Məhkəmə qərarları › İş №e-2(006)-1023/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1023/2021

18.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1023/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq onun işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərə görə cavabdehdən 100 000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.2013-cü il tarixdən etibarən işləmişdir. İlk olaraq iddiaçı "X1" şirkəti vasitəsilə "qeydiyyatçı" vəzifəsində, xx.xx.2014-cü il tarixindən etibarən "xxxx" MMC vasitəsilə "inzibatçı" vəzifəsində, xx.xx.2019-cu il tarixdən etibarən isə birbaşa "Cavabdeh " şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə əmək müqaviləsini (bundan sonra "Əmək müqaviləsi" adlandırılacaq) bağlamaqla "aparıcı inzibatçı" vəzifəsində işləməyə davam etmişdir. Ümumi olaraq 90 işçisi olan təzyiqli nasoslar departamentində iddiaçı yeganə inzibatçı idi. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 101/20 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmri (bundan sonra "Xitam haqqında əmr" adlandırılacaq) əsasında eyni tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitamın əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi qeyd edilmişdir (işçilərin sayı və ya ştatların ixtisarı). İddiaçı hesab edir ki, ixtisar süni xarakter daşımışdır və qanunveriliciyə zidd şəkildə aparılmışdır, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Xitam haqqında əmrdə qeyd olunmuşdur ki, cavabdeh iş ştatlarının restrukturizasiyasını həyata keçirmişdir. Bu restrukturizasiya nəticəsində "aparıcı inzibatçı" iş ştatının saxlanılmasına ehtiyac qalmamış və bu iş ştatının ixtisar edilməsi barədə qərar qəbul edilmişdir. Bununla belə, restrukturizasiyanın nədən ibarət olması izah edilmir. İddiaçıya restrukturizasiya haqqında hər hansı qərar, əmr və ya digər sənəd təqdim edilməmişdir. Xitam əmrinin mətnindən elə nəticəyə gəlmək olar ki, bütün restrukturizasiyanın mahiyyəti məhz iddiaçını işdən çıxarmaqla bağlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının işdən çıxarılması ilə bağlı təzyiqlər hələ 2020-ci ilin may ayında başlamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə cavabdehin insan resursları şöbəsinin iddiaçıya ünvanlandığı elektron məktubda iddiaçı qarşısında iki seçim qoyulur: ixtisar və ya qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə xitam. Məktuba əsasən iddiaçıdan cavab həmin günün sonuna qədər tələb olunur! Tez qərar vermək barədə tələblər sonrakı yazışmada da təkrarlanır. Burada bir sual yaranır: əgər ixtisar həqiqətən baş veribsə əlavə seçimlərə nəyə görə ehtiyac yaranmışdır? Cavab isə çox sadədir: heç bir ixtisar əslində baş verməmişdir, məktubun məqsədi iddiaçı üzərinə təzyiq göstərməklə onu işdən çıxartmaqdan ibarət olmuşdur. Tərəflər arasında yazışma tərcümə ilə birlikdə məhkəməyə təqdim olunur. Cavabdeh qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə xitam müqabilində iddiaçıya bir aylıq orta əmək haqqı miqdarında əlavə ödəniş təklif edib. Lakin qeyd etmək lazımdır ki, bu əlavə "dəstəyin" iddiaçı üçün əslində heç bir dəyəri olmamışdır və aldadıcı xarakter daşımışdır. Belə ki, ixtisar olunduğu təqdirdə iddiaçı işsizliklə bağlı sığorta ödənişlərini almaq hüququnu qazanacağını nəzərə alaraq iddiaçı üçün faktiki olaraq heç bir əlavə dəyər təşkil etməmişdir. Əksinə, iddiaçı bu sığorta ödənişlərdən məhrum olacaqdı. Qeyd etmək vacibdir ki, xx.xx.2020-ci ildə iddiaçı cavabdehin insan resursları şöbəsinə elektron məktub ünvanlayaraq şirkətdə hansı ixtisar növünün tətbiq edilməsi (işçi sayının ixtisarı və ya ştatların ixtisarı) barədə sual vermişdir. Cavabdehin nümayəndələri buna heç bir cavab verməmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının çalışdığı departamentdə təchizatçı vəzifəsində işləyən şəxs xx.xx.2020-ci il tarixdə işdən çıxmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə bu vakant iş yerinə keçirilməsi barədə insan resursları departamentinə müraciət etsə də, heç bir cavab almamışdır. Bu barədə yazışma tərcümə ilə birlikdə məhkəmənin diqqətinə təqdim olunur. Cavabdehin 2020-ci ilin may və sonrakı aylar ərzində ağağıdakı hərəkətlərinin məcmusu: işdən çıxma haqqında cavabın dərhal vermək tələbi; faktiki mövcud olmayan əlavə "dəstəyin" təklif etməklə qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam vermək ilə bağlı təzyiqlər; ixtisar növü barədə heç bir məlumatın verilməməsi; başqa iş yerinə keçirilməsi ilə bağlı müraciətin cavabsız saxlanılması onu göstərir ki, cavabdehin hərəkətləri təzyiq xarakterini daşıyırdı və həqiqətdə heç bir ixtisar zərurəti olmamışdır. Cavabdeh əsl niyyəti iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə istənilən əsasla xitam vermək idi. Qərəzli münasibət nəticəsində işdən çıxarıldığı üçün iddiaçıya mənəvi zərər vurulub. Belə ki, cavabdehin nümayəndələri tərəfindən 2020-ci ilin may ayında başlayan təzyiqlər və qanunsuz hərəkətlər nəticəsində iddiaçının psixi vəziyyəti ağırlaşmışdır. Yeddi il həmin iş yerində işləyən iddiaçı cavabdehin nümayəndələrinə bildirmişdir ki, onun himayəsində yaşlı valideyni var və pandemiya dövründə işdən çıxarıldığı halda yeni iş yerinin tapılması onun üçün cox çətin olacaq. Lakin cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı böyük mənəvi sarsıntı keçirmiş və tibbi yardım üçün müraciət etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək qeyd etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsinin ləğv edilməsi zamanı qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. İlk öncə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 11 (ə) maddəsinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək” işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Başqa sözlə, Əmək Məcəlləsi işəgötürənə iş ştatlarını ləğv etmək səlahiyyətini vermişdir. Burada əsas odur ki, həmin iş ştatının ləğv edilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş olsun. Cavabdeh də Əmək Məcəlləsinin 11 (ə) maddəsinin ona verdiyi hüquqi imkandan istifadə edərək, xx.xx.2020-ci il tarixli 21/70 nömrəli daxili Əmr verərək, nümayəndəlikdə toplam 19 adda 20 ədəd iş ştatı vahidinin, o cümlədən iddiaçının çalışdığı "Aparıcı İnzibatçı" iş ştatının ixtisar edilməsi barədə qərar qəbul etmişdir. xx.xx.2020-ci il tarixli Əmrdə göstərilmişdir ki, iş həcminin azalması nəticəsində əmrdə göstərilən iş ştatlarının (o cümlədən "Aparıcı İnzibatçı" iş ştatının) saxlanılmasına ehtiyac qalmamış və bu səbəbdən müəssisədə mövcud olan iş ştatlarının restrukturizasiyasını keçirmək zəruriliyi yaranmış və bu restrukturizasiya səbəbindən müəssisədə 20 iş ştatı vahidi, o cümlədən "Aparıcı İnzibatçı" iş ştatı ixtisar edilir. Belə ki, Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işəgötürən işçini rəsmi xəbərdar etməlidir. Cavabdeh də Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələb etdiyi iddiaçıya əmək müqaviləsinin Əmək Məcəlləsinin (b) maddəsinə əsasən xitam veriləcəyi barədə xx.xx.2020-ci il tarixli rəsmi xəbərdarlıq göndərmişdir (surəti əlavə edilir). Həmin rəsmi xəbərdarlıq iddiaçının ev ünvanına poçt kuryeri vasitəsi ilə göndərilsə də, iddiaçı həmin rəsmi xəbərdarlığı poçt kuryerindən almaqdan imtina etmişdir. Bu faktı təsdiq etmək üçün kuryer tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir (aktın surəti əlavə edilir). Belə olan halda, rəsmi xəbərdarlığın surəti əlavə olaraq iddiaçıya elektron poçt vasitəsilə də göndərilmişdir (xx.xx.2020-ci il tarixli elektron məktubun surəti əlavə edilir). İddiaçı əlavə olaraq ona göndərilən bildirişi aldığını öz imzası ilə də təsdiq etmişdir. Beləliklə, cavabdeh Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əməl etmişdir. İddiaçı sözügedən bildirişi aldığını mübahisəndirmir. İkincisi, Əmək Məcəlləsinin 77.2-ci maddəsinə görə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Cavabdeh Əmək Məcəlləsinin bu tələbinə də əməl etmişdir. İddiaçı öz ərizəsində cavabdehin bu tələbə əməl etdiyini mübahisəndirmir. Üçüncüsü, Əmək Məcəlləsinin 77.3-cü maddəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə ləğv edilərək işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Cavabdeh Əmək Məcəlləsinin bu tələbinə də əməl etmişdir. Cavabdehin iddiaçıya ödədiyi məbləğin hesablanmasına dair elektron sənədin surəti əlavə edilir. İddiaçı öz ərizəsində cavabdehin bu tələbə əməl etdiyini mübahisəndirmir. Dördüncüsü, Əmək Məcəlləsinin 83.1 və 84.1-ci maddələrinə görə işəgötürən işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verərək Əmək Məcəlləsinin adıçəkilən maddələrinə uyğun olan 101/20 saylı xx.xx.2020-ci il tarixli əmr tərtib etmişdir (surəti əlavə edilir). Həmin əmrdə cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmışdır. İddiaçı əmrin surətini aldığını mübahisəndirmir. Beşincisi, Əmək Məcəlləsinin 49.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi elektron informasiya sistemində qeydiyyata almışdır (elektron bildiriş əlavə edilir). Altincısı və nəhayət, cavabdeh əmək müqaviləsinin ləğv edilməsinə dair müvafiq qeydləri iddiaçının əmək kitabçasına daxil etmiş və əmək kitabçasını iddiaçıya təqdim etmişdir. İddiaçı əmək kitabçasının əslini aldığını mübahisənləndirmir. Cavabdeh iddiaçının əmək müqaviləsinə "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam vermək üçün iddiaçıya heç bir təzyiq göstərməmişdir. İddiaçı iddia edir ki, guya cavabdeh iddiaçının əmək müqaviləsinə "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam verilməsinə məcbur etmək istəmiş və iddiaçı əmək müqaviləsinə "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam verilməsinə razı olmadığı üçün cavabdeh iddiaçının əmək müqaviləsini "iş ştatının ixtisarı" əsası ilə ləğv etmişdir. Bu dəlil də tamamilə əsassızdır. Birincisi, xx.xx.2020-ci il tarixli Əmrdə göstərildiyi kimi iş ştatları ixtisar olunan bütün işçilərə (o cümlədən iddiaçıya) ƏLAVƏ SEÇİM KİMİ "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam verilmə imkanı təklif edilmişdir. Həmin təklifdə işçinin "ixtisar" əsası ilə əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə işəgötürən ala biləcəyindən daha artıq əmək haqqının ödəniləcəyi nəzərdə tutulmuşdur. Təklif etmək – məcbur etmək demək deyildir. İş ştatları ixtisar olunan bütün işçilərə bu təklif edilmişdir və bütün işçilər (iddiaçı və digər bir nəfər işçi istisna olmaqla) bu təklifi qəbul etmiş və onların əmək müqavilələrinə "tərəflərin qarşılıqlı razılığı" əsası ilə xitam verilmişdir. İkincisi, "tərəflərin qarşılıqlı razılığı" əsasında xitam vermə Əmək Məcəlləsinin 75.2 (a) maddəsində əmək müqaviləsinə xitam vermənin hüquqi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, bu əsas tam hüquqi əsasdır. İddiaçının tutduğu "Aparıcı İnzibatçı" iş ştatı müəssisədə bu adda mövcud olan yeganə iş ştatı olmuşdur və bu iş ştatı tam olaraq ixtisar olunmuşdur. xx.xx.2020-ci il tarixli Əmrin 1 saylı Qoşmasında müəssisənin yenilənmiş iş ştatlarının siyahısı qeyd edilmişdir. Həmin siyahıda "Aparıcı İnzibatçı" iş ştatı mövcud deyildir. Başqa sözlə, "Aparıcı İnzibatçı" iş ştatı məssisədə mövcud olan iş ştatlarının siyahısından tamamilə çıxarılaraq ixtisar edilmişdir. Belə olan halda iddiaçının "Aparıcı İnzibatçı" vəzifəsi üzrə işdə saxlanılmağa üstünlüyünün olub-olmamasının müəyyən edilməsinə heç bir gərək qalmamışdır. Belə ki, həmin vəzifə ümumiyyətlə ləğv edilmişdir. Müəyyən vəzifə üzrə işçinin işdə saxlanılmağa üstünlüyün olub-olmamasının müəyyən edilməsinin zəruriliyi o vaxt yaranır ki, əgər işəgötürən müəyyən vəzifəsi üzrə iş ştatlarının sayını azaldır və bu zaman həmin vəzifə üzrə hansı işçinin saxlanılacağını və hansı işçinin əmək müqaviləsinin veriləcəyini müəyyən etməlidir. Misal üçün, əgər müəssisədə 5 ədəd "Aparıcı İnzibatçı" iş ştatı olardısa və işəgötürən həmin iş ştatlarının sayını 5-dən 2-yə ixtisar edilməsi barədə qərar qəbul edərdirsə, onda işəgötürən 5 nəfər işçidən hansı 2 işçini işdə saxlanılmağa üstünlüyünün olub-olmamasını müəyyən etməli idi. Hazırki işdə isə müəssisədə 1 ştat vahidi "Aparıcı İnzibatçı" vəzifəsi olmuşdur və bu vəzifə tam olaraq ixtisar edilmişdir. Qanunvericilikdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən xitam verilərkən işəgötürənin işçiyə hər hansı bir boş vəzifə təklif etmək öhdəliyi nəzərdə tutulmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya müəssisədə "Alıcı" vəzifəsi boş olmuşdur və işəgötürən həmin vəzifəni ona təklif etməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş ştatının ixtisar edilməsi zamanı işçiyə hər hansı bir boş vəzifəni təklif etmək barədə işəgötürənin öhdəliyi yoxdur. İkincisi, müəssisənin yenilənmiş iş ştatları cədvəlində "Alıcı" vəzifəsi yoxdur. Üçüncüsü, hər hansı bir vakant vəzifənin yaranması o demək deyildir ki, həmin vəzifə mütləq istənilən şəxsə təklif olunmalıdır. Məlumdur ki, istənilən vəzifənin öz tələbləri vardır və işəgötürən yalnız o şəxsə boş vəzifəni təklif edir ki, əgər həmin vəzifə üzrə işçiyə tələbat vardır və əgər həmin şəxs qeyd edilən vəzifənin tələblərinə tam uyğundur. Cavabdeh iddiaçıya hər hansı bir zərər vura biləcək heç bir qanunsuz hərəkət törətməmişdir. İddiaçı iddia edir ki, guya cavabdeh ona maddi və mənəvi zərər vurmuşdur. Bu iddia əsassızdır. Birincisi, cavabdeh iddiaçının əmək müqaviləsinə tam qanuni şəkildə xitam vermişdir. İkincisi, iddiaçı məhz cavabdehin hərəkətləri nəticəsində mənəvi və maddi zərər çəkdiyini sübut edə biləcək heç bir dəlil məhkəməyə təqdim etməmişdir. Sonda cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında xx xxx 2019-cu ildə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 101/20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmrindən görünür ki, nümayəndəlikdə aparıcı inzibatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) xx xxxxxxxx 2020-ci ildən xitam verilmişdir. Əmrin verilməsi üçün əsas: əmək müqaviləsinə xitam verilmə barədə xx xxxxxxxx 2020-ci il tarixli bildiriş (həmin “iş ştatının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi” barədə bildirişdə qeyd edilir: Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində iş ştatlarının restrukturizasiyası həyata keçirilmiş və bunun nəticəsindəö Nümayəndəlikdə bir çox iş ştatları, o cümlədən Sizin (İddiaçı) tutduğunuz “aparıcı inzibatçı” iş ştatı ixtisar edilmişdir. Bununla əlaqədar Sizə (İddiaçı) bildirir ki, bu bildirişin tarixindən 4 təqvim həftəsi keçdikdən sonra Sizinlə (İddiaçı ilə) Nümayəndəlik arasında bağlanmış xx xxx 2019-cu il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 (b) maddəsinə (iş ştatının ixtisar edilməsi) əsasən xx xxxxxxxx 2020-cu il tarixində xitam veriləcəkdir. Məlumat üçün bildiririk ki, Siz (İddiaçı) xəbərdarlıq müddətinin əvəzinə Əmək Məcəlləsinin 77.4-cü maddəsinə uyğun olaraq əmək haqqının birdəfəlik ödənilməsini istəyə bilərsiniz. Bu halda nümayəndəlik Sizə (İddiaçı) pul əvəzini ödəyib xəbərdarlıq müddətinin bitməsini gözləmədən əmək müqavilənizə dərhal xitam verəcəkdir. Əgər Siz (İddiaçı) xəbərdarlıq müddəti əvəzinə pul əvəzinin ödənilməsini istəyirsinizsə, onda bu barədə öz yazılı razılığınızı Nümayəndəliyə təqdim edə bilərsiniz Məlumat üçün onu da qeyd edir ki, pul əvəzinin məbləği xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır və s”. Həmin bildiriş İddiaçı xx xxxxxxxx 2020-ci ildə təqdim edilmiş və İddiaçı bildirişin almasını öz imza ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 101/20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmri ilə nümayəndəlikdə aparıcı inzibatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) xx xxxxxxxx 2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Məhkəmə qeyd edir ki, işəgötürən işçilərin ştatları ixtisar olunduqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi qaydada xəbərdar etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixli “iş ştatının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi” barədə bildirişlə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi İddiaçı onunla bağlanmış əmək müqaviləsi xx xxxxxxxx 2020-ci il tarixdən xitam veriləcəyini bildirmiş və xx xxxxxxxx 2020-ci ildə iddiaçı bildirişlə tanış olaraq imzası ilə təsdiq etmişdir. Məhkəmə iddia tələbinin iddiaçının "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 101/20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur. Məhkəmə iddia tələbinin məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından, iddia tələbi məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının ödənilməsi hissəsində də təmin edilə bilməz. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 100 000 manat zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə də iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilk olaraq bu halları sübuta yetirilməlidir. Lakin, iddiaçı həmin halı sübuta yetirmədiyindən, hər hansı bir mənəvi zərərin əvəzinin tutulmasından söz gedə bilməz. Belə ki, Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehlərin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını və bununla bağlı mənəvi sarsıntı keçirməsini məhkəmədə sübuta yetirə bilmədi. Halbu ki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar