Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1145/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "bankın təqsirindən vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "bankın təqsirindən vurulmuş zərərin əvəzinin ödənilməsinə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kapital Bank” ASC-nin səhvi ucbatından vurulmuş 3213 manat 89 qəpik zərərin və dövlət rüsumunun ödənilməsi üçün xərclənmiş 53 manat, ümumilikdə 3266 manat pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış müqavilə əsasında iddiaçının Cavabdehda hesabı açılmışdır. Həmin hesabdakı pulun nağdsız istifadə üçün isə iddiaçı tərəfindən İddiaçı **********420302 nömrəli kart sifariş olunmuşdur. İddiaçı bu günə qədər kart əməliyyatlarını “Birbank” tətbiqi vasitəsilə də yerinə yetirmişdir. Belə ki, 25 noyabr 2023-cü il tarixində də iddiaçı bir neçə dəfə plastik kartı vasitəsilə köçürmələrini yerinə yetirmiş və şəxsən yerinə yetirdiyi əməliyyatlarında tətbiqdə qeydiyyatdan keçdiyi nömrəsinə 3D security ilə bağlı kod gəlmiş və iddiaçı koddan istifadə edərək əməliyyatı yerinə yetirmişdir. Lakin həmin gün iddiaçının iradəsindən kənar hal baş vermiş, iddiaçı tərəfindən yerinə yetirilməmiş əməliyyat nəticəsində kartdan müvafiq olaraq 5.500 HKD (1234.73 manat), 3500 HKD (785.73 manat), 4650 HKD (1043.91 manat), 666 HKD (149.51 manat) məbləğində, ümumilikdə isə həmin gün iddiaçının iradəsindən kənar 3213 manat 89 manat pul çıxılmışdır. İddiaçı tərəfindən Cavabdeh ASC-yə qeyd olunan problemlə bağlı müraciət olunmuşdur, Cavabdeh ASC tərəfindən isə “plastik kart məlumatlarının məxfiliyinin qorunmasının istifadəçinin öhdəliyinin olması, bankın məsuliyyət daşımadığı” bildirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, +**********79 nömrəsinə göndərilmiş 3D Secure kodundan istifadə edilməklə 25 noyabr tarixində əməliyyatlar icra olunmuş və kartından ümumilikdə 3213 manat 89 qəpik məbləğində əməliyyat icra olunmuşdur. İddiaçı mütəmadi olaraq “Birbank” tətbiqindən istifadə etməklə öz iradəsi ilə əməliyyatlar icra etmişdir. Lakin 25 noyabr tarixində edilən həmin əməliyyatların hər biri iddiaçının xəbəri və razılığı olmadan icra edilmişdir və iddiaçının tətbiqdən qeydiyyatdan keçdiyi nömrəsinə yuxarıda göstərilən əməliyyatlardan heç biri barəsində 3D Secure kod göndərilməmişdir. Bu məhkəmə tərəfindən mobil nömrənin yoxlanılması ilə də aşkarlana bilər. İddiaçıya Cavabdeh ASCnin səhvi ucbatından vurulmuş 3213 manat 89 qəpik zərərin və ödənilmiş dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onlarının iştirakı olmadan keçirilməsini və yekun akt çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Bank ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli BMSP9277671A299 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında Bank müştəriyə plastik kart vermişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının kartının “Google pay” tətbiqinə əlavə edilməsi üçün əməliyyat icra olunmuşdur. Bu zaman həmin tətbiqin tələbi üzrə Bank tərəfindən kart sahibinə göndərilmiş 3DS təhlükəsizlik kodunun daxil edilməsi tələb olunmuşdur. Məhkəməyə təqdim edilmiş əməliyyat sistemindən çıxarışdan, həmçinin iddiaçının özünün təqdim etdiyi SMS barədə məlumatdan müəyyən olunur ki, iddiaçıya məxsus mobil nömrəyə kartın “Google pay” tətbiqinə əlavə edilməsi üçün SMS vasitəsilə kod göndərilmişdir. Bundan sonra həmin kart müvafiq tətbiqə əlavə edilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçının mübahisələndirdiyi əməliyyatlar həmin tətbiq vasitəsilə icra olunmuşdur. Əməliyyat sistemi vasitəsilə əldə olunmuş məlumatlara əsasən də kartın xx.xx.2023-cü il tarixdə saat 10:43:42-də tətbiqdə qeydiyyatdan keçirildiyi müəyyən edilmişdir. Məlum olduğu kimi hər hansı plastik kartın “Google pay” tətbiqinə əlavə edilməsi üçün ilkin olaraq həmin kart məlumatlarının daxil edilməsi tələb olunur. Əgər iddiaçı həmin əməliyyatı özü etməyibsə, deməli, kart məlumatları üçüncü şəxsə təqdim edilib. Bununla yanaşı yuxarıda qeyd olunan təhlükəsizlik kodu da özü tərəfindən təsdiq edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 8.2.6-cı bəndinə əsasən kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti Müştəri daşıyır. Kart “Google pay” tətbiqinə əlavə edildikdən sonra əməliyyatlar aparılarkən hər əməliyyata görə 3DS təsdiq kodunun göndərilməməsi ilə bağlı bildirilir ki, bu tələb bank tərəfindən deyil, əməliyyatın icra olunduğu tətbiq, sayt, platforma və s. tərəfindən irəli sürülür. Əməliyyatın aparıldığı platforma 3DS kodunun daxil edilməsini tələb edirsə, bu tələb banka yönəlir və bank öz müştərisinə kod göndərir. Həmin kod təsdiq edildikdən sonra əməliyyat icra olunur. “Google pay” tətbiqinə əlavə edilmiş kart ilə əməliyyat aparılarkən qeyd olunan tələb olmadığından iddiaçıya 3DS kodu göndərilməmişdir. İş materialları: Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1469 saylı məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, onun 27 noyabr 2023-cü il tarixdə şifahi olaraq daxil olmuş müraciətinə baxılmışdır. Plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. İstifadəsində olan 523915******0302 saylı plastik kartdan 25 noyabr 2023-cü il tarixdə 3213,89 (üç min iki yüz on üç, 89) manat məbləğində əməliyyat icra edilmişdir. Əməliyyat istifadəsində olan plastik kartı, + **********79 mobil nömrəsinə göndərilmiş 3D Secure kodu istifadə edilməklə “Google Pay” ödəniş sisteminə əlavə olunaraq icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir. Qeyd olunan məsələnin araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə olunur. Hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən daxil olan sorğuya müvafiq qaydada baxılır. İş materiallarında olan iddiaçıya ünvanlanmış SMS bildirişlərdən görünür ki, ona bank hesabından 5500 HKD, 3500 HKD, 4650 HKD, 666 HKD məbləğlərinin çıxılması ilə bağlı bildiriş göndərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş SMS bildirişlərin ekran görüntüsünün surətlərindən görünür ki, 13 noyabr tarixdə ona aşağıdakı məzmunda mesaj gəlmişdir: “X1-ə əlavə etmək üçün birdəfəlik yoxlama kodu:385785. Google Pay-i aktivləşdirmək üçün GPAY tətbiqinə daxil olub ****0302 ilə bitən kartınızı seçin. Kod 30 dəqiqə ərzində keçərlidir.” 25 noyabr tarixdə saat 17:46,17:47, 17:48, 17:50-də iddiaçıya kartından Hongkong dolları vahidində ödənişlər edilməsi ilə bağlı mesajlar gəlmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış BMSP277671A299 nömrəli kredit müqaviləsindən görünür ki, müqavilənin predmetini bankın müştəriə müvafiq şərtlərlə “BirbankMiles” kartı verməsi təşkil edir. Müqavilənin Anlayışlar bölməsində qeyd edilmişdir ki, “3D Secure”xidməti internet vasitəsilə aparılan əməliyyat zamanı qısa birdəfəlik təhlükəsizlik kodlarla Müştərinin eyniləşdirilməsini təmin edən xidmət deməkdir. Müqavilənin 8.2.6-cı bəndinə əsasən müştəri kart və Fin kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirlər görür. (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). Müqavilənin 9.2-ci bəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlannılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən xzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçı və bank arasında müvafiq kredit kartı müqaviləsi mövcuddur. Həmin müqavilə şərtlərində iddiaçının həmin kartdan istifadəsi ilə bağlı məsələlər, həmçinin kart vasitəsilə nağdsız (online) qaydada ödənişlərin edilməsi zamanı kartdan məxaricin baş tutması üçün 3D secure-təhlükəsizlik kodunun müştəriyə təqdim edilməsi də tənzimlənmişdir. İddiaçının öz iradəsi ilə və ya müştəriyə məxsus kart məlumatlarını bilən şəxsin iradəsi ilə “Google Pay” tətbiqində müştəriyə məxsus kartın qeydiyyatı baş tutmuşdur. Belə ki, müştəriyə məxsus kartın həmin tətbiqdə qeydiyyatı üçün müştəriyə müvafiq təhlükəsizlik kodu göndərilmişdir. Həmin koddan istifadə edilməklə kartın qeydiyyatı xx.xx.2023-cü il tarixdə tamamlanmışdır. Sonradan isə xx.xx.2023-cü il tarixdə həmin tətbiq üzərindən iddiaçının kartından 1 dəqiqəlik fasilə ilə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə edilmiş ödənişlər Hongkong valyutasında həyata keçirilmişdir. Hazırda iddiaçı həmin ödənişlərin onun iradəsi olmadan icra edildiyini və ümumiyyətlə həmin ödənişlərin baş tutması üçün bank tərəfindən müvafiq 3D təhlükəsizlik kodunun təqdim edilmədiyini bildirərək, ona dəymiş zərərin bankdan tutulmasını tələb edir. Məhkəmə diqqətə alır ki, iddiaçıya məxsus kartdan müxtəlif tətbiqlər üzərindən ödənişlər həyata keçirilməkdədir, bu hal iddiaçının özünün təqdim etdiyi SMS bildirişlərlə bağlı ekran görüntüsündən də aydın olur. Hətta nəzərə alınmalıdır ki, iddiaçıya məxsus kartın “Google Pay” tətbiqində qeydiyyatının təsdiqi üçün də bank tərəfindən müştəriyə müvafiq kod təqdim edilmiş və SMS bildiriş göndərilmişdir. İddiaçı həmin tətbiqdən qeydiyyatdan keçmədiyini bildirsə də, özü ayıq-sayıqlıq edərək ona məxsus kartın xx.xx.2023-cü il tarixdə “Google Pay” tətbiqində qeydiyyatı üçün ona gələn SMS-i və 3D təhlükəsizlik kodunun hansı səbəbdən ona göndərilməsini aydınlaşdırmağa cəhd etməmişdir. İddiaçı mütəmadi olaraq həmin kartdan istifadə edərək müxtəlif online platformalarda və tətbiqlərdə ödənişlər həyata keçirir. Bu baxımdan ona xx.xx.2023-cü il tarixdə SMS bildirişlə gələn 3D təhlükəsizlik kodunu gözardı edə bilməzdi, bu səbəbdən məhkəmə hesab edir ki, həqiqətən də həmin koddan istifadə etməklə “Google Pay” tətbiqində qeydiyyatdan keçilmişdir. İddiaçının “Google Pay” tətbiqində qeydiyyatdan keçməsi isə qeydiyyatın təklif etdiyi şərtlər daxilində baş tutmuş və bu şərtlər içərisində kart məlumatlarının həmin tətbiqə ötürülməsi istisna deyildir. Nəticə etibarilə kart məlumatlarının üçüncü şəxslərə ötürülməsi isə özlüyündə həmin kartdan müvafiq tətbiq üzərindən əməliyyatların aparılması zamanı hər bir əməliyyat üçün 3D təhlükəsizlik kodunun kart sahibinə göndərilməsin tələbini də aradan qaldıra bilər. Göründüyü kimi iddiaçıya məxsus pul vəsaitlərinin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Cavabdeh Azərbaycan Respublikasında bankçılıq və elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələblərini yerinə yetirmiş, E-bankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirləri görmüşdür. Bundan başqa, müştərilərin kiber cinayətkarlıqla bağlı maarifləndirilməsi üçün bank tərəfindən müvafiq addımlar atılmışdır. Bank iddiaçının müraciəti ilə bağlı atıla biləcək addımlarda yubanmaya yol verməmiş, səhlənkarlıq etməmiş, müştərini qeyri-məmnun edəcək, ona maddi zərər vuracaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verməmişdir. İddiaçıya məxsus kartdan online qaydada məbləğlərin məxaric edilməsində bankın təqsirli hərəkəti müəyyən edilmir, baş vermiş hadisədə iddiaçıya zərər dəysə də, həmin zərərin vurulmasında bankın hər hansı təqsirli hərəkəti, nə də ki, hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «bankın təqsirindən vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1145/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1145/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver