedirlər, evlənəcəklər, onlar iddiaçını inandırmaq üçün gül də almışdılar. Lakin, iddiaçı bilirdi ki, onlar iddiaçını aldadır və istəyirlər ki, Rəşadı o evə qeydiyyata alsın. İddiaçı uzun müddətdir ki, ünvan 1-də iddiaçı ilə yaşamır. 08 noyabr 2020-ci ildə isə o, bütün əşyalarını toplayaraq özü ilə aparmış, ər-arvad münasibətində olduğu X4 ilə birlikdə yaşayır. İndi öyrənir ki, onlar evlənməmiş, iddiaçını aldatmışlar. Göründüyü kimi, iddiaçının həyatı indi də təhlükə altındadır. Sonradan bilmişdir ki, onlar bunula Elmir İsmayılzadənin iddiaçının mənzilinə qeydə alınmasına nail olmaq istəyiblər. İddiaçı artıq onların necə bir insan olduqlarını bildiyi üçün buna razı olmamışdır. Bunula da Səbinə və Elmir onu zəhərləyib öldürərək mənzilinə və Xaçmaz şəhərindəki ata mülkünə sahib çıxmaq istəmişlər. Qeyd olunan hadisə ilə bağlı o, Nəsimi rayon prokurorluğuna rəsmi şikayət ərizəsi yazmışdır. Həmin ərizə ilə əlaqədar Nəsimi rayon prokuroru, 19 aprel 2021 -ci ildə Nəsimi rayon Polis İdarəsinə onun təhlükəsizliyinin təmin olunması üçün qanuni tədbir görülməsindən ötrü məktub yazmış, ona qarşı edilən qanunsuz hərəkətlər haqqında isə hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır. Lakin, o, prokurorluqda izahat verəndə bildirmişdir ki, Səbinə qəddarlığa meyilli qızdır. O, bunu onun çəkdiyi şəkillərdən də hiss etmişdir. Qəddarlığı və qan tökməyi təbliğ edən həmin şəkillərə görə qonşu da Səbinə ilə söhbət edib, buna görə istəmişdir ki, onlar barəsində tədbir görülsün, səhvlərini başa düşsünlər, iddiaçının təhlükəsizliyi təmin olunsun, onlar bir daha ona qarşı qanunsuz hərəkətlər etməyə cəsarət etməsinlər, lakin Səbinənin cinayət məsuliyyətinə cəlb olunmasını bir ana kimi istəməmişdir. İddiaçı uzun müddətdir ki, ünvan 1-də yaşamır. 08 noyabr 2020-ci ildə isə bütün əşyalarını toplayaraq özü ilə aparmış, ər-arvad münasibətində olduğu X4 ilə birlikdə yaşayır. İddiaçı faktiki yaşamadığı, tərk etdiyi mənzildə formal olaraq qeydiyyatda qalması "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun bir sıra müddəları ilə ziddiyyət təşkil edir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Odur ki, İddiaçı yaşamadığı, mülkiyyətçisi barədə cinayət törətməyə cəhd etdiyi mənzildə qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onun qeydiyyatı yalnız formal xarakter daşıyır, onun təhlükəsizliyinə xidmət etmir və eyni zamanda faktiki vəziyyəti əks etdirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən cavabdehin qeydiyyatına inzibati orqana yəni, “X6” müraciəti əsasında xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 16 iyun 2002-ci ildə anadan olmuş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması barədə Nəsimi Rayon Polis İdarəsinə 16.04.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Nəsimi Rayon Polis İdarəsindən vəkil Nümayəndə2 ünvanlanmış 082-18430-1221 №-li, 18 may 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yanlız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Göründüyü kimi müraciətinin qanunvericilikdə göstərilən əsaslara tam cavab verməsinə baxmayaraq, inzibati orqan əsassız olaraq formal məzmunlu 082-18430- 1221 №-li, 18 may 2021-ci il tarixli imtina verməklə hüquqların məhdudlaşdırmışdır. Hüquqlarının bərpa edilməsi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Ona görə də iddiaçı Azərbaycan Respublikasının İPM-nin 2.2.2-ci maddəsinə müvafiq olaraq Bakı İnzibati Məhkəməsinə 03.06.2021-ci ildə iddia ərizəsi verərək, İddiaçı mülkiyyətçisi olduğu ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsini Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması barədə iddia vermişdir. Həmin iddia ərizəsi Bakı İnzibati məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatında baxılmaqdadır. Göründüyü kimi, İddiaçı indiyə kimi ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, zorakılığa meyillidir, 18 yaşma çatmış, əmək qabiliyyətli olsa da öz övladlıq borcunu yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı Məmmdəriza qızının bu qanunsuz hərəkətlərindən sonra onunla eyni mənzildə yaşamağı qeyri-mümkündür, onun iddiaçının yaşadığı 1 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılması baxıma ehtiyacı olan yaşlı və xəstə bir qadın kimi həyatına real təhlükə törədər, ağır nəticəyə gətirib çıxarmaqla və ədalətsizlik olardı. Qeyd olunanları nəzərə alaraq, qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 ilkin iddia tələbinə etiraz, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31 avqust 2005-ci il tarixli, AZ-İ № 649093 seriyalı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, atası X1, anası Cavabdehdır. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayışdan görünür ki, 01.12.2021-ci il tarixdə, saat 18:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 53 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Qeydiyyat vəsiqəsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında xüsusi mülkiyyətçi kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 276 №-li reyestr kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan 48 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 03.06.2021ci il tarixli, 264 №-li Arayışdan görünür ki, Cavabdeh ünvan 7 ünvanda Cavabdeh və onun qızı İddiaçı qeydiyyatdadırlar. Cavabdeh qeydiyyatdadır və yaşayır.İddiaçı isə hal-hazırda həmin ünvanda yaşamır. Bunu 31 may 2021-ci il tarixli Akt da təsdiq edir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7239/2021 saylı, 17.08.2021-ci il tarixli Qərardadına əsasən, iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “mənzildə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan AR DİN-nin BPQMİ-nin MAPS şöbəsindən verilən Arayışlardan görünür ki, vətəndaş Cavabdeh və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Arayışdan görünür ki, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 12.06.2020-ci ildən 05.02.2022-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı nikah haqqında akt qeydi aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında həm İddiaçı, həm də Cavabdeh qeydiyyatdadırlar. Hazırda iddiaçı İddiaçı özünün Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsini, Cavabdeh isə İddiaçı həmin ünvandan çıxarılmasını tələb edir. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan hüquq normalarından görünür ki, ilkin iddia üzrə İddiaçı öz əmlakını geri tələb etmək hüququ mövcuddur və o, həmin hüququndan istifadə etməklə hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı kompensasiya ödənilməklə ilkin iddia üzrə iddiaçının mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında ailə münasibətləri 2005-ci ildə iddiaçının cavabdeh tərəfindən övladlığa götürüldüyü andan yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının evləndiyi söylənilsə də, iş materiallarına əlavə edilmiş Arayışla da təsdiq edildi ki, İddiaçı nikahı barədə heç bir akt qeydi aşkar edilməmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı belə nəticəyə gəldi ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında uşaqlıqdan yaşamışdır və hazırda da həmin ünvanda qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanına istifadə hüququ mövcuddur və əgər iddia tələbi təmin olunmasa, bununla iddiaçının hüquqları pozulmuş olacaqdır. Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə görə məhkəmə hesab edir ki, mübahisələndirilən mənzilə ilkin iddia üzrə iddiaçının da istifadə hüququ olduğundan, həmin mənzildə yaşayan və qeydiyyatda olan ilkin iddia üzrə cavabdehin həmin mənzildən ilkin iddia üzrə iddiaçının qeydiyyatdan çıxarılması tələbi ilə ilkin iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən, ilkin iddia üzrə iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanına məcburi köçürülməli və həmin yaşayış evindən istifadəyə dair maneələr törədilməsi ilkin iddia üzrə cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməli, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qadağan edilsməli, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə məznildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə” tələbinə dair ilkin iddia təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülsünn. Həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qadağan edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə məznildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar