Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1311/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «yaşayış sahəsinin boşaldılması, cavabdehlərin yaşayış sahəsindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh1 qarşı «yaşayış sahəsinin boşaldılması, cavabdehin və digər şəxslərin yaşayış sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və digər şəxslərin (qohumlarının) qanunsuz olaraq yaşadığı Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi ev 42 mənzil 21, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən, onun xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılması və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi ev 42 mənzil 21, yeni qaydalarla Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi, giriş 42, M7, mənzil 1 tam mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd olunan mənzili cavabdehdən xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı zamanı cavabdeh ona bildirdi ki, 15 gün ərzində mənzili boşaldıb ona təhvil verəcəkdir. Lakin cavabdeh mənzilindən çıxmaqdan imtina edir. Halbuki, alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə bağlandığı andan mənzili onun sahibliyinə və istifadəsinə verməli idi. Hal-hazırda cavabdeh və tanımadığı qohumu ona məxsus mənzildə yaşayırlar. Cavabdehə dəfələrlə xəbərdarlıqlar etsə və onunla söhbətlər aparsa da, cavabdeh həmin mənzili boşaltmaq və oradan çıxmaq istəmir. Ona görə də, bu məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da bildirmək istəyir ki, cavabdehin ona məxsus xüsusi mülkiyyətində olan yaşayış sahəsini boşaltmaması nəticəsində onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur və pozulmaqda davam edir. O, həmin sahədən təyinatına uyğun istifadə edə bilmir, bu isə onun mənafeyinə ciddi ziyan vurur. Cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi ev 42 mənzil 21, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzildə cavabdehlə yanaşı Cavabdeh2 (xx.xx.1973, AA*******), Cavabdeh3 (xx.xx.1977, AZE *******), Cavabdeh4 (xx.xx.1998, AA 3555529) və Cavabdeh5 (xx.xx.1999, AA 4288849) yaşayırlar. Belə olduğu halda yuxarıda adları qeyd olunan şəxslər də cavabdeh qismində işə cəlb olunmalıdır. Odur ki, Cavabdeh2 (xx.xx.1973, AA*******), Cavabdeh3 (xx.xx.1977, AZE *******), Cavabdeh4 (xx.xx.1998, AA 3555529) və Cavabdeh5 (xx.xx.1999, AA 4288849) cavabdeh qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanunsuz olaraq yaşadıqları Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi ev 42 mənzil 21, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən, onun xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılması və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, evi bəyənib almış, sonradan isə Sirac adlı alqı-satqı ilə məşğul olan şəxsin vasitəsilə satmışdır. Evi satmaqda Sirac vasitəçilik etmişdir, müştərini, yəni hazırki iş üzrə iddiaçını Sirac tapmışdır. Siracda evin açarları olmuş və Sirac evi alan şəxsə göstərmişdir. Ev həmin vaxt boş olmuşdur, evdə heç bir kənar şəxs olmamışdır. Evi alan şəxsi yalnız bir dəfə alqı-satqı zamanı notariusda görmüşdür. Bütün danışıqları Sirac aparmışdır.Alqı-satqı olmuş, pulunu almış və evin hansı tarixdə müştəriyə verilməsini də Sirac həmin şəxslə razılaşdırmışdır.Hazırda onun bu məsələyə heç bir aidiyyəti və cavabdehliyi yoxdur. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, onlar Sirac adlı şəxsə pulu ödəmiş və evi almışlar. Onlar hazırki iddiaçını tanımırlar, Sirac adlı şəxsi illərdir tanıyırlar, əvvəllər də Siracla ev alqı-satqısı işləri olmuşdur. Hazırki mübahisəni Siraca bildirdikdə Sirac onlara narahat olmamalarını, məsələni həll edəcəyini demişdir. Siraca pulu digər qohumu Ülviyyə vermişdir, evi də Ülviyyə üçün almışlar, Siracla heç bir müqavilə bağlamamışlar, Siracı uzun illər tanıdıqları üçün ona güvənmişlər, sonradan Sirac həbs edilmiş, lakin hazırda azadlıqdadır. Hazırki iddiaçı onlara müraciət edərək evi rəsmi qaydada aldığını bildirmiş və onlardan evi boşaltmalarını tələb etmişdir, lakin onlar evi Siraca pul verib aldıqları üçün evdən çıxmaq fikirləri yoxdur.Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında dindirilmiş X1 ifadəsində bildirdi ki, qudası Sevinc Məhərrəmova vasitəsi ilə Siracı tanımışdır. Sirac ev alqı-satqısı ilə məşğul olan şəxsdir və əvvəllər də Sirac vasitəsilə digər qohumları ev almışlar. Siraca Bakıda ev almaq istədiklərini bildirmişlər və Sirac da onlara həmin evi təklif etmişdir. 2024cü ilin iyun ayında Bakıya gəlmişlər onlara evi göstərmişlər və evi bəyənmişlər. Ev 3 otaqlı idi. Evin çıxarışını görməmişdir. Evin qiymətini 300.000 manata razılaşmışlar. Sirac onlara bildirmişdi ki, ev şirkətindir. 2024-cü ilin iyun ayında Siraca 100.000 manat ödəmişlər, onu da razılaşdırmışdılar ki, sentyabr ayına kimi evin dəyərini tam ödəyəcək və alqı-satqı edəcəkdilər. Bundan sonra qudası evə 100.000 manatlıq cehiz yığmışdır. Daha sonra oktyabr ayında Sirac evi başqasına satmışdır. Evi oğlu Şamxalın adına rəsmiləşdircəkdilər. Hazırda isə evdə özləri yaşayır. Alqı-satqını Siracdan tələb etməmişdirlər, çünki, Siraca güvənirdilər. X3 vermişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri 51 saylı notariat ofisində 22 oktyabr 2024-cü il tarixdə bağlanmış 4Ə- 2307 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin notariat işindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 42 saylı evin 21 saylı mənzili (yeni qaydalarla ünvan 1) 330.000 (üç yüz otuz min) manata İddiaçı satmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mənzilin alqı-satqı dəyəri olan 330.000 manatı notariat kontorunun depozit hesabına köçürmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin aidiyyəti ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 42 saylı evin 21 saylı mənzili (yeni qaydalarla ünvan 1) xüsusi mülkiyyət hüququ ilə tam pay üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin aidiyyəti ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 42 saylı evin 21 saylı mənzili (yeni qaydalarla ünvan 1) xüsusi mülkiyyət hüququ ilə tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 42 saylı evin 21 saylı mənzili (yeni qaydalarla ünvan 1) Cavabdeh1 tərəfindən İddiaçı satılmış və iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə üzərinə öhdəliklər götürsə də, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Bununla da, iddiaçının dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ pozulmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mənzildə iddiaçının iradəsi ziddinə olaraq şəxslər başqa şəxslə (şəxslərlə) sövdələşmələrinə görə qanunsuz olaraq yaşamaqda davam edirlər. Müəyyən edildiyi kimi həmin şəxslərin mənzilə daxil olaraq orada yaşamalarına iddiaçı razılıq verməmişdir. İş üzrə cavabdehlərin və ya digər şəxslərin həmin mənzildən mülkiyyətçi olmayan, habelə mülkiyyətçi tərəfindən belə bir səlahiyyət verilməyən şəxs (şəxslərlə) hər hansı sövdələşmə əsasında istifadə və sahiblik etməsi mülkiyyətçinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Hazırda iş üzrə müəyyən edilmiş cavabdehlərin həmin mənzildə qalması iddiaçının mühüm insan hüquqları sırasında yer alan mülkiyyət hüquqları aşkar şəkildə pozur və odur ki, iddiaçının haqlı tələbi təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanunsuz olaraq yaşadıqları Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi ev 42 mənzil 21, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılmalı və yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi ev 42 mənzil 21, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılsın və yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1311/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1311/2025
11.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver