Məhkəmə qərarları › İş №e-2(006)-1212/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1212/2022

15.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1212/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilmədiyinə və xx.xx.2021-ci il tarixdən başlayaraq əmək kitabçasının təhvil verildiyi günədək orta əmək haqqının hesablanaraq, həmin pulun "xxxx" MMC-dən onun xeyrinə tutulması; 2021-ci ilin avqust-oktyabr ayları üzrə ödənilməmiş əmək haqqının və onun (əmək haqqının) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün hesablanaraq bir faiz məbləğində ödəncin "xxxx" MMC-dən onun xeyrinə tutulması; mediasiyaya dair ödənilmiş 50 manat; xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində əlavə iş saatlarına görə pul məbləği ödəniş gününə qədər gecikdirilmiş hər gün üçün bir faiz hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi; Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilməsinə dair 26 oktyabr 2021-ci il tarixli, 249k saylı əmrin ləğv edilməsi, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyinin, habelə həmin əmrə müvafıq qeydin əmək kitabçasında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixindən əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Əmək müqaviləsi üzrə əmək haqqı 500 manat, qara mühasibatlıqdan isə hər əlavə 300 manat (əl maaşı deyilən) alırdı, beləliklə əmək haqqının rəsmi hissəsi 500, qeyri-rəsmi isə 300 manat təşkil edirdi. Əmək fəaliyyətini həyata keçirən dövr ərzində barəsində hər-hansı tənbeh növü tətbiq edilməmişdir, işində daima diqqətli və səriştəli olmuşdur. 10 avqust 2021-ci il tarixində birbaşa rəhbəri Şahin Qəniyev tərəfindən təzyiqə və hədə-qorxuya məruz qalaraq məcburi işdən çıxmağı ilə bağlı ərizə yazaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin “a’' bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Şahin Qəniyev yazmayacağı halda üzərinə borc yazacağı ilə hədələmişdir. Şahin Qəniyevin əsası isə sadəcə ondan xoşu gəlmədiyi idi. Bir tərəfdən Şahin Qəniyev ərizəni yazmağını tələb edirdi digər tətəfdən isə müəsissə əmək müqaviləsinə xitam vermirdi. Uzun sürən yazışmalardan sonra şirkət tərəfindən əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 70ci maddəsinin ”c" bəndi ilə xitam verilmişdir. Cavabdeh şirkət mübahisəni araşdırmadan əmək müqaviləsinə xx.xx.2021-ci tarixində xitam vermişdir. Hərçənd o, şirkətə dəfələrlə bu barədə şikayət yazıb əmək kitabçasının verilməsini xahiş etmişdir. Hadisə aşağıdaki kimi baş vermişdir: xx.xx.2021-ci il tarixində birbaşa rəhbəri olan Qəniyev Şahin ona hədəqorxu gələrək onun üzərinə əskik pul yazmaqla hədələmiş və ondan öz xahişi ilə işdən çıxmağanı tələb etmişdir, hətta artıq onun vəzifəsinə başqa işçi belə qəbul etmişdirlər. xx.xx.2021-ci il tarixində o, məcburi qalaraq öz xahişi ilə işdən çıxmaya dair ərizə ilə şirkətə müraciət etmiş və xx.xx.2021-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixində saat 15:49-da Mehrac Məmmədov ("xxxx" MMCnin operatoru) tərəfindən bu barədə onun ərizəsi əlavə olunmaqla müvafiq məktub rəhbərliyə göndərilmişdir və bildirilmişdir ki, o, xx.xx.2021-ci il tarixdən artıq işə gəlməyəcəkdir. xx.xx.2021-ci il tarixində Amina Müslümzadə tərəfindən elektron poçt vasitəsi ilə təkrar məktub göndərilərək əmək kitabçasının götürülməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixində artıq ərizənin yazılmasından bir ay ötməsinə baxmayaraq hər hansı cavab olmadığından Amina Müslümzadəyə (insan resursları şöbəsinin əməkdaşı) təkrar elektron poçt vasitəsi ilə müraciət etmiş və əmək kitabçasının verilməsini xahiş etmişdir. Bütün qeyd edilənlərə baxmayaraq cavabdeh heç bir əsas olmadan əmək müqaviləsinə xitam verməmiş, kitabçanı təqdim etməmişdir ki, o, başqa yerdə əmək münasibətlərinə daxil olsun. Bundan əlavə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin digər tələbləri də pozulmuşdur. Belə ki, işlədiyi müddət ərzində iş saatlarından əlavə işləməli olmuş, lakin onlara dair hər hansı ödənişlər edilməmişdir. Eyniliklə son haqq-hesab olunmamış, əmək haqqı və digər ödənişlərin ödənilməsi təmin edilməmiş, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti verilməmişdir. O, ərizə yazmağa məcbur ediləndən sonra yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iki ay yarım müddətdə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməmiş və işəgötürən tərəfindən qanunsuz olaraq əmək kitabçası saxlanılmışdır və həmin müddət üçün əmək haqqı ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh MMC-nin X19 Marketdə inzibatçı işləyən İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək heç bir məlumat vermədən, işlədiyi X19 Marketə işə gəlməyərək, heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Belə ki, işçi bir aylıq xəbərdarləq müddətini gözləmədən işə gəlməməyə başlamışdı. İddiaçı iş buraxma ilə bağlı xəbərdarlıq məktubları göndərilərək, ona Cəmiyyətin baş ofisinə gəlməsi, iş buraxmaya əsas olan sübutlarını, yazılı izahatını təqdim etməsi təklif edilmişdir. Lakin, İddiaçı tərəfindən Cəmiyyətin rəhbərliyi tərəfindən göndərilən xəbərdarlıq məktubları cavabsız qalmışdır. Bundan sonra, Cavabdeh MMC-nin 26 oktyabr 2021-ci il tarixli 249/K nömrəli əmri ilə işçi İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən inzibatçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Xitam ilə əlaqədar olaraq son haqq-hesab hesablanaraq işçinin əmək haqqı kartına bank vasitəsilə mədaxil edilmişdir. Lakin vəsait işçinin bank kartına xx.xx.2021-ci il tarixdə mədaxil olmuşdur. İddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar araşdırılması üçün X6 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. “Bonus Market» MMC-yə dair etdiyi şikayətin araşdırılması X6 Xidmətinin Bakı şəhər İdarəsində görüş zamanı müəyyən olmuşdur ki, İddiaçı hazırki məsələ ilə məşğul olan müfəttiş Səlimə Quliyevaya guya, “Bonus Market» MMC-yə aid olan davamiyyət cədvəllərinin surəti adı altında qeyri-müəyyən imzalanmış cədvəllər təqdim etmişdir. Şikayəti araşdıran Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vətəndaş İddiaçı əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verildiyi hesab edilərək barəsində MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə Cavabdeh MMC-nin direktoru barəsində 1.000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsəinin 3(006)- 446/2022 saylı, xx.xx.2022-ci il tarxili qərarı ilə MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, iş üzrə xitam verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tabel cədvəllərinə və digər sənədlərə nəzər yetirərkən məlum olur ki, işçi artıq iş saatlarına cəlb edilməmiş, işçinin son-haqq hesabı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ödənilmişdir. Eyni zamanda bu tipli cədvəllər Cavabdeh MMC tərəfindən vətəndaşın iş saatlarından artıq işə cəlb edilməsini sübut etmir. İş üzrə də görünür ki, son haqq hesab artıq işçi tərəfindən hətta dövlət orqanına şikayət edilməzdən qat-qat əvvəl ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin göndərdiyi ərizəni nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 33/K saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də inzibatı vəzifəsi üzrə işə qəbul edilmişdir. İddiaçı məxsus ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə inzibatçı vəzifəsi üzrə işə qəbul edilmişdir. Həmçinin həmin əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsininin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Mehrac Məmmədova məxsus mail ünvanından Şahin Qəniyeva məxsus mail ünvanına xx.xx.2021-ci il tarxdən işə gəlməyəcəyi barədə (ad göstərilməyib) məktub göndərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 226/k saylı məktubdan görünür ki, o, 15 avqust 2021-ci il tarixindən bu günə qədər işəgötürənə heç bir məlumat vermədən, işlədiyi Cavabdeh MMC-nin X19 Marketə işə gəlməyərək, icazəsiz iş günü buraxır. Etdiyi pozuntu, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhtəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan halarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsasdır. Bununla əlaqədar, tələb olunur ki, bu bildirişi poçt xidməti vasitəsi ilə aldıqdan sonra 3 gün ərzində Cəmiyyətin baş ofisinə (Bakı şəhəri, Azadlıq pr.,120) yaxınlaşaraq, sübutlarla (iş buraxma əsasları və s.) birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsidə nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim edəsiniz. xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus mail ünvanından Amina Müslümzadə məxsus mail ünvanına əmək kitabçasının hazır olub-olmadığı barədə məktub göndərilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus mail ünvanından Amina Müslümzadə məxsus mail ünvanına əmək kitabçasını götürmək istədiyini, əks halda müvafiq dövlət strukturlarına müraciət edəcəyi barədə məktub göndərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 727-k saylı sonuncu xəbərdarlıq bildirişindən görünür ki, o, 15 avqust 2021-ci il tarixindən bu günə qədər işəgötürənə heç bir məlumat vermədən, işlədiyi Cavabdeh MMC-nin X19 Marketə işə gəlməyərək icazəsiz iş günü buraxmışdır. Bu barədə göndərilmiş xx.xx.2021-ci il tarixli bildiriş cavabsız qalmışdır. Bir daha sonuncu dəfə xəbərdarlıq bildirişi göndərilərək bildirilmişdir ki, edilmiş pozunutu Cavabdeh MMC ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsasdır. X7, X3 və X10 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri 22/K saylı aktdan görünür ki, işçi İddiaçı həqiqətən də işlədiyi X14 işəgötürənə heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi üzrsüz iş günü buraxıbdır. X7, X3 və X10 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri 36/K saylı aktdan görünür ki, işçi İddiaçı həqiqətən də işlədiyi X14 işəgötürənə heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi üzrsüz iş günü buraxıbdır. Cavabdeh MMC-nin direktoru X4 parakəndə satış müdiri X10 tərəfindən ünvanlanmış xx.xx.2021-ci tarixli təqdimatdan görünür ki, Cavabdeh MMC-nin X19 Marketdə işləyən İddiaçı 15 avqust 2021-ci il tarixindən bu günə qədər üzrsüz olaraq iş günü buraxır. Bu barədə işçiyə Cavabdeh MMC-nin üzrsüz işburaxmaya dair xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli yazılı xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin işçi göndərilmiş bildirişə əhəmiyyət verməyərək bu günə qədər iş buraxmaya davam edir. İşçinin yol verdiyi pozuntu, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhtəlikləri yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan halarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsasdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi təklif edilmişdir. 26 oktyabr 2021-ci il tarixli, 249/k saylı əmrdən görünür ki, işçi - İddiaçı heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən” (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən xitam verilmiş, oktyabr 2020-ci - oktyabr 2021-ci iş ili üçün 30 gün əmək məzuniyyəti üçün son haqq-hesabın ödənilməsinin Maliyyə Departamentinə həvalə edilməsi əmr edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə 26 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verildiyi, əmək kitabçasının Bakı şəh. Azadlıq pr 120 ünvanında yerləşən baş ofisinə yaxınlaşaraq götürə biləcəyi, əmək kitabçasının Cavabdeh MMC-nin direktoruna ərizə ilə müraciət edərək ev ünvanına göndərilməsini sorğulamaq hüququnun olduğu bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 26 oktyabr 2021-ci il tarixində xitam verilmişdir. xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh MMC-nin baş direktoru X8 vətəndaş İddiaçı iş saatlarından artıq işə cəlb etmiş, lakin son haqq-hesabın hesablanıb ödənilməsi zamanı artıq iş saatları nəzərə alınmamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-931/2022 saylı qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsinə dair xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-446/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X11 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçıni eyni mağazada işləyən vaxt tanımışdır. O, su bölməsində satıcı işləmişdir. İş saatları növbəli rejimlə bölünürdü. 2 növbə var idi. İşə gələrkən tabelə imza edilirdi. İddiaçı öz növbəsindən asılı olaraq səhər gəldikdə mağazanı açırdı, əksər hallarda da mağazanı bağlayırdı. Bəzən iş saatlarından artıq qalsalar da buna onları məcbur edən olmayıb, işəgötürən də bunu onlardan tələb etməyib. Birbaşa müdiri iddiaçı olub. İşdən öz ərizəsinə əsasən çıxıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X1 verdiyi ifadəsində bildirmişdir ki, iddiaçını eyni mağazada işləyən vaxt tanımışdır. O, iddiaçının müavini kimi onunla növbəli formada işləmişdir. İş saatları növbəli rejimlə bölünürdü. 2 növbə var idi. İşə gələrkən tabelə imza edilirdi. İş saatının növbəsi səhər saat 08:00-dan 17:00-dək və 17:00-dan 23:00-dək idi. Ancaq qeyd olunan vaxtlarda işdən çıxa bilmirdilər. Həmçinin, 2 həftə o xəstə olduğuna görə onun əvəzinə fasiləsiz iddiaçı işləmiş, yəni səhər saat 08:00dan axşam saat 11:00-dək mağazanı özü açıb bağlamaqla işləmişdir. Artıq iş saatlarına görə əlavə ödəniş edilmirdi. Aylıq maaşı müqavilə üzrə 400 manat idi, lakin 200 manat əlbəəl verilirdi. Maaş barədə 600 manata əvvəldən razılaşdırılmışdır. Bayram günlərində adi iş günlərindən daha çox işləyirdi. Hər səhər 8-in yarısı mağazanı açıb, 11-də bağlamalı idi, lakin belə alınmırdı. Çünki günün hesabatı aparılırdı, çox gec saatlarda gecə 12 və ya 1-in yarısı işdən çıxmalı olurdular. Şahin Qəniyevi iddiaçını işdən çıxmasına məcbur etməsi barədə dəqiq məlumatı yoxdur. O iddiaçıdan əvvəl işdən çıxıb, o ərəfədə orada olmayıb. Mağazanın gec bağlamağa məcburiyyət olmayıb. Özü artıq işlədiyi saatlara görə Müfəttişliyə müraciət etməmişdir. Onlardan başqa işlərini çatdıra bilməyən mühasib də qalırdı. İddiaçı bayram günlərində, öz növbəsi olmayan günlərdə də işə gəlirdi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 26 oktyabr 2020-ci il tarixdən Cavabdeh MMC-də inzibatçı vəzifəsində işə başlamış və 26 oktyabr 2021-ci il tarixli əmrlə onun tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən başlayaraq əmək kitabçasının təhvil verildiyi günədək orta əmək haqqı hesablanmaqla müvafiq ödənişlərin, 2021-ci ilin avqust-oktyabr ayları üzrə ödənilməmiş əmək haqqının və onun (əmək haqqının) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün hesablanaraq bir faiz məbləğində ödəncin, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində əlavə iş saatlarına görə pul məbləği və ödəniş gününə qədər gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, mediasiyaya dair ödənilmiş 50 manatın "xxxx" MMC-dən onun xeyrinə tutulması; Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilməsinə dair 26 oktyabr 2021-ci il tarixli, 249k saylı əmrin ləğv edilməsi, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə əmrin verilməsi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Bu Məcəllənin 69-cu maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu Məcəllənin 102-ci maddəsinin 2-ci bəndinə əsasən iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinin tələblərinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı onun işdən azad edilməsi üçün əsas olan ərizəni 10 avqust 2021-ci ildə yazdığını, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu qeyd etməklə, məhkəmədən müvafiq əmrin ləğv edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə iddiaçının 15 avqust 2021-ci il tarixdən etibarən işə gəlməməsi və gəlməmə səbəblərinin üzrlü olması barədə heç bir əsas göstərə bilməməsi nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə istinad edərək iddianın rədd edilməli olduğunu bildirmişdir. Mövcud olan səndlərdən göründüyü kimi, iddiaçının işdən çıxma barədə yazdığı ərizədə yalnız bir cümlə, yəni konkret olaraq onun 15 avqust 2021-ci il tarixdən işdən azad olunması barədə xahişi göstərilmiş, lakin hansı xüsusi hala görə əmək müqaviləsinin məhz qeyd edilən tarixdə ləğv olunması barədə hər hansı səbəb göstərilməmişdir. Beləliklə iddiaçı tərəfindən onun nəyə görə məhz ərizəsində göstərilən günü işdən azad olunmasını tələb etməsi (həqiqi iradə ifadəsi), işəgötürənin (cavabdehin) müvafiq əmrin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti gözləməli olmaması əsaslandırılmamışdır. Halbuki, yuxarıda sadalanan normalara görə əmək müqaviləsini ləğv etmək istəyi barədə işəgötürəni bir ay əvvəl xəbərdar etmək işçinin vəzifəsidir. Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsi isə işçiyə imtiyaz verir və həmin norma bu imtiyazdan istifadə olunması əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, bir aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. Bu baxımdan Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan istisna qayda işəgötürənin bir aylıq xəbərdarlıq müddəti ilə qorunan mənafeyindən daha mühüm mənafelər mövcud olduğu halda işçinin əmək müqaviləsini ləğv etmək hüququnun ərizəsində göstərilən gün realizə edilməsinə işəgötürən tərəfindən yaradıla biləcək maneələri aradan qaldırmağa xidmət edir. Yəni, daha mühüm mənafe sayılan bu hallardan biri olduqda, işəgötürən işçidən artıq bir aylıq müddətə əməl etməsini tələb edə bilməz və borcludur ki, belə hallarda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv etmə faktını rəsmiləşdirsin və bu barədə müvafiq əmr versin. İddiaçının işdən çıxma ərizəsini öz iradəsi ilə yazmamasına, onun təzyiq və hədəqorxuya məruz qalmasına dair irəli sürdüyü dəlilləri isə məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırmaq, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınması üçün bildiriş göndərilmiş, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmış, əmək kitabçasının götürməsi təklif edilmişdir. Belə ki, iddianın “2021-ci ilin avqust-oktyabr ayları üzrə ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normasına əsasən vurğulayır ki, əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Beləliklə işçilərə yalnız yerinə yetirdikləri işə görə əmək haqqı verilir. İddia ərizəsinin məzmunundan və müvafiq iş materiallarından göründüyü kimi, iddiaçının xx.xx.2021-ci il tarixdən sonra əmək müqaviləsinə xitam verilənədək işə gəlməməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə iddiasının istinad etdiyi dövr üzrə əmək haqqının ödənilməsinə dair tələbi, qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmadığı üçün əsassızdır. Bundan başqa iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində əlavə iş saatlarına görə ona pul məbləğinin ona ödənilmədiyinə, bununla da son haqq-hesabın düzgün aparılmadığına dair iddia tələbi/dəlili ilə əlaqədar məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-446/2022 saylı qərarına istinadən qeyd edir ki, Cavabdeh MMC-nin İddiaçı iş saatlarından artıq işə cəlb etdiyi, lakin son haqq-hesabın hesablanıb ödənilməsi zamanı artıq iş saatlarını nəzərə almadığı barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-446/2022 saylı qərarı ilə əsassız hesab edilərək ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərarı ilə hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında işə baxan məhkəmənin qeyd etdiklərindən göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102-ci maddəsinin 2-ci bəndinə əsasən iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Məhkəmə şikayətçi tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş cədvəlləri mötəbər sübut kimi qiymətləndirir. Belə ki, İddiaçı təqdim etdiyi cədvəllərin hansı qaydada hazırlandığını, nə üçün Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmədiyini izah edə bilməmişdir. Həmçinin onun iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı işəgötürənin əmri olmamışdır. Beləliklə İddiaçı istinad etdiyi bu dəlili, yəni onun iş saatlarından artıq işdə olmasının məhz işəgötürənin təşəbbüsü ilə baş verdiyini sübuta yetirə bilməmişdir. Qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-446/2022 saylı qərarına əsasən müəyən edilmiş hallar həmçinin hazırki iş çərçivəsində dindirilmiş şahidlərin ifadələrinə əsasən öz təsdiqini tapmışdır. Məhkəmə iddianın “əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilmədiyinə və xx.xx.2021-ci il tarixdən başlayaraq əmək kitabçasının təhvil verildiyi günədək orta əmək haqqının hesablanaraq, həmin pulun "xxxx" MMC-dən onun xeyrinə tutulması” hissəsi ilə əlaqədar eyni qənaətə gəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Bu Məcəllənin 172-ci maddəsinin 6-cı bəndinə görə işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qanunvericiliyə müvafiq olaraq əmək kitabçasının işəgötürənin təqsiri üzündən işçiyə verilməsi ləngidildikdə işəgötürən tərəfindən işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Göründüyü kimi əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilib-ləngidilməməsinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan hallardandır. Beləliklə yuxarıda müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə onun istinad etdiyi tarixdə xitam verilməmiş, əmək müqaviləsi xitam verildiyi tarixdə, yəni xx.xx.2021-ci il tarixində isə ona əmək kitabçasının MMC-nin baş ofisinə yaxınlaşaraq götürə biləcəyi və ya Cavabdeh MMC-nin direktoruna ərizə ilə müraciət edərək ev ünvanına göndərilməsini sorğulamaq hüququnun olduğu bildirilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, İddiaçı məhkəməyə müraciət edərkən əmək kitabçasının xx.xx.2021-ci il tarixində yox, məhz xx.xx.2022-ci il tarixində verilmədiyi halı mübahisələndirmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. İddiaçının, barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün məhkəmə digər tələblərə, yəni əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyinin, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi və s. tələblərinə münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, həmçinin iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul özünə aid edilməlidir. Belə ki, göstərilən məbləğin cavabdehdən tutularaq iddiaçıya qaytarılması üçün hər hansı hüquqi əsasın olmadığı müəyyən edilmişdir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və s." tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar