Məhkəmə qərarları › İş №e-2(006)-1201/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1201/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1201/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli əmanət müqaviləsinin şərtlərinə uyğun olaraq əmanətinin və ona hesablanmış fazilərin ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə ABB ASC-nin Nərimanov filialı ilə müddətli əmanət hesabı haqqında müqavilə bağlayaraq 12 ay müddətinə illik 9.8% hesablanmaq şərti ilə 30 000 ABŞ dolları məbləğində pul vəsaitini əmanət olaraq yerləşdirmişdir. Yerləşdirdiyi əmanətə dair faizləri əmanəti yerləşdirdiyi gündən 2016-cı ilədək alsa da 2016-cı ildən bu günədək götürməmişdir. Hər il bankla əlaqə saxladıqda isə filial müdiri müqavilənin qüvvədə olduğunu və hər il eyni müddətə eyni faiz dərəcəsi ilə uzadıldığını bildirdiyi üçün və Azərbaycan Beynəlxalq Bankı ölkədə kifayət qədər nüfüzlu bank olmasına əmin olduğuna görə aldadıldığından məlumatlı olmamışdır. Belə ki, xx.xx.2024-cü ildə banka əmanətini və ona hesablanmış faizləri götürmək istədikdə əmanətinə hesablanmış faizlərin kəskin surətdə azaldığı ona məlum olmuşdur. Əmanət müqaviləsinin 1.6-cı maddəsinə əsasən müqavilənin müddətinin uzadılmasına razı olmadıqda, bank faiz hesablamır və əmanətə qoyulan pul məbləğinin geri qaytarılması barədə əmanətçiyə bildiriş göndərir. Bank bu bildirişi kütləvi informasiya vasitələrində dərc etdirə bilər. Göründüyü kimi onun müqaviləsi ləğvinə dair hər hansı bir bildiriş təqdim edilməmiş əksinə əmanətinə bu günədək faiz hesablanmışdır. Lakin, hesablanmış faizlər 2016-cı ildən etibarən onun məlumatı olmadan kəskin azaldılmışdır. Bank rəhbərliyinə müraciət etdiyində isə o həmin məlumatların guya saytda yerləşdirildiyini bildirmişdir. Əmanət müqaviləsinin 1.6-cı bəndində əmanətçiyə bildiriş göndərməli olduğu göstərilmişdir, yəni bu vəzifədir. Bankın bu bildirişi kütləvi informasiya vasitələrində dərc etdirə bilməsi isə onun hüquqdur. Göründüyü kimi bank vəzifəsini yerinə yetirməmiş lakin, öz hüququndan sui-istifadə etməyə çalışmaqla əmanətinə hesablanmış faizləri ödəməkdən yayınmaqdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, əmanət müqaviləsində də qanunvericilikdə də əmanətçilərə məlumat verilməsi imperativ norma olaraq göstərilmişdir. Lakin, bank heç bir məlumat vermədən yalnız öz saytlarında elan verdiklərini deməklə iddiaçının əmanətimə hesablanan faizlərin ödənilməsindən boyun qaçırır. Halbuki, cavabdeh banka qoyulan 30000 ABŞ dolları məbləğində əmanətdən 2016-cı il tarixdən hal-hazıra kimi bank gəlir götürmüş, misal üçün biznesə görə 27 faiz, avtomobilə görə 36 faizlə kreditlər verməklə yüksək gəlirlər əldə etmişdir. Banklar devalavasiyadan əvvəl götürülən kreditlərin hamısını devalavasiyadan sonra 78 manatdan yox, 170 manatdan, hətta faizləri həmin məbləğlə hesablamaqla vətəndaşların deyil, yalnız öz mənafelərini fikirləşmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, müddətli əmanət müqavilələrində müddətlər vətəndaşın seçimindən asılıdır. Bu müddət 12 ay, 18 ay və s. müddətlər ola bilər. Hal-hazırki iddia tələbində iddiaçı bankla 12 ay müddətinə əmanət müqaviləsi bağlamışdır. Müqavilə xx.xx.2013-cü il tarixində bağlanıb və 12 ay müddətinə bağlandığına görə hər il may ayının 6-da müqavilənin müddəti bitir. Bu müqavilənin müddətinin bitməsinə bir həftə qalmış əmanətçi depozitin qaytarılmasını bankdan tələb etməzsə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır bu şərtlə ki, bank müqavilənin müddətinin uzadılmasına razı olsun. İddiaçı depozitin qaytarılması ilə bağlı müraciət etmədiyinə görə müqavilə avtomatik olaraq 1 il uzadılmışdır. Tərəf müqavilənin 1.6-cı bəndinə istinad edərək bildirir ki, bununla bağlı əmanətçiyə bildiriş göndərilməli idi. Halbuki, həmin bənddə göstərilir ki, tərəflərdən hər hansı biri əmanətin ləğv olunması ilə bağlı müqavilənin uzadılmasına razı olmadıqda bildirişin göndərilməsini nəzərdə tutur. Müqavilənin 3.6-ci bəndində nəzərdə tutulur ki, müqavilənin 1.5-ci bəndinə uyğun olaraq müqavilə uzadılıbsa uzadılan vaxtda bankda cari faizlər hansı qaydada dəyişdirilmişdirsə, hansı faizlər tətbiq olunmuşdursa o faiz tətbiq olunur. Həmin vaxtdaki faizlər barədə məlumatlar Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəsmi internet saytına yerləşdirilmişdir. Faizlər barədə məlumatlar kütləvi informasiya vasitələrində yerləşdirilmişdir. Hər bir şəxs "xxxx" ASC-nin rəsmi internet saytına daxil olaraq bu məlumatları öyrənə bilər. Faizlər hər ilin may ayının 6-da dəyişmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, eləcədə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" X3 Nərimanov filialı ilə əmanətçi İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müddətli əmanət (depozit) hesabı haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilə əmanətçinin 30 000 ABŞ dolları məbləğində pulunun banka müddətli depozitə qoyması, bankın isə həmin pulu əmanətçidən qəbul edərək müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanmasını, ödənilməsini və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin etməsi haqqında bağlanmışdır. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən müqavilənin müddəti xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək qüvvədədir. Həmin Müqavilənin 1.6-cı müqavilənin müddətinin bitməsinə bir həftə qalmış əmanətçi depozitin qaytarılmasını bankdan tələb etməzsə müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır bu şərtlə ki, bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Müqavilənin müddətinin uzadılması yeni müqavilənin bağlanması kimi qəbul edilir. Həmin Müqavilənin 1.7-ci bənidnə əsasən müqavilənin müddətinin uzadılmasına razı olmadıqda bank faizləri hesablamır və əmanətə qoyulan pul məbləğinin geri qaytarılması barədə əmanətçiyə bildiriş göndərir. Bank bu bildirişi kütləvi informasiya vasitələrində dərc etdirə bilər. Həmin Müqavilənin 3.1-ci bəndində depozitin müddətinin 12 ay, illik 9.8 faiz dərəcəsi olması qeyd edilmişdir. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcəsi yalnız müqavilənin 1.6-cı bənidnə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanı dərc etməklə əmanətçiləri xəbərdar edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, onunla bank arasında imzalanmış əmanət müqavilələri üzrə ilkin müddət 12 ay olaraq müəyyən edilmişdir. Əmanət müqavilələrinin müvafiq olaraq 1.5-ci, 1.6-cı və 1.7-ci bəndlərinə əsasən əmanətin müddətinin bitməsinə 1 həftə qalmış tərəflər ona xitam verilməsi barədə tələb irəli sürmədiyi halda əmanət əvvəl bağlanmış müddətə (12 ya müddətinə) uzadılmış hesab olunur. Müqavilənin müvafiq bəndlərinin tələblərində də göründüyü kimi əmanət müqavilələrinin müddətlərinin avtomatik qaydada uzadılması ilə bağlı Bank tərəfindən əmanətçiyə hər hansı bildirişin təqdim edilməsi nəzərdə tutulmur. Əmanət üzrə faiz dərəcələrinin azalması əsası kimi əmanət müqaviləsinin 3.6-cı bəndi çıxış edir. Belə ki, əmanət müqavilələrinin 3.6-cı bəndinə, əsasən Bankın fəaliyyəti ilə əlaqədar əmanət məhsulları üzrə faiz dərəcələri dəyişdirildikdə, Bank yeni faiz dərəcələrini müvafiq əmanət müqavilələrinin 1.5-ci və 1.6-cı bəndlərinə uyğun əmanətlərin yeni (növbəti) müddətə uzadılması halında (tarixində) tətbiq etmiş, müqavilə tələbləri isə pozulmamışdır. Əmanət müqaviləsinin 3.6-cı bəndinə, əsasən, əmanət məhsulları üzrə yeni faiz cələrinin tətbiq edilməsini Bank yalnız kütləvi informasiya vasitələrində elan dərc etməklə müştəriləri məlumatlandırır. Bankın bununla bağlı müştərilərə əlavə bildiriş göndərmə öhdəliyi mövcud deyildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı məxsus ABB ASC-də xx.xx.2013 tarixində yerləşdirilən 20612F********** referens nömrəli 30,000.00 USD əmanət üzrə hal-hazırda illik 3% dərəcəsi tətbiq olunur. İş materiallarında olan "xxxx" ASC-nin İdarə Heyətinin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, 2017-ci ilin yanvar 6-dan etibarən "xxxx" ASC-də fiziki şəxslər tərəfindən ABŞ dollarında yerləşdirilən depozitlər üzrə depozitin müddəti 12 ay, faizlər hər ay ödənildikdə illik 3 faiz, faizlər hər il ödənildikdə illik 3.25 faiz müəyyən edilmişdir. İş materiallarında olan apa.az saytında xx.xx.2017-ci il tarixdə dərc edilmiş “ABB manat depozitinin faizlərini artırıb” başlığı altında məlumatda Azərbaycan Beynəlxalq Bankının bu ilin əvvələrindən ABŞ dolları ilə depozitlər üzrə faiz dərəcəsinin 3.25 faiz-ə qədər artırılması qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, analoji məlumatlar fed.az, banker.az, vergiler.az saytlarında da yayımlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Həmin Məcəllənin 947.3-cü maddəsinə əsasən, tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə tutulmasın. Həmin Məcəllənin 948.1-ci maddəsinə əsasən bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Həmin Məcəllənin 948.2-ci maddəsinə əsasən əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. İddiaçı tələbini əsaslandırarkən hesablanmış faizlərin 2016-cı ildən etibarən onun məlumatı olmadan kəskin azaldılmasını əsas gətirməklə, faizlərin müqavilədə nəzərdə tutulmuş dərəcədə hesablanmalı olmasını, faiz dərəcəsinin dəyişdirilməsi barədə ona bank tərəfindən bildiriş göndərilməli olmasını qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müddətli əmanət (depozit) hesabı haqqında müqavilə 12 ay müddətinə bağlanılsa da, tərəflər bu müddət ərzində müqavilədə şərtləndirilmiş qaydada (xx.xx.2013-cü il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilənin 3.6-cı bəndi) müqavilənin pozulmasına dair iradə ifadəsi bildirməməklə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmışdır. Eyni zamanda müəyyən edilir ki, müqavilədə şərtləndirildiyi qaydada bankın əmanətlər üzrə faizlərin dəyişdirilməsi barədə məlumat müxtəlif saytlarda, eləcə də bankın rəsmi səhifəsində dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar hesab olunur. Həmin Qanununun 1.1.2-ci maddəsinə əsasən media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti hesab olunur. Həmin Qanununun 1.1.3-cü maddəsinə əsasən media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh olan bank tərəflər arasında bağlanmış müqavilə şərtlərini pozmamış, müqavilə üzrə öhdəliklərini lazımınca icra etmişdir. İddiaçının gətirdiyi dəlillərin əsaslılığı isə sübuta yetirilməməklə, onun təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Prosessual qanunvericiliyin tələblərinə görə də yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar