Məhkəmə qərarları › İş №e-2(006)-1407/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1407/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1407/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 006 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh mənzil-tikinti kooperativinin üzərinə qoyulması, iddiaçının ödədiyi dövlət rüsumunun, habelə vəkil xərclərinin Cavabdeh mənzil-tikinti kooperativindən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsindəki 72 saylı evin 4 nömrəli mənzili tam mülkiyyət hüququ ilə ərizəçiyə məxsusdur. Onun mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi ÖM seriyalı 073798 nömrəli, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi ilə təsdiq olunub. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı 281 nömrəli 03.11. 2017-ci il tarixli sərəncamına istinadən cavabdeh Ərizəçinin mənzili olan ərazidə yerləşən mənzil və ev mülkiyyətçiləri ilə müqavilələr imzalanmasını təklif edib. xx.xx.2017-ci il tarixində cavabdeh ilə ərizəçi arasında 006 nömrəli müqavilə bağlanıb. Müqavilənin 1.1.1 və 1.1.2-ci bəndlərinə əsasən ərizəçi öz mənzilini sökülmək üçün təhvil verməyi, cavabdeh isə müqavilə ilə şərtləndirilmiş müddət və qaydada həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ərizəçiyə sahəsi 35,4 kv.m olan təmirli mənzil verilməsini öhdələrinə götürüblər. Müqavilənin 2.2.5-ci maddəsinə əsasən cavabdeh yeni yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq mənzili ərizəçiyə təhvil verməlidirlər. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən ərizəçi mənzili cavabdehdən tələb etmək hüququna malikdir. Müqavilə imzalanan vaxtdan 5 il yarım keçməsinə və göstərilən ərazidə uzun müddət bina tikilib başa çatdırılsa da, indiyə kimi ərizəçinin mənzili verilmir. Müqavilə bağlanandan sonra, cavabdehin o zamankı rəhbəri Sadıqov Nicat deyib ki, hətta binada 35,4 kv.m-ə uyğun sahə olmasa, MMC hər hansı ödənişsiz ərizəçiyə 60 kv.m-lik mənzil verəcək. Hazırda həmin şəxs orada işləmir, ərizəçinin nümayəndəsi olaraq onun anası cavabdehin ofisinə gələndə, MTK-nın adından Namiq Rzayev adlı adam deyib ki, binada belə mənzil yoxdur, mənzillərin sahələri böyükdür, mənzil verilməsi üçün ərizəçi sahə fərqinə görə pul ödəməli, təmiri də özü aparmalıdır. Həmin şəxs onu da deyib ki, ərizəçiyə birotaqlı, birpəncərəli, mətbəxi, yataq otağı, qonaq otağı bir yerdə cəmləşən mənzil verəcəklər. Bütün bu müddətdə ərizəçiyə nəinki mənzil verilməyib, ona rəsmən heç bir mənzil təklif də olunmayıb. Üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur. Daha sonra, iddiaçının nümayəndəsi ərizə təqdim edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 006 nömrəli müqaviləyə əsasən təmirli mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh mənzil-tikinti kooperativinin üzərinə qoyulması, həmin müqavilə üzrə ərizəçiyə ödənilməli olan lakin, mənzil təhvil verilənə qədər ödənilməmiş kirayə haqqının tutulması, iddiaçının ödədiyi dövlət rüsumunun, habelə vəkil xərclərinin Cavabdeh mənzil-tikinti kooperativindən İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Cavabdeh MTK-nın müqavilə üzrə öhdəliyini icra edə bilməməsi səbəbindən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh MTK-nin arasında bağlanmış 006 saylı 04 noyabr 2017-ci il tarixli müqavilə üzrə, hal-hazırda yeni inşa edilmiş binada göstərilən ümumi sahəsi 35.4 kv.m ümumi yaşayış sahəsi olan mənzil yoxdur, bu səbəbdən MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilməsi qeyrimümkündür. Bununla bağlı MTK tərəfindən İddiaçı həmin müqavilə üzrə nəzərdə tutulan mənzil əvəzində, hər 1 kv.m görə 2500 manat pul məbləği olmaqla (35.4 x 2500=88500), cəmi 88500 manat pul məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. Lakin, İddiaçı təklifə hər-hansı bir münasibət bildirməmiş, məsələnin həlli istiqamətində MTK ilə əlaqəyə keçməmişdir. Həmçinin, bu təklifilə bağlı MTK tərəfindən iddiaçının nümayəndəsinə “whatsapp” vasitəsi ilə müraciət edilmişdir, lakin o da təklifə hər-hansı bir münasibət bildirməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Hafiz Aberkarov izahatında bildirdmişdir ki, müqavilə üzrə əsas məqsəd ondan ibarət olmuşdur ki, həmin ərazidə vətəndaşlara məxsus binada qəzalı vəziyyətdə olan evlərin sökülərək yeni tikiləcək binada sökülən mənzilin sahəsindən 20%-dən artıq sahəsi olan təmirli mənzil ilə təmin edilsinlər. Lakin, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. İddia tələbinin əsaslı olduğunu hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tikinti şirkəti Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə №006-nın surətindən görünür ki, həmin müqavilənin 1.1.1-ci bəndinə görə əmlak mülkiyyətçisinin bu müqaviləyə əsasən xx.xx.2001-ci il tarixində 30/8441 qeydiyyat nömrəsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi reyestrindən seriya ÖM № 073798 saylı qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 kv.m dən (faktiki 29.50 kv.m) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzilin qəbul etməsinin öhdəsinə götürməsi haqqında haqqında bağlanmışdır. Həmin müqavilənin 1.1.2-ci bəndində göstərilmişdir ki, tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 35.4 kv.m təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqəti yaşayışını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İş materiallarında olan texniki inventarlaşdırma və mülkiyyət hüqularınn qeydiyyatı idarəsi tərəfidnən xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, R.Rza küçəsi, 72 saylı evin, 10 kv.m ibarət 4 saylı mənzili İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədə göstərilmişdir ki, şirkət tərəfindən Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icrəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə eManat vasitəsi ilə X2 tərəfindən Vəkil1 1000 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2027-ci il tarixindək qüvvədə olan etibarnamənin surətindən görünür ki, həmin etibarnamə İddiaçı tərəfindən X1 həmçinin məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlərin edilməsi haqqında verilmişdir. İş materialalrından görünür ki, iddia verilərkən iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MMC iddiaçı tərəfindən isə öhdəlik icra edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun və vəkil xərclərinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 1000 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 1000 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-nın üzərinə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 006 saylı müqavilə üzrə təmirli mənzilin İddiaçı təhvil verilməsi və mənzil təhvil verilənə qədər ödənilməmiş kirayə haqqlarının ödənilməsi vəzifəsi qoyulsun. Cavabdeh MTK-dan ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar