Məhkəmə qərarları › İş №e-2(006)-1195/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1195/2024

23.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1195/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X4 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək müqaviləsinə xitam verilməsi və mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X4 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmək müqaviləsinə xitam verilməsi və mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məşğulluq təsnifaı üzrə - redaktor köməkçisi, qəzet; əmək müqaviləsi üzrə Redaktor köməkçisi vəzifəsi işinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və elektron sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs X2 olmuş, hal-hazırda qeyd olunan iş yeri mövcud deyil, əmək münasibəti və öhdəlikləri yerinə yetirilmir, əmək müqaviləsi faktiki formal xarakter daşıyır. Belə ki, işəgötürən şəxs X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində “Kəskin respirator çatmamazlıq” səbəbindən vəfat etmişdir. İşəgötürən şəxs vəfat etdiyindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək mümkün deyildir. O üzdən əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Hazırki qüvvədə olan əmək müqaviləsinin moöcudluğu iddiaçının bir sıra əmək və sair hüquqlarını məhdudlaşdırır, başqa işə qəbul olmaq imkanından onu məhrum etmişdir. Hesab edir ki, məhkəmə qaydasında iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməlidir. İddiaçı bu məsələ ilə əlaqədar olaraq X1 rəsmi surətdə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. X4 tərəfindən iddiaçının adına xx.xx.2023-cü il tarixdə 3- 17-5/2-X saylı cavab məktubu göndərilərək bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildrişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxiledilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə poct vasitəsi ilə mediasiyanın tətbiqi barədə Təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə İMS keçirilmiş, sessiyada təklif göndərilən tərəfdən iştirak baş tutmadığından xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatı tərəfindən Arayış verilmişdir. İMS xərci olaraq tərəfindən Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1.1-ci bəndinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin maddənin 9.1-1-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Beləliklə, hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin xitamına işəgötürən tərəfindən icra edilməsi mümkün olmadığından həmin müqaviləyə məhkəmə qaydasında xitam verilməli və elektron informasiya sistemində əmək müqaviləsinə xitam verilməsi qeydlərin aparılması hüququ müstəqil tələb irəli sürməyən X4 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 həvalə edilməsi barəsində qətnamə qəbul edərək iddianın təmin edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixli Əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məşğulluq təsnifatı üzrə - redaktor köməkçisi, əmək müqaviləsi üzrə Redaktor köməkçisi vəzifəsi işinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və elektron sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs X2 olmuş, hal-hazırda qeyd olunan iş yeri mövcud deyil, əmək münasibəti və öhdəlikləri yerinə yetirilmir, əmək müqaviləsi faktiki formal xarakter daşıyır. Belə ki, işəgötürən şəxs X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İşəgötürən şəxs vəfat etdiyindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək mümkün deyildir. O üzdən əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Hazırki qüvvədə olan əmək müqaviləsinin mövcudluğu onun bir sıra əmək və sair hüquqlarını məhdudlaşdırır, başqa işə qəbul olmaq imkanından onu məhrum etmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Mülki iş üzrə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan X4 Xidməti Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı efektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir.

8. Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilən AZ-İİ seriyalı, 208512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə kəskin respirator çatmamazlıqdan vəfat etmişdir.

9. Mülki işin materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdə işəgötürən X2 tərəfindən redaktor köməkçisi, qəzet, əmək müqaviləsi üzrə redaktor köməkçisi vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir.

10. Mülki işin materiallarında olan MŞB/8/2023-02674 nömrəli, xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 14:00-14:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iddiaçı iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmiş, lakin cavabdeh iştirak etməmişdir (Mediator:M.Natəvan).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «redaktor köməkçisi, qəzet, əmək müqaviləsi üzrə redaktor köməkçisi» vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmış və əmək haqqı 260 manat məbləğində təşkil etmişdir. Cavabdehin qanuni təmsilçisi X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, bu səbəbdən iddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı cavabdehə müraciət edə bilməmişdir. Hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

13. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

15. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

17. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə, bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir.

18. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.

19. Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

20. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

22. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmalıdır.

23. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi vəfat etdiyindən, vəfatından sonra iddiaçı əmək haqqı almadığından iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməli və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi X4 Xidmətinə həvalə edilməlidir.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixili əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar