Məhkəmə qərarları › İş №e-2(006)-120/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-120/2025

12.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-120/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı "əmrin ləğv edilməsi, işə bərpa və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Anonim Şirkətinin AR Filiatlı tərəfindən İddiaçı AR Əmək Məcəlləsinin 70/ç maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair 28 fevral 2023-cü il tarixli 05 saylı əmrin ləğv edilməsinə və məcburi iş buraxma müddəti üçün əmək haqqı, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə ödəniləcək məzuniyyət haqqının, ezamiyyə xərclərinin və təyin edilmiş mükafat məbləğinin, 2023-cü ilin fevral ayı üçün ödənilməyən əmək haqqının ödənilməklə İddiaçı cavabdeh "xxxx" Anonim Şirkətinin AR Filialında anbardar vəzifəsinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək: - cavabdeh "xxxx" Anonim Şirkətinin AR Filialı tərəfindən iddiaçı X4 AR Əmək Məcəlləsinin 70/ç maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair 28 fevral 2023-cü il tarixli 03 saylı əmrin ləğv edilməsi və cavabdeh "xxxx" Anonim Şirkətinin AR Filialında anbardar vəzifəsinə bərpa edilməsi, -28 fevral 2023-cü il tarixindən işə bərpa edilən günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, -xx.xx.2022-xx.xx.2023-cü iş ilinə görə istifadə edilməyən 9 (doqquz) gün müddətinə əmək məzuniyyətinə görə ona 198,27 (bir yüz doxsan səkkiz manat 27 qəpik) manat kompensasiya ödənilməsi, -xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərində olan ezamiyyətə görə 1.854,77 (bir min səkkiz yüz əlli dörd manat 77 qəpik) manat ezamiyyə xərclərinin ödənilməsi, -2023-cü ilin fevral ayı üçün ödənilməmiş əmək haqqı olaraq 1.052,28 (bir min əlli iki manat 28 qəpik) manat və gecikdirilmiş həmin pul vəsaitinə günlük 1% hesablanmaqla İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə cavabdeh "xxxx" Anonim Şirkətinin AR Filialı arasında 21 sentyabr 2021-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanılmış, həmin tarixdə əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və əmək müqaviləsi hüquqi qüvvəyə minmişdir. İddiaçı cavabdeh müəssisədə anbardar vəzifəsinə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində cavabdeh müəssisə tərəfindən heç bir əsas göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70/ç maddəsi ilə 03 saylı əmrlə işdən azad edilmişdir. Bu barədə işçi xəbərdar edilmədiyi üçün iddiaçı 01 mart 2023-cü il və 02 mart 2023-cü il tarixlərində də əmək müqaviləsi üzrə funksiyalarına da davam etmişdir. 02 mart 2023-cü il tarixində cavabdeh müəssisənin işçisi Türkiyə Respublikasının vətəndaşı Fırat Aktaş ona bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə cavabdeh müəssisə arasında imzalanmış olan əmək müqaviləsinə 28 fevral 2023-cü il tarixində AR Əmək Məcəlləsinin 70/ç maddəsi ilə xitam verilməsinə dair 03 saylı əmrın surəti hal-hazırdakı dövrə qədər iddiaçıya təqdim olunmamışdır. 2023-ci ilin mart ayı tarixindən etibarən dəfələrcə şifahi və rəsmi qaydada poçt vasitəsi ilə müraciət edib iddiaçının işdən azad edilməsi barədə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, buna cavabdeh müəssisə tərəfindən məhəl qoyulmamışdır. Bundan sonra 02 mart 2023-cü il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ərizə ilə müraciət edərək bu qanunsuzluqların aradan qaldırılması, iddiaçıya işdən çıxarma barədə əmrin surətini, əmək kitabçasının və son haqq hesabın verilmədiyi bildirilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilən 07 aprel 2023-cü il tarixli cavab məktubunda edilən müraciətə Xidmətin Bakı şəhər idarəsində baxıldığını, cavabdeh müəssisənin faktiki və hüquqi ünvanına məktub göndərildiyini, lakin cavabdeh müəssisənin tələb olunan sənədləri təqdim etmədiyi, həmçinin qeyd edilən ünvandan köçdüyü müəyyən olunmuşdur. Bundan sonra yenidən tərəfindən 24 iyun 2023-cü il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət olunmuş, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 19 avqust 2023-cü il tarixində verilən cavabda müəssisənin qeyd edilən ünvandan köçdüyü bildirilmiş, həmçinin Xidmət tərəfindən aparılan araşdırmalar zamanı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə cavabdeh müəssisə arasında 01 aprel 2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin 28 fevral 2023-cü il tarixində X13 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyinin müəyyən edildiyi bildirilmişdir. İşdə olan materiallardan da göründüyü kimi iddiaçı tərəfindən şikayətin araşdırılması ilə bağlı dəfələrlə X9 müraciət edildiyi və gedildiyi halda, cavabdeh müəssisə tərəfindən bir dəfə də olsun X9 gəlinməmiş, sənədlərin verilməməsi və son haqq-hesabın ödənilməməsi ilə bağlı heç bir izahat verilməmişdir. Yəni hal-hazırdakı dövrə qədər iddiaçının işdən azad edilməsi ilə bağlı əmrinin surəti, əmək kitabçası və işçinin son haqqhesabı cavabdeh müəssisədə qalmaqdadır. Bu gün X12 belə cavabdeh müəssisədən əmıək kitabçasının, işdən azad edilmək bardə əmrin surətinin alınıb hüquqları pozulmuş işçiyə verilməsi ilə bağlı tədbir görə bilməməkdədir. X13 ərizə ilə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək "xxxx" Anonim Şirkətinin AR Filialının əvvəlki qanuni təmsilçisi X1 və şirkətin digər işçilərinin onlara olan etibarından sui-istifadə edərək Filiala məxsus daşınar əmlaklar və malları qanunsuz olaraq ələ keçirtdiyini bildirmişdir. Abşeron RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X8 tərəfindən X13 tərəfindən edilmiş müraciət əsasında toplanmış materiallara qiymət verilərək 18 mart 2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yəni cavabdeh müəssisə işdən azad edilmənin səbəbindən və şərtlərindən asılı olmayaraq bu sənədləri verməli, son haqq-hesabı işçini hesabına ödəməlidir. Bu günə qədər əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq son haqqhesab iddiaçıya ödənilməmişdir. Həmçinin işçinin işdən çıxarılan günə qədər istifadə etmədiyi 12 (on iki) gün əmək məzuniyyətinə görə ona 264,48 (iki yüz altmış dörd manat 48 qəpik) manat kompensasiya da ödənilməmişdir. Halbuki AR Əmək Məcəlləsinin 144-cü maddəsinin tələblərindən də göründüyü kimi əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin İddiaçı işdən azad edildiyi gün 2023-cü ilin fevral ayının son günü idi. İddiaçıya 2023-cü ilin fevral ayının əmək haqqısı 1.052,28 (bir min əlli iki manat 28 qəpik) manat da bu günə qədər ödənilməmişdir. Bundan başqa İddiaçı 02 fevral 2023 — 07 fevral 2023-cü il tarixləri arasında ümumilikdə 5 gün müddətində Türkiyə Respublikasında xidməti ezamiyyətdə olmuşdur. AR Nazirlər Kabinetinin “X7” 14 saylı qərarının tələblərinə əsasən də iddiaçıya xidməti ezamiyyətdə olduğu müddət ərzində və işdən azad olunduqdan sonra ezamiyyə xərcləri ödənilməmişdir. Bu da ümumlikdə 1.854,77 (bir min səkkiz yüz əlli dörd manat 77 qəpik) manat təşkil etməkdədir. Məlumat üçün qeyd edir ki, ezamiyyə xərcləri ilə bağlı ödəniləcək ezamiyyə xərcləri ilə bağlı işəgötürən tərəfindən tutulmalı olan sosial sığorta haqları tutularaq dövlət büdcəsinə də ödənilmişdir. İddiaçı işdən azad edilərkən AR Əmək Məcəlləsinin başqa tələbləri də kobud surətdə pozulmuşdur. Belə ki, işdən çıxarılma barədə əmrdə sadəcə AR Əmək Məcəlləsinin 70/ç maddəsinə istinad olunmuş, sadəcə maddənin mətni elektron informasiya sistemində müəyyən edilən əmrdə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70/ç maddəsinə əsasənişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddənin dispozisiyasından da göründüyü kimi işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi üçün işçi ya əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməməlidir və yaxud da Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallardan hər hansı biri baş verməlidir. Onlar üçün də çox maraqlıdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən 70/ç maddəsinə istinad olunması əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulmasını təsdiq edən hallar nədir? Belə ki, ƏM-nin 72-ci maddəsində qeyd edilən hallardan hansı İddiaçı tərəfindən törədilmişdir ki, iddiaçının həmin maddə ilə əmək fəaliyyətinə xitam verilmişdir? İddiaçı əmək müqaviləsinə xitam verilməmişdən 2 gün əvvəl – yəni 26 fevral 2023cü il tarixində cavabdeh "xxxx" Anonim Şirkətinin AR Filialı tərəfindən 204/M saylı əmrlə 2022-ci il tarixində əmək funksiyalarını yüksək şəkildə yerinə yetirdiyinə görə 600 (altı yüz) manat məbləğində mükafatlandırılmışdır. Qeyd edilən mükafat da bu günə qədər işçinin əmək haqqı hesabına köçürülməmişdir. Necə olur ki, 26 fevral 2023-cü il tarixində əmək funksiyalarını yüsksək şəkildə yerinə yetirdiyinə görə mükafatlandırılan işçi 2 təqvim günü sonra AR Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilir? Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi: Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir və yalnız iddiaçının formal fərziyyələri ilə əsaslandırılmışdır. Bundan əlavə, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən də müəyyən olunur ki, elektron sistemə daxil edilmiş əmr və əmək nüqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi çap edilərək iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Bundan əlavə, filial tərəfindən 28 fevral 2023-cü il tarixli 03 saylı əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. AR Əmək Məcəlləsinin 294-cü maddəsinə görə:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edir ki, iddia müddətinin keçməsi barədə tərəfimdən verilən ərizə məhkəmə üçün ilkin iddiadan imtina edilməsinə dair qətnamə çıxarılmasına qeyd- şərtsiz əsas yaradır. Odur ki, iddiaçi İddiaçı tərəfindən iddia tələbi qanunla müəyyən edilmiş iddia müddəti keçməklə verildiyi üçün həmin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir və məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi və X10 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmələsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 17 saylı əmək müqaviləsinə əsasən, İddiaçı anbardar vəzifəsinə işə götürülmüşdür, əmək müqaviləsi müddətsiz bağlanmışdır. "xxxx" Anonim Şirkətinin Azərbaycandakı Filialının 159/K saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı tarif maaşı 669.72 manat müəyyən edilməsi əmr edilmişdir. "xxxx" Anonim Şirkətinin Azərbaycandakı Filialının xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2021-ci ildən, xx.xx.2022-ci il hesabına 21 təqvim günü müddətinə xx.xx.2022-ci tarixdən, xx.xx.2022-ci il tarixədək əmək məzuniyyətinə buraxılması, işçinin xx.xx.2021-ci il tarixdən işə başlamalıdır. "xxxx" Anonim Şirkətinin xx.xx.2023-cü il tarixli 204/M saylı əmrinə əsasən İddiaçı da daxil olmaqla filialda çalışan əməkdaşların 2022-ci təqvim ilində əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiyi üçün mükafatlandırılması əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Yedgarlı oğlu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. "xxxx" Anonim Şirkətinin 03 saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filial bölməsində «Anbardar» vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx001100 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası ƏM-nin 70 nömrəli maddəsinin «ç» işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda bəndinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17-5/1-Y- 6212/2023 saylı xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanmış məktubuna əsasən müraciətlə əlaqədar ətraflı izahat verməyi və müvafiq sənədləri araşdırmaya təqdim etməyi məqsədilə ünvanına 3-17-5/2-Y-7686/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, lakin müvafiq sənədləri araşdırmaya təqdim etməmişdir. Eyni zamanda "xxxx" Şirketinin AZ1102, ünvan 2 ünvannına 3-17-5/2-7687/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq ona aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin poçt qəbzlərində “köçüb" qeydləri ilə məktublar geri qaytarıldığından müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17-5/1-Y- 18154 nömrəli xx.xx.2023-cü il tarixli İddiaçı ünvanladığı məktubuna əsasən müraciəti ilə əlaqədar ətraflı məlumat verməyi, pozuntuların dəqiqləşdirilməsi və izahatın alınması məqsədi ilə, DOST Mərkəzinə dəvət olunmağı barədə ünvanına (AZ1055, ünvan 3 3-17- 5/2-Y-24052/2/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, onunla telefon (**********) əlaqəsi saxlanılmış, lakin o, gəlməmiş və əmək haqqı bank hesabından çıxarışınızı təqdim etməmişdir. Bildirir ki, əmək hüquqlarınının pozulması ilə əlaqədar “Azinfo Diş Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialın hüquqi ünvanına (AZ1102, ünvan 4ına (AZ1009, ünvan 5zil 8, (Nizami Mail) və elektron poçt ünvanlarına (Elektron ünvan 1; Elektron ünvan 2) tərəflərindən 3-17- 5/2-24045/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktublar göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidməti tərəfindən F-20 formalı qəbzdə “köçüb” qeydi ilə məktublar geri qaytarılmışdır. Eyni zamanda onunla telefon əlaqasi saxlanılan zaman qeyd etdiyi Heydər adlı şəxslə telefon (**********) əlaqəsi saxlanılmış, lakin müraciəti ilə əlaqədar ətraflı məlumat əldə etmək etmək mümkün olmamışdır. Araşdırma zamanı tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsaslanaraq, qüvvədən salındığı müəyyən edilmişdir. Nəzərə çatdırırlar ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1376/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə məhkəməyə AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2025-ci il tarixli, 3-16-16/2-9/1972/2025 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-120/2025 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəməyə 07 avqust 2025-ci il tarixdə "xxxx" MMC-nin UNİ/A-17-449/2025 nömrəli rəyi, xx.xx.2025-ci il tarixdə isə Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu daxil olmuşdur. "xxxx" Anonim Şirkətinin Azərbaycandakı Filialının xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X1 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə verilmiş əmrlər etibarsız və qanunsuz hesab edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının keçmiş direktoru X1 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənəd verməsi barədə hüquq-mühafizə orqanlanna müraciət edilməsi qərara alınmışdır. Abşeron RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətinə əsasən X1 barəsində başlanmış qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, "xxxx" Anonim Şirkəti əmrin və qərarın ləğvi mübahisəsi ilə bağlı xx.xx.2023-cü ildə, saat 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı isə ilkin mediasiya sessiyasında iştirak etmişdir. "xxxx" Anonim Şirkətinin Azərbaycandakı Filialının xx.xx.2025-ci il tarixli arayışına əsasən 2022-ci il yanvar ayından xx.xx.2023-cü il tarixədək olan müddət ərzində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “Anbardar” vəzifəsində işləmiş İddiaçı Yedgar oğluna əmək haqqı və məzuniyyət haqq olmaqla, cəmi 7943,49 manat məbləğində əmək haqqı və.s hesablanaraq tam ödənilmişdir, lakin banka verilmiş sorğu nəticəsində alınmış hesab çıxarış cədvəlindən görünür ki, İddiaçı Yedgar oğluna 2022-ci il yanvar ayından xx.xx.2023 tarixinədək əmək haqqı, məzuniyyət və sair ödənişlər adı altında əsassız olaraq 20450,00 manat verilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir 110-cu maddəsinin 1-ci bəndinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 131-ci maddəsinin 3-cü bəndinə əsasən işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. 135-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.

Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh "xxxx" Anonim Şirkətinin AR Filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu anbardar vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsi ilə xitam verilmişdir. Hazırda İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsini, habelə xx.xx.2022-xx.xx.2023-cü iş ilinə görə istifadə edilməyən 9 (doqquz) gün müddətinə əmək məzuniyyətinə görə ona 198,27 (bir yüz doxsan səkkiz manat 27 qəpik) manat kompensasiya ödənilməsi, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərində olan ezamiyyətə görə 1.854,77 (bir min səkkiz yüz əlli dörd manat 77 qəpik) manat ezamiyyə xərclərinin ödənilməsi, 2023-cü ilin fevral ayı üçün ödənilməmiş əmək haqqı olaraq 1.052,28 (bir min əlli iki manat 28 qəpik) manat və gecikdirilmiş həmin pul vəsaitinə günlük 1% hesablanmaqla ona ödənilməsi xahiş edir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək İddiaçı iddiasını iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddianın “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına əsasən, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində işdən azad edilməsi barədə sənədlərin ona verilmədiyi mövqeyindən çıxış edərək məhz bu səbəbdən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə - işdən azad olunduğu tarixdən 1 ilə yaxın müddət keçdikdən sonra müraciət etdiyini bildirmişdir. Halbuki iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə məlumatının olduğunu bildirmişdir. Müddət etibarı ilə iddiaçı xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmişdir. İddiaçı, əmək müqaviləsinə xitam verilməsini həmin vaxt bilsə də, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində bu məsələni məhkəmə qaydasında mübahisələndirməmiş, yalnız X9 müraciətlər etməklə kifayətlənmişdir. Səbəb kimi əmək kitabçası, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və digər zəruri sənədlərin ona təqdim olunmamasını göstərir, hərçənd hazırkı iddianı qaldırarkən də həmin məsələ ilə bağlı hər hansı dəyişiklik baş verməmiş, yəni, müvafiq sənədlər onda olmamış, məhkəmə icraatı çərçivəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdən tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar (işə bərpa) üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. Müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair hər hansı halın baş verdiyi müəyyən edilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə “əmrin ləğv edilməsi və işə bərpa” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia üzrə irəli sürülmüş “məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələb olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onun da rədd edilməsini şərtləndirir. “xx.xx.2022-xx.xx.2023-cü iş ilinə görə istifadə edilməyən 9 (doqquz) gün müddətinə əmək məzuniyyətinə görə ona 198,27 (bir yüz doxsan səkkiz manat 27 qəpik) manat kompensasiya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan "xxxx" Anonim Şirkətinin Azərbaycandakı Filialının xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı iş ili xx.xx.2021-ci il tarixdən hesablanmaqla, ilk iş ili üçün 21 gün (xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək) əmək məzuniyyətindən istifadə etmişdir. Hazırda iddiaçı ikinci iş ilində əmək müqaviləsinə xitam verilənədək işlədiyi 5 aylıq müddət üçün ona hesablanmalı olan 9 günün məzuniyyət haqqını tələb edir. Əmək qanunvericiliyin tələblərinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə hüququnun pozulduğunu bildiyi halda, məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünə görə, iddia müddəti tətbiq edilməklə iddia həmin dövr üzrə məzuniyyət haqqının ödənilməsi hissəsində rədd edilməlidir. İddiaçının məhkəməyə müraciət etdiyi dövrdən əvvəlki müddət - xx.xx.2023-xx.xx.2023-cü il tarixi üzrə isə iddiaçı tərəfindən istifadə edilməmiş məzuniyyət gününün olduğu müəyyən edilir. Cavabdeh tərəfindən işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, həmin dövr üzrə iddiaçı tərəfindən istifadə edilməmiş məzuniyyət günləri üçün pul əvəzinin (son haqq-hesab) işəgötürən tərəfindən hesablanmaqla iddiaçıya ödənilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. İddianın “xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Türkiyə Respublikasının İstanbul şəhərində olan ezamiyyətə görə 1.854,77 (bir min səkkiz yüz əlli dörd manat 77 qəpik) manat ezamiyyə xərclərinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia ərizəsi, müddət ötürülməməklə verilmişdir. Belə olan halda cavabdehin ərizəsi əsasında iddia müddətinin iddia tələbinin həmin hissəsinə münasibətdə tətbiqi istisna olunur. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı həmin tarixlərdə ezamiyyətdə olduğunu bildirsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmamışdır. İşdə olan mail yazışmasında (səh.36-38) iddiaçı da daxil olmaqla digər işçilərin səyahətə göndərilməsi göstərilsə də, yazışmanın başlığında, həmçinin məzmununda səfərin məqsədinin işçilərin motivasiya edilməsi aydın sezilir. Halbuki işçinin müəssisə rəhbərinin sərəncamı (əmri) ilə daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli “X5”nın 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Qaydaların 7–ci bəndinə əsasən xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür, səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu «Ezamiyyə vəsiqəsi» verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. İddia tələbinin “2023-cü ilin fevral ayı üçün ödənilməmiş əmək haqqı olaraq 1.052,28 (bir min əlli iki manat 28 qəpik) manatın ödənilməsi” hissəsinə münasibətdə qeyd olunur ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan aydın olur ki, iddiaçıya fevral ayı üçün 2 dəfə - 15 və 16 fevral 2023-cü il tarixdə müvafiq olaraq 200 və 700 manat əmək haqqı ödənişi həyata keçirilmişdir. Lakin həmin tarixdən, yəni, xx.xx.2023-cü ildən iddiaçının işdən çıxan tarixədək, yəni, xx.xx.2023-cü ilədək əmək haqqının ödənilmədiyi müəyyən edilir. Cavabdeh tərəfindən işçiyə həmin müddət ərzində gördüyü işə görə əmək haqqının ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ona görə də həmin hissədə iddia qismən təmin edilməli, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək iddiaçıya ödənilməmiş əmək haqqı işəgötürən tərəfindən hesablanmaqla iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən əmək haqqı və son haqq-hesab məbləğinin hesablanması ilə bağlı mühasibatlıq ekspertizası təyin olunsa da və ekspert rəyinin verilməsi üçün bir neçə dəfə Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunsa da, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Belə olan halda ödənilməli olan əmək haqqının dəqiq məbləğini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə əmək haqqı və son haqq hesabın məbləğinin işəgötürən tərəfindən qanunvericiliyin tələbinə uyğun hesablanıb ödənilməsi qənaətinə gəlir. İddianın “gecikdirilmiş həmin pul vəsaitinə günlük 1% hesablanmaqla pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd olunur ki, məhkəmə iddiaçının həmin tələb ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə almalı və bu hissədə cavabdeh tərəfindən tətbiq olunması xahiş edilmiş 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçıya işdən çıxdığı ay üçün əmək haqqı son iş günü – xx.xx.2023-cü il tarixdə ödənilməli olduğu halda ödənilməmiş, iddiaçı isə məhkəməyə 1 faiz ödəncin tutulmasını nəzərdə tutan xx.xx.2025-ci il tarixdə “iddia tələbinin həcminin artırılması”na dair ərizə ilə müraciət etmişdir. Ona görə də 1 illik iddia müddəti tətbiq edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək iddiaçıya ödənilməmiş əmək haqqı, habelə xx.xx.2023-xx.xx.2023-cü il dövrü üzrə istifadə edilməmiş əmək məzuniyyətinin kompensasiyası işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən İddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi (iddia qismən təmin edildiyindən) cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək iddiaçıya ödənilməmiş əmək haqqı və xx.xx.2023-xx.xx.2023cü il dövrü üzrə istifadə edilməmiş əmək məzuniyyətinin kompensasiyası işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar