Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1121/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X15 nümayəndəsi (vəkili) Nümayəndə1, iddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X15 nümayəndəsi X6, cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X15 Cavabdeh qarşı "maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X20 Cavabdeh qarşı "maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X15 mülkiyyəti hesab olunan generatorun Cavabdeh tərəfindən eyni növ generatorla əvəz edilməsi, bu mümkün olmadıqda, Cavabdeh vurulmuş maddi ziyan əvəzi olaraq 25 627 manat (iyirmi beş min altı yüz iyirmi yeddi manat) pul məbləğinin və 200 manat (iki yüz manat) mediasiya üçün ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X15 Dəstək Xidmətləri şöbəsinin müdiri X7, Anbar bölməsinin müdiri X11, Satınalma şöbəsinin müdiri X9, Təsərrüfat bölməsinin baş təsərrüfat bacısı X2, Xırdalan Ailə Sağlamlıq Mərkəzinin (ASM-nin) bölmə müdiri Cavabdeh Zeyneddin qızı "Abșeron Rayon Mərkəzi Xəstəxanası"nın nəzdində olan Xırdalan Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilərkən məlum olmuşdur ki, ASM-ə məxsus olan generator yerində yoxdur. Bu barədə dərhal akt tərtib olunmuşdur. Aktın bir nüsxəsi İnsan Resursları şöbəsində, bir nüsxəsi Ümumi şöbədə, bir nüsxəsi isə Dəstək Xidmətləri şəbəsində saxlanılması üçün 3 (üç) nüsxədə tərtib edilmişdir. Aktın doğruluğunu Dəstək Xidmətləri şöbəsinin müdiri Hikmət Rüstəmov, Anbar bölməsinin müdiri Elmar Həmidov, Satınalma şöbəsinin müdiri Nurlan Namazov, Xırdalan ASM-nin bölmə müdiri Cavabdeh, Təsərrüfat bölməsinin baş təsərrüfat bacısı Sevda Balayeva öz imzaları ilə təsdiq etmişdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20n şəxsi mülkiyyətinə olan 1 (bir) ədəd böyük generatorun yerində olmaması faktından sonra Xırdalan ASM-nin bölmə müdiri Cavabdeh rəsmi icazə olmadan generatoru generator ustası Rahib Hüseynova təmirə verdiyini, Rahib Hüseynovun isə dələduzluq edərək generatoru geri qaytarmadığını əsas gətirmiş, bu səbəbdən məsuliyyəti öz üzərindən ataraq zərərin əvəzinin könüllü ödənilməsindən boyun qaçırmışdır. Belə ki, "xxxx" MMC-nin 2014-cü il tarixli ÇBT/3 280404 seriya nömrəli qaiməfakturasının surətinə əsasən, generator o dövrkü bazar qiyməti ilə 25 627 AZN (iyirmi beş min altı yüz iyirmi yeddi manat) məbləğində satın alınmışdır. Məsələ ilə bağlı xx.xx.2023cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə 16 saylı mediasiya təşkilatına mediasiya üçün müraciəti edilmişdir və lakin nəticədə mediator tərəfindən iclas keçirilərək xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda intizam xətası nəticəsində vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20nə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məsələnin həlli qarşılıqlı razılaşma yolu ilə həll edilmədiyindən məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X15 nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X15 nümayəndəsi X13 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20n tabeliyində olan Abşeron Rayon Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində çalışmışdır. Əvvəlki rəhbərliyinin dövründə X20n maliyyə yoxlaması aparılarkən ASM-də inventar hesab olunan generator yerində olmadığından rəhbərlik işlənmiş bir generator gətizdirərək əvvəlkinin yerinə qoymuşlar. ASM-in işıqları tez-tez kəsildiyindən rəhbərlik generatorun təmir edilməsini cavabdehə tapşırmışdır. Halbuki bu cavabdehin vəzifəsinə aidiyyatı olmayan, təsərrüfat müdirinin işinə aid məsələ olmuşdur. Buna baxmayaraq Cavabdeh generatoru təmir etdirmək üçün usta dəvət etmiş və usta tərəfindən generatora baxış keçirildikdən sonra çatışmayan hissələrin alınması üçün ustaya şəxsi vəsaiti hesabına ümumilikdə 2200 manat pul məbləği vermişdir. Rahib adlı usta generatorun detallarını sifariş edəcəyini və bundan sonra generatoru təmir edəcəyini bildirmişdir. Bir neçə müddət sonra usta bildirmişdir ki, generatorun mühərrikində problem vardır və generatorun ancaq zavod şəraitində yığılması mümkündür. Həmin vaxt X20n hazırki rəhbərinin köməkçisi Oruc adlı şəxs də orada olmuş və evakuator çağıraraq generatoru Rahib adlı usta ilə yola salmışlar. Bundan sonra hər dəfəsində generatorun vəziyyəti barədə məlumat alanda yaxın vaxtlara hazır olacaq deyə usta bildirirdi. Beləliklə usta hər dəfəsində bəhanə gətirərək generatoru qaytarmamış, nə də ki harada olması barədə məlumat verməmişdir. Belə olduğu halda Cavabdeh Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məlik Məlikovun 02 may 2023-cü il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla istintaqı aparılır. Müstəntiqin 22 may 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X3 barəsində axtarış elan olunmuş və onun tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb olunmuş X10 qaçaraq ölkə xaricində, Rusiya Federasiyasında gizləndiyindən barəsində həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışa verilmişdir. Hazırda xaricdə tutularaq ölkəyə gətirilməkdədir. Bütün bunlara baxmayaraq iddiaçı ziyan tələbi ilə cavabdehə qarşı əsassız iddia qaldırmış və işləməyən, heç bir fərdi xüsusiyyətləri göstərilməyən (generatorun adı, istehsal ili, çəkisi, gücü, qiyməti və s.) və qiyməti barədə hər hansı bir mötəbər sənəd təqdim etmədən cavabdehdən mənşəyi bilinməyən generatora görə 25627 manat pul tələb edir. Halbuki bilavasitə zərər vuran şəxs bəllidir və barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Həmin cinayət işi üzrə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs zərərçəkmiş şəxs kimi tanınması üçün istintaq orqanına müraciət etmək əvəzinə qərəzli olaraq öz tapşırıqlarını yerinə yetirmiş, zərərin vurulması ilə əlaqəsi olmayan şəxsə qarşı iddia qaldırmışlar. Cavabdeh Abşeron rayon ASM-nin bölmə müdiri kimi maddi məsul şəxs olmamış, nə də ki, onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanılmamışdır. İddiaçı “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20n Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. İş materialları: “Abşeron Rayon Mərkəzi Xəstəxanası”nın direktoru v.m.i.e Əli Allahverdiyevə hüquqşünas Mirsadiq Seyidov tərəfindən ünvanlanmış Xidməti yazıdan (xx.xx.2023 qeydiyyat tarixi) görünür ki, xx.xx.2023-cü il tarixdə Xırdalan Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilən zaman məlum olmuşdur ki, ASM məxsus olan generator yerində deyil. Bu məqsədlə Cavabdeh izahatı alınmış və həmin generatorun işlək olmadığından təmir edilməsi məqsədilə ustaya verdiyini və həmin generatorun qaytarmamasından isə xx.xx.2023-cü ildə polisə məlumat verdiyini bildirmişdir. Lakin həmin generatorun ASMdən ustaya aparılması və düzəldilməsi ilə bağlı heç bir sənəddə qeydiyyat aparılmamışdır. Hal-hazıradək həmin generatorun taleyi haqqında məlumat yoxdur. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X15 rəhbərliyinə ünvanlanmış X5 Xidmətləri şöbəsi Xırdalan Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Xırdalan Ailə Sağlamlıq Mərkəzinə verilən generator işlək vəziyyətdə olmadığı üçün keçmiş ARMX-nın direktoru Mehriban Qaralova onun düzəldilməsi haqqında tapşırıq vermişdir. Elektrik generatorunun düzəldilməsi üçün bir neçə ustaya müraciət etdi, işləri olduğu üçün generator ustası Rahib Hüseynovu məsləhət gördülər və lazım olan materialları alıb generatorun düzəldilməsi üçün Rahibə verdi. Fevral ayında usta Rahib generatoru zavodda yığa biləcək deyərək, onun evakuator vasitəsilə zavoda göndərilməsini bildirdi. Ondan sonra tez-tez əlaqə saxlasa da, “bu gün, sabah” deyə-deyə vaxtı uzadıb. Artıq xx.xx.2023-cü il tarixdə ARPİ-nə Rahib Hüseynovun dələduzluğu haqqında məlumat vermişdir. Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır və onun təcili tapılıb gətirilməsi haqqında qərar verilib. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 02 may 2023-cü il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Dəstək Xidmətləri şöbəsinin müdiri X7, Anbar bölməsinin müdiri X11, Satınalma şöbəsinin müdiri X9, Təsərrüfat bölməsinin baş təsərrüfat bacısı X2, Xırdalan ASM-nin bölmə müdiri Cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası”nın nəzdində olan Xırdalan Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilərkən məlum oldu ki, ASM-ə məxsus olan generator yerində yoxdur. "xxxx" MMC-nin 2014-cü il tarixli ÇBT/3 280404 seriya nömrəli qaimə-fakturasının surətinə əsasən, Abşeron rayon Mərkəzi Xəstəxanasına 25 627 AZN (iyirmi beş min altı yüziyirmi yeddi manat) məbləğinə böyük generator satılmışdır. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı Məlik Məlikov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.Qərarın təsviri hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu,K.Səfərəliyeva küçəsi ev12,mənzil 64-də yaşayan X1 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək özünü usta kimi təqdim edən X4 təmir etmək üçün Abşeron rayonu, Xırdalan şəhəri, Ailə Sağlamlıq mərkəzində 2200 manat pul ödəməklə 26000 manat dəyərində olan generatoru Rahib Hüseynov aldadaraq generatoru və ona ödədiyi pulları ələ keçirərək ona 28200 manat maddi ziyan vurmaqla dələduzluq etdiyini göstərmişdir. Abşeron RPİ-nin İŞ tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1983-cü ildə Mingəçevir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, Ağdaş rayonu, Qoşaqovaq ərazi dairəsi, Qoşaqovaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X3 barəsində axtarış elan edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrəsindən "xxxx" MMC-nin "xxxx"nə generatorun daşınması üçün zəng daxil olmuşdur. Şirkətin məlumat bazasında qeyd edilənlərə əsasən həmin tarixdə generator, sürücüsü X14 olan 99JM939 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayon Xırdalan ərazisindən Keşlə qəsəbəsi (Avtocolour servis) ərazisinə daşınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1981-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli təqsirləndirilənin tutulduğu vaxtdan hesablanmışdır.Təsirləndirilən şəxs X3 tutulduqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 72-ci maddəsinin “C” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddəsinin 5-ci bəndinə görə tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin qiymətləndirilməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşin faktiki və araşdırılmış hallarından müəyyən edilmişdir ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X15 İlkin Səhiyyə Xidmətləri şöbəsi Xırdalan Ailə Sağlamlıq Mərkəzində xəstəxanaya məxsusluğu "xxxx" MMC-nin 2014-cü il tarixli ÇBT/3 280404 seriya nömrəli qaimə-fakturasına əsaslanan generator mövcud olmuşdur. Generatorun faktiki mövcudluğu təkzib olunmasa da, onun digər zəruri parametrlərini, habelə bu günə olan real dəyərini müəyyən etmək mümkün olmamışdır. Lakin hər bir halda işin araşdırılmış halları ilə generatorun mövcudluğunu məhkəmə qəbul edir. Həmçinin generatorun Cavabdeh tərəfindən təmir məqsədilə ustaya verilməsi və ustanın isə həmin generatoru təmir məqsədilə götürərək geri qaytarmaması da işin müəyyən edilmiş halıdır. Belə ki, məhz Cavabdeh Abşeron RPİ-yə ünvanlanmış Rahib Hüseynov adlı şəxs tərəfindən generatorun qaytarılmaması ilə bağlı müraciəti əsasında cinayət işi başlanmış və araşdırma aparılmaqdadır. Bütün bu müəyyən edilmiş halların fonunda işəgötürən hesab edilən “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin işçi kimi Cavabdeh ona zərər vurması barədə irəli sürdüyü iddia əsaslı hesab edilə bilməz. Proses tərəflərinə də, məhkəməyə aydın olan hal Cavabdeh həmin generatoru təmir məqsədilə ustaya verməsi və sonradan isə Cavabdeh bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsidir. Belə olan təqdirdə işəgötürənə dəymiş zərər görə məsul şəxsin Rahib Hüseynov olması məlum olduğu halda ona qarşı tələb irəli sürməməsi, işəgötürənin hər bir halda öz tələblərinin işəgötürənə münasibətdə hər hansı təqsirli hərəkətləri müəyyən edilməyən Cavabdeh qarşı yönəlməsini məhkəmə ədalətli hesab etmir. Belə ki, yuxarıda sadalanan qanunvericilik müddəalarından göründüyü kimi cavabdeh tərəfindən hər hansı zərərin yetirilməsi üçün ilk öncə onun qanunsuz hərəkəti və bu hərəkəti qəsdən törətməsi faktı mövcud olmalıdır. Lakin iş materiallarından və tərəflərin izahatlarından da aydın olduğu kimi cavabdeh tərəfindən generatorun təmiri öz hesabına həyata keçirilmiş, bundan əlavə onun generatoru həvalə etdiyi şəxs olan X3 barəsində cinayət işi açılmışdır. Bütün bu sadalananlardan göründüyü kimi hazırkı mülki iş üzrə delikvent qismində cavabdeh çıxış etmir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh nasaz vəziyyətdə olan generatoru təmir məqsədilə ustaya verməsi əməli qanuna zidd olmamış və onun tərəfindən işəgötürənə ziyan vurmaq məqsədi daşımamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X15 Cavabdeh qarşı "maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X15 Cavabdeh qarşı "maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1121/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1121/2024
19.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver