Məhkəmə qərarları › İş №e-2(006)-1235/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1235/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1235/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə görə ondan əlavə olaraq aldığı 2922 ABŞ dolları və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünə avtomobil almaq istəmişdir. Avtomobil satışları ilə bağlı saytlara baxmışdır. İstədiyi markalar çox baha olmuşdur. Sonra dosttanışlar ona məsləhət gördülər ki, bu işə məşğul olan şəxslər var, xaricdən istədiyin avtomobil gətirirlər burdakı qiymətindən ucuz başa gəlir. Bir qadın olaraq avtomobil barədə anlayışı olmadığından bütün bu məslələrin həll olunması üçün tanışı olan X2 etibarnamə vermişdir. Yaxınları onlara bu işlərlə məşğul olan biri kimi Cavabdehı məsləhət görmüşlər. Onunla əlaqə saxlayıb avtomobillə bağlı söhbət etmişlər. O,söz vermişdir ki, X1 keçirilən hərracda oynanılan avtomobilin udulmasında köməklik edə bilər. X9 markalı, 2019-cu il buraxılışlı, yanacaq-dizel, mühərrik gücü 2,0L, yürüşü 37769, VİN kodu SALYB2EN4KA210927 olan zədəli avtomobil, udulması üçün hərracda satışa çıxarılmışdır. Orhanla həmin avtomobili hərracda udub Azərbaycana gətirməsi ilə bağlı sözləşmələri olmuşdur. Avtomobil saytda ilkin satışı 18500 ABŞ dollarına qoyulmuşdur. xx.xx.2022-ci il tarixində uduşu oynanıldı və Orhan bildirdi ki, avtomobili hərracda uddu. O, avtomobilin Azərbaycan gətirilməsi üçün avtomobilə, yol xərcinə, hərracın faizinə və özünə xidmət haqqı kimi 200 dollar olmaqla ümumilikdə onlardan 22240 ABŞ dollarını bank vasitəsilə almışdır. Pulun tam ödənilməsi barədə də hər ikisinin imzası ilə “pulun tam ödənilməsi öhdəliyi” deyilən sənədə də imza etmişlər. Bir müddətdən sonra saytda avtomobillə bağlı qeydlərə baxarkən məlum oldu ki, cavabdeh avtomobili 18500 deyil 16350 ABŞ dollarına almışdır. Uduş da 31 avqust 2022-ci il tarixində keçrilmişdir. Bu gün də həmin avtomobillərin yerləşdiyi saytda avtomobilin son uduş tarixi 31 avqust 2022-ci il olmaqla 16350 ABŞ dollarına satıldığı görünür. O, cavabdehə etirazını bildirmiş və ondan əlavə olaraq aldığı 2922 ABŞ dolları geri qaytarmasını tələb etmişdir. O, isə israrla bildirmişdir ki, avtomobil 18500 ABŞ dollarına alınıb. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iş üzrə iddiaçı qismində keçən əsil olmayan tərəf İddiaçı məntiqdən uzaq dolaşıq və qeyri dəqiq cümlələrlə yazılmış iddiasını tamamilə qəbul etmir. Belə ki, iddiaçının əsassız iddia ərizəsində qeyd olunanlar həqiqətdən uzaq və baş vermiş hadisələr təhrif olunmuşdur. Digər tərəfdən bu günədək o, iddiaçını görməmiş, onunla heç bir razılaşması və söhbətləri olmamışdır. Nəqliyyat vasitəsini hərracda udub Azərbaycana gətirilməyini ona sifariş verən Ramin adlı şəxs olmuşdur. Onuda qeyd etmişdir ki, Ramin adlı şəxs ona etibarnamədən söz açmamış, sadəcə bildirmişdir ki, bir xanım üçün avtomaşın almaq lazımdır. Ramin ilə söhbət edib razılığa gəlmişlər ki, 23.000 ABŞ dolları civarında ”X9“ markalı 2018-2020-ci buraxlış illəri olan avtomaşını hərracda udub Azərbaycana gətizdirsin. Bu işlərin görülməsi üçün cavabdeh ixtisaslaşmış “Global Ligistics” LLC şirkətinə müraciət etmişdir. Ramin özü bilsədə ona bir daha bildirmişdir ki, hərracın qaydalarına görə avtomaşını udub alınmasına, oyuna girib daha sonra avtomaşını almaqdan imtina olunduqda hərrac «Global Logistics” şirkətini 1000 ABŞ dolları cərimə edəcək. Ramin avtomaşının hərracda oynayıb udmasına razlıq verdikdən sonra “Global Logistics” şirkətinin ona vermiş olduğu domen vasitəsi ilə hərracda iştirak edərək xx.xx.2022-ci il tarixdə sağ tərəfi zədəli olan “X9” markalı, 2019-cu il buraxlışlı, yanacaq dizel, mühərrik gücü 2,0 L, yürüşü 37769, VİN kodu SALYB2EN4KA210927 olan avtomobili 18.500 udmuşdur. Beləliklə avtomaşının hərracdan uduş qiyməti 18.500 ABŞ dolları, hərracın komissiyası 1.260 ABŞ dolları, avtomaşını Azərbaycana gətirilmə haqqı 2.280 ABŞ dolları, 200 ABŞ dolları onun zəhmət haqqı, ümumilikdə 22.240 ABŞ dolları Ramin pul ödəməliydi. Həmin 22.240 ABŞ dollarından Ramin 19.118 ABŞ dollarını “Global Logistics” şirkətinin hesabına pul ödədi, qalan 2.922 ABŞ dollarını Ramin xahiş elədi ki, şirkət ödəsin gün ərzində pulu gətirib ona çatdıracaqdır. Hərracın qaydalarına müvafiq olaraq 1000 ABŞ dolları cərimələnməmək üçün “Global Logistics” şirkəti 2.922 ABŞ dollarını Raminin əvəzinə ödəmişdir. Sabahısı gün Ramin 2.922 ABŞ dollarını gətirib ona çatdırmışdır. Beləliklə avtomaşının hərracdan alış qiyməti 18.500 ABŞ dolları + hərracın komisiyyası 1.260 ABŞ dolları + avtomaşının gətirilmə pulu +2.280 ABŞ dolları onun zəhmət haqqı 200 ABŞ dolları (18.500+1.260+2280+200=22.240) ABŞ dolları, cəmi 22.240 ABŞ dolları təşkil edir. Buradan tam şəkildə aydın olur ki, Ramin ilə aralarında olan razılaşmaya əsasən öhdəsinə düşənləri yerinə yetirmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası DİN-nin Yasamal rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət edərək əsassız sığorta üçün ondan 200 ABŞ dolları aldı, daha sonra Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. İdarədə də bütün sənədləri təqdim edərək sübuta yetirmişdir ki, o, heç kəsi aldatmamış və hərracda oynayıb sifarişə əsasən avtomaşını Azərbaycana gətizdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məkhəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh iddia tələbini etiraf etməyərək, etirazdan əlavə olaraq qeyd etmişdir ki, avtomobil ölkəyə gələndən sonra avtomobil bəyənilərkən üzərində olan zədələrdən əlavə olaraq daşıma nəticəsində yaranması ehtimal olunan sol qanadda əlavə zədə aşkar edildiyinə görə X4 bu məsələni qaldırmış, iddiaçı tərəfindən ilk növbədə polisə şikayət edilmiş daha sonra isə pul tələbi ilə məhkəməyə müraciət edilmişdir. Avtomaşın ölkəyə gətirilən zaman X2 onu sığorta etməyi təklif etsədə onunla razışlamamış və bildirmişdir ki, əlavə ödəniş etməyə lüzum yoxdur. Avtomaşın ölkəyə gələn zamanı konteynerdə zədələnmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, iddiaçı tanışı olmaqla ona avtomobil almaqda köməklik etməsini xahiş etmiş, o, da cavabdehə avtomobil almaq üçün müraciət etmişdir. İddiaçı ona avtomobil şəkili ataraq hərracda oynamağı təklif etmiş, qiymət barədə isə əvvəlcədən münasib olmasını bildirmişdir. O, da Cavabdeh iddiaçının istədiyi avtomobili 16500 ABŞ dollara kimi oynaya biləcəyini demişdir. Daha sonra cavabdeh ona satıcının 18500 ABŞ dollarına təklif etdiyini bildirdi, o, isə belə olan halda bununla bağlı sənəd təqdim etməsini bildirmiş və razılıq vermişdir. İlk növbədə 19118 ABŞ dollarını bank vasitəsilə ödəmiş, qalan 5000 manatı isə cavabdehin özünə hərracı oynadığına görə ödəmişdir. 19118 ABŞ dolları pulu həmin avtomobili Potiyə gətirilməsinə kimi cavabdehlə aralarında razılaşma olmuşdur. Cavabdehlə aralarında olan razılaşmaya əsasən avtomobil yaxşı vəziyyətdə gəlməmiş və ondan əlavə olaraq pul almışdır. Avtomobil gələn zaman sol tərəfdə olan qanadda əlavə əzik və dam hissəsində batıqlar olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, avtomobil 16300 ABŞ dollarına hərracda udulsa da oyunun qaydasına görə satıcının da razılığı olmalıdır. Satıcı isə son təklif olaraq 18500 ABŞ dolları təklif etmişdir, onun təklifi ilə razılaşdıqdan sonra avtomobili əldə etmişlər. Həmin avtomobilin udulmasında cavabdehlə birgə onun da iştirakı olmuşdur. Həmin avtomobilin alınmasında satıcı ilə online şəkildə danışıqları olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh ilə aralarında avtomobil alqı-satqısı ilə olan mübahisəli məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün rayon məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsində izahatı alınmış və həmin izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə İAAİ saytında avtomobil bəyənib Orxan adlı şəxslə danışmışdır. Orxan ona auksion oynayaraq ABŞ-dan X10 markalı avtomobili udub ona təhvil vermişdir. O, Orxana ümumilikdə 22040 ABŞ dolları vermişdir. Avtomobil Bakıya çatdıqdan sonra ona məlum olmuşdur ki, Orxan adlı şəxs ondan maşını gətirmək üçün əlavə 5000 manat zəhmət haqqı almışdır. İş materiallarından görünür ki, Cavabdeh Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsində izahatı alınmış və həmin izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X4 ona müraciət edərək, ABŞ-dan avtomobil almağı xahiş etmişdir. O, “Global Logistics” LLC şirkətində diller olaraq onun xahişini nəzərə alıb bir çox maşınlara baxmışdır. Lakin, münasib avtomobil tapa bilmədiyi üçün heç bir avtomobil təklif edə bilməmişdir. Sonra Ramin ona “X9” 2019-cu il buraxılışlı zədəli avtomobil göndərərək hərracda oynamasını xahiş etmiş o, da avtomobilə nə qədər məbləğ təklif edəcəyini soruşduqda 18500 ABŞ dolları təklif etməsini bildirmişdir. Avtomobil hərracda udulmaqla Raminin öz istəyi ilə sığortasız şəkildə üzərinə hərrac faizi gəldikdən sonra yol pulu 2280 ABŞ dolları təşkil etdi. TuranBank vasitəsi ilə ödəniş olunmalı halda müştərinin istəyi ilə AFB bank üzərindən ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdə avtomobil “Global Logistics”LLC tərəfindən müştəriyə təhvil verilmişdir. Lakin, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən 19cu polis şöbəsinə şikayət olunmuşdur. Həmin şikayətdə iddia etmişdir ki, avtomobilin gətizdirilməsində ona 5000 manat xidmət haqqı ödəmişdir. Halbuki o, xidmət haqqı kimi 340 manat almışdır. Avtomobil 18500 ABŞ dolları məbləğinə udulmuş, 1260 ABŞ dolları hərrac faizi əlavə olunmuş və yol pulu 2280 ABŞ dolları ödənilməli idi. Lakin, Bank vasitəsi ilə 19118 ABŞ dolları ödəniş etmiş, qalan 2922 ABŞ dollarını isə ona iki dəfəyə ödəmişdir. İş materiallarında olan AFB bank ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən TBC Bank, Tbilisi “Global Logistics” LLC-nin ünvanına 19118 ABŞ dolları köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, kateqoriya M1-8703, dizel mühərrikli, 1997 sm3, buraxılış ili 2019 olan VİN:SALYB2EN4KA210927, Land Rover, X9 AZS ***-**** ekoloji sinif 6 normativ sənədlərin tələbinə uyğun hesab edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında elektron sənəd mübadiləsi ilə Gömrük yolu ilə Gömrük rəsmiləşdirilməsi üçün müqavilə bağlanmışdır. İş materiallarında olan gömrük rəsmiləşdirilməsi sənədlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə satılmış Land Rover markalı Velar modelli 2019-cu il buraxılışlı VİN:SALYB2EN4KA210927 kodlu avtomobilin satış qiyməti 17493 ABŞ dolları, Potiyə gətirilmə haqqı-1610 ABŞ dolları, əməliyyat haqqı 15 ABŞ dolları, ümumilikdə 19118 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan “Global Logistics” LLC tərəfindən verilmiş fakturadan görünür ki, Land Rover markalı Velar modelli 2019-cu il buraxılışlı VİN:SALYB2EN4KA210927 kodlu avtomobilin Potiyə gətirilmə haqqı-2280 ABŞ dolları təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Land Rover markalı Velar modelli, 2019-cu il buraxılışlı, VİN:SALYB2EN4KA210927 kodlu avtomobilin hərracda udulması üçün Ramin Bağırov vasitəsi ilə Cavabdeh müraciət etmiş, avtomobilin 18500 ABŞ dolları məbləğində alışına razılıq vermişdir. Avtomobilin Potiyə qədər çatdırılması üçün 19118 ABŞ dolları ödəniş etmişdir. Sonradan avtomobilin əslində 16350 ABŞ dollarına satıldığını bildirməklə 2922 ABŞ dollarının geri qaytarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, təsvir edilən münasibətlərin hüquqi əsası kimi alğı-satqı müqaviləsinin icrası üçün tapşırıq müqaviləsi çıxış edir. Buna görə də, həmin müqavilənin qanunvericilikdə əks olunmuş müddəalarına müraciət etmək zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4-cü maddəsinə əsasən tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. İddiaçı avtomobilin əslində 16350 ABŞ dollarına satılmaqla 2922 ABŞ dollarının ondan əsassız alındığını iddia etsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş təkliflərin idarə edilməsi pəncərəsindən görünür ki, 32917899 nömrəli lot alıcının ən yüksək təklifi kimi 16350 ABŞ dolları, satıcının təklifi kimi isə 18500 ABŞ dolları göstərilmişdir. Beləliklə avtomobilin 16350 ABŞ dollarına əldə edilməsi işin hər hansı halı ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının adından etibarnamə ilə hərəkət edən R. X8 markalı Velar modelli 2019-cu il buraxılışlı avtomobilin hərracda 18500 ABŞ dollarına əldə edilməsinə, onun hərrac faizi, daşıma-çatdırılma xərci və xidmət haqqı ilə birlikdə iddiaçıya təhvil verilməsinin ümumi xərci olaraq 22240 ABŞ dolların təşkil etməsinə şifahi razılıq vermişdir. Həmin nəqliyyat vasitəsi iddiaçıya təhvil verilmiş, iddiaçı ödənişləri edərək onu qəbul etmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürürdüyü öhdəliyi tam həcmdə yerinə yetirmiş, iddiaçı isə əvvəlcədən olan razılaşmadan kənara çıxaraq ödənişi hissə-hissə etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərin təhlilindən bəlli olur ki, iddiaçı cavabdehlə razılaşdırılmış 22240 ABŞ dolları məbləğindən xx.xx.2022-ci il tarixdə bank köçürməsi vasitəsi ilə 19118 ABŞ dollarını “Global Logistics” LLC şirkətinə ödəmişdir və bu xərcləri avtomobilin satıcıdan alınması və onun Gürcüstan Respublikası Poti şəhərinə qədər çatdırılmasına olan xərcinə aid etmişdir. Lakin, cavabdehin təqdim etdiyi “Global Logistics” LLC şirkətinin etdiyi köcürmə əməliyyatını əks etdirən çıxarışdan görünür ki, şirkət xx.xx.2022-ci il tarixdə alğı-satqı üçün 19769,50 ABŞ dolları ödəniş etməklə, bu məbləğdən 18500 ABŞ dolları avtomobilin qiyməti, bundan əlavə alıcı, servis, internet, detal və çevrə ödənişi üçün isə 1269,50 ABŞ dolları təşkil etmişdir. Şirkət vasitəsi ilə avtomobilin çatdırılması isə 2280 ABŞ dolları təşkil etmişdir. Beləliklə, alınan avtomobilin qiymətinin 18500 ABŞ dolları təşkil etməsi faktı alğı-satqı zamanı edilmiş ödəniş sənədlərində öz əksini tapır. Qeyd edilənləri nəzərə alaraq, o cümlədən tərəflərin şifahi razılaşmasına əsasən cavabdehin “Global Logistics” LLC şirkəti vasitəsi ilə avtomobilin alıcıya çatdlrılması xərci olaraq 2280 ABŞ dolları vəsaitin ödənilməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.3-cü maddəsinə əsasən cavabdehin hərəkətləri tapşırılmış əqdin icrası üçün vəkalət verənin göstərişlərindən əsassız olaraq kənara çıxma kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən edilən bütün hərəkətlər iddiaçı ilə əvvəlcədən razılaşdırıldığından cavabdehin hərəkətləri əsassız varlanmanı da təşkil etmir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. İddiaçının mübahisələndirdiyi münasibətlərin vacib əhəmiyyətli yanılma kimi qiymətləndirilməsi də istisna edilir. Belə ki, Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məgəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar