Məhkəmə qərarları › İş №e-2(006)-1441/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1441/2022

10.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1441/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.04.2019-cu il tarixli 03 nömrəli əmrə və tərəflər arasında bağlanmış 04-19 nömrəli 01.05.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 01.05.2019-cu il tarixdən Cavabdeh MMC-nə operator vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC-nin direktoru X3 15.10.2021-ci il tarixli 23K saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilibdir. Əmrinə əsasən İddiaçı iyul-avqust 2021-ci il tarixlərdə www.bon.az (X6 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olna vəsaiti öz kart hesabına köçürərək maddi ziyan vurmaqla əmək vəzifələrini kobud surətdə pozmuşdur. Ona görə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin «c» bəndi nəzərə alınmaqla həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Tərəflərdən şirkətə sorğu göndərilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surəti və işdən azad olunması barədə onların surəti tələb olunsa da, həmin sənədlər onlara təqdim olunmamış, iddiaçıya əmrin imzalanmamış forması çap edilərək iş yerinə təqdim olunmuşdur. Tərəflərdən məhkəmədə iddia qaldırılmazdan əvvəl ilkin mediasiya prosesində iştirak olunmuş, cavabdeh təşkilatın nümayəndəsi ilə mübahisənin sülh yolu ilə məhkəmələn kənar qaydada həlli barədə ilkin razılıq əldə olunsa da, sonradan qarşı tərəf razılaşmanın rəsmiləşdirilməsindən imtina etmiş, ona görə də mübahisənin məhkəmədən kənar qaydada mediasiya prosesində həlli mümkün olmamışdır. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, işçinin öz kartına ödədiyi bildirilən məbləğ işəgötürən tərəfindən onun əmək haqqından tutulmuşdur. Yəni faktiki olaraq maddi ziyan aradan qalxmışdır. Bu isə bir əmələ görə iki intizam tənbeh tədbirinin tətbiq olunması deməkdir. Lakin işəgötürən işçinin izahatını almamış, iyul-avqust aylarında baş verdiyi iddia olunan pozuntuya görə 1 aylıq müddət keçəndən sonra intizam tənbehi vermiş, bu zaman ən ağır intizam tənbehini seçmiş və bnunla da əmək qanunveriliciyinin tələbləri kobud surətdə pozmuşdur. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh MMC-də tutduğu operator vəzifəsindən azad olunması barədə Cavabdeh MMC-nin direktoru X3 15.10.2021-ci il tarixli 23K saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə ona əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X10 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəf bir əmələ görə iki intizam tənbeh tədbirinin tətbiq olunduğunu bildirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmçinin sözügedən məcəllənin 175-ci maddəsi də işəgötürənə işçinin təqsiri üzündən onun orta əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləğini tutma qaydasını müəyyən edir. Göründüyü kimibu hal qanunla işəgötürənə verilmiş bir imkandır və intizam tənbeh tədbirlərinə aid deyildir. Həmçinin iddiaçı tərəf işəgötürənin işçinin izahatın almadığını bildirir. 06.10.2021-ci il tarixli tərtib olunmuş aktdan da görünür ki, işçinin dəvət olunmuş, iş yerinə gəlmiş, lakin özünü yaxşı hiss etməməsi səbəbindən izahat verməkdən imtina etmişdir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, işdə olan əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı 01.05.2019-cu il tarixdə Cavabdeh MMC-yə operator vəzifəsinə işə qəbul edilmiş, 15.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad olunmuşdur.

7. İş üzrə X6 Sanayi Ticaret Limited şirkəti tərəfindən Cavabdeh MMC şirkətinə ünvanlanmış 24.09.2021-ci il tarixli məktubun surətindən görünür ki, X6 Sanayi Ticaret Limited şirkəti (Bonaz) və Dynamex MMC (Yayıncı) arasında imzalanan «Whitabel Yayıncı müqaviləsinin şərtlərindən irəli gələn internet mağazalarından edilən alqı-satqılarda «cashback» komissiyalarının hesablanmasını təmin edən platformanın fəaliyyətinə üçüncü şəxslərin müdaxiləsi ilə bağlı 01.09.2021-ci il tarixli məktubuna cavab olaraq: sistemin «saxtakardlığın qaşısının alınması detektoru» məktubunda qeyd olunan İP-lərdən şübhəli əlaqələri qeydə aldı. Bu keçidlər haqqında məlumatlar sistem tərəfindən nəzərə alıb və təhlükəsizlik yoxlamaları üçün Yayıncıya göndərilmişdir. Yayıncı tərəfindən Bonaz Reklam şəkəbəsinə ötürülən məlumat əsasında sistem yoxlanıldı və bunun nəticəsində İddiaçı adlı istifadəçi (Yayıncı tərəfindən verilən ad və soyad) Bon.az. internet saytında şəxsi kabinet açdığı və şirkətin İP ünvanından internet mağazalara daxil olaraq alqı-satqı etdiyi və öz hesabına «cashback» komissiyası aldığı aşkarlandı. Apardığı əməliyyatların müqayisəli təhlili nəticəsində məlum oldu ki, İddiaçı adlı istifadəçinin Yayıncının sisteminə müdaxilə edərək, Yayıncının sisteminə müdaxilə edərək, Yayıncı ilə bağlı əməliyyatları onun adından sifariş edib və hesablanmış komissiya haqlarını onun hesabından özünə əldə etməyə nail olmuşdur. Bu kimi əməliyyatlar həm Bon.az İstifadəçi Qaydalarını, həm də Yayıncı ilə Reklam Şəbəkəsi arasında əməkdaşlıq qaydalarını pozduğu üçün sözügedən istifadəçinin hesabı dondurulub, Yayıncıya məxsus keçidlərin sayı və komissiya məbləğləri hesablanmışdır. Nəticədə Yayıncının ala biləcəyi komissiya haqqı 469 manat məbləğində hesablanır. Yayıncıya məxsus olmayan məbləğ bon.az platformasının qaydalarına uyğun olaraq istifadəçinin hesabında dondurulub və istifadəçinin hesabı bloklanmışdır. Eyni zamanda, bu komissiyanın məbləği Yayıncının saytı və onun üzvləri tərəfindən həyata keçirildiyi təqdirdə tərəflər arasında razılaşdırılmış komissiya dərəcələri nəzərə alınmaqla 720 manat təşkil edəcəyi müəyyən edilmişdir. Məlumatların yoxlanılması ərəfəsində qeyd etmək istəyirlər ki, hər hansı bir istifadəçinin şəxsi məlumatları heç bir tərəfə verilməyib və yalnız araşdırma məqsədləri üçün Yayıncıya sistem vasitəsilə əməliyyatların mənbəyinin və qeyd alınmış əməliyyatların hansı hesaba aid olduğu yoxlanılaraq göndərildi.

8. İş üzrə Cavabdeh MMC-nin işiləri X4, Fərid Arif oğlu, X12 tərəfindən tərtib edilmiş 06.10.2021-ci il tarixli işçidən izahatın alınmasına dair aktından görünür ki, Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyul-avqust 2021-ci il tarixlərində www.bon.az (X6 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürməklə Cavabdeh MMC-yə vurduğu 469 manat maddi ziyanla əlaqədar izahat verməsi məqsədi ilə ofisə dəvət olunmuşdur. İddiaçı 06.10.2021-ci il tarixdə Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən ofisinə gəlsə də, törətdiyi hüquq pozuntusu ilə əlaqədar ona məlumat verildikdən sonra o, səhhətinin yaxşı olmadığını bildirmiş və izahat verməkdən imtina etmişdir.

9. İş materiallarında olan Cavabdeh Operating Company» şirkəti tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli 22 K nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyul-avqust 2021-ci il tarixlərində www.bon.az (X6 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürməklə Cavabdeh MMC-yə 469 manat maddi ziyan vurmuşdur. Həmin ziyanın məbləğinin İddiaçı orta əmək haqqından çox olmamasını nəzərə alaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin İİ hissəsinin «c» bəndini və Azərbaycan Respulikası Əmək Məcəlləsinin 205-ci maddəsinin İ hissəsini rəhbər tutaraq Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyulavqust 2021-ci il tarixlərində www.bon.az (X6 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan vəsaiti öz kart hesabına köçürülməli olan vəsaiti öz kart hesabına köçürməsi nəticəsində şirkətə vurduğu 469 manat maddi ziyan İddiaçı əmək haqqından tutulması əmr edilmişdir. Əsas: Bon.az (X6 Sanayi Ticaret Limited) şirkətinin 24.09.2021-ci il tarixli məktubu, 06.10.2021-ci il tarixli akt.

10. İş materiallarında olan Cavabdeh Operating Company» şirkəti tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli 23 K nömrəli əmrindən görünür ki, Cavabdeh MMC-də operator vəzifəsində çalışan İddiaçı iyul-avqust 2021-ci il tarixlərində www.bon.az (X6 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürərək şirkətə maddi zərər vurmaqla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh MMC-nin operator vəzifəsində çalışan işçisi İddiaçı ilə bağlanmış 04-19 nömrəli, 01.05.2019-cu il tarixli əmək müqaviləsinə 15.10.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «c» bəndini rəhbər tularaq, həmin məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Əsas: Bon.az (X6 Sanayi Ticaret Limited) şirkətinin 24.09.2021-ci il tarixli məktubu və 06.10.2021-ci il tarixli akt.

11. İş materiallarında olan olan mediasiya prosesinə xitam verilməsi barədə 2021- MŞİH 01458 nömrəli, 25.12.2021-ci il tarixli protokolun surətindən görünür ki, X1 etibarnamə üzrə nümayəndəsi Vəkil1 və "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə 25.11.2021-ci il tarixdə 17.00-18.00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 məsələnin şirkətin direktoru ilə müzakirəsi və etibarnamənin yenilənməsi üçün sessiyanın təxirə salınmasını xahiş etmiş, lakin sonradan «A.Nuhiyev rəhbərliyi Azərbaycan Respublikasında olmadığını və məsələnin müzakirəsinin mümkün olmadığını bildirmiş və işin xitam edilərək Məhkəməyə verilməsini xahiş etmişdir» Yuxarıda göstərilənlərlə əlaqədar olaraq mediasiya prosesində xitam verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12 .Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək mü nasibətləri mövcud olmuş və 15.10.2021-ci il tarixdə həmin münasibətlərə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

14. Azərbaycan Respublikas Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

15. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

16. Həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; «ə» bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

17. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

18. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.

19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC-də operator vəzifəsində işləyərkən 2021-ci ilin iyul-avqust aylarında www.bon.az (X6 Sanayi Ticaret Limited) şirkəti tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülməli olan 469 manat vəsaiti öz kart hesabına köçürməklə Cavabdeh MMC-yə 469 manat maddi ziyan dəymişdir. Vurduğu ziyanla əlaqədar İddiaçı izahat verməsi məqsədi ilə cavabdeh şirktə dəvət olunmuşdur. 06.10.2021-ci il tarixdə iddiaçı ofisə gəlsə də, törətdiyi hüquq pozuntusu ilə əlaqədar ona məlumat verildikdən sonra o, səhhətinin yaxşı olmadığını bildirmiş və izahat verməkdən imtina etmişdir.

20. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa dühülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun.

21. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, 15.10.2021-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.

23. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir.

24. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar