Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1132/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "elektrik enerjisinin verilməsinin dayandırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "elektrik enerjisinin verilməsinin dayandırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına görə iddiaçı cavabdeh X2 ilə 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilini 106190.25 manata almışdır. Həmin mənzilin üzərində alıcı kimi iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 yanvar 2023-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı-cavabdeh mənzili xx.xx.2018-ci ilədək faktiki olaraq alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi hazırki iş üzrə cavabdeh X2 tərəfindən 22 dekabr 2022-ci il tarixli alqı-satqı üzrə mənzili təhvil vermək vəzifəsini vaxtında icra etməmişdir. Halbuki, alqı-satqı müqaviləsi əsasında satıcı əşyanı alıcının mülkiyyətinə vermək, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi daşıyır (MM-in 567-ci maddəsi). Buna görə də hazırda cavabdeh tərəfindən mülkiyyətçi kimi hüquqları pozulmaqdadır. Nəticədə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə dair xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, bugünədək həmin mənzildə yaşaya bilmir. Bu isə iddiaçının ailəsi üçün həm maddi, həm də mənəvi çətinliklərin yaranmasına səbəb olmuşdur. Hadisələr onu göstərir ki, satıcı X1 öz vəzifəsini yerinə yetirmək vəzifəsini icra edəcəyi vaxt məlum deyildir. Buna görə də hesab edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilində elektrik enerjisinin dayandırılması zərurəti vardır. Belə ki, mənzildə hər hansı bir hadisənin baş verməməsi və ya elektrik enerjisi nəticəsində baş verə biləcək hadisə zamanı daşınmaz əmlakın yararsız vəziyyətə düşməsi, bunun nəticəsində aşınmaya görə əmlakın bazar dəyərinin düşməsi və s. kimi halların baş verməsi ehtimalı vardır. Bu səbəbdən də hesab edilir ki, iddiaçıya məxsus olan mənzilin elektrik enerjisinin verilməsi dayandırılmalıdır. Bununla bağlı iddiaçı tərəfindən Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.1-ci bəndinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə mənzilə elektrik enerjisinin verilməsi dayandırılması barədə ərizə yazılsa da, nəticəsi olmamışdır. Halbuki, həmin Qaydaların 9.13.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Nəzərə alınsa ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzili iddiaçının xüsusi mülkiyyətindədir, həmin evdə isə hər hansı bir qəzanın baş verəcəyindən ehtiyat edərək mənzilə verilən elektrik enerjisinin müvəqqəti olaraq kəsilməsini istəyir. Göstərilənlərə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xaməmmədov küçəsi 6 saylı evin 10-cu mənzilinə müvəqqəti olaraq 1 il müddətində elektrik enerjisinin dayandırılması vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddiaçı ona məxsus mənzilə elektrik enerjisinin verilməsinin dayandırılmasını tələb etsə də, cavabdeh olaraq onlar bunu edə bilməzlər. Belə ki, hazırda həmin mənzildə yaşayış var və orada sakinlər qalmaqdadır. Ola bilsin ki, orada azyaşlı uşaq və ya xəstə şəxslər olsun. Hansı ki, bu vəziyyətdə onları elektrik enerjisindən məhrum etmək olmaz. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə “Elektron kabinet” vasitəsilə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 8.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, **********60010 nömrəli abunə kodu ilə "xxxx" ASC-nin məlumat bazasında qeydiyyatda olan yaşayış evinin elektrik enerjisi hesabatı PAUD-MP106 tipli, ********** elektrik sayğacı ilə aparılır. Mənzilin elektrik enerjisinin istifadəsinə görə borcu yoxdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.1-ci bəndində istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisi verilişinin dayandırılması nəzərdə tutulmuşdur. Lakin tərəfindən ünvanlanmış müraciətdə elektrik enerjisi verilişinin dayandırılması müddəti göstərilməmiş, səbəb olaraq isə fərdi yaşayış evinin digər şəxslərin istifadəsində olması əsas gətirilmişdir Fərdi yaşayış evində digər şəxslərin yaşaması və ya məskunlaşması mübahisə predmetidir ki, enerjitəchizatı müəssisəsi olaraq yaranmış anlaşılmazlığın məhkəmə qaydasında həlli zəruri hesab edilir. Elektrik enerjisinin dayandırılması barədə müvafiq məhkəmə qərarı olmadığından, fərdi yaşayış evində digər şəxslər yaşadığından və “Elektrik enerjisindən istifadə Qaydaları”nda qeyd olunan əsasla elektrik enerjisinin dayandırılması nəzərdə tutulmadığından, həmin ünvanda elektrik enerjisi təchizatının dayandırılması məqsədəuyğun hesab edilməmişdir. 9.Mülki işin materiallarında olan Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, xx.xx.2024cü il tarixdə "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar müqavilə bağlanmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 22 dekabr 2022ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı əldə etmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları rəsmiləşdirilmişdir. İddiaçı mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən müqavilə şərtlərinin pozularaq mənzilin ona bugünədək təhvil verilməməsini və mənzildə yaşayış olmasına görə mənzildə baş verə biləcək hadisənin qarşısının alınmasından ötrü mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı imtina cavabı verilmiş, bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı ona məxsus olan mənzilə 1 il müddətinə elektrik enerjisinin verilməsinin dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 12.«İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10.2-ci bəndinə əsasən istehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir. Əgər istifadə edilməsi vətəndaşların həyatına sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları belə normativ sənədlərin təxirə salınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, icraçı tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal dayandırmalıdır. 13.Həmin Qanunun 10.6-cı bəndinə əsasən istehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir. 14.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları» 9.13.1-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. 15.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması üçün müvafiq əsaslar olmalıdır. İddiaçı hazırki iş üzrə ona məxsus mənzildə başqa şəxslərin yaşamasını əsas göstərərək, sözügedən mənzilə 1 il müddətinə elektrik enerjisinin verilməsinin dayandırılmasını tələb etsə də, qeyd edilən əsas mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, ilk növbədə mənzildə hazırda yaşayış mövcuddur və cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərə və cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahata əsasən mübahisəli mənzildə yaşayan şəxslərin cavabdeh təşkilata heç bir kommunal borcu yoxdur. Buna görə də qanunvericiliyin tələblərinə əsasən mənzildə yaşayan şəxslərə cavabdeh təşkilat tərəfindən elektrik enerjisinin verilməsi zəruridir. 16.Bundan başqa, hazırki iş üzrə iddiaçı tələbinin əsası kimi ona məxsus mənzildə başqa şəxslərin yaşamasını əsas göstərsə də, məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi ayrıca mübahisə predmeti olmaqla iddiaçının ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzildə yaşayan şəxslərin çıxarılmasına dair tələbinin əsası ola bilər. Hazırki iş üzrə iddiaçıya məxsus mənzildə başqa şəxslərin yaşaması və məhz cavabdeh təşkilat tərəfindən istehlakçı hüquqlarına uyğun olaraq onların mənzildə elektrik enerjisi ilə təmin edilməsi mülkiyyətçi kimi iddiaçının mübahisəli mənzilə dair hər hansı mülkiyyət hüququnu pozmur. 17.Göründüyü kimi hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 19.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 20.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "elektrik enerjisinin verilməsinin dayandırılması"na dair iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1132/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1132/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver