Məhkəmə qərarları › İş №e-2(006)-1433/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1433/2025

04.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1433/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi X11, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «payın müəyyən edilərək naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 101 nömrəli evdə Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi, həmçinin iddia tələbi üzrə ödənilən 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 101 nömrəli evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət olan otağından 10,0 m2 və 16,0 m2 yaşayış otağında Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi, həmçinin iddia tələbi üzrə ödənilən 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 101 saylı mübahisəli ev özbaşına tikili olmaqla tərəflər həmin evə qeydiyyatdadırlar. İddiaçı həmin evdə anası, qardaşı və yeni ailə qurmuş arvadı ilə bir yerdə yaşayır. Ev 10 və 16 m2 sahəsi olan girişli-çıxışlı yaşayış otaqlarından, 19,9 m2 sahəsi olan aynabənddən, 7,8 m2 mətbəxtdən, anbar tikilisindən və bir də həyətdə sahəsi 12,8 m2 olan ayrıca yaşayış otağından və sahəsi 5,7 m2 olan hamam tikilisindən ibarətdir. Fərdi yaşayış evində tərəflərin qeydiyyatının olmasına baxmayaraq, cavabdeh tərəfindən onlara müxtəlif maneələr yaradılmış, mülkiyyətçisi kimi yaşadığı mənzildə hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Mütəmadi aralarında söz-söhbət olduğu üçün münaqişəli ailə kimi qeydiyyatdan keçmişlər və birgə yaşamaları mümkün deyildir. Göründüyü kimi, yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də, iddiaçı hesab edir ki, yaşayış evi paylarına uyğun naturada məhkəmə qaydasında ayrılmalıdır. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, iddia ərizəsində göstərilən hüquq normalarına uyğun olaraq Cavabdeh payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi, həmçinin iddia tələbi üzrə ödənilən 100 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh İddiaçı qarşı «maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və digər şəxslər tərəfindən ona qarşı ünvan 1 ünvanında yerləşən evin həyətində ayrıca tikilmiş sahələri sahəsi 19,9 m2 olan aynabənddən ibarət olan otağından, 10,0 m2 və 16,0 m2 yaşayış otağından istifadə üçün maneələrin aradan qaldırılması; onun ünvan 1 ünvanda yerləşən, evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 m2 olan aynəbənədən ibarət olan otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından ibarət mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və digər şəxslər tərəfindən ona qarşı ünvan 1 ünvanında yerləşən evin həyətində ayrıca tikilmiş aynabənddən ibarət olan otağından, yaşayış otağından istifadə üçün maneələrin aradan qaldırılması; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən, evin həyətində ayrıca tikilmiş aynabənddən ibarət olan otaq və yaşayış otaqlarından ibarət mənzilə köçürülməsi; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahəsi aynabənddən ibarət olan otağı, yaşayış otağının boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Əvvəllər valideynləri X2 və X12 ilə ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri sahəsi 19,9 m2 olan aynabənddən ibarət olan otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarında yaşamışlar. Hal-hazırda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid olan əmlaklar ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 m2 olan aynabənddən ibarət olan otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarındadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2004-cü il tarixli 2-1809/2004 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X4 və X5 azyaşlı uşaqları ilə birlikdə ünvan 2 evə köçürülməsi, evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 m2 olan yaşayış otağından X4 və X5, sahələri 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından və sahəsi 19,9 m2 olan aynabəndən X2 və X6 istifadə qaydası, köməkçi sahələrdən isə tərəflərin ümumi istifadə qaydasının müəyyən edilməsi qət edilmişdir. Hal-hazırda ünvan 2 evin kommunal xidmətlərinə dair müqavilələr qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adındadır. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 m2 olan aynabənddən ibarət olan otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otağında yaşamaq üçün maneələr yaradır. Bununla bağlı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh DİN 102 Xidmətinə dəfələrlə müraciət etmişdir. Ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maneə yaratdığından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sözügedən ünvanda yerləşən yaşayış otaqlarına köçüb yaşaya bilmir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının həmin yaşayış otaqlarında yaşamasına maneələr yaradılır. Ona görə də, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə edərək, kompensasiya qismində 50000 manat məbləğində pul vəsaitini ödəməyə hazır olduğunu bildirərək, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Şahid1 ifadə verərək bildirdi ki, 30 ildir Nazilə xanımla qonşudurlar, evə gələn gündən anası-atası üçün əziyyət çəkmişdir, öz istəyi ilə işdə olduğu vaxt qaynanasını onlara qoyub gedirdi, həmin evdə Elxan yaşamayıb, Elxan 2 ay bundan qabaq anasının ilinə gəlmişdir. Şahid5 ifadə verərək bildirdi ki, Elmir onun yanında böyüyüb, Elxan anası xəstə olanda və yas düşəndə evə gəlib-gedirdi, anası xəstə olanda ona baxması üçün bir nəfər tutmuşdular, lakin o yataq xəstəsi olmayıb. Şahid Tanrıverdiyev Adil Hümmət oğlu ifadə verərək bildirdi ki, 1989-cu ildən sözügedən evdə yaşayır, Elxanı həmin evdə gördüyünü xatırlamır, Elmin isə uşaqlıqdan o evdə yaşayıb və onlar onu görüblər, evlərinə get-gəli isə yoxdur. Şahid X7 ifadə verərək bildirdi ki, 2003-cü ildən orda yaşayıb, Elxanı görməmiş, Elxanı yalnız anasının yasında və evə polis çağıranda görmüşdür. Şahid3 ifadə verərək bildirdi ki, Elxanın atası Telman kişinin evi onun babasından alıb, Elxan həmin evdə qalmırdı, öz anası ölən vaxtı və anasının üçündə 3 ay gəlibgetmişdir, Elxan 7-ci mikrorayonda yaşayır, dəfələrlə anasını ora-Elxangilə aparmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-1809/2004 saylı qətnaməsindən görünür ki, iddiaçılar X4 və X5 cavabdehlər X1 və X8 qarşı «mənzilə köçürülmə və istifadə qaydasının müəyyən olunması» tələbinə dair iddiası qismən təmin edilmiş, X4 və X5 az yaşlı uşaqları ilə birlikdə ünvan 2 evə köçürülmələri; evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 m2 olan yaşayış otağından X4 və X5, sahələri 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından və sahəsi 19,9 m2 olan aynabənd sahələrindən isə tərəflərin ümumi istifadə qaydasının müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. - 23 dekabr 2004-cü il tarixli aktdan görünür ki, Nəsimi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin böyük məhkəmə icraçısı N.Cavadov, məhkəmə nəzarətçisi, hal şahidləri və tərəflərin iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-1809/2004 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icra edilməsini təmin etmiş, bu barədə müvafiq akt tərtib edilmiş, akt iştirakçıları tərəfindən imzalanaraq təsdiq olunmuşdur. - Bildiriş məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək iddia tələbində qeyd edilən tələbləri cavabdehin nəzərinə çatdırmış, tələbi yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. - Nəsimi bələdiyyəsinin xx.xx.2024-cü il tarixli M-528 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum anası X3 dəfn və digər dini ayinlərinin keçirilməsinə sərf olunması üçün müəyyən edilmiş xərcləri ödəmişdir. - 59 saylı MKİS tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan şəxslərin siyahısı, nə vaxt qeydiyyata düşmələri, vəfat edən sakinlərin ölüm tarixi və s. məlumatlar qeyd olunmuşdur. - 59 saylı MKİS tərəfindən təsdiq olunmuş, qonşular tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, Cavabdeh və X15 xx.xx.2005-ci il tarixdən mübahisəli ünvana qeydiyyata düşmələrinə baxmayaraq, sonuncuları həmin ünvanda görməmişlər. Hətta daim valideynlərindən eşitmişlər ki, oğulları Cavabdeh ev almışlar, ayrı yaşayır. - Kommunal xidmətlərdən istifadə ilə bağlı bağlanmış müqavilələrdən görünür ki, mübahisəli ünvanda təbii qaz, su və elektrik enerjisindən istifadə edilməsi ilə bağlı müqavilələr Cavabdeh ilə bağlanmış, onun adına müvafiq abunə kodları verilmişdir. - 24.12.2024-cü il tarixli **********52 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 14.01.2025-ci il tarixli 72115888 saylı ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən mübahisəli sahəyə yerində baxış keçirilmiş və xx.xx.2025ci il tarixdə bu barədə protokol tərtib edilmişdir. Yerində baxış zamanı fərdi yaşayış evinin və tikililərin fotoşəkilləri və videogörüntüləri çəkilmişdir. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinin tələbinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair) ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, həmin normalar yalnız paylı mülkiyyətdə olan əmlaka münasibətdə yaranmış mübahisələrin həllinə tətbiq edilə bilər. Hazırki iş üzrə mübahisə predmeti olan əmlak paylı mülkiyyətdə olan əmlak hüquqi statusuna malik deyil. Digər sözlə ifadə etdikdə, ilk iddia üzrə iddiaçı paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisi deyil. Eləcə də, həmin əmlak paylı mülkiyyətdə olan əmlak olsaydı belə, ilk iddia üzrə iddiaçının bu qəbildən olan iddia tələbi irəli sürməyə subyektiv hüququ olmayacaqdı. Belə ki, paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbini irəli sürmək hüququ payını ayırmaq istəyən tərəfə məxsusdur, payçı, yaxud payçılar hər hansı digər payçını payından bu və ya digər şəkildə məhrum edilməsinə təhrik və məcbur edə bilməzlər. Göründüyü kimi, ilk iddia əsaslı deyil və təmin edilə bilməz. Bu səbəbdən, ilk iddia təmin edilməməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli əmlakdan istifadə hüququ var. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh atası X2 və anası X13 ilə birlikdə həmin evdə yaşamışdır. Evin kommunal xidmətlərlə bağlı müqavilələri onunla bağlanmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçını sahələri 19,9 m2 olan aynabənddən, 10 m2 və 16 m2 sahələri olan yaşayış otaqlarından istifadə etməyə qoymur, buna maneələr yaradır və qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-nın 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçını yaşadığı mənzilə buraxmaması qanuni və əsaslı olmamışdır. Bu səbəbdən, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otağından, 10,0 m2 və 16,0 m2 yaşayış otağından istifadə üçün yaradılmış maneələr aradan qaldırılmalı; iddia tələbinin bu hissədə lakin “digər şəxslərə” münasibətdə digər şəxslər dedikdə kimlərin nəzərdə tutulduğu və həmin şəxslərin cavabdeh qismində cəlb edilmədiyi və tələb qeyrimüəyyən olduğu üçün təmin edilməməli; Cavabdeh ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından ibarət mənzilə köçürülməli; qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilk iddiası təmin edilməməli; ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Cavabdeh İddiaçı qarşı «maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otağından, 10,0 m2 və 16,0 m2 yaşayış otağından istifadə üçün yaradılmış maneələr aradan qaldırılmalı; Cavabdeh ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından ibarət mənzilə köçürülməli; qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otağından, 10,0 m2 və 16,0 m2 yaşayış otağından istifadə üçün yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından ibarət mənzilə köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar