Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1210/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilmədiyinə və 03.09.2021-ci il tarixdən başlayaraq əmək kitabçasının təhvil verildiyi günədək orta əmək haqqının hesablanaraq, həmin pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması; 2021-ci ilin sentyabr-oktyabr ayları üzrə işçiyə ödənilməmiş əmək haqqının və onun (əmək haqqının) gecikdirilməsinə görə 03.09.2021-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün hesablanaraq bir faiz məbləğində ödəncin Cavabdeh MMC-dən onun xeyrinə tutulması, mediasiyaya dair ödənilmiş 50 manat; 22.06.2021-ci il tarixdən 03.09.2021-ci il tarixədək olan müddət ərzində əlavə iş saatlarına görə pul məbləğinə ödəniş gününə qədər gecikdirilmiş hər gün üçün bir faiz hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi; Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsinə dair 26 oktyabr 2021-ci il tarixli 250k saylı əmrin ləğv edilməsi, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyinin, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC ilə 22.06.2021ci il tarixdən əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Əmək müqaviləsi üzrə əmək haqqı 400 manat, qara mühasibatlıqdan isə hər ay əlavə 200 manat (əl maaşı deyilən) alırdı, beləliklə əmək haqqının rəsmi hissəsi 400, qeyri-rəsmi isə 200 manat təşkil edirdi. Əmək fəaliyyətini həyata keçirən dövr ərzində barəsində hər-hansı tənbeh növü tətbiq edilməmişdir, işində daim diqqətli və səriştəli olmuşdur. 02 sentyabr 2021-ci il tarixdə birbaşa rəhbəri Şahin Qəniyev tərəfindən təzyiqə və hədə-qorxuya məruz qalaraq məcburi işdən çıxması ilə bağlı ərizə yazaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Şahin Qəniyev yazmayacağı halda üzərinə borc yazacağı ilə hədələmişdir. Şahin Qəniyevin əsası isə sadəcə ondan xoşu gəlmədiyi idi. Bir tərəfdən Şahin Qəniyev ərizəni yazmasını tələb edirdi, digər tətəfdən isə müəsissə əmək müqaviləsinə xitam vermirdi. Uzun sürən yazışmalardan sonra şirkət tərəfindən əmək müqaviləsinə 26.10.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Cavabdeh şirkət mübahisəni araşdırmadan əmək müqaviləsinə 26.10.2021-ci tarixdə xitam vermişdir. Hərçənd o, şirkətə dəfələrlə bu barədə şikayət yazıb, əmək kitabçasının verilməsini xahiş etmişdir. Hadisə aşağıdaki kimi baş vermişdir: 02.09.2021-ci il tarixdə birbaşa rəhbəri olan Qəniyev Şahin ona hədə-qorxu gələrək onun üzərinə əskik pul yazmaqla hədələmiş və ondan öz xahişi ilə işdən çıxmasını tələb etmişdir. Bu səsəbdən o, 02.09.2021-ci il tarixdə məcbur qalaraq öz xahişi ilə işdən çıxmağa dair ərizə ilə şirkətə müraciət etmiş və 03.09.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 02.09.2021-ci il tarixdə saat 08:17-də Məmməd Dəmirov ("xxxx" MMC-nin işlədiyi mağazanın müdiri) tərəfindən bu barədə onun ərizəsi əlavə olunmaqla müvafiq məktub rəhbərliyə göndərilmişdir və bildirilmişdir ki, qeyd edilən məsələ Şahin Qəniyevlə razılaşdırılmışdır (təşəbbüs yuxarıda qeyd etdiyi kimi Şahin Qəniyevin idi) o, 03.09.2021-ci il tarixdən artıq işə gəlməyəcək. Bütün qeyd edilənlərə baxmayaraq cavabdeh heç bir əsas olmadan əmək müqaviləsinə xitam verməmiş kitabçanı təqdim etməmişdir ki, o, başqa yerdə əmək münasibətlərinə daxil olsun. Dəfələrlə telefon zəngləri və get-gəlişlər fayda verməmişdir. Bundan əlavə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin digər tələbləri də pozulmuşdur. Belə ki, işlədiyi müddət ərzində iş saatlarından əlavə işləməli olmuş, lakin onlara dair hər hansı ödənişlər edilməmişdir. Eyniliklə, son haqq-hesab olunmamış, əmək haqqı və digər ödənişlərin ödənilməsi təmin edilməmiş, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti verilməmişdir. Qeyd etdiyi kimi, o, ərizə yazmağa məcbur ediləndən sonra, yəni 03.09.2021-ci il tarixdən 26.10.2021-ci il tarixədək bir ay yarım müddətdə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməmiş və işəgötürən tərəfindən qanunsuz olaraq əmək kitabçası saxlanmışdır və həmin müddət üçün əmək haqqı ödənilməmişdir. İşdən çıxma əmrinin surəti verilməmişdir. Bütün qeyd edilənlər əsas verir ki, məhkəmə hazırki iddianı təmin etsin. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində iddiaçı əmək kitabçasının cavabdehdə qaldığı üçün 03.09.2021-ci il tarixdən əmək kitabçası ona təhvil verilən tarixədək işə düzələ bilmədiyini iddia edərək, həmin dövr üçün əmək haqqı hesablanıb ödənilməsini tələb edir. Halbuki, iddiaçı 26.10.2021-ci il tarixdə 250/K saylı əmrlə işdən çıxarılmışdır. Hətta 250/K saylı əmrin surəti əlavə edilməklə 26.10.2021-ci il tarixdə iddiaçıya əmək kitabçasını ofisə yaxınlaşaraq götürməsi barədə cavabdeh tərəfindən bildiriş də göndərilmişdir. Əmək kitabçası iddiaçıya 03.09.2021-ci il tarixdə təhvil verilə bilməzdi və onun əmək kitabçasını özü üzürlü səbəb olmadan işə gəlmədiyi üçün nümayəndəsi İ.R.Mehdiyev 03.11.2021-ci il tarixdə təhvil almışdır. Bundan əlavə, iddiaçı ona iş təklifi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddiaçının bu tələbi əsassızdır. İddia ərizəsində iddiaçı iddia edir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə onun müraciəti əsasında xitam verilmədiyi üçün cavabdehin 26.10.2021-ci il tarixli 250/K saylı əmri ləğv edilməli və əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən ləğv edilməlidir. Halbuki, iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehə yazılı ərizəsini 02.09.2021-ci il tarixdə təqdim etməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim olunan e-poçt vasitəsi ilə səlahiyyəti olmayan şəxslər arasında yazışma, anonim yazışma, verifikasiyası mümkün olmayan yazışma sübut hesab oluna bilməz. İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinin tələbinə əməl etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən ləğv edilməsi barədə iddiaçının tələbi əsassızdır. Cavabdeh heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 26.10.2021-ci il tarixli 250/K saylı əmrinə əsasən qanuni və əsaslı ləğv edilmişdir. Cavabdehin 250/K saylı əmrində istinad olunan əsaslar (aktlar) etiraza əlavə edilmişdir. İddiaçı iddia ərizəsində işə gəlməməsini etiraf edir və bunu onunla əsaslandırmağa çalışır ki, müqavilənin ləğv edilməsi barədə 02.09.2021-ci il tarixdə üçüncü şəxs Məmməd Dəmirovun e-poçtu vasitəsi ilə səlahiyyəti olmayan şəxslərə məktub göndərmişdir. Bir daha vurğulayırlar ki, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinin tələbinə əməl etməmişdir. Hətta əməl etmiş olsa idi belə, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələbinə görə lazımi qaydada ərizəni verdiyi halda belə iddiaçı bir təqvim ayı işə gəlməli idi və əmək funksiyalarını icra etməli idi. İddia ərizəsində iddiaçının öz etirafı və əlavə olunan aktlardan da göründüyü kimi iddiaçı 03.09.2021-ci il tarixdə əmək müqaviləsini cavabdehin ləğv etməli olmasına əminliyindən irəli gələrək, 26.08.2021-ci il tarixdən etibarən heç bir üzürlü səbəb olmadan iddiaçı işdən çıxarıldığı tarixədək işə gəlməmişdir. Cavabdeh isə 04.10.2021-ci il tarixdə və 14.10.2021-ci il tarixdə iddiaçıya xəbərdarlıq göndərmiş və işə gəlməməsinin səbəbləri barədə cavabdehə məlumat verməyi iddiaçıdan tələb etmişdir. Əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdə iddiaçının bank hesabına uzun müddət hər ay ödənilmişdir. İddiaçı işlədiyi müddətdə qeyri-rəsmi əmək haqqı barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. İddia ərizəsində «qara mühasibatlıq», qeyri-rəsmi əmək haqqı barədə iddiaçının iddiası əsassızdır. İddia ərizəsində Cavabdeh MMC-nin həmin dövrdə direktoru olmuş Şahin Qəniyev barədə də ittihamlar əsassızdır. Əksinə, iddiaçı iddia etdiyi kimi məcburi olaraq könüllü işdənçıxma ərizəsi əsasında deyil, məhz üzürsüz iş buraxma səbəbindən işdən azad edilmişdir. İddia ərizəsində iddiaçı iş saatlarından əlavə işlədiyini və buna görə cavabdehin ona ödəniş etmədiyini iddia edir. Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə cavabdehin əmri (sərəncamı, qərarı) olmamışdır. Ona görə də, iddiaçı iş saatlarından əlavə işlədiyini iddia edə və buna görə cavabdehin ona ödəniş etməsini tələb edə bilməz. İddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə cavabdehin əmri (sərəncamı, qərarı) olmadan iddiaçının iş yerində öz istəyi ilə olması və boş vaxtını keçirməsi onun əmək funksiyasını icra etməsini sübut etmir. Bundan başqa, istinad olunan maddədə iş vaxtından artıq işə cəlb etmək üçün işçinin razılığı tələb olunur. İddiaçı isə nə onun iş vaxtından artıq işə cəlb olunması barədə əmri, nə də iş vaxtından artıq işə öz razılığını iddia ərizəsinə əlavə etməmişdir. Ona görə də, iddiaçının bu tələbi əsassızdır. Məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh MMCnin (X4 Market) işçisi İddiaçı 26 avqust 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək işəgötürənə heç bir məlumat vermədən işə gəlməyərək, icazəsiz iş günləri buraxmışdır. Bu səbəbdən, işəgötürənin özünün 26.10.2021-ci il tarixdə 250/K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermişdir. Bunadək isə, işəgötürən bir neçə dəfə işçiyə bununla bağlı bildiriş (xəbərdarlıq məktubu) göndərmişdir. İddiaçı həmin əmri mübahisələndirərək, qeyd edir ki, 1) işəgötürənin təzyiqinə məruz qalaraq öz xahişi ilə işdən azad olunmasına dair ərizə yazmışdır; 2) 02.09.2021-ci il tarixdə ərizə ilə şirkətə müraciət etmiş və 03.09.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir; 3) işlədiyi müddətdə əmək haqqının bir hissəsini qeyrirəsmi şəkildə almışdır; 4) işlədiyi müddətdə iş saatından artıq əməyə cəlb edilmişdir. Məhkəməyə müraciət etməmişdən öncə iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün müraciət edərək, ödəniş etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 dekabr 2021-ci il tarixli 002 saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin cavabdeh tərəf 21 dekabr 2021-ci il tarixdə saat 15:00-15:15 zaman aralığında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (ona iş yerində təzyiq olunmasına; rəsmi şəkildə səlahiyyətli vəzifəli şəxsə öz xahişi ilə işdən azad olunması barədə ərizə ilə müraciət etməsinə; iş vaxtından artıq əməyə cəlb edilməsinə və əmək haqqının bir hissəsinin qeyri-rəsmi şəkildə almasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən (müvafiq aktlardan, təqdimat və əmrdən) görünür ki, iddiaçı 26 avqust 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək iş günlərini buraxmış, bunun üzürlü səbəblərdən baş verməsi ilə bağlı işəgötürənə məlumat verməmişdir. Əmək Qanunvericiliyinin tələbinə görə, iddiaçı rəsmi şəkildə səlahiyyətli vəzifəli şəxsə öz xahişi ilə işdən azad olunması barədə ərizə ilə müraciət etsə idi belə, qanunla müəyyən olunmuş 1 ay müddət ərzində işə getməklə, əmək müqaviləsində göstərilən iş saatları ərzində həmin müqavilədə təsbit olunmuş vəzifələrini yerinə yetirməli idi. Lakin iddiaçı işə çıxmamışdır və göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Bundan başqa, iddiaçı işə çıxdığı dövrlər ərzində işəgötürən tərəfindən onun əmək haqqı vaxtlı-vaxtında ödənilmiş, işəgötürən tərəfindən əmək haqqının ödənilməsində yubanma və digər qanun pozuntularına yol verilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1210/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1210/2022
04.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver