Məhkəmə qərarları › İş №e-2(006)-1450/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1450/2024

24.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1450/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, KX-114-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması, xx.xx.2023-cü il tarixli, KX-83-23 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla mülki işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1553/2024 saylı qərardadına əsasən İddiaçı ilə Cavabdeh2 MMC (direktor X1) arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və İddiaçı Cavabdeh2 MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1553/2024 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Tərəflər arasında bağlanmış və məhkəmənin qərarı ilə təsdiq edilmiş barışıq sazişinin bəndlərinə əsasən tərəflər əmrin verilməsi, əmək müqaviləsi və s. barədə razılığa gəlmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbində qeyd etdiyi məsələlərə dair öncədən də məhkəməyə müraciət etmiş və həmin məsələlərə dair yuxarıda sadalanmış məhkəmə aktı, eləcə də qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə ki, iddiaçının hazırda ləğv edilməsini tələb etdiyi əmr və əmək müqaviləsinin ləğvinə dair bütün zəruri şərtlərinə dair tərəflər razılıq əldə etməklə, barışıq sazişi bağlamışlar. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslarla qaldırılan mübahisəyə baxılmış və müvafiq qərar (barışıq sazişi) qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar