Məhkəmə qərarları › İş №e-2(006)-1186/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1186/2024

01.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1186/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin rəisi X2 Kamilə Əyyub qızı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 13-1-24/3-1027225/2023 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 ildən çoxdur, qüsursuz olaraq "xxxx" QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinin telefonçusu işləmişdir. İşarəvermə və Rabitə Xidmətinin rəisi Qəzənfər Abduləzimovun xx.xx.2023-cü il tarixli 13-1-24/3-1027225/2023 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. İddiaçı işlədiyi müddətdə heç bir qüsuru olmamış və cəza almamışdır. İddiaçının ailə vəziyyəti ağırdır. Belə ki, iddiaçı şəkər xəstəliyindən əziyyət çəkir, həyat yoldaşı ağır şəkər xəstəsi, oğlu da xəstədir. 2 nəvəsi iddiaçının himayəsində olmaqla o, ailəyə yeganə qazanc gətirən şəxsdir. Müdiriyyət iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunun tələblərinə riayət etməmişdir. Ona görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı, həmçinin, X11 Xidmətinə də müraciət etmişdir. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh olaraq "xxxx" QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinə qarşı iddia qaldırmışdır. Halbuki, həmin xidmət ayrıca hüquqi şəxs deyildir və VÖEN-i olmadığından iş üzrə cavabdeh kimi çıxış edə bilməz. Bundan əlavə, cavabdeh tərəf iddianı qəbul etmir, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, ADY-nin aparatı və tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarət olmuşdur. Korporativ strukturun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə beynəlxalq məsləhətçi şirkətin tövsiyyələri nəzərə alınaraq xx.xx.2023-cü il tarixli 13-1/3-5-22011/2023 nömrəli yeni korporativ strukturun və ştat cədvəlinin təsdiq edilməsi barədə əmr ilə ADY-nin 2023-cü il üzrə ştat cədvəlləri təsdiq edilmişdir. Həmin ştat cədvəlinə əsasən yeni korporativ strukturda 12 struktur bölmə ləğv edilmiş, 7 struktur bölmə yaradılmış, hal-hazırda 26 struktur bölmə fəaliyyət göstərir. ADY-də struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidi azaldılmaqla nəticədə mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunmuşdur. Müvafiq əmrə əsasən ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinin telefonçu ştatı ixtisar edilmişdir. Bundan sonra, qanunvericiliyin tələbinə əsasən İddiaçı ADY-nin mühafizə departamentinin 21 iyul 2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi 21 iyul 2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı xəbərdarlıqla tanış edilsə də, o, həmin tarixdə qeyd edilən sənədi imzalamaqdan imtina etdiyinə görə bununla bağlı akt tərtib olunmuşdur. Məktubda xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir. Həmçinin, İddiaçı xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyasının icrasından azad edilərək iş axtarmağa imkan yaradıldığı barədə məlumat verilmişdir. Həmçinin, iddiaçının tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə 18 iyul 2023-cü il tarixli 108/19 nömrəli məktuba əsasən Azərbaycan Dəmiryolçularının Müstəqil X4 Heyəti tərəfindən müvafiq razılıq əldə edilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixli 13-1- 24/3-1027225/2023 nömrəli əmr ilə İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinin telefonçusu İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Bir sözlə, iddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Hazırki mübahisədə əmək qanunvericiliyinin göstərişlərinə işəgötürən tərəfindən tam formada əməl edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunmasını tənzimləyir. Belə ki, əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğundan və müqavilə bağlamaq və ləğv etmək azadlığı qanunvericiliklə nəzərdə tutulmuş müəyyən tələblərə riayət etmək şərti ilə hər iki tərəfə məxsusdur və Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan hallarda bu hüquqdan istifadə etmək imkanı işəgötürənə verilmişdir. Müşahidə edildiyi kimi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. Həmin Məcəllənin 71-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər nəzərdə tutulmuşdur. Beləliklə, Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Cavabdeh "xxxx" QSC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia ərizəsinin iddia müddətinin buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişi xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, iddiaçı xəbərdarlıqla tanış olmuş, lakin onu qəbul etməkdən imtina etmişdir. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin gündən işçi işə gəlməmiş, yəni əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Eyni zamanda, iddiaçı özünün hüquqlarının pozulması barədə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etmişdir. Bu tarixdən 26 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ADY-yə mediasiya təklifi göndərmiş, xx.xx.2023-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Diqqət yetirildikdə və tarixlər hesablandıqda görünür ki, iddiaçı 1 ay iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X9 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2021-ci il tarixli 23 nömrəli əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı həmin tarixdən işəgötürən "xxxx" QSC tərəfindən həmin QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinə telefonçu vəzifəsinə müddətli olaraq (1 il müddətinə) işə qəbul edilmişdir. Vəzifə (peşə) üzrə əməyin ödənilməsi dərəcəsi “3” qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2023-cü il tarixli əlavə razılaşmadan və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı vəzifəsi (peşəsi) üzrə əməyin ödənilməsi dərəcəsi 3-dən 2-yə keçirilmişdir. Həmçinin, işçinin əmək haqqı 300 manatdan 375 manata qaldırılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş həmin QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin ştat cədvəlindən görünür ki, cədvəlin 414-cü nömrəsində ştat kodu ******************** olan 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsi, İmişli telefon sexi, telefonçu vəzifəsi üzrə 3 ştat vahidi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş həmin QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin ştat cədvəlindən görünür ki, cədvəlin 49-cu nömrəsində ştat kodu İDD**********9GZY000002 olan 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsi, İmişli avtomat telefon və yerli rabitə şəbəkə sexi, telefonçu vəzifəsi üzrə 1 ştat vahidi müəyyən edilmişdir. Azərbaycan Dəmiryolçularının Müstəqil X4 Heyətinin 18 iyul 2023-cü il tarixli 77b.9 nömrəli protokoldan çıxarışından görünür ki, "xxxx" QSC-də aparılan struktur dəyişiklikləri nəticəsində siyahısı əlavə olunan işçilərlə (İddiaçı, Sıra nömrəsi – 10, İnfrastruktur departamenti, İşarəvermə və rabitə xidməti, 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsi, İmişli telefon sexi, Telefonçu) bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi məsələsinə müvafiq X3 Komitələrində ayrı-ayrılıqda qanunvericiliyə uyğun olaraq araşdırılması, obyektiv və qərəzsiz qərar qəbul edilməsi, qərarın icrasına nəzarətin Dəmiryolçularının Müstəqil Hİ-nin sədr müavini F.F.Bəyimova həvalə edilməsi və qərarın surətinin "xxxx" QSC-nin rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının "xxxx" QSC-nin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri nəzərə alınaraq struktur dəyişiklikləri nəticəsində sərbəstləşəcək işçilərlə əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilir. xx.xx.2023-cü tarixli Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinin telefonçusu İddiaçı ünvanlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıqdan görünür ki, QSC-nin İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin onun tutduğu ştatın ixtisar olunduğu, bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi, xəbərarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradıması, eyni zamanda ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2023-2025-ci illər üçün X14”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulması bildirilmişdir. xx.xx.2023-cü tarixli "xxxx" QSC-nin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin rəisi X1, HİK-nin sədri X7, Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis X10, İnsan resursları üzrə mütəxəssisi X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, İmişli telefon sexində telefonçu vəzifəsində çalışan İddiaçı tutduğu ştatın ixtisar olunması barədə xəbərdarlıq ilə tanış edilsə də, xx.xx.2023-cü il tarixində xəbərdarlığı imzalamaqdan imtina etmişdir. "xxxx" QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin xx.xx.2023-cü il tarixli 13-1-24/3-10-27225/2023 nömrəli əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin Xidmətin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinin telefonçu İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. "xxxx" QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin xx.xx.2023-cü il tarixli 13-1-24/3-10-27225/2023 nömrəli əmri onunla əsaslandırılmışdır ki, QSC-də işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasınn təmin edilməsi zərurəti ilə əlaqədar İnfrastruktur departamentinin İşarəvermə və rabitə xidmətini 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin xx.xx.2023-cü il tarixli 13-1/3-5-22011/2023 nömrəli ştat cədvəlinə əsasən dəyişikliklər edilərək bir sıra aidiyyəti ştat vahidləri, o cümlədən İmişli telefon sexinin telefonçu ştatı ixtisar edilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 270316 nömrəli əmrində dəyişiklik edilməsi barədə Əmrdən görünür ki, ADY-nin yalnız aşağıdakı hüquqi şəxs statusuna malik olmayan qurumlarının və onların struktur bölmələrinin rəislərinə rəhbərlik etdikləri struktur qurumlar və struktur bölmələr üzrə təyinatı ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla, digər vəzifələrə münasibətdə ADY-nin adından işəgötürən səlahiyyəti verilmişdir. xx.xx.2023-cü il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesabına (Hesab № ********************) 1643.05 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış əmək hüquqlarının pozulması və işə bərpa olunmasına köməklik göstərilməsi barədə müraciətinə cavab məktubundan görünür ki, ərizənin araşdırılmasında qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahatın alınması və əmək haqqı barədə bank çıxarışının təqdim olunması ilə bağlı olaraq 7 iş günü ərzində DOST Mərkəzinə və ya Xidmətin Mil-Muğan regional şöbəsinə gəlməsi xahiş olunmuşdur. X8 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT-023-2023-02769 nömrəli ilkin mediasiya sessiyasında (ims) iştirak edilməməsi barədə arayışından görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, "xxxx" QSC-nin nümayəndəsi iştirak etməmişdir. X8 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı “işə bərpa” tələbi ilə bağlı müraciəti xx.xx.2023-cü il tarixdə təşkilata daxil olmuş və həmin müraciətə baxılması üçün İmişli rayonunda mediasiya xidmətlərini göstərən Elvin Abbasova poçt vasitəsilə göndərilmişdir. Mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiyası sessiyası barədə bildiriş göndərilərək İMS-in keçirilməsi tarixi xx.xx.2023-cü il saat 11:00-a təyin edilmişdir. Göstərilən tarixdə müraciətə birinci tərəf İddiaçı iştirakı ilə baxılaraq ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Lakin həmin arayış İddiaçı İMS xərci ödədikdən sonra xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “İmişli RMX” PHŞ-nin Poliklinika şöbəsində “Şəkərli diabet tip2, orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatdadır. İddiaçı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" QSC-də İmişli 7 saylı İşarəvermə və Rabitə distansiyasına telefonçu vəzifəsinə qəbul olmuş, xx.xx.2016-cı il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" QSC-də İmişli 7 saylı İşarəvermə və Rabitə sahəsinə telefonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinin telefonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə işçilərin sayı və ya ştatların ixitisarı əsası ilə əmək müqaviləsi ləğv edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı tərəfindən verilmiş elektron iddia ərizəsinin imzalanma tarixi xx.xx.2023-cü il, saat 13:18:06-dır (lakin dəftərxana tərəfindən xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır). Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, "xxxx" QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin 7 nömrəli İmişli işarəvermə və rabitə sahəsinin İmişli telefon sexinin telefonçusu vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin Xidmətin rəisi Qəzənfər Abduləzimovun xx.xx.2023-cü il tarixli 13-1-24/3- 1027225/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin ştat cədvəllərində dəyişiklik edilmiş, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı xx.xx.2023-cü il tarixdə ştat cədvəlinə dəyişiklik edilməsi nəticəsində sərbəstləşəcək işçilər ilə əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. xx.xx.2023-cü tarixdə İddiaçı QSC-nin İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin onun tutduğu ştatın ixtisar olunduğu, bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi və s. barədə məlumat verilmişdir. İddiaçı həmin xəbərdarlıqla tanış edilməsi, lakin sonuncunun həmin xəbərdarlığı təhvil almaması barədə akt tərtib edilmişdir. Cavabdeh "xxxx" QSC-nin İnfrastruktur Departamenti İşarəvermə və Rabitə Xidmətinin xx.xx.2023-cü il tarixli 13-1-24/3-10-27225/2023 nömrəli əmrinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. Hazırda İddiaçı iddia edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunun müvafiq tələblərinə riayət edilməmişdir, belə ki, o şəkər xəstəliyindən əziyyət çəkir, həyat yoldaşı ağır şəkər xəstəsi olmaqla, oğlu da xəstədir. 2 nəvəsi onun himayəsində olmaqla, ailəyə yeganə qazanc gətirən şəxsdir. Ona görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Cavabdeh tərəf isə iddianın əsassız olmasını və iddia müddətinin ötürülməsini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə iddiaçının “şəkər xəstəliyindən əziyyət çəkməsi, həyat yoldaşının ağır şəkər xəstəsi, oğlunun da xəstə olması və himayəsində 2 nəfər nəvəsi olmaqla ailəyə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınmaması və bununla da qanunvericiliyin tələbininin pozulması” barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının bu dəlilləri əsassızdır. Belə ki, iddiaçının şəkər xəstəliyindən əziyyət çəkməsi, yəni şəkərli diabet xəstəsi olması, həyat yoldaşının da şəkərli diabet xəstə olması və himayəsində 2 nəfər nəvəsi olmaqla ailəyə yeganə qazanc gətirən şəxs olması əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsini qadağan etmir. Çünki onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbi iddiaçının şəkərli diabet xəstəsi olması deyil, onun işlədiyi ştatın ixtisar edilməsidir. Bununla bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinə müvafiq olaraq işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edərkən işçilərin sayının, yoxsa ştatın ixtisar edilməsini müəyyən etməlidir. Hazırkı iş üzrə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən, əvvəlki və sonrakı ştat cədvəllərindən isə aydın olur ki, iddiaçının işdən azad edilməsinə səbəb məhz ştatın ixtisar edilməsi olmuşdur. Odur ki, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 78-ci maddəsi (işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) ştat ixtisarına aid olmadığına görə iddiaçı ilə cavabdeh arasındakı hazırkı əmək mübahisəsinə həmin maddə şamil edilmir. İşəgötürən tərəfindən ştatların ixtisar edilməsi (ləğv edilməsi) isə Əmək Məcəlləsinin 11-ci maddəsi ilə onun əsas hüquqlarından biri kimi müəyyən edilmişdir. İşəgötürən (cavabdeh) iddiaçı (işçi) ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən QSC-nin İnfrastruktur Departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə əsaslanmışdır. Cavabdeh tərəf bu dəyişikliyə yaranmış zərurəti əmək haqqı fonduna edilmiş qənaət ilə əsaslandırır ki, məhkəmə tərəfindən bu əsaslandırma işəgötürənin öz mənafelərinin qorunması üçün kifayət qədər ağlabatan hesab olunur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuni olub-olmaması ilə bağlı isə məhkəmə mülki iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və qanunvericiliyin müvafiq normalarını mülki işin hallarına tətbiq edərək qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edərkən əmək qanunvericiliyinin müddəalarına tam şəkildə riayət etmişdir. Belə ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etməzdən əvvəl həmkarlar ittifaqının razılığını almış, işçini (iddiaçını) Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmi xəbərdar etmiş, həmçinin cavabdeh ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2023-2025-ci illər üçün X14”in 4.6.1-ci yarımbəndi ilə əlavə təminatların (qarşılıqlı surətdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma olduğu təqdirə) nəzərdə tutulması və xəbərarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək, iş axtarmağa imkan yaradıması barədə məlumat vermişdir. Bu hallar iddiaçı tərəfindən də təkzib edilmir. İddiaçı yalnız əmək haqqının 5 misli miqdarında əlavə təminat verilməməsini mübahisələndirsə də, məhkəmə hesab edir ki, “2023-2025-ci illər üçün X14”də göstərilən şərtə görə, tərəflər arasında qarşılıqlı surətdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma olmadığına görə, cavabdehin ona həmin təminatı verməməsi qanuni olmuşdur. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması faktı aşkar edilməmiş və iddiaçı tərəfindən bu faktlar sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə üzrə “iddiaçının xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etməsi, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etməsi” məsələsinə münasibətdə isə qeyd edir ki, iddia məhkəmə tərəfindən əsassız hesab olunduğundan, bu ərizənin tətbiqinə zərurət qalmır. Lakin iddia əsaslı hesab olunsaydı belə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunur ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, iddiaçı isə iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir (lakin dəftərxana tərəfindən xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır). Bu tarixlər aidiyyəti mediasiya təşkilatı tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində elektron iddia ərizəsinin imzalanması pəncərəsində öz əksini tapmışdır. Belə olan halda məhkəmə iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsini, xx.xx.2023-cü il tarixdə əmək hüquqlarının pozulmasına görə X11 Xidmətinə müraciəti, xx.xx.2023-cü il tarixdə Mediasiyanın tətbiqi barədə təklif etməsini, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı iddiaçının xx.xx.2023-cü il tarixdə təhvil almasını və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsini (iddia ərizəsini elektron imza ilə imzalamasını) nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə üzrə 1 aylıq iddia müddəti ötürülməmişdir. Müddətin ötürülməməsinin səbəbi isə Azərbaycan Respublikası qanunvericiliyinə uyun olaraq Mediasiya tətbiqi barədə təklifin edildiyi gün (xx.xx.2023-cü il) iddia müddətinin axımının dayanması və mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın iddiaçı tərəfindən alındığı vaxt (xx.xx.2023-cü il) iddia müddətinin axımının davam etməsidir. Məhkəmə öz mövqeyini qanunvericiliyin aşağıdakı normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması ... prinsiplərinə əsaslanır. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək (ə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 11-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; - bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; - beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; - on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; - bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; - beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; - on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; - işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun: 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 35.1 və 35.2-ci maddələrinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar