Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1126/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilə köçürülməsi və mənzilə sahiblik və istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdeh Cavabdeh həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzil ½ və ½ hissələrdə olmaqla, onun və Cavabdeh paylı mülkiyyətindədir. Bu mənzil onun yeganə yaşayış yeridir. Hazırda mənzil cavabdehin sahibliyində və istifadəsindədir. Mənzilin paylı mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilə daxil ola, əmlakla bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilmir. Mənzildə yaşamasına cavabdeh tərəfindən maneələr yaradılır. Ona görə də, o, yeganə yaşayış yerindən məhrum olmuş və hal-hazırda başqa bir mənzildə kirayədə yaşayır. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, ünvan 2çı İddiaçı ½ əmlak payına borca görə məhkəmə tərəfindən həbs qoyulmuş, mənzilin ekspert rəyinə görə natura qaydasında bölünməsi, orada kənar adamların yaşanması qeyri-mümkündür. Mənzil satılıb borclar ödənilməli, paylar üzrə bölünməlidir. Qeyd edir ki, İddiaçı məqsədli şəkildə icra sənədlərinin icra olunmasını ləngidir. İddiaçı borclardan yayınmaq, mənzili hərracda satılması barədə məhkəmə qarşısında 3 (üç) dəfə iddia qaldırmışdır. Bütün sənədlər Nəsimi Rayon Məhkəməsinin arxivindədir. Yasamal Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli, 8(004)-1241/2018 saylı qərardadı ilə borclu İddiaçı öz şəxsi ərizəsinə əsasən mənzilə həbs qoyulmuş, Yasamal Rayon Məhkəməsinin qərardadının icra olunması üçün rayon İcra şöbəsinin qərarı, icra olunmaq üçün mənzilin yerləşdiyi ərizəyə - Nəsimi rayon İcra şöbəsinə göndərilib. İddiaçı 5 (beş) ildən sonra qeyd edilən köhnə, fransız tipli məzildə yenidən yaşaması, köçürülməsi barədə Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi nə məqsəd daşıyır?- mənzilin satılmasına, borcların ödənilməsinə maneçilik törətmək, mənzildə olan əşyaları dağıtmaq, evlərinə daşımaq? Bir sözlə insan hüquqlarını pozmaqdır. 2017-ci ildə nikahı pozulmuş insan yad bir qadınla, bölünməyən bir mənzilə köçürülməsi barədə iddia qaldırmamalıdır. “Nə olsun sənin həmin mənzildə ½ əmlak payın var?” 22.200 manat əmlak borcun var. Çıxış yolu mənzil hərracda satılıb, paylara uyğun bölünməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzili paylı mülkiyyət kimi 1/2 hissədə Cavabdehın, 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(004)- 3142/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. (Həmin qətnamədən iddiaçı Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir). - Bakı Apelyasiya Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(103)-1005/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(004)-3142/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildə İddiaçı ½ hissədə məxsus mülkiyyət payının X2 bağışlamasına dair Bakı şəhəri 27 saylı Notariat ofisində 26.02.2020-ci il tarixdə bağlanmış “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin əqdlə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X1 adına verilmiş ********** qeydiyyat nömrəli, 27.02.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli, **********97 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzil Nəsimi Rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli, 2(006)-2163/2017 saylı icra vərəqəsinə, eləcə də 169145 saylı, 06.06.2017-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən hər birinə ½ hissə olmaqla, Cavabdeh və İddiaçı adına qeydiyyata alınmışdır. Bəhs olunan mənzilin İddiaçı adına qeydə alınmış ½ hissəsi 27 saylı NO-nun 4ə 107 reyestr nömrəli, 26.02.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına dövlət reyestrində rəsmiləşdirilsə də, Bakı Apelyasiya Məhkəməsinin 02.02.2021-ci il tarixli icra vərəqəsinə əsasən onun həmin mənzil üzərində olan mülkiyyət hüquqları ləğv edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər 28 iyul 2012-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşlar və aralarında olan nikah Qaradağ Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(002)-2302/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzil əldə etmişlər və həmin mənzilə dair onların hər birinin ½ pay nisbətində paylı mülkiyyət hüququ tanınmaqla, payları müəyyən edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilin birgə nikah dövründə alındığını, həmin əmlaka ½ hissədə paylı mülkiyyət hüququnun müəyyən edildiyini, lakin hazırda cavabdehin onu həmin mənzildə yaşamağa buraxmadığını qeyd edərək, mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakdan nəinki istifadə hüququ, həmçinin birgə mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir....... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir..... Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi, mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçının birgə nikah dövründə əldə edilmiş və ½ hissədə paylı mülkiyyət hüququ müəyyən edilmiş mənzilə köçməsinə və yaşamasına maneə yaratması iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Bu səbəbdən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilə köçürülməli, həmin mənzilə sahiblik və ondan istifadəsinə maneələr yaradılması Cavabdeh qadağan olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilə köçürülsün. Həmin mənzilə sahiblik və ondan istifadəsinə maneələr yaradılması Cavabdeh qadağan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1126/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1126/2022
31.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver