Məhkəmə qərarları › İş №e-2(006)-114/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-114/2024

17.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-114/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" Mənzıl Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması tələbinə dair", birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və X4 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov Q.Quliyev C.Hacıbəyli və M. Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında yüksək mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 135,43 kv.m olan 42 saylı mənzildən cavabdehlər X5 və Cavabdeh1 MTK tərəfindən törədilən maneələrə son qoyulması, cavabdeh X2 həmin mənzildən çıxarılması, əmlakın boşaldılaraq Cavabdeh1 MTK tərəfindən iddiaçıya təhvil verilməsi və İddiaçı istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Vəli X8-M MTK-dan xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Star-M MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında yüksək mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 135,43 kv.metr olan 42 saylı mənzili 132.400 manat ödəməklə almışdır. İddiaçı çox vaxtı Azərbaycan Respublikasında yaşamadığından və işi ilə əlaqədar xaricdə yaşadığından mənzildə yaşamamışdır. Bəzən Binanın komendantı ilə əlaqə saxlayaraq mənzili barədə məlumat almış və ara sıra evin şəkillərinin göndərilməsini xahiş etmişdir. Hətta bir neçə dəfə özü xaricdə yaşadığından qohumlarından mənzilə baş çəkmələrini belə xahiş etmiş və binanın komendantı kimi bildiyi şəxs qohumlarına mənzili göstərərək heç bir probleminin olmamasını bildirmişdilər. 2023-cü ilin fevral mart ayında Azərbaycan Respublikasına işlə əlaqədar ezam olunarkən ona məlumat vermişdilər ki, həmin binada problemlər var və qərara gəlmişdir ki, mənzilə baxış keçirsin. Binaya gedərkən isə bina sədrinin həbs olunması və binada ciddi problemlərin olması ilə rastlaşmışdır. Həmin vaxtı binanın nə komendantı nə də sədri olmuş və binanın cari təsərrüfat problemlərinin həlli ilə əlaqədar Lətifə xanım adlı bir qadının müvəqqəti bu kimi problemlərin həlli ilə məşğul olduğunu öyrənmişdir. Həmin qadınla ofisdə görüşmüş və qadın bildirmişdir ki, ona aid mənzil hazırda cavabdeh X2 istifadəsindədir. Lakin hansı sənədlər əsasında mənzildən istifadə etməsi barədə onda heç bir məlumat yoxdur. Tərəflərindən sorğular verilməsinə baxmayaraq cavabdehin hansı əsaslarla mənzildən istifadə etməsinə dair heç bir məlumat əldə edə bilməmişlər. İddiaçı həmin vaxtı və cari vaxtadək mənzilə daxil ola bilmir və mənzildən istifadə edə bilmir. Mənzilin qapısı dəyişdirilmiş və mənzilin təmirli və ya təmirsiz olması onlara məlum deyil. Bir o məlum olmuşdur ki, binanın həyətində gözətçi kimi işləyən şəxslərdən iddiaçıya bildirilmişdir ki, həmin mənzil satılır və satışdadı. Ətrafda olan alqı-satqı ofislərindən maraqlanaraq həmin binada hər hansı mənzilin satışda olub olmamasını maraqlananda bu mənzilin də satışda olması iddiaçıya bildirimişdir. Hazırda cavabdeh Star M MTK mənzili başqa şəxslərin adına keçirtməklə iz itirmək istəyir. Bu səbəbdən əmlakın üzərinə həbs qoyulmalı, özgəninkiləşdirilməsi qadağan edilməsi və cavabdeh və üçüncü şəxslərə istifadəsi qadağan edilməlidir. Həmin mənzilin qapılarına İcra Məmuru tərəfindən plomb vurulsa kimsə həmin mənzili almağa belə cəhd etməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Həmçinin bildirir ki, cavabdehlər arasında hər hansı bağlanmış müqavilənin olub olmaması ona məlum deyil. Hər bir halda ona verilən məlumata əsasən mənzildə yaşayan şəxsin heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Lakin tərəflərindən sorğular verilmiş və müvafiq cavablar alınarsa məhkəməyə təqdim olunacaq. Sorğulara cavab verilməsə həmin sənədləri əldə etmək onun imkanları məhdudunda olduğundan məhkəmədən həmin sənədlərin əsillərinin və ya təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsində köməklik edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayədəsi və vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Star-M MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında yüksək mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 135,43 kv.metr olan 42 saylı mənzildən cavabdehlər Cavabdeh2 və Star M MTK tərəfindən törədilən maneələrə son qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, əmlakın boşaldılaraq Star M MTK tərəfindən iddiaçıya təhvil verilməsi və İddiaçı istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışlar ki, Vəli X8-M MTK-dan xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Star-M MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında yüksək mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 135,43 kv.metr olan 42 saylı mənzili 132.400 manat ödəməklə almışdır. Bundan qabaq iddiaçı cavabdeh X4 qarşı əmlakın boşaldılması və evdən çıxarılması iddia tələbi ilə iddia qaldırmışdır. Məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən yerli baxış təyin edilmiş və məhkəmənin iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmçinin məlum olmuşdur ki, həmin mənzildə hazırda Cavabdeh2 yaşayır. Yerli baxış zamanı akt tərtib edilmiş və həmin şəxs yəni Cavabdeh2 akta imza etmişd və özü də bildirmişdir ki, həmin mənzildə anası ilə birlikdə yaşayırdı anasının vəfatından sonra isə tək qalır. Hazırda zərurətlə əlaqədar iddia tələbinə dəqiləşmə verilməlidir. Həmçinin əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi zərurəti yaranmışdır. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmçinin Vəkil2 adlı vəkil tərəfindən verilmiş vəsatətləri qəbul etmirlər. Belə ki, verilmiş vəsatətlər əsassızdır və səlahiyyətli şəxs olmadığından verilə bilməz. Belə ki, vəfat etmiş şəxsin adından çıxış etmək MPM-də nəzərdə tutulmamışdır. Həmin şəxsə də bu səlahiyyətlə verilməmişdir ki, bu vəsatətləri təqdim etsin. İcraatında dayandırılmasına qaldıqda isə cavabdehlərin bu tip vəsatətlər verməkdə məqsədi işi uzatmaqdır. Çünki bunndan qabaq Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən onun evdə qalmaqı və evin ona məxsus olması həmçinin iş üzrə cavabdeh qismində cəlb edilməsi barədə vəsatəti olmuşdur. Sonradan həmin vəkildən imtina etmişdir. Halbuki, şəxs iradə ifadəsini etdikdən sonra bu ifadənin onun xeyrinə olmayacağını və işi uzada bilməyəcəyini bilib bundan imtina etmişdir. Bu səbəbdən mənzildə yaşayan şəxs Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Daha sonra iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK və 1-ci cavabdeh İddiaçı arasında imzalanmış, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə H.Ələsgərov 31/33 ünvanında yerləşən, binanın 42-ci mənzilinə dair 30 dekabr 2016-cı il tarixli müqavilənin etibarsızlığı haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə H.Ələsgərov 31/33 ünvanında yerləşən, "xxxx" tərəfindən inşa edilmiş binanın 42-ci mənzili onun mərhum anası X4 məxsus olmuşdur. Bildirir ki, onun anası cari ilin aprel ayında vəfat etmiş və o vərəsəsi kimi qanuna müvafiq olaraq, vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etmişdir. Hazırki ərizəyə yuxarıda qeyd edilənlərə dair sənədlər əlavə edilir. Adıçəkilən mənzildə o, anası və digər vərəsələri artıq uzun illərdir ki, yaşayırlar. Qısa müddət öncə 1-ci cavabdeh X9 adlı şəxs onlara müraciət edərək, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə H.Ələsgərov 31/33 ünvanında yerləşən, "xxxx" tərəfindən inşa edilmiş binanın 42-ci mənzilinə dair onda da MTK tərəfindən imzalanmış müqavilə olması və ödənişin aparılması haqda qəbzlərin mövcudluğu bildirilmişdir. 1-ci cavabdehə məxsus 30 dekabr 2016-cı il tarixli müqavilə və qəbzlər hazırki ərizəyə əlavə edilir. Beləliklə məlum olur ki, eyni mənzilə dair 2 müqavilə mövcuddur. Lakin onun tam ödəniş haqda Maliyyə arayışı olsada, cavabdehdə bu barədə hər hansı bir rəsmi sənəd mövcud deyil. Həmçinin mənzil almış şəxsin artıq orada uzun illərdir digər insanların yaşamasından sonra tələb irəli sürməsi inandırıcı deyil. Hesab edir ki, cavabdeh hazırda hebsdə olan MTK rəhbərləri ilə qanunsuz əlaqəyə girərək, keçmiş tarixdə müqavilə hazırlamış və əsassız gəlir əldə etmək niyyətindədir. Baglanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Hazırda mübahisələndirdiyi əqd etibarsızdır və görüntü xatirinə bağlanmışdır. Habelə əlavə edir ki, yuxarıda adıçəkilən müqavilənin mövcudluğu haqda ona qısa müddət öncə məlum olmuşdur və etibarsız hesab edilməsi haqda mübahisə müddəti keçməmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, 2(009)-1715/2023 saylı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və ya mülki işin birləşdirilməklə iddia əizəsinin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1715/2023 saylı qərardadı ilə, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1715/2023 saylı mülki işlə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1nə və X4 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2109/2023 saylı mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzfün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilk iddianın təmin, birləşdirilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddialar rədd edilməlidirlər. Belə ki, mülki işin materiallarında olan Cavabdeh1 MTK-nın sədri X6 və «Payçı» qismində İddiaçı arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanda MTK tərəfindən inşa edilmiş binasının 8-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135,43 kv.m. olan 42 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2016-cı il tarixli, 30/12 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə Cavabdeh1 MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi987-ci məhəllə ünvanda inşa edilən yaşayış binasında sahəsi 135,43 kv.m., 8-ci mərtəbədə 3 otaqlı 42 №-li mənzilə düşməsi təsdiq edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 30/12 nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mənzilin pay haqqı kimi 132.410 manat məbləğində pul ödəmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 MTK-nın sədri X6 və «Payçı» qismində X5 arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş binasının 8-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135,43 kv.m. olan 42 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2018-ci il tarixli, 42 nömrəli protokolunun surətindən görünür ki, X5 Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, X5 razılıq yolu ilə Cavabdeh1 MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasında sahəsi 135,43 kv.m., 8-ci mərtəbədə 3 otaqlı 42 №-li mənzilə düşməsi təsdiq edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 76 nömrəli maliyyə arayışının surətindən görünür ki, X5 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda Cavabdeh1 MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, sahəsi 135,43 kv.m.olan 3 otaqlı 42 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. Mülki işin materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən X4 və Cavabdeh1 MTK-ya ünvanlanmış xəbərdarlıqdan görünür ki, mənzilə dair sahiblik və istifadə hüququ İddiaçı məxsus olduğundan Star-M MTK-dan və X1 məktubu aldıqları vaxtdan 3 gün ərzində mənzili boşaldaraq İddiaçı və ya nümayəndəsinə təhvil verməkləri xahiş olunur. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 12 may 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 355569 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 2109/2023 saylı qərardadı ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzıl Tikinti Kooperativinə və X4 qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraat cavabdeh X3 hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 2109/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadı ilə, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1715/2023 saylı mülki işlə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1nə və X4 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2109/2023 saylı mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzfün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadı ilə, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddət ötürüldüyündən şikayət verən şəxsə geri qaytarılması qərara alınmışdır. Mülki işin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadı ilə, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadından verilən şikayət və prosessual müddətin bərpa edilməsinə dair ərizənin geri qaytarılması qərara alınmışdır. Mülki işin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadı ilə, ərizənin təmin edilməsi, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1715/2023 saylı qərardadından iddiaçının vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadı ilə, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1715/2023 saylı qərardadından iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün 2(009)-1715/2023 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1447/2024 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1715/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.5-ci maddəsinə əsasən Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 404-cü maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məhkəmə hesab edir ki, Star-M” MTK ilə İddiaçı və X5 arasında bağlanmış müqavilələr podrat müqaviləsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh2 "xxxx" MTK və ilk iddia üzrə İddiaçı arasında imzalanmış, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə H.Ələsgərov 31/33 ünvanında yerləşən, binanın 42-ci mənzilinə dair 30 dekabr 2016-cı il tarixli müqavilənin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə, maddə 443.1 və 452.2) hüquqları vardır. Məhkəmə qeyd edir ki, hazırki işdə müəyyən olunan odur ki, mübahisəsi gedən mənzillə bağlı həm İddiaçı ilə, həm də X5 ilə müqavilə bağlanmış, mənzil isə X4 təhvil verilmiş və o, həmin mənzili təmir edərək ailəsi ilə birlikdə mənzildə yaşamağa başlamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2 mübahisələndirdiyi "xxxx" MTK ilə İddiaçı arasında imzalanmış 30 dekabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilə bilməz lakin bu onu ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh1 MTK-dan tələb etmək imkanından məhrum etmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" Mənzıl Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması tələbinə dair" iddiası rədd, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbi rədd edilməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" Mənzıl Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması tələbinə dair" iddiası rədd edilsin. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar