Məhkəmə qərarları › İş №e-2(006)-1154/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1154/2023

07.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1154/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrinin ləğv edilərək işə bərpa edilməsi, işə bərpa edilməsinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, aldığı əmək haqqının qeyri-rəsmi hissəsində olan məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yaranan fərqin hesablanaraq ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi, ona ödəniləcək məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğin hesablanaraq ödənilməsi, 50.000 (əlli min) manat dəyərində mənəvi zərərin, həmçinin mediatora ödənilmiş 51 (əlli bir) manat məbləğin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 592-K saylı əmrin ləğv edilərək işə bərpa edilməsi, işə bərpa edilməsinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, aldığı əmək haqqının qeyri-rəsmi hissəsindən olan məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarnın rəsmi ödənişindən yayınaraq yaranan fərqin 25.000 manat məbləğində vəsaitin büdcəyə ödənilməsinin təmin edilməsi, istifadə edilməmiş əmək məzuniyyəti 134 gün üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi, hüquqi şəxsin yenidən təşkil edilərkən hüquqi varisi olduğu «X16» MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən son iki ay üzrə ödənilməyən əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyəti 118 gün üçün kompensasiya və son haqq-hesabın hesablanaraq ona ödənilməsi, ona ödəniləcək məbləğlərin gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğin hesablanaraq ödənilməsi, 50.000 (əlli min) manat dəyərində maddi və mənəvi zərərin, həmçinin mediatora ödənilmiş 51 (əlli bir) manat məbləğin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı 17 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrin ləğv edilərək işə bərpa edilməsi, işə bərpa edilməsinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, aldığı əmək haqqının qeyri-rəsmi hissəsindən olan məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yayınaraq yaranan fərqin 25.000 manat məbləğində vəsaitin büdcəyə ödənilməsinin təmin edilməsi, istifadə edilməmiş əmək məzuniyyəti 134 gün üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi, hüquqi şəxsin yenidən təşkil edilərkən hüquq varisi olduğu «X16» MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən son iki ay üzrə ödənilməyən əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyəti 118 gün üçün kompensasiya və son haqq-hesabın hesablanaraq ona ödənilməsi, ona ödəniləcək məbləğlərin gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğin hesablanaraq ödənilməsi, 50.000 (əlli min) manat dəyərində maddi və mənəvi zərərin, əmək haqqları üzrə bank hesabından çıxarışların alınması üçün 60 manat xidmət haqqının, həmçinin mediatora ödənilmiş 51 (əlli bir) manat məbləğin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X17» MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən gəlirlər üzrə mühasib vəzifəsinə qəbul olmuşdur. «X16» MMC Cavabdeh MMC-yə qoşulmaqla yenidən təşkil edilməsi (bununla bağlı reyesterdən çıxarış iddia ərizəsinə əlavə edilmişdir) səbəbi ilə orda fəaliyyət göstərən bütün işçilər kimi onunla olan əmək münasibətlərinə hüquqi baxımdan xx.xx.2017-ci il tarixdə xitam verilsə də, təsisçisi eyni şəxs olan, yəni, X7 məxsus "xxxx" MMC-də işçi kimi rəsmi qeydiyyata alınmış, lakin faktiki olaraq Cavabdeh MMC-də əmək funksiyalarını icra etmişdir. Daha sonra xx.xx.2019-cu ildə isə Cavabdeh MMC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə hüquqi baxımdan rəsmiləşdirilmişdir. xx.xx.2021ci il tarixdə isə onunla olan əmək münasibətlərinə xitam verilmişdir. Əmək münasibətlərinə xitam verilməsinə dair əmr hal-hazıradək ona təqdim edilməmiş, əmək haqqı tam hesablanmadan, yalnız rəsmi hissəsi nəzərə alınmaqla, qeyri-rəsmi hissəsi nəzərə alınmadan Gəlir Vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin) işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları, həmçinin son haqqhesab düzgün hesablanaraq ona ödənilməmişdir. Cavabdeh MMC-də işlədiyi dövrdə ona hesablanmış əmək haqqı Gəlir Vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə və digər ödəmələrə cəlb olunan məbləğlər də nəzərə alınmaqla 1.150-1.200 manat məbləğində olmuşdur. Bu məbləğdən Gəlir Vergisi, DSMF və sair ödəmələr çıxıldıqdan sonra onun (əmək haqqı) aldığı məbləğ 1.000-1.100 manat məbləğində təqdim edilirdi. Əmək haqqı 625 manat rəsmi və 445 manat isə qeyri-rəsmi hissələrlə ödənilmişdir. Əmək haqqı üzrə gəlir vergisi və məcburi dövlət sosial sığorta bu və ya digər ödənişlərin olduğunu, müvafiq orqanlarla da (qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlarla) dəqiqləşdirərkən müəyyən olunmuşdur ki, əmək haqqından istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməmişdir və ya düzgün ödənişlər ödənilməmişdir. Bu səbəbdən əmək haqqının rəsmi və qeyri-rəsmi hissələrlə ödənilməsi təsdiqlənmişdir. Qeyd edilənləri nəzərə alaraq o, işlədiyi müddət ərzində dəfələrlə rəhbərlikdən əmək haqqının rəsmi qaydada verilməsini, gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının düzgün hesablanaraq ödənilməsini, həmçinin ona əvvəlcədən vəd edildiyi kimi ölkədə gedən inflyasiyanın nəzərə alınmasını tələb etsə də, bu tələbi işəgötürən tərəfindən təmin edilməmişdir. Əksinə, rəhbərlik ona bildirmişdir ki, burda əmək haqqının qeyri-rəsmi qaydada verilən, həmçinin qeyd edilən problemlərlə üzləşən tək o deyil, şirkətin daxili siyasəti bu istiqamətdə formalaşmışdır. Həmin ərizəni imzalamayacağı halda onunla olan əmək münasibətlərinə kobud pozuntu ilə xitam verəcəklərini bildirərək onu həmin ərizəni imza etməyə vadar etmişlər. İşlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməmişdir və ya düzgün ödənilməyərək əmək hüquqları pozulmuşdur. Bunu nəzərə alaraq əmək haqqı üzrə ödənilən vergilərin müvafiq orqanlarla dəqiqləşdirilməsi üçün məcburi dövlət sosial müdafiə və sosial sığorta bu və ya digər vergi ödənişlərinin təsdiqi barədə ödəniş sənədlərinin (əsli ilə düzdür Cavabdeh MMC-nin rəhbərinin və ya bu hüquqa səlahiyyəti olan şəxsin imzası ilə və möhürlə təsdiqlənmiş qaydada) nüsxələrinin ona təqdim edilməsini xahiş edir. Eyni zamanda əsas tələbi qeyri-rəsmi əmək haqqı məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yaranan fərqin ödənilməsinin təmin edilməsidir. Bir daha bildirir ki, kölgə iqtisadiyyatı əlavə yayınmalardır, vergi, dsmf və digər sahələrə ödəniş etməməkdir, həm də Azərbaycan iqtisadiyyatına çox böyük ziyandır. Buna görə də, kölgə iqtisadiyyatı ilə və qeyri-formal məşğulluqla mübarizə kompleks şəkildə aparılmalıdır. Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, pərakəndə satış və xidmət sektorunda göstərir. Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından, konkret olaraq işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və sair kimi hüquqlardan məhrum edir. Həmçinin, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Ona görə də, hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, bu kimi addımlar ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsini göstərməklə yanaşı, əhalinin sosial təminatının yaxşılaşdırılması prosesinin də bir göstəricisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, verdiyi iddia tələbi üzrə cavabdeh etiraz edərək, iddia tələbini əsassız hesab edir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırır ki, iddiaçı xx.xx.2019-cu il tarixindən əmək müqaviləsinin şərtləri ilə tanış olduğunu bildirirək, Əmək Məcəlləsinin 296-cı maddəsini 2-ci hissəsini qeyd edərək məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyünü bildirir. Bir daha bildirir ki, cavadehin hüquqi varis olduğu «X16» MMC Cavabdeh MMC-yə qoşulmaqla yenidən təşkil edilərkən xx.xx.2017-ci il tarixdə «X16» MMC ilə və xx.xx.2021-ci il tarixdə isə Cavabdeh MMC ilə əmək münasibətlərinə xitam verilərkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsini 3-cü hissəsinin tələblərinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh qeyd olunan qanunvericiliyin tələblərinə əməl etməyərək onunla əmək münasibətlərinə xitam verilməsinə dair (cavabdehin hüquqi varis olduğu «X16» MMC üzrə xx.xx.2017-ci il tarixli, 3163/K saylı) və xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrlərin, (sərəncamın, qərarın), son haqq-hesab sənədlərinin (kitabçasını, vərəqəsini, çekini) ona vermədiyi üçün iddia müddətinin axımı davam edir və pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməyə əsas verərək qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülmədiyi anlayışını bildirir. Eyni zamanda Əmək Məcəlləsinin 173-cü maddəsinə 2-ci hissəsinin tələblərinə əsasən işçilərin haqqhesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər, tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. İşəgötürən qeyd olunan qanunvericiliyin bu tələblərinə də əməl etməyərək ona heç bir haqq-hesab sənədlərini təqdim etməmişdir. Bildirir ki, əmək münasibətlərinə xitam verilərkən işəgötürən 134 gün ödənişli əmək məzuniyyətinə və sonuncu ay üzrə işlədiyi 18 iş gününə münasibətdə ona cəmi 1.828 manat 85 qəpik ödəniş etmişdir. Bunu da əlavə edir ki, əmək haqqının qeyri-rəsmi hissəsində olan ödənişinin təsdiqi barədə sənəd (cədvəl) xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə edilmişdir. Odur ki, cavabdehin iddia tələbinə etiraz etməsi əsassızdır. Belə ki, hüquqlarının müdafiəsi və sübutların tələb edilməsi zəruriyyəti ilə əlaqədar olaraq Cavabdeh MMC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə hüquqi baxımdan rəsimləşdirilərək əmək funksiyalarını icra etməyə başlayarkən, işəgötürən tərəfindən toplanmış və tərtib olunmuş sənədlər əsasında, şəxsi işinin materiallarında olan bütün sənədlərin əslini (eyni zamanda cavadehin hüquqi varis olduğu «X16» MMC-dəki şəxsi işindəki sənədlər də daxil olmaqla) məhkəmədəki mülki iş materiallarına əlavə olunması üçün məhkəməyə təqdim edilməsi vacibdir. Eyni zamanda, işəgötürən tərəfindən onunla əmək münasibətlərinə xitam verilməsinə dair (cavadehin hüquqi varisi olduğu «X16» MMC üzrə xx.xx.2017-ci il tarixli, 3163/K saylı) və xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrlərin təsdiq olunmuş surətləri ona verilmədiyi üçün, əmrlərin əslinin məhkəmədəki mülki iş materiallarına əlavə olunması üçün məhkəməyə təqdim edilməsi vacibdir. Bunu da nəzərə alaraq bildirir ki, işlədiyi dövrdə haqq-hesab və son haqq-hesab nəticəsində ona ödənilmiş vəsait də düzgün hesablanmayaraq az ödənilmişdir (cavadehin hüquqi varis olduğu «X16» MMC üzrə haqq-hesab və son haqq-hesab ödənilməmişdir). Bu barədə heç bir haqq-hesab və son haqq-hesab sənədləri də ona təqdim edilməmişdir. Bu səbəbdən, Əmək Məcəlləsinin 83, 173-cü maddələrinə əsasən haqq-hesab və son haqq-hesab sənədləri (kitabçası, vərəqəsi, çeki) ona verilmədiyi üçün, məhkəmədəki mülki iş materiallarına əlavə olunması üçün məhkəməyə təqdim edilməsi vacibdir. Qeyd edir ki, hal-hazıradək bu məlumatların təsdiqi barədə sənədlər şəxsi iş materiallarında olan bütün sənədlər, haqq-hesab və son haqq-hesab sənədləri, xx.xx.2017-ci il tarixli, 3163/K saylı və xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrlərin təsdiq olunmuş surəti ona təqdim olunmayıb, əldə olunması imkanına malik deyil. Qeyd edilən sənədlərin işin obyektiv araşdırılması və hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə təqdim edilməsi olduqca zəruridir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC tərəfindən nümayəndələri vasitəsi ilə məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuşdur. İddiaya etirazda və iddia müddətinin tətbiq edilməsi barədə ərizədə qeyd olunmuşdur ki iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, tərəflərin imzası ilə təsdiqlənmiş və iddiaçı öz imzası ilə müqavilənin nüsxəsinin ona təqdim olunmasını təsdiq etmişdir. Bundan sonra 3 ilə yaxın müddətdə işçi ilə işəgötürən arasında əmək münasibətləri davam etmiş və əmək haqqının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə müqaviləyə əlavə edilməmişdir. İddiaçının iddia etdiyi tələblər tamamilə əsassız olduğu kimi, eyni zamanda onun tərəfindən iddia müddəti ötürülərək məhkəməyə müraciət olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsində əmək haqqının məbləğinin 625 manat olduğu öz əksini tapmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinin nüsxəsini alaraq onun şərtləri ilə tanış olmuş və iddia etdiyi hüquqlarının pozulmasından xəbərdar olmuşdur. Belə olan halda, iddiaçı hüquqlarının pozulduğunu hesab edirdisə indi məhkəməyə müraciət etdiyi kimi məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı işlədiyi və işdən öz ərizəsi ilə çıxdığı vaxtdan 3 ildən çox keçdikdən sonra məhkəməyə müraciət etmiş və iddiasının əsası kimi kobud əmək pozuntusu ilə işdən çıxarılmaqdan qorxduğu üçün işdən azad olma barədə ərizə yazdığını bildirmişdir. İşə bərpa barədə iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və digər tələblər üzrə iddia müddətinin axımı isə xx.xx.2019-cu il tarixdən başlamışdır. Qanunvericiliyin normalarına əsasən iddia müddəti işə bərpa barədə 1 ay, vurulmuş zərərlə bağlı 1 il müəyyən edilib. Beləliklə, iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddətinin ötürüldüyü aşkardır və mübahisəsizdir. Göstərilənlərə əsasən, məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbləri barədə iddiasına iddia müddəti tətbiq edilməsi, İddiaçı «işə bərpa və s.» tələbinə dair iddiasının rədd edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin digər nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, nümayəndə R.Atakişiyevin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, onların izahatlarını və ifadəlrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Cavabdeh MMC-də 2020-ci ilin avqust ayından hüquq şöbəsinin hüquqşünası vəzifəsində işə başlamışdır. 09 avqust 2022-ci il tarixdə müddətin bitməsinə görə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçını tanıyır. İddiaçı şirkətin maliyyə direktorluğunda çalışmışdır. İşlədiyi dövrdə 1.500 manat əmək haqqı almışdır. Əmək haqqının bir hissəsini rəsmi - 625 manat, digər hissəsini isə qeyri-rəsmi - 875 manat almışdır. Əmək haqqının alınması barədə əmək haqqı açıqlamaları mail vasitəsilə göndərilirdi. Əmək haqqının qeyri-rəsmi verilməsiylə bağlı dəfələrlə rəhbərliyə müraciət etmişdir. Cavabında ona bildirmişlər ki, əmək haqqını bu formada verirlər. X1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Cavabdeh MMC-də 2020-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək işləmişdir. İşlədiyi müddətdə son iki aydan başqa digər ayların əmək haqqını iki formada rəsmi (725 manat) və qeyri-rəsmi (390-420 manat) almışdır. Yalnız 2022-ci ilin avqust və sentyabr aylarının əmək haqqını rəsmi almışdır. Əmək haqqını "xxxx" MMC-nin maliyyə idarəsindən götürürdü. Ona əmək haqqı ilə bağlı maillər gəlirdi. Əmək haqqını tam almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 27 avqust 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə maliyyə direktorluğu – xəzinədarlıq bölməsi – əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Həmin gün işə başlayan iddiaçının aylıq əmək haqqı məbləği müqavilənin 4.2-ci bəndinə əsasən 625 manat müəyyən edilmişdir. - İddiaçı 24 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh MMC-nin idarə heyətinin sədrinə müraciət edərək, 24 dekabr 2021-ci il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. - 21 dekabr 2021-ci il tarixdə elektron poçt qutusuna göndərilmiş (saat 10:44) məktubdan görünür ki, İddiaçı Solmaz Məlikovaya rəsmi şəkildə müraciət edərək, dekabr ayının son iş günü işdən çıxdığı barədə məlumat vermiş və bununla əlaqədar işlədiyi dövrdə, ona çatası son haqq-hesabın, əmək haqqı və istifadə edilməyən məzuniyyət pulunun hesablanması qaydası və məbləği barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. - 24 dekabr 2021-ci il tarixli 592-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin maliyyə departamenti xəzinə əməliyyatları bölməsinin əməliyyatlar üzrə mütəxəssisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24 dekabr 2021ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən (öz təşəbbüsü ilə) xitam verilmişdir. Əsas: İşçinin ərizəsi. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı DOST Mərkəzi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və Məşğulluq» altsisteminə əsasən işaxtaran kimi qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - 19 yanvar 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/18-00023 saylı arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İddiaçı «X17» MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən gəlirlər üzrə mühasib vəzifəsinə qəbul olmaqla, «X16» MMC Cavabdeh MMC-yə qoşulmaqla yenidən təşkil edilməsi səbəbi ilə orda fəaliyyət göstərən bütün işçilər kimi onunla olan əmək münasibətlərinə hüquqi baxımdan xx.xx.2017-ci il tarixdə xitam verilsə də, təsisçisi eyni şəxs olan, yəni, X7 məxsus "xxxx" MMC-də işçi kimi rəsmi qeydiyyata alınmış, lakin faktiki olaraq Cavabdeh MMC-də əmək funksiyalarını icra etməsini göstərsə də, işin materiallarında olan əmək kitabçasından görünür ki, onunla «X17» MMC arasında olan xx.xx.2014-cü il tarixdən yaranmış əmək münasibətlərinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, xx.xx.2019-cu ildə isə onun öz ərizəsinə əsasən Cavabdeh MMC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə qəbul edilməsinə dair tərəflər arasında əmək müqaviləsi bağlanılmaqla bu barədə müvafiq əmr verilmişdir. Məhkəmə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. - 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, hec kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işcidir. - 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işcidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin əmək münasibətləri xx.xx.2019-cu ildən yaranmış və xx.xx.2021-ci il tarixdə isə onunla olan əmək münasibətlərinə yenə də öz ərizəsi əsasında xitam verilmişdir. İddiaçı işdən azad olunmasına dair ərizənin ona yazdırılma səbəbi kimi, işlədiyi müddət ərzində dəfələrlə rəhbərlikdən əmək haqqının rəsmi qaydada verilməsini, gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının düzgün hesablanaraq ödənilməsini, həmçinin ona əvvəlcədən vəd edildiyi kimi ölkədə gedən inflyasiyanın nəzərə alınmasını tələb etsə də, bu tələbinin işəgötürən tərəfindən təmin edilməməsini , cavabdehin işdən azad edilməsinə dair ərizəni onun imzalamayacağı halda onunla olan əmək münasibətlərinə kobud pozuntu ilə xitam verəcəklərini bildirərək onu həmin ərizəni imza etməyə vadar etmələrini göstərsə də, bu halları təsdiq edə biləcək hər hansı sübutları da məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona əmək haqqının 625 manat rəsmi və 445 manat isə qeyri-rəsmi hissələrlə ödənilməsini, eləcə də ona hesablanmış əmək haqqının Gəlir Vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə və digər ödəmələrə cəlb olunan məbləğlər də nəzərə alınmaqla 1.150-1.200 manat məbləğində olmasını göstərsə də, iş materiallarında olan, tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın görünür ki, iddiaçıya verilən əmək haqqının məbləğinin 625 manat olması nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı ona müqavilədə nəzərdə tutulmuş əmək haqqından əlavə qeyri-rəsmi 445 manat ödənilməsinə, eləcə də işlədiyi dövrdə qeyriformal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməməsinə və ya düzgün ödənilməyərək əmək hüquqlarının pozulmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab edir ki, X6 cavabdeh şirkətdə işlədiyi dövrdə 1.500 manat əmək haqqı almaqla bunun bir hissəsini rəsmi - 625 manat, digər hissəsini isə qeyri-rəsmi - 875 manat, X5 isə MMC-də işlədiyi müddətdə son iki aydan başqa digər ayların əmək haqqını iki formada rəsmi (725 manat) və qeyri-rəsmi (390-420 manat) almalarını göstərmələri iddiaçının qeyri-rəsmi əmək haqqı almasına dair dəlillərinin təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, şahidlər vaxtilə cavabdeh şirkətdə işləməklə əmək münasibətlərinə xitam verildiyindən və iddiaçının tanışı olmaqla verdikləri ifadələr sonuncunun maraq və mənafeyinə uyğun formada verilmiş ifadə kimi qiymətləndirilir. Belə ki, istər iddiaçının izahatı, istərsə də şahidlərin ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Halbuki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz və iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib-edilmədiyi əsaslandırılmalıdır. İddiaçı iddia ərizəsində və izahatlarında əsas tələbinin qeyri-rəsmi əmək haqqı məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yaranan fərqin ödənilməsinin təmin edilməsini göstərsə də, məhkəmə hesab edir ki, qeyd edilən halın mövcudluğu iddiaçı tərəfindən sübut edilmədiyi üçün və əmək qanunvericiliyində işçi ilə işəgötürən arasında əmək münasibətləri qüvvədə olan dövrdə əmək müqaviləsindən kənar qeyri-rəsmi əmək haqqı ödənilməsi nəzərdə tutulmadığından bu tələblər əsassızdır. Beləliklə də, işin faktiki hallarından göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Başqa sözlə, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən, iddiaçının qanunla qorunan hüquqlarının pozulması, eləcə də işlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməməsi və ya düzgün ödənilməyərək əmək hüquqları pozulması halları müəyyən edilməmiş, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər və tutarlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar barədə rəsmi sübut növləri təqdim etməsə də belə yalnız subyektiv mülahizə formasında çıxış etməklə kifayətlənmiş, ən azından iklin məlumat xarakterli formasında da olsa müvafiq sənəd təqdim etmədiyindən onun vəsatətləri əsasında hər hansı ekspertizanın keçirilməsi məqbul sayılmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının Cavabdeh MMC-nin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrin ləğv edilərək işə bərpa edilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməməsinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın digər hissələrinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, həmin arqumentlərin əlavə araşdırılmasına lüzum görməyərək məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə bərpa ilə bağlı iddia müddətini də ötürülmüşdür. Belə ki, iddiaçı əmək münasibətlərinə xitam verilməsinə dair əmrin hal-hazıradək ona təqdim edilməməsini göstərsə də, işin araşdırılmış hallarından məlum olur ki, o tutduğu vəzifəsindən azad edilməsi barədə son haqq hesabını və əmək kitabçasını alması ilə tam məlumatlı olmuş, xx.xx.2021-ci il tarixdə qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra öncə mediasiya təşkilatına (arayışa (səh. 16) əsasən “mediasiyanın tətbiqi barədə təklifin tarixi – xx.xx.2022-ci il; İMS üçün ərizənin tarixi – xx.xx.2023-cü il”), daha sonra 23 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə bərpa ilə əlaqədar qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəyə qiymət verərək hesab edir ki, iddianın “işə bərpa” hissəsi istisna olmaqla digər hissələr üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddiaçının cavabdeh barəsində qanunsuz hərəkətlərində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokuorluğuna məlumat verilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iclasında belə bir hallar aşkara çıxmadığından məhkəmə hesab edir ki, qeyd edilən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa və s.» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar