Məhkəmə qərarları › İş №e-2(006)-1243/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1243/2025

01.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1243/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı intizam tənbehinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş intizam tənbehi barədə əmrin ləğv edilməsi, həmçinin 61 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı əmək müqaviləsinə əsasən işəgötürən cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə bağlamış olduğu əmək müqaviləsinə əsasən 163 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində aparılmış xidməti araşdırmanın nəticəsində intizam tənbehi verilmişdir. Verilmiş əmrə əsasən, iddiaçı məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsin vəzifə funksiyalarının icrasına mane olmuş, habelə öz vəzifə səlahiyyətlərini keyfiyyətsiz yerinə yetirmiş və nöqsanlara yol vermişdir. Hesab edir ki, verilən töhmət əmri tamamilə əsassızdır və qərəzlidir. Həmçinin, intizam tənbehinin verilməsi barədə əmrdə göstərilən müddətlərdə iddiaçı xəstələnmiş, 3 dəfə xəstəlik vərəqəsi götürmüş, uzun müddət xəstəxanada olmuşdur. İddiaçı xəstəxanada olduğu halda, məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsin vəzifə funksiyalarının icrasına necə mane ola bilməzdi. Cavabdeh qərəzli olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin uzadılmamasını “əsaslandırmaq” üçün töhmət vermək qərarına gəlmişdir və bu səbəbdən iddiaçını ona təhmət verilməsi barədə məlumatlandırmamışlar. İddiaçı xx.xx.2024-cü il tarixində xitam verildiyi haqda məlumatlandırılmışdır. Daha sonra idarənin məsul şəxslərinin qəbuluna yazılmaq üçün dəfələrlə 146 qaynar xətti vasitəsilə müraciətlət edərkən telefon operatorlarından biri iddiaçıya iyun ayında töhmət verilməsi barədə məlumat vermişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Nərminə Hüseynovanın qəbulunda olarkən verilmiş töhmət əmrinin surətinin ona təqdim olunmasını tələb etmiş və verilmiş töhmət əmrinin surəti idarə rəhbərliyinin göstərişi ilə iddiaçıya təqdim olunmuşdur. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 163 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə xidməti araşdırma aparılmış və bir sıra nöqsanlar aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı 23 yanvar 2024-cü il tarixdən həmin məktəbin direktor səlahiyyətlərinin müvəqqəti icrasından azad edildiyi halda 13 fevral 2024-cü il tarixədək məktəbin müəllimi, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ramil Tanrıverdinin öz vəzifə funksiyalarının icrasına mane olmuşdur. Belə ki, Nümayəndə direktor səlahiyyətlərinin müvəqqəti icrasından azad olunduğu halda, əmr kitabını direktor səlahiyyətlərini müvəqqəti icra edən Ramil Tanrıverdiyə təhvil verməkdən imtina etmişdir, habelə 13 fevral 2024-cü il tarixədək əmr kitabında əmrlərin qeydiyyatını aparmışdır. Cari tədris ili üzrə müvafiq əmr əsasında təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı musiqi fənnini tədris etməli olduğu ibtidai siniflərin sinif rəhbərləri ilə aparılan şifahi sorğu-sual zamanı bildirdilər ki, cari tədris ilinin əvvəlindən araşdırma aparılan tarixədək bir-iki dəfə istisna olmaqla musiqi fənni tədris olunmamışdır. Tədris olunmayan dərs saatlarına görə İddiaçı əməkhaqqı ödənilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytən Xudiyeva 22-28 dekabr 2023-cü il tarixlərdə, məktəbin ingilis dili müəllimi Sevda Babayeva 08-12 yanvar 2024-cü il tarixlərdə ölkə xaricində olduqları halda həmin vaxt direktor səlahiyyətlərini müvəqqəti icra etmiş İddiaçı tərəfindən rəsmi sənəd olan iş vaxtının uçotu tabellərinə daxil edilmiş məlumatlara əsasən Aytən Xudiyevaya və Sevda Babayevaya əmək haqqı ödənilmişdir. 2023/2024-cü tədris ili üzrə fərdi təhsil dərsləri və dərnək məşğələlərinin cədvəli təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən tərtib edilməmişdir. Fərdi təhsil üzrə 7 “F” sinif jurnalında birinci və ikinci yarımilə aid dərs cədvəlləri yazılmamışdır. Fərdi təhsil jurnalına baxış keçirilərkən Azərbaycan dili fənni səhifəsinin 29 mart 2024-cü il tarixdən, fizika fənni səhifəsinin 27 fevral 2024-cü il tarixdən, xarici dil fənn səhifəsinin 25 yanvar 2024-cü il tarixdən sonra yazılmadığı, habelə “Təlim nailiyyətləri haqqında yekun məlumat” səhifəsində riyaziyyat və kimya fənlərindən başqa digər fənlər üzrə şagirdlərin bal və qiymətləri yazılmamışdır. Jurnalın “Qiymətləndirmələr” səhifəsində riyaziyyat, xarici dil və biologiya fənləri üzrə birinci yarımildən sonra keçirilmiş kiçik summativ qiymətləndirmənin (KSQ) nəticələri qeyd olunmamışdır. Qeyd olunan nöqsanlarla bağlı “Sinif jurnalının aparılmasına dair qeydlər” səhifəsində heç bir qeyd yazılmamışdır. Araşdırma zərurəti ilə əlaqədar buraxılan və əvəz olunan dərslərin uçotu istənildikdə təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı kitabın evdə olduğunu bildirmiş və araşdırmaya təqdim etməmişdir. Dərsdənkənar məşğələ jurnallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, 10”C” sinfində fizika fənni üzrə 11 mart 2024-cü il tarixdən, Azərbaycan dili fənni üzrə 12 fevral 2024-cü il tarixdən, 10”A” sinfində Azərbaycan dili fənni üzrə 22 fevral 2024-cü il tarixdən, riyaziyyat fənni üzrə 06 fevral 2024-cü il tarixdən sonra jurnallar yazılmamışdır. Müəyyən olunmuşdur ki, dərsdənkənar məşğələyə bütün sinif cəlb olunmamış, bununla da “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”nın tələbləri pozulmuşdur. Cari tədris ilinin əvvəlindən araşdırma aparılan tarixədək təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən dərnək və dərsdənkənar məşğələlərin fəaliyyəti yarımillik üzrə qiymətləndirilməmiş, habelə heç bir dərsdinləmə aparılmamışdır. Böyük summativ qiymətləndirmənin təşkili ilə bağlı apellyasiya komissiyalarının yaradılması barədə əmr verilməmişdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı direktor səlahiyyətlərini müvəqqəti icra etdiyi müddətdə laborant Lalə Qədiməliyeva vasitəsilə müəllimlərdən 5 manat olmaqla ümumilikdə hər ay 350-400 manat pul yığmışdır. Tədris ilinin əvvəlində yeni jurnalların üzlənməsi üçün sinif rəhbərlərindən 10 manat pul Lalə Qədiməliyeva tərəfindən yığılaraq İddiaçı verilmişdir. 2024-cü ilin yanvar-fevral aylarında növbədənkənar Prezident seçkiləri ərəfəsində Nümayəndə göstərişi ilə Lalə Qədiməliyeva müəllimlərdən 20 - 50 manat arası pul yığmışdır. Həmin dövrdə L.Qədiməliyeva Nümayəndə göstərişi ilə ümumilikdə 450-500 manat məbləğində pulu yığaraq sonuncuya vermişdir. Cari tədris ilində İddiaçı səhhəti ilə bağlı işə çıxmadığı müddətdə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Aygün Məmmədova yaranmış zərurətlə əlaqədar direktorun xidməti iş otağına daxil olmuşdur. Lazım olan sənədlər iş otağında tapılmadıqda İddiaçı həmin sənədləri evindən götürərək məktəbə gəlmiş və təsərrüfat müdirinin ünvanına “Aygün kimdir ki, mənim otağımın qapısını açır?” ifadəsini işlətmişdir. Bu zaman məktəbin təşkilatçısı İlhamə Abbasova, işçilər Rəvanə Həsənova, Lalə Qədiməliyeva “Reyhan müəllimə, Aygün xanımın oğlu şəhiddir, elə deməyin” deyə bildirdikdə Nümayəndə “Mən şəhid-məhid hərləmirəm” ifadəsini işlətmişdir. Qeyd olunanlar araşdırma zamanı tərtib olunmuş aktlar və aidiyyəti şəxslərin izahatları ilə təsdiq olunmuşdur. Bakı şəhəri 163 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı 02 may 2024-cü il tarixdə araşdırma ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət olunmuş və qeyd olunan məsələlərlə bağlı ona izahat verməsi təklif olunmuşdur, lakin o izahat verməkdən imtina etmişdir. Yuxarıda qeyd olunan səbəblərdən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, Bakı Şəhəri ürzə Təhsil İdarəsi qərəzli olaraq onunla bağlanmış əmək müqaviləsini uzadılmamasını əsaslandırmaq üçün töhmət vermək qərarına gəlmişdir və bu barədə İddiaçı guya məlumat verilməmişdir. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır (AR ƏM maddə 189.3). İddiaçı əmr ilə tanış olmuşdur və tələb etdiyində əmrin surəti ona təqdim edilmişdir. Həmçinin, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Yəni əmək müqaviləsinə xitam verilməsi İddiaçı intizam tənbehinin verilməsi ilə əlaqəli olmamışdır. Həmçinin iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, guya intizam tənbehinin verilməsi barədə əmrdə göstərilən müddətlərdə iddiaçı xəstələnmiş, 3 dəfə xəstəlik vərəqəsi götürmüş və xəstəxanada olmuşdur. Lakin, etiraza əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 22 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək, 29 mart 2024-cü ildən 31 mart 2024-cü il tarixinədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliklə bağlı işdə olmamışdır. Bundan başqa qeyd etmək istəmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmüşdür. Yuxarıda göstərilənlər araşdırma zamanı toplanmış materiallarla öz təsdiqin tapır və bir daha aydın olur ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia tələbləri tam əsassızdır və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli intizam tənbeh barədə əmrin etibarsız hesab edilməsi, həmçinin 61 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli intizam tənbeh barədə əmrin qanunsuz olduğu üçün ləğv edilməsi, həmçinin 61 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabadehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məlumat verilməklə ona aid sənədlərin təqdim edilməsi məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 17) tərəflərindən xx.xx.2024-cü il tarixli 3-175/2-62563/2024 nömrəli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərdən və “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında müxtəlif tarixlərdə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müxtəlif maddələrinə əsasən xitam verildiyi, həmçinin sonuncu dəfə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixli əmrlə xitam verildiyi və həmin xitam əmrində əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur Əmək müqavilənizə xx.xx.2024-cü il tarixində xitam verilməsi səbəbindən Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyi zamanda 30 gün ərzində əmək müqavilənizə xitam verilməsi barədə əmri ləğv edərək törədilmiş hüquq pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməsi barədə X2 məktub ünvanlanmışdır. Müraciətdə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmrlə müəssisəyə rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Bakı şəhəri 163 nömrəli tam orta məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İntizam tənbehinin verilməsinə əsas kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadənin xx.xx.2024-cü il tarixli DY-97 nömrəli xidməti məruzəsi qeyd edilmişdir. Həmin əmrdə həmçinin göstərilmişdir ki, Bakı şəhəri 163 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə xidməti araşdırma aparılmış və bir sıra nöqsanlar aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixdən məktəbin direktor səlahiyyətlərinin müvəqqəti icrasından azad edildiyinə baxmayaraq, xx.xx.2024-cü il tarixədək məktəbin müəllimi, direktor səlahiyyətlərini müvəqqəti icra edən Ramil Tanrıverdinin vəzifə funksiyalarının icrasına mane olmuş, habelə öz vəzifə səlahiyyətlərini keyfiyyətsiz yerinə yetirmiş və nöqsanlara yol vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli “vəzifənin icrasından azad edilmə və vəzifənin icrasının müvəqqəti həvalə edilməsi” barədə əmrinə əsasən Bakı şəhəri 163 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixdən həmin məktəbin müvəqqəti direktoru vəzifəsindən azad edilmiş, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icrası xx.xx.2024-cü il tarixdən 3 ay müddətinə həmin məktəbin tarix müəllimi X1 həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən 1. işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən 1. intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2. intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 3. intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 4. idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. İş materiallarından göründündüyü kimi xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas olaraq xx.xx.2024-cü il tarixli xidməti məruzə göstərilmişdir. Halbuki, qanunvericiliklə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Beləliklə, bununla da müəyyən edilir ki, intizam tənbehi qanunvericiliyin müddəları pozulmaqla verilmiş və buna görə də qanunsuz olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı madəsinin 3-cü bəndinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə etirazda göstərdiyi dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci madəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə araşdırması zamanı cavabdeh olan işəgötürən intizam təhbeh tədbirinin verilməsi barədə əmrin iddiaçı tərəfindən nə vaxt tanış olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı öz izahatında həmin əmrlə xx.xx.2024-cü il tarixdə tanış olduğunu qeyd etmişdir. Bunun təsdiqi kimi onun mobil telefonuna xx.xx.2024-cü il tarixdə Bakı şəhər Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın xx.xx.2024-cü il tarixdə saat 11:00-da 87177 qəbul nömrəsi ilə sms xəbərdarlığın gəlməsini və göstərilən tarix və saatda gəbulda olmasını bildirmişdir. İş materialllarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan müəyyən olunur ki, tərəfə bildiriş xx.xx.2024-cü il tarixində göndərilmişdir. İş materialllarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, sessiya xx.xx.2024-cü il tarixdə yekunlaşmışdır. Qeyd olunanları və iddia ərizəsinin Məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmasını nəzərə alaraq, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək müddətinin ötürülmədiyi aşkardır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 61 manat cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, cavabdeh isə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən qurum olduğundan dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri üzrə Təhsil İdarəsinin intizam tənbehinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29-59/3-2298F/2024 nömrəli əmri ləğv edilsin. Bakı şəhəri üzrə Təhsil İdarəsindən 61 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar