Məhkəmə qərarları › İş №e-2(006)-1388/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1388/2023

03.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1388/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - X1, Cavabdehin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 olmaqla, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «işə bərpa və s.» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 olmaqla, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş H-1596 saylı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, cavabdehin üzərinə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və iddiaçını tutuduğu vəzifəyə bərpa edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər, Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbə xx.xx.2003-ci ildə 66 nömrəli əmrlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə isə K-1296 nömrəli Əmr ilə təlim-tərbiyə işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyətini həyata keçirən dövr ərzində barəsində hər-hansı tənbeh növü tətbiq edilməmiş, işində daima diqqətli və səriştəli olmuş, lakin buna baxmayaraq əsassız olaraq 17 noyabr 2022-ci il tarixində Əmək müqaviləsinin ləğv edilmə əsasları kimi Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə istinad olunmuşdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrdə pedaqoji şuranın iclas protokolu əsas kimi qeyd edilməmiş, xx.xx.2022-ci il tarixdə cavabdeh və Bakı şəhər, Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin direktoruna onun barəsində keçirilmiş pedoqoji şuranın iclas protokolu və iclasın stenoqramasına dair sənədləri barədə göndərdiyi sorğusuna cavab verilməmişdir. Göndərilən sorğularda təhvil alınması haqqında qeydlər də edilmişdir. Mediasiyaya dair arayışını xx.xx.2022-ci il tarixində əldə edib. Bütün qeyd etdikləri qanunsuz və əsassız olduğundan hesab edir ki, həmin əmr ləğv edilməli və işinə bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, Pirallahı rayonu 235 saylı orta məktəbdə iddiaçı ilə iş yoldaşıdır. 2013-cü il tarixdən iddiaçını tanıyır. Həmin məktəbdə 1998-ci il tarixdən texnologiya müəllimi vəzifəsində işləyir. İddiaçının kollektiv ilə mübahisəsi olmamışdır. 2013-cü il tarixdə iddiaçı təşkilatçı olmuşdur. İcra hakimiyyəti nümayəndələri iddiaçının keçirdiyi sərgi və tədbirlərdə iştirak edirdi. İddiaçı məktəbdə çox fəal və daxili nizam-intizam qaydalarına riayət edən müəllim kimi tanınmışdır. Məktəbdə Pedoqoji Şura təşkil edildi və iddiaçı işdən çıxarıldı. Məktəbdə üç dəfə direktor dəyişildi. Birinci direktor Şahin müəllim korrupsiya ilə əlaqədar olaraq işdən çıxarıldı. Şahin müəllimdən sonra Elnur müəllim direktor vəzifəsinə təyin edildi. İndi direktor vəzifəsində Seymur müəllimdir. Qeyd etdiyi direktorlar ilə iddiaçı 231 saylı orta məktəbdə birlikdə işləmişlər. İddiaçı 231 saylı məktəbdən əvvəl də məktəbdə işləmişdir. Daha sonra ikinci dəfə məktəbə qayıtmışdır. Pedoqoji Şura keçirilən zaman orada iştirakı ilə bağlı sənədə imza çəkdirdilər. Davamiyyət cədvəlinə bütün müəllimlər imza çəkmişdir və məlumatları olmadan həmin sənədin arxa hissəsində iddiaçının işdən çıxarılması barədə protokol tərtib edilibmişdir. İddiaçı müəllimlərdən 1% məbləğində pul tələb etməmişdir. Ümumiyyətlə iddiaçı heç bir zaman heç birindən pul tələb etməmişdir. İddiaçı məktəbə qayıdandan sonra şagirdlər arasında nizam-intizam qaydalarına əməl olunması məsələsinə nəzarət etdi və şagirdin birinin üzərindən bıcaq tapdı. Bu hadisədən sonra iddiaçı ilə mübahisə etməyə başladılar. Çünki qeyd etdilər ki, məktəbin inspektoru bu məsələlərə baxmalıdır. Məktəbin reytinqi düşməməlidir. Bir sözlə, məsələni gizlətməyə çalışırdılar. Bundan sonra iddiaçının işdən çıxarılması barədə protokol tərtib etdilər və həmin protokolu onlara davamiyyət cədvəli kimi təqdim edib, onlara imza çəkdirdilər. İddiaçının işdən çıxarılma səbəbi kimi isə iddiaçının 1% pul yığması kimi göstərdilər. Halbuki belə hadisə baş verməmişdir. Məktəbdə əvvəlki direktorlar 2%-3% məbləğində müəllimlərdən məktəbin təmir edilməsi üçün fond pulu yığırdılar. Əmr tərtib ediləndə Pedoqoji Şuranın iclasında iştirak etmişdir. Şagirddən bıcaq aşkarlanan zaman orada deyildi. Həmin ərəfələr bülletendə idi, lakin işə gedib-gəlirdi. Qeyd etdiyi Pedoqoji Şurada iddiaçı bir qrup müəllim tərəfindən sıxışdırıldı və iddiaçı tərəfdən Solmaz müəllim etirazını bildirdikdə Telli müəllim Solmaz müəllimə qarşı aqresiv tərzdə onun qolundan tutdu. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, iddiaçı müəllim yoldaşıdır. Məktəbdə 5 ildir ki, ibtidai sinif müəllimi vəzifəsində işləyir. İddiaçını 2-3 aydır ki, tanıyır. İddiaçının rəhbərliklə münasibəti yaxşı idi. İddiaçının Elnur müəllim ilə də münasibəti yaxşı idi. Elnur müəllim ilə iddiaçı arasında mübahisə çox güman vəzifə üzərində oldu. İddiaçı heç kimdən pul almayıb. Ümumiyyətlə 1% söhbəti olmayıb. İddiaçı işlədiyi dövrdə valideyn, şagird və müəllim kollektivi iddiaçıdan razı olublar. Pedoqoji Şurada iştirak etmişdir. Pedoqoji Şuranın iclasında iddiaçı heç nə demədi. İddiaçıya qarşı qruplaşma yarandı. Direktoru nazirlik təyin edir. Telefonunda mesaj qruplarındakı mesajlarda Elza müəllimin müəllim kollektivinə nizam-intizam qaydalarına uyğun olaraq müraciətləri var. Elza xanıma qarşı haqsızlıq oldu. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, məktəbdə 5 ildir ki, texniki işçidir. İddiaçını tanıyır. Elnur müəllim və iddiaçı ilə münasibətləri yaxşıdır. İddiaçı məktəbə gələndə məktəbin abu-havası yaxşıya doğru dəyişdi. İddiaçı heç kimlə mübahisə etməmişdir. Dəhlizdə iclasdan qabaq bir qrup müəllim onların bu gün arzularının reallaşacağı barədə fikirlərini bildirdilər. Humay xanım və onu dəstəkləyən bir qrup müəllim Elza xanıma qarşı idilər. İddiaçı Şuranın iclasına daxil olduqdan sonra orada səs-küy saldılar. İddiaçı səs salmadı. İclasda iştirak etməmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, hazırda 235 saylı orta məktəbdə rus dili müəllimi işləyir. 231 saylı orta məktəbdə təşkilatçı vəzifəsində işləyirdi. 2013-cü il tarixdən 235 saylı orta məktəbdə işləməyə başlamışdır. İddiaçı ilə ayrı-ayrı məktəblərdə eyni vəzifədə olmuşlar, sadəcə olaraq rəhbərliyin göstərişi əsasında iddiaçının vəzifəsinə keçmiş və iddiaçı ilə yer dəyişdirmişdir. Təşkilatçılıqdan öz ərizəsi əsasında imtina etmişdir. İddiaçı ilə ədavəti yoxdur. İddiaçının tərtib etdiyi cədvələ görə müəllimlərin iş qrafikləri bərbad vəziyyətdədir və buna görə də əziyyət çəkirlər. İddiaçı məktəbdə mübahisələr yaradırdı. 1% pulun yığılması ilə bağlı iclasda iştirak etməmişdir. İddiaçı 5-ci sinif şagirdinin çantasından əşya tapdı və həmin sinfin valideynlərinə uşağın psixologiyasında problemlərin olması ilə bağlı ərizə yazdırdı və imzalatdırdı. Ərizəyə əsasən guya həmin şagirdlə bağlı onlara müraciət edilməsinə baxmayaraq həmin şagirdlə bağlı bir tədbir görməmişlər. Valideynlər həmin ərizəni məlumatları olmadan imzalamışdılar. Həmin ərizəni imzalayan müəllimləri qəbul etmiş, lakin onlar imzaladıqları ərizənin məzmunundan məlumatlarının olmamasını bildirdilər. O da bu məsələni direktor Elnur müəllimə məruzə etmişdir. İddiaçı direktorun otağından çıxdıqdan sonra polisə zəng etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkili) və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-1596 saylı Əmrindən görünür ki, Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcölləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 noyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Eyni zamanda həmin əmrdən müəyyən olunur ki, Bakı şəhəri 235 nömrəli tam orta məktəbin sabiq direktor əvəzi Cavabdeh2 və məktəbin bir neçə işçisinin müraciətləri əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılmışdır. Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı məktəbə təyin olunduğu vaxtdan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərdən aldığı əməkhaqlarının hər ay 1%-ni ona vermələrini tələb etmişdir. İddiaçı təyin olunduğu az bir müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllimlərlə kobud davranmış, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesinin pozulmasına və şagirdlərin keyfiyyətli tədris almalarına mane olmuşdur. Bununla da müəssisənin normal iş rejimi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən «Müəllimlərin etik davranış Qaydaları»nın tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən, təlim-X17 direktor müavini İddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbə təyin olunduğu vaxtdan məktəbdə qeyri-sağlam mühit formalaşmış, psixoloji mühit gərginləşmiş və bu da öz növbəsində tədris mühitinin zəifləməsinə səbəb olmuşdur. xx.xx.2003-cü il tarixli ******* saylı Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbə kitabxanaçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdən Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 noyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Bakı şəhəri 235 nömrəli tam orta məktəbi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 35 saylı təqdimatdan görünür ki, xx.xx.2022ci il tarixində saat 11:00 radələrində direktorun xidməti iş otağında X16 üzrə Direktor müavini İddiaçı ilə X17 direktor müavini X4 arasında insident baş vermişdir. Belə ki, onlar biri-birlərinə qarşı xoşagəlməz və təhqiredici ifadələr işlətmişdilər, İddiaçı xx.xx.2022-ci il tarixində məktəbə X16 üzrə Direktor müavini vəzifəsinə təyin edilib. İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi fəaliyyəti dövründə vaxtı ilə bu məktəbdə işlədiyini və onun bu məktəbdən çıxarıldığını səsləndirərək bəzi işçilərə qarşı qərəzli münasibət göstərir. Məktəbə gəldiyi gündən kollektiv arasında münasibətlər mənfi istiqamətdə gedir. Kollektivə qarşı intriqaya yol açan, qıcıqlandıran ifadələr işlədir. Baş vermiş hadisə ilə bağlı X16 üzrə Direktor müavini İddiaçı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, Pirallahı rayon polis idarəsindən məktəbə gəlmiş polis zabiti X16 üzrə Direktor müavini İddiaçı izahat almışdır. Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai Siyasi Humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və şöbənin əməkdaşı Loğman Müslümovda məktəbdə olmuş tərəfləri dinləmiş tövsiyyələrini vermişdilər. xx.xx.2013-cü il tarixində İddiaçı müəllimə yaraşmayan hərəkətlərinə görə, tez-tez münaqişə yaratdığına görə, nalayıq ifadələrinə görə Bakı şəhəri Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin X17 direktor müavini vəzifəsindən azad edilmiş və 231 nömrəli məktəbə X17 direktor müavini vəzifəsinə təyin edilmişdir. Vaxtilə eyni davranışları 231 nömrəli məktəbdə də göstərmişdir. 231 nömrəli məktəbin kollektivi İddiaçı dözülməz hərəkətlərinə görə BŞTİ-yə rəsmi qaydada müraciət də etmişdir. İddiaçı bu dözülməz, müəllimə yaraşmayan hərəkətlərinə görə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı da BŞTİ-yə təqdimat yazmışdır. Hadisənin nəzarətə götürülməsini və hər iki müavin haqqında məktəbin normal iş fəaliyyətinə təsir edəcək münasibət sərgilədiklərinə görə barələrində tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 81 nömrəli protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli təqdimatının təmin edilməsi və əmək fəaliyyətlərində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Nəzarət sektorunun aparıcı məsləhətçisi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinə ünvanlanmış məktubdan görünür ki, məktəb kollektivi tərəfindən ünvanlanmış müraciətdə qeyd olunmuşdur ki, Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı məktəbə təyin olunduğu vaxtdan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərdən aldığı əməkhaqlarının hər ay 1 %-ni ona vermələrini tələb etmişdir. İddiaçı təyin olunduğu az bir müddət ərzində məktəbin rəhbər işçiləri, habelə müəllimlərlə kobud davranmış, məktəbdə süni intriqalar yaradaraq normal tədris prosesinin pozulmasına və şagirdlərin keyfiyyətli tədris almalarına mane olmuşdur. Sonuncu vəzifə statusundan irəli gələn imkanlardan sui-istifadə etmək məqsədilə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu bildirərək pedaqoji kollektivdə yanlış təsəvvür yaratmağa cəhd etmişdir. Təlim-X17 direktor müavini İddiaçı tərəfindən “Müəllimlərin etik davranış Qaydaları”na əməl olunmaması, qeyri-qanuni hərəkətləri barədə 13 oktyabr 2022-ci il tarixdə 49 nəfər pedaqoji kollektiv üzvünün iştirakı ilə Pedaqoji Şura iclası keçirilmişdir. Pedaqoji Şurada çıxış edən kollektiv üzvləri direktor müavini İddiaçı vəzifəyə təyin olunduğu vaxtdan pedaqoji kollektiv üzvlərini təhqir etdiyini, vəzifə funksiyalarını yerinə yetirmədiyini, məktəbin normal iş rejiminin pozulduğunu bildirmişlər. Pedaqoji Şura iclasının yekununda əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair tabelik üzrə Bakı Şəhəri üzrə Təhsil idarəsinə təqdimat ünvanlanmasına dair qərar qəbul edilmişdir. Qeyd olunanlarla bağlı Bakı şəhəri 235 nömrəli tam orta məktəbin direktor əvəzi Cavabdeh2 tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış 14 oktyabr 2022-ci il tarixli 45 nömrəli təqdimatda qeyd olunmuşdur ki, İddiaçı məktəbə təyin olunduğu vaxtdan qərəzli mövqe nümayiş etdirir, mütəmadi olaraq münaqişə yaratmağa çalışır. Bununla bağlı qeyd olunmuşdur ki, 28 sentyabr 2022-ci il tarixdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Humay Paşayeva ilə təlim-X17 direktor müavini İddiaçı arasında baş vermiş mübahisə zamanı tərəflər bir-birinin ünvanına müəllim adına və nüfuzuna yaraşmayan ifadələr işlətmiş, qarşılıqlı olaraq bir-birini təhqir etmiş, bununla da müəssisənin normal iş rejimi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11,2014-cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən «Müəllimlərin etik davranış Qaydaları»nın tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən, təlim-X17 direktor müavini İddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbə təyin olunduğu vaxtdan məktəbdə qeyrisağlam mühit formalaşmış, psixoloji mühit gərginləşmiş və qeyd olunan hallar da tədris mühitinin zəifləməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbə kitabxanaçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdən Bakı şəhəri 235 nömrəli tam orta məktəbin təlim-X17 direktor müavini ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 17 noyabr 2022-ci il tarixdən ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddia tələbində qeyd etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi hallar üzrə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə iş materiallarından aydın olur ki, təlim-X17 direktor müavini olmuş iddiaçı Bakı şəhəri 235 nömrəli tam orta məktəbdə işlədiyi dövrdə məktəbdə qeyri-sağlam mühit formalaşmış, psixoloji mühit gərginləşmiş və qeyd olunan hallar da tədris mühitinin zəifləməsinə səbəb olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən göstərilən halların təkzib edilməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, o cümlədən iddiaçı barəsində qəbul edilmiş əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Bununla da iddiaçı göstərilən hərəkətləri nəticəsində məktəbdə işin və əmək intizamının normal ahəngini pozmuşdur ki, bu hal da cavabdehə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməsi üçün əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən əsasla cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi müddətini (30 gün) və bu müddətin iddia müddətinin axımının dayandırılmasına səbəb olmasını nəzərə aldıqda, iddia müddəti keçməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar