Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1239/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələblərii: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixdə 492 nömrəli akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 492 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olub, birgə nikahdan övladları yoxdur. Nikaha xx.xx.2023-cü il tarixdə girsələr də, toy xx.xx.2023-cü il tarixdə olmuşdur. Toyun axşamı o cavabdehin yaşadığı evə köçüb. Həmin axşam o cavabdehlə birlikdə gərdəyə daxil olan zaman o, bildirmişdir ki, çox yorğundur və gərdəyin tələblərini yerinə yetirə bilməyəcək. İddiaçı da bunu normal qəbul edərək bir neçə gün gözləmişdir. O isə hər dəfə müxtəlif bəhanələr gətirərək gərdəyə girməkdən imtina etmişdir. O, bunun səbəbini soruşduqda çəkisinin çox olduğunu, cinsi gücünün olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin anası iddiaçıdan uşaq barədə soruşduqda o, cavabdehin cinsi əlaqəyə girə bilmədiyini anasına demişdir. Bu səbəbdən cavabdehlə mübahisələri yaranmış və iddiaçı faktiki olaraq ondan ayrılmışdır. Əşyalarını yığmağa qayıdanda cavabdehin əşyalarının içindən cinsi zəifliyi aradan qaldıran dərmanlar aşkar etmişdir. Bildirir ki, cavabdeh onunla rəsmi nikaha daxil olan zaman iddiaçını aldatmışdır. Ona görə də tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək iddiaya aşağıdakı əlavələri edir: 1. Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən nikah ərizə verildiyi tarixdən 1 ay sonra bağlanılır; 2. Tərəflər nikaha daxil olan zaman tibbi müayinədən keçdiklərini bildirən arayışı təqdim etməmişlər. Belə ki, arayışdan da istək tarixinin 31.03, işlənmə tarixinin 10.04 olması görünür. Nikaha daxil olandan sonra işlənmə absurddur; 3. Eyni zamanda təqdim etdiyi whatsapp yazışmalarından görünür ki, şəxs özündə olan problemi etiraf etmiş, bu barədə iddiaçıya əvvəlcədən bildirməmişdir. Qeyd olunanları da əlavə edib nikahın etibarsız sayılmasının əsası kimi təqdim etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında xx.xx.2023-cü il tarixində bağlanmış və Bakı nikah evi tərəfindən həmin tarixli akt qeydləri kitabında 492 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi ilə tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi ilə aralarında bağlanan xx.xx.2023-cü il tarixdə Bakı Nikah evində (Səadət sarayında) 492 nömrəli qeydlə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda həmin mülki iş (2(006)-1239/2024) icraatdadır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Bildirir ki, cavabdeh ilə Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 492 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olub, birgə nikahdan övladları yoxdur.Tərəflər nikahın pozulması üçün 2023-cü ilin oktyabr ayının 5-də 1 saylı Asan Xidmət Mərkəzinə ərizə ilə müraciət etmiş, lakin noyabr ayının 5-də cavabdeh İddiaçı nikahın pozulmasının dövlət qeydiyyatı üçün Asan Xidmət Mərkəzinə gəlməmiş və bu səbəbdən nikahın VVAQ şöbəsində pozulması baş tutmamışdır. Ər-arvad arasında anlaşmazlıq və yola getməyin mümkünsüz olması ailə münasibətinin bitmə nöqtəsinə gəlməsinə səbəb olmuşdur və İddiaçı ötən ilin avqust ayında evi tərk etmişdir. Göstərilənlərə münasibətdə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində bağlanmış və Bakı Nikah Evi tərəfindən həmin tarixli akt qeydləri kitabında 492 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) ilkin iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilk iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı № 571310 saylı nikah haqqında şəhadətnamənin əsindən görünür ki, Cavabdeh və X2 arasında həmin tarixdə nikah bağlanmışdır. xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında ərizənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahın pozulması üçün Qeydiyyat orqanına müraciət etmişlər. Nikahın pozulmasının səbəbi kimi anlaşmazlıq göstərilmişdir. Nikahın pozulmasının qeydiyyatı xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Bakı Nikah Evinin (Səadət Sarayı) verdiyi nikaha daxil olmaq haqqında ərizəsindən görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə nikaha daxil olmaq üçün ərizə vermişdir. Nikah xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Bakı 16 saylı Mediasiya Təşkilatının MB/16-02325 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf Cavabdeh olmuşdur. İMS xərci 50 manat təşkil edir, ödəyən tərəf İddiaçı göstərilmişdir. xx.xx.2023-cü il tarixli nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi barədə arayışları ilə tərəflərin Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçdikləri təsdiq olunmuşdur. İlk iddia üzrə cavabdehin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsimi Rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 492 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuş və toy şənliyi xx.xx.2023-cü il tarixində həyata keçirilmişdir. Toyun axşamı iddiaçı cavabdehin yaşadığı evə köçmüş və sonuncu müvafiq səbəblər gətirməklə arvadı ilə intim münasibətə girməkdən imtina etmişdir və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında xx.xx.2023-cü il tarixində bağlanmış nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikah yaxın qohumlar, övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçməyən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında, şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdildikdə, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Nəzərə çatdırılır ki, iddia ərizəsi reallığı əks etdirmir və tələb tam əsassızdır. Belə ki, tərəflər nikaha daxil olmamışdan öncə bir müddət nişanlı qalmış, bir yerdə vaxt keçirmiş və aralarında xoş münasibət yaranmışdır. Bir müddət keçdikdən sonra hər ikisinin razılığı ilə nikaha daxil olması üçün aidiyyəti VVAQ şöbəsində ərizə ilə müraciət edərək münasibətlərini rəsmi olaraq qeydiyyata almışdırlar. Daha sonra isə iddiaçı da qeyd etdiyi kimi yaxın ailə üzvlərinin iştirakı ilə adət-ənənəyə uyğun olaraq toy şənliyi keçirilmişdir. Ər və arvad arasında anlaşılmazlıq və yola getməyin mümkünsüz olması ailə münasibətinin bitmə nöqtəsinə gəlməsinə səbəb olmuşdur. İddiaçı avqust ayına kimi evi dəfələrlə tərk etmiş və barışaraq geri qayıtmışdır. Lakin bir müddət keçdikdən sonra tərəflər ayrılmaq qərarına gəlmiş və iddiaçı ötən ilin avqust ayının sonlarında bütün əşyalarını, o cümlədən iddiaçıya bağışlanan zinyət əşyalarını toplayaraq birgə yaşadıqları evi tərk etmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ər-arvadın birgə yaşadığı dövr ərzində aralarında intim münasibətin olub-olmaması nikahın etibarsız sayılması üçün əsas deyil və ailənin təməlini intim münasibət təşkil etmir. Belə ki, ailə emosional bağlarla bir-birinə bağlı olan insanlardan ibarət kiçik sosial vahiddir və hər ikisinin ailə qurmaq niyyəti əvvəlcədən olmuşdur. Beləliklə, məhkəmədən tərəflər arasında ailə qurmaq niyyətinin mövcudluğunu nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin əsassız olması səbəbilə rədd edilməsinə dair qətnamə çıxarmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 9.1-ci maddəsinə əsasın nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 11.1-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2-ci maddəsinə əsasən bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər şəxslər arasında nikahın bağlanmasına yol verilmir. 13.1-ci maddəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. 13.2-ci maddəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. 13.3-cü maddəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. 13.4-cü maddəsinə əsasən nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. 13.5-ci maddəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.6-cı maddəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə yuxarıda şərh olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iddiaçı ilkin iddiasının əsası olaraq qarşı tərəfin cinsi zəifliyinin olmasını, onların arasında cinsi əlaqənin olmamasını və bu səbəbdən nikahın etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, bu hal nikahın etibarsız sayılması üçün əsas hesab edilə bilməz. Belə ki, qanunvericilikdə nikahın etibarsız sayılmasının əsası olaraq tərəflərin ailə qurmaq niyyətinin olmaması qeyd edilmişdir. Halbuki tərəflər arasında ailə münasibətlərinə daxil olmaq üçün bütün zəruri tədbirlər görülmüşdür, tərəflər arasında milli adət-ənənələr uyğun olaraq mərasimlər yerinə yetirilmiş, nikaha daxil olmamışdan əvvəl onlar nişanlanmış cütlük dövrünü keçirmişlər, daha sonra onlar rəsmi nikaha daxil olmaq üçün müvafiq qaydada qeydiyyat orqanına müraciət etmişlər və s. Göründüyü kimi tərəflər arasında ailə ittifaqının qurulması üçün bütün addımlar atılmışdır və bu məsələlər baxımından mübahisələndirilən hallar mövcud deyildir. Həmçinin qanunverici nikahın etibarsız sayılması şərtlərini dəqiq olaraq müəyyən etmişdir, tərəflər arasında ərin cinsi zəifliyindən irəli gələrək ər-arvad münasibətlərinin baş tutmaması və hətta kişinin qadını nikaha daxil olmadan əvvəl bu barədə xəbərdar etməməsi sonradan nikahın etibarsız hesab edilməsinə əsas verən hal deyildir. Odur ki, məhkəmə ilk iddia üzrə iddiaçının istinad etdiyi halların tərəflər arasında məhz nikah ittifaqına daxil olmaq niyyəti ilə dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsinə əsas yaratmadığı üçün ilkin iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Qarşılıqlı iddiaya münasibət bildirərək, məhkəmə qeyd edir ki, tərəflər arasında faktiki ailə münasibətləri artıq mövcud olmadığından, tərəflər arasında ailənin bərpası mümkün hesab edilmədiyindən, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının nikahın pozulması tələbinə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən etiraz bildirilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2023-cü il tarixində bağlanmış, 492 nömrə ilə akt qeydləri kitabında qeydə alınmış nikah pozulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı "nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2023-cü il tarixində bağlanmış, 492 nömrə ilə akt qeydləri kitabında qeydə alınmış nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1239/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1239/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver