Məhkəmə qərarları › İş №e-2(006)-1083/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1083/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1083/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi (qızı) X5, cavadehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" X13 Səhmdar Cəmiyyətinə qarşı «bank əmanəti müqaviləsi üzrə faizlərin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" X13 Səhmdar Cəmiyyətinə qarşı «bank əmanəti müqaviləsi üzrə faizlərin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Neftçilər filialı heyəti tərəfindən hüquqları pozulmuş, aldadılmışdır. Belə ki, 6 ay öncə rəhmətə getmiş həyət yoldaşı X11 (1947) adı çəkilən banka 3 illik müddətli əmanət yerləşdirmişdir. 2 ildən artıq idi ki, depozitin faizini hər ay almaqla dolanışacaqları təmin edirdi. Rəhmətə gedəndən 6 ay sonra qaydalara əsaslanaraq varislik sənədini notariatdan əldə edib xx.xx.2022-ci il tarixdə banka getmişdir ki, son 6 ayın faizini nə vaxt ala biləcəyini soruşmuş, həm artıq yoldaşından sonra vəsaitin ona aid olduğu halda sənədi təqdim edib və bununla bərabər digər bilmədiyi qaydaları da öyrənsin. Artıq neçə illərdir ki, digər banklarda da müqavilələri olub və hər zaman dürüstlüyə görə də bank işçilərindən məmnun qalmışdır. Amma bu dəfə tamam gözləmədiyi anlaşmazlıqla rastlaşmışdır. Belə ki, bu bankda çalışan Aygün Cəfərova faizləri götürmək barəsində soruşduqda «bəli, siz faizləri alacaqsız, bundan sonra hər ayı və son 6 ayın da faizi ilə bir yerdə». Amma bir neçə saat ərzində gördüyü işin mahiyyəti ondan ibarət oldu ki, 2 il yarım öncə mərhum yoldaşı tərəfindən qoyulan vəsaitin faizləri bank tərəfindən mənimsənildi. Faizlər 6 ay idi ki, hesabda qalırdı, çünki kartı necə işlədəcəyini bilmirdi. Banka da elə bunun üçün getmişdir və o xanım bunun üçün yeni hesab açılmalıdır deyərək dəfələrlə müdiriyyəti Axundov Qalibin yanına sənədləri aparıb gətirərək iddiaçıya qol çəkməsini xahiş etmişdir. O, da nə baş verdiyinin fərqinə varmayaraq, həmişə olduğu kimi inanaraq imza almış və sənədləri də götürüb evə gəlmişdir fikirləşmişdir ki, digər banklardakı kimi bu da qaydasına düşmüşdür. Sonradan diqqətlə sənədlərə baxdıqda isə yeni müqavilə olduğunu və faizlərin həmin gündən hesablanacağını gördükdə səhəri xx.xx.2022-ci il tarixdə yenidən banka gedib nə baş verdiyi «niyə belə etmisiniz? Kim sizdən köhnə müqavilənin ləğvini istəyi?» deyə soruşmuş, «biz sizin yoldaşınızın müqaviləsini ləğv etdik, yeni müqavilə açdıq ki, siz hər ay faiz alasınız və bunun qaydası yalnız budu» deyə Aygün Cəfərova cavab vermişdir. Halbuki iddiaçı ona müqaviləni pozmaması dəfələrlə demişdir. Üstəlik 3.000 manata qədər olan məbləği yeni 2 il yarım ərzində hər ay xərclədikləri faizi də əsas vəsaitdən silib. Anlaşılmazlıq olub dedilər, amma əvvəlki müqaviləni bərpa etməmişlər. Üstəlik «biz sizə qaydaları demək məcburiyyətində deyilik, siz varislik sənədinibizə təqdim etmisiz, biz də mərhum yoldaşınızın müqaviləsini ləğv etmişik, sizin adınıza keçirmişik. Bunu təzədən düzəldə də bilmərik, çünki sizin yoldaşınız rəhmətə gedib». Digər işçinin isə «…Xala bilsə infarkt olar deməsini xatırladıqda bu oyunun qəsdən edilməsi anlamına bir daha gəlmək olur». Hər halda 3 illik müqavilənin artıq 2 il yarımı getmişdir və faizləri hər ay götürüb xərcləyib sonradan ana məbləğdən çıxılmasına razı olacaqdırsa, ondansa pulları evdə saxlayarlar, heç banka qoymazlar. Göründüyü kimi, bu yalnız Qalib Axundovun marağında olmuşdur. Digər banklarda da («BTB» və «Bank of Baku») kiçik vəsaitlər mərhum yoldaşı tərəfindən qoyulub və iddiaçı onda heç bir anlaşılmazlığa rast gəlməmişdir. Hal hazırda «əridilmiş məbləğ» "xxxx"da yeni müqavilə ilə qalmaqdadır. Lakin müdir Qalib Axundov bunu anlaşılmazlıq adlandıraraq faizlərinin bank tərəfindən mənimsənilməsinə nail olmuşdur. Yoldaşının müqaviləsi 14.000 manat 11,5%-lə, 2.500 manat isə 10%-lə qoyulmuşdur. Bu məsələ barəsində lazımi tədbirlər görülməsini xahiş edir. Yeni səhvən açdıqları yeni müqaviləni ləğv edib köhnə müqavilənin bərpa edilməsini, əgər bunu edə bilməzlərsə onda mənimsənilən faizlərin bu günə qədər hesablanıb əsas ana məbləğin üstünə əlavə edərək düzəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum yoldaşı 14.000 manat və 2500 manat olmaq iki ayrı hesaba depozit qoyulmuşdur. xx.xx.2022-ci ildə yoldaşı vəfat etmişdir. Vərəsə kimi o, banka yaxınlaşmış və bank ona həmin məbləğdən birinci müqavilə üzrə 12.000 manat, ikinci müqavilə üzrə isə 2400 manat vermişdir. Beləliklə birinci müqavilə üzrə 2000 manat, ikinci müqavilə üzrə isə 100 manat əksik verilmişdir. Cavabdeh ona vərəsəlik üzrə çatmalı olan məbləği yən 14.000 manat yoldaşının bank depozitinə qoyduğu əsas məbləği və üç ilin faizlərini verməli olduğu halda kassadan ona cəmi 12.000 manat əsas borc məbləği və 998 manat isə faiz pulu verilmişdir. Göründüyü kimi cavabdeh ona qanuni vərəsə olaraq ödənilməli məbləğin 2000 manat və 100 manat əksik vermişdir. Bundan başqa bonus kimi nəzərdə tutulan 1,5 faiz məbləği təxmini 490 manat da ona ödənilməmişdir. Göründüyü kimi cavabdeh ona vərəsəlik qaydasında çatmalı olan məbləğin bir hissəsini verməklə səhvə yol vermiş, bu barədə cavadehə bildirsə də cavabdeh həmin pulu qaytarmaqdan imtina etmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı cavadehdən birinci müqavilə üzrə 2000 manat əsas borcun və əlavə 490 manatın 1,5 faiz borcunun, ikinci müqavilə üzrə 100 manat (ikinci depozit müqaviləsi üzrə qalıq), həmçinin ödənilmiş 80 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4 .Məhkəmə iclasında iddiaçının nümayəndəsi (qızı) X8 iddianı müdafiə edərək bildirmişdir ki, atası X11 cavabdeh "X9" Açıq Səhmdar Cəmiyyətində iki ayrı əmanət yerləşdirmişdir Həmin əmanətlərdən biri 14.00 manat dəyərində olmuş və 3 illik müddətə illik 11,5%-lə, digər əmanət isə 2500 manat olmuş və illik 10% olmaqla 1 illik müddətə qoyulmuşdur. Atası hər ay 14.000 manatlıq əmanət uzrə 10% həcmində bankdan pul alırdı. Yerdə qalan 1,5%-i isə 3 ilin tamamında alacaqdı. Atası vəfat etdikdən 6 ay sonra anası, yəni hazırkı mülki iş üzrə İddiaçı cavabdeh "X10" ASC-nə yaxınlaşaraq cavabdehin vərəsəsi olduğunu və artıq adıçəkilən əmanətlər üzrə faizləri onun alacağını bildirmişdir. Lakin cavabdeh bank bunu yanlış anlayaraq və ya öz mənafeyini güdərək müqaviləni ləğv etmiş və anası ilə yeni müqavilə bağlamışdır. Anası bilmədən həmin müqaviləni imzalamışdır. Bundan sonra anasına atasının əmanətləri üzrə 14.000 manatdan təqribi 12.000 manat, 2500 manatdan isə təqibi 2400 manat qaytarılmışdır. Onlar həmin müqavilələrlə tanış olduqdan sonra səhəri gün banka yaxınlaşaraq yol verilən yanlışlığın aradan qaldırılmasını xahiş etsələr də. cavabdeh bank bunu etməkdən imtina etmişdir. Bununla da hazırki mülki iş üzrə iddiaçının hüquqları kobudcasına pozulmuşdur Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsim məhkəmədən xahiş edir.

5. Məhkəmə iclasında izahatı alınmış caabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə yazılı etiraz məhkəməyə təqdim edərək bildirmişdir ki, X4 ilə "xxxx" KB ASC arasında xx.xx.2020-ci il tarixli D39111 saylı və xx.xx.2021-ci il tarixli D53695 saylı müddətli əmanət müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə əmanət məbləği 14.000 manat 36 ay müddətinə illik 11,5 manat olmaqla və müddətin sonunda isə əlavə olaraq 1,5% bonus hesablamaqla X4nun adına AZ58UBAZ**********1210AZN001 əmanət hesabı açılmışdır. xx.xx.2021-ci il tarixli D53695 saylı müddətli əmanət müqaviləsi üzrə əmanət məbləği 2500 manat 12 ay müddətinə illik 10% olmaqla X4nun adına AZ96UBAZ**********110AZN001 əmanət hesabı açılmışdır. Bu müqavilə üzrə 12 ay müddətinə avtomatik olaraq uzadılmışdır. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və sonradan onun qanuni vərəsəsi İddiaçı xx.xx.2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsi əsasında "xxxx" KB ASC-nin Neftçilər filialına yaxınlaşaraq mərhumun adına rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, D39111 saylı və xx.xx.2021-ci il tarixli, D53695 saylı müddətli əmanət müqavilələrini vaxtından əvvəl ləğv edilməsini və həmin əmanət məbləğləri üzrə öz adına yeni əmanət hesabının açılmasını bankdan xahiş etmişdir. Hər iki müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş «əmanətin vaxtından əvvəl tələb edilməsi» şərtinə müvafiq olaraq bank tərəfindən X4nun vərəsəsi İddiaçı aşağıdakı kimi cərimə tətbiq edilmişdir: 1. xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə (14000 manat, 10% illik, 36 aylıq) illik 10%-in 40% həddi vərəsəliyə qaytarıb, qalan 60% hədd, yəni 1947,56 manat vərəsəyə cərimə kimi tətbiq edilmişdir; 2. xx.xx.2021-ci il tarixli D53695 saylı müddətli əmanət müqaviləsi üzrə (2500 manat, 10% illik, 12 aylıq) illik 10%-in 30% həddi vərəsəyə qaytarılıb, qalan 70% hədd, yəni 91,44 manat vərəsəyə cərimə kimi tətbiq edilmişdir. Hər iki müddətli əmanət müqaviləsinin 2.6-cı bəndinə əsasən vərəsə İddiaçı toplam olaraq 2039 manat cərimə tətbiq edilmişdir. Nəticədə, bank vərəsə İddiaçı xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə 12052,44 manat qalıq əmanət məbləğini və xx.xx.2021ci il tarixli D53695 saylı müddətli əmanət müqaviləsi üzrə isə 2408,56 manat qalıq əmanət məbləğini qaytarmışdır. xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsinin 1.4-cü bəndinə əsasən «müqavilə üzrə vaxtından əvvəl tələbetmə halları olmazsa bank tərəfindən əmanətçiyə müddətin sonunda 36 aylıq əmanətlər üzrə illik 1,5% əlavə bonus veriləcək». Bu səbəbdən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. İddiaçının mərhum həyat yoldaşı X11 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D39111 saylı faizləri ayda bir dəfə ödənilən müddətli əmanət müqaviləsinə əsasən X11 "xxxx" Kommersiya Bankı ASC-də müvafiq olaraq 36 ay müddətinə, xx.xx.2023-cü il tarixədək, illik 10,00% dərəcəsi ilə 14.000 manat məbləğində əmanət yerləşdirmişdir. X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D53695 saylı faizləri ayda bir dəfə ödənilən müddətli əmanət müqaviləsinə əsasən X11 "xxxx" Kommersiya Bankı ASC-də müvafiq olaraq 12 ay müddətinə, xx.xx.2022-ci il tarixədək, illik 10,00% dərəcəsi ilə 2500 manat məbləğində əmanət yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 qanuni vərəsəsi iddiaçı vərəsəlik şəhadətnaməsi əsasında banka müraciət edərək mərhum həyat yoldaşının adına rəsmiləşdirilmiş hər iki müqavilələrini vaxtında əvvəl ləğv edilməsini və öz adına yeni əmanət hesabının açılmasını xahiş etmişdir. Bank müqavilələrin şərtlərinə əsasən xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 1947,56 manat cərimə tətbiq etməklə 12052,44 manat qalıq əmanət məbləğini, xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 91,44 manat cərimə tətbiq etməklə 2408,56 manat qalıq əmanət məbləğini iddiaçıya qaytarmışdır. Hazırda iddiaçı cavadehdən birinci müqavilə üzrə 2000 manat əsas borcun və əlavə 490 manatın 1,5 faiz borcunun, ikinci müqavilə üzrə 100 manat (ikinci depozit müqaviləsi üzrə qalıq), həmçinin ödənilmiş 80 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmədən xahiş etmişdir.

b) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin «Neftçilər» filialı ilə «Əmanətçi» qismində X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, D39111 saylı faizləri ayda bir dəfə ödənilən müddətli əmanət müqaviləsinə əsasən X11 "xxxx" Kommersiya Bankı ASC-də müvafiq olaraq 36 ay müddətinə, 20 iyul 2023-cü il tarixədək, illik 10,00% dərəcəsi ilə 14.000 (on dörd min) manat məbləğində əmanət yerləşdirmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən milli valyutasında olan «Faizləri ayda bir dəfə ödənilən müddətli əmanətlər» üzrə əgər vaxtından əvvəl tələb etmə halları olmazsa, bank tərəfindən əmanətçiyə 36 aylıq əmanətlər üzrə əlavə illik 1,5 faiz dərəcəsi ilə əlavə bonus verilir. Müqavilənin 2.6-cı bəndinə əsasən əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında, eləcə də bu müqavilənin 6.4-cü bəndinə əsasən göstərilən faiz dərəcəsi 1% artırılmaqla hesablanır. Müqavilənin 6.4-cü bəndinə əsasən əmanət hesabından pul vəsaitinin nəğd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə, müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələrin akseptsiz silindiyi hallarda bu müqavilə ləğv olunmuş hesab olunur.

9. İş materiallarında olan hesabdan çıxarışına əsasən xx.xx.2022-ci il tarixdə bank tərəfindən xx.xx.2020-ci il tarixli D39111 saylı müddətli əmanət müqaviləsi üzrə isə 12.052,44 manat qalıq əmanət məbləğini qaytarmış, 1.947,56 manat cərimə kimi tətbiq edilmişdir.

10. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin «Neftçilər» filialı ilə «Əmanətçi» qismində X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D53695 saylı faizləri ayda bir dəfə ödənilən müddətli əmanət müqaviləsinə əsasən X11 "xxxx" Kommersiya Bankı ASC-də müvafiq olaraq 12 ay müddətinə, 07 may 2022-ci il tarixədək, illik 10,00% dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində əmanət yerləşdirmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən əmanətin vaxtından əvvəl tələb edilməsi hallarında, eləcə də bu müqavilənin 6.4-cü bəndinə əsasən göstərilən faiz dərəcəsi 1% artırılmaqla hesablanır. Müqavilənin 6.4-cü bəndinə əsasən əmanət hesabından pul vəsaitinin nəğd və ya köçürülmə yolu ilə tam məxaric olunduğu təqdirdə, müştərinin bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələrin akseptsiz silindiyi hallarda bu müqavilə ləğv olunmuş hesab olunur.

11. İş materiallarında olan hesabdan çıxarışına əsasən xx.xx.2022-ci il tarixdə bank tərəfindən xx.xx.2021-ci il tarixli D53695 saylı müddətli əmanət müqaviləsi üzrə isə 2408,56 manat qalıq əmanət məbləğini qaytarmış, 91,44 manat cərimə kimi tətbiq edilmişdir.

12. İş materiallarında olan bank tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məxaric orderlərindən görünür ki, xx.xx.2022-ci il tarixli 2V-1184 reyestrli vərəsəlik şəhadətnaməyə əsasən D53695 saylı əmanət müqaviləsi üzrə 2.408,56 manat, D039111 saylı əmanət müqaviləsi üzrə 12.052,44 manat və kartdan 998,03 manat İddiaçı ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .

14. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

15. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.

16. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

17. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

18. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

20. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

21. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.

22. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur.

23. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda əvvəl bağlanmış iki əmanət müqaviləsi üzrə ödənilməyən məbləğləri istəyir ki, bunlardan biri xx.xx.2020-ci il tarixdə, sonuncu isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır (X4 ilə). Daha sonradan vərəsə İddiaçı (hazırki iddiaçı) əvvəl mərhumun adına bağlanmış müqavilələri vaxtından tez ləğv etdirmişdir ki, buda müqavilələr ləğv edilərkən ona tətbiq edilməli olan cərimələr ilə nəticələnmişdir (hər iki müqavilənin 2.6-ci maddəsinə qeyd olunan şərtlərə əsasən). Belə ki, müqavilələr vaxtından əvvəl ləğv edildiyindən xx.xx.2020-ci il tarixli əmanət müqaviləsi üzrə 1947, 56 manat, xx.xx.2021-ci il tarixli əmanət müqaviləsi üzrə isə 91,44 manat cərimə cavabdeh tərəfindən hesablanaraq balansdan çıxarılmışdır (ümumilikdə 2039 manat) . Bunun nəticəsi olaraq xx.xx.2020-ci il tarixli əmanət müqavilə üzrə 12052,44 manat, xx.xx.2021-ci il tarixli əmanət müqaviləsi üzrə 2408, 56 manat pul vərəsə İddiaçı qaytarılmışdır ( cavabdeh tərəfindən təqdim edilmiş müvafiq hesabdan çıxarışa əsasən) . Bu isə onu deməyə əsasə verir ki, iddiaçının hazırda həmin mübahisəli əmanət müqavilələri üzrə heç bir alacağı qalmamışdır.

24. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sonuncu iddianın dəqiqləşdirilməsi barədə təqdim edilmiş ərizədə qeyd olunan məbləğlər yuvarlaq məbləğ olaraq qeyd edilmişdir ki, bunuda iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı etiraf etmişdir (91,44 manatın yerinə 100 manat kimi qeyd edilmə və s) .

25. Məhkəmə iddianın əmanət müqaviləsi üzrə nəzərdə tutulmuş 1,5 % bonus məbləğinin ona hesablanmaması ilə bağlı bildirir ki, müqavilə vaxtından əvvəl ləğv edildiyindən 1,5% bonusun verilməsi nəzərdə tutulmamışdır. Bu hal yalnız müqavilə müddətinin sonuna kimi davam edəcəyi təqdirdə müəyyən edilmişdir.

26. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" X13 Səhmdar Cəmiyyətinə qarşı «bank əmanəti müqaviləsi üzrə faizlərin ödənilməsi və s.» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" X13 Səhmdar Cəmiyyətinə qarşı «bank əmanəti müqaviləsi üzrə faizlərin ödənilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar