Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1487/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində kompensasiya və 28.544 manat 20 ay ərzində faktiki aylıq qazancı, 1 il işsiz qaldığı üçün 17.126 manat 60 qəpik, 1.800 manat məzuniyyət məvacibi, 1.800 manat geyim pulu, 2.304 manat ərzaq pulu və 1.980 manat kirayə pulu, 1.200 manat maddi yardım, 3.000 manat mükafat pulu və son haqq-hesab pulu olan 4.281 manat 06 qəpik pul olmaqla, cəmi 62.036 manat pul vəsaitinin Dövlət büdcəsi hesabına ona ödənilməsi, qanunsuz həbsdə olduğu 20 ayın və işsiz olduğu bir ilin hərbi xidmət ilinə (staja) hesablanması, hərbi biletinə və əmək kitabçasına düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə 05 mayda gecə saat 23:00-da Tərtər rayonu Marquşavanlı kəndində tutulmuşdur. 13 gün heç bir məhkəmə qərarı olmadan qanunsuz olaraq həbsdə saxlanılmış və işgəncəyə məruz qalmışdır. Yalnız 18 may 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 311.3.2 və 341.1-ci maddələri ilə ittiham edilərək barəsində 4 ay müddətə «həbs» qətimkan tədbiri seçilmişdir. 20 fevral 2018-ci ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 19 dekabr 2018-ci ildə 13 saylı Cəzaçəkmə Müəssisəsindən şərti azadlığa buraxılmışdır. 30 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin qərarı ilə İddiaçı əməlində cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinə xitam verilmişdir. Tərtər işi - Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adıdır. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarılmışdır. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarılmışdır. İstintaq prosesinin qeyrirəsmi olaraq «Tərtər işi» kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş vermişdir), istintaqın Tərtər rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyildi. 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirmişlər. Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başlamışdır. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilməmişlər. Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür. Xüsusilə ehtiyatda olan polkovnik-leytenant Saleh Qafarovun əllərini və ayaqlarını bağlayıb suda batırmış, bədəninə cərəyan vermiş, dırnaqlarını çıxarmış, çənəsini sındırmış və əlləri bağlı şəkildə 2-ci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir. Bundan sonra komaya düşənə qədər işgəncə verməyə davam etmişdilər. Keçmiş bölük komandiri, kapitan rütbəsi olan Vaqif Abdullayevin dediyinə görə o, ac saxlanılmış, çılpaq vəziyyətdə üzərinə soyuq su atılmış, elektşok ilə işgəncə verilmişdir, sonra isə ordudan qovulmuşdur. Hüquq müdafiəçisi Oktay Gülalıyevin sözlərinə görə, 9 hərbçi işgəncələrə dözə bilməyərək ölmüş, onlardan 5-nə belə cinayət işi açılmayıb. Hərbiçilər aşağıdakı işgəncələrə məruz qalıb: Əl-ayaqlar bağlı halda döyülmək, suda boğmaq; Əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarılması; Əl və ayaqlar bağlı şəkildə yuxarı mərtəbələrdən aşağı atılması; Cinsiyyət orqanlarına və bədəninə elektrik cərəyanı verilməsi; Cinsiyyət orqanına elektrik cərəyanı verilərək partladılması; Gözlərin göz dəliyindən çıxarılması; Bağırsaqlarına dəmir armaturun daxil edilməsi; Plastik su borularını yandıraraq ərimiş plastiki çılpaq bədənə damızdırmaq və yara yerinə duz, istiot tökmək; Günlərlə ac-susuz saxlanılmaq; Ata və övladı birlikdə gətirib, övladın atanın başına sidik ifrazı etməyə məcbur etmək; Rezin boru ilə zorlama; Armaturla zorlama; Hərbi qulluqçuların ağzına lampa qoyub, bədənindən cərəyan keçirməklə o lampanı yandırmaq; Su şüşələri üzərində otuzdurmaq; Diz qapaqlarının drellə deşilməsi və s. Əsgər və zabitlər qarşısında qoyulan tələb bu olub ki, ya ermənilərə işlədiyini etiraf etməlisən, ya da öləcəksiniz. Onlara səslənən ittihamları qəbul etməyən və işgəncələrə dözən hərbçilərə bildiriblər ki, atanız, ananız və yoldaşlarınızı gətirib, onları zorlayacaqlar. Bəzilərinə isə övladlarının öldürüləcəyi ilə bağlı təhdidlər edilib. İşgəncələr nəticəsində ölən hərbçilərlə bağlı rayon icra hakimiyyəti səviyyəsində «vətən xaini» kampaniyası başladılmış, onların övladları «vətən xaininin uşağıdır» damğası ilə məktəblərdə psixoloji təqibə və təzyiqə məruz qalmışdır. Ən azı 9 hərbi qulluqçu işgəncələrdən ölüb, ancaq bəzi ekspertlər öldürülənlərin sayının daha çox olduğunu bildirirlər. Öldürülən hərbçilərin cənazələrinin yuyulmasına, normal dəfninə imkan verilməmiş, polis nəzarəti altında tələsik dəfn edilmişlər. Yerli icra hakimi nəzarətində onların vətən xaini olması barədə təbliğat aparılmışdır. Öldürülənlərdən bir neçəsinin ailəsinə ölümlərindən sonra rəsmi məlumat verilmişdir ki, onların təqsiri sübuta yetirilməyib. Yəni, günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər. 25 hərbçi həbs edilib, yüzlərlə hərbçi zərərçəkən olub. Zərərçəkənlərin dediklərinə görə, 200-ə yaxın hərbçiyə eyni məkanda bənzərsiz işgəncələr verilib. Zərərçəkənlərin ailə üzvlərinin dediklərinə görə, ümumilikdə 1700-dən çox hərbçiyə işgəncə verilib. İşgəncələrə məruz qalanların çoxu aprel döyüşlərində xüsusi fəallıq nümayiş etdirmiş, vətənpərvərliyi, peşəkarlığı ilə seçilən hərbçilər olmuşlar. «Tərtər işi» kimi tanınan cinayət işinin araşdırılmasını həyata keçirən hüquq-müdafiəçisi Oqtay Gülalıyev 2019-cu ilin oktyabr ayında mətbuat konfransından qayıdarkən müəmmalı şəkildə avtomobillə vurulmuşdur və bu günə qədər komadadır. 16 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Hərbi X5 işgəncələrlə bağlı deyilənləri qəbul etmədiyini bildirib: «Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir». 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Hərbi X5 mətbuat konfransında hərbçilərə qarşı kütləvi işgəncə hallarının olduğunu etiraf etmiş, amma qeyd etmişdir ki, bu hallar işə Hərbi Prokurorluq baxmazdan əvvəl baş vermişdir. İşgəncələr nəticəsində yalnız bir nəfərin öldüyünü deyən Vəliyev bu hadisənin də rəhbərlik etdiyi qurum məsələdən hali olana qədər baş verdiyini bildirmişdir: «Cinayət işləri açılıb, günahkarlar məhkəmə məsuliyyətinə cəlb ediliblər. Bu işlər Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələlərindən keçib. Müəyyən edilib ki, həm dövlətə xəyanətdə günahlandırılanlar, həm də qanunsuz işgəncə tətbiq edənlər haqqında çıxarılmış hökmlər əsaslıdır». Prokuror həmçinin qeyd etmişdir ki, «erməni xislətli şəxslər» bilərəkdən «Tərtər işi»ni şişirdirlər və «tamamilə əsassız şəkildə bu məsələni gündəmə gətirməyə çalışırlar». 2021-ci ilin dekabr ayında isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti gözlənilmədən «Tərtər işi» barədə birgə bəyanat yaymışlar. Bəyanatda qeyd olunmuşdur ki, kütləvi işgəncə hallarıyla bağlı yeni ibtidai istintaq başlanıb və Baş prokurorun birinci müavini Elçin Məmmədov bu işi xüsusi nəzarətə götürüb. 2022-ci ilin noyabr-dekabr aylarında cəmi 19 nəfərə bəraət verilmişdir və həmin şəxslər azadlığa buraxılmışlar. Bundan əlavə, vəfat edən daha iki hərbçinin də günahsız olduğu üzə çıxmış və onlara da bəraət verilmişdir. Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verib. Beləliklə, 20 fevral 2018-ci il tarixli hökm və Tərtər Hərbi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 311.3.2 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 30 aprel 2022-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı 47 nəfər hərbi qulluqçudan 3 manat pul yığması faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə barəsində həyata keçirilən cinayət təqibində əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilmiş, İddiaçı manqa komandiri təyin edilməsi üçün pul alması ilə bağlı əməli Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsindən həmin Məcəllənin 341.1-ci maddəsinə tövsif edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 05 may 2017-ci ildə tutulmuş, 13 gün heç bir məhkəmə qərarı olmadan saxlanılmış və işgəncəyə məruz qalmışdır. 13 gün sonra isə barəsində 4 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. 20 fevral 2018-ci ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 19 dekabr 2018-ci ildə 13 saylı Cəzaçəkmə Müəssisəsindən şərti azadlığa buraxılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Beləliklə, iddiaçı 19 ay 14 gün qanunsuz olaraq həbsdə olmuşdur. Şərti azadlığa çıxdıqdan sonra isə 04 noyabr 2019-cu ildə işə bərpa edilmiş və beləliklə, bir il işsiz olmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində «həbs» qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında bölük komandiri olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Onun orta aylıq əmək haqqı məbləği 1427,20 manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin 19 dekabr tarixinə kimi, yəni 19 ay 14 gün ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 28,544 manat təşkil edir (1427,20 x 20 = 28.544). Üstəlik, iddiaçı 20 ay ərzində hər il 45 günlük məzuniyyət pulunu, yəni bir aylıq vəzifə maaşı məbləğində pul təminatından məhrum edilib. Həmçinin, iddiaçı azadlığa çıxdıqdan sonra da bir il işinə bərpa edilə bilməmişdir. Beləliklə, 12 x 1427,20 = 17.126,4 manatdan məhrum edilmişdir. İddiaçı bildirir ki, onun illik məzuniyyət üçün nəzərdə tutulmuş pul təminatı sonuncu dəfə (2017-ci ilin may ayına kimi) 600 (altı yüz) manat təşkil edib. Beləliklə, iddiaçı 3 il ərizndə 1.800 manat məvacibindən məhrum edilmişdir. İddiaçı hər il 1.800 manat miqdarında geyim pulu, 2.304 (3 il (36 ay) x 64 manat) manat miqdarda ərzaq pulu və 1.980 (36 ay x 55 manat) manat miqdarda kirayə pulundan, təxmini 1.200 (3 il x 400 manat) manat miqdarda maddi yardım hüququndan məhrum edilmişdir. İddiaçı məvacibinə hər il mükafat qismində əlavə edilən 1.000 manat, cəmi 3.000 manat gəlirdən məhrum edilmişdir. Üstəlik, ehtiyata buraxılması zamanı son məvacib hesabından, yəni məvacibinin 3 qatı məbləğində müəyyən edilən 4.281 manat 06 qəpikdən (1427,20 manat hesabı ilə) məhrum edilmişdir. Sonradan, Azərbaycan Respublikası Hərbi Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində kompensasiya və 28.544 manat 20 ay ərzində faktiki aylıq qazanc, 1 il işsiz qaldığı üçün 17.126 manat 60 qəpik olmaqla, cəmi 545.670 manat 60 qəpik pulun dövlət büdcəsi hesabına onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin başlanmasını, həbsdə saxlanlımasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar 500.000 manat məbləğində mənəvi ziyanın, 62.036 manat maddi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən daxili işlər orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edirlər ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikası Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı ziyana məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bu səbəbdən, cavabdehin nümayəndəsi iddiaya etirazda qeyd olunanların nəzərə alınaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında» iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Hərbi Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən verilmiş MN seriyalı ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli əmri ilə baş leytenant rütbəsi verilmiş, xx.xx.2019-cu il tarixli əmei ilə N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilmiş, komandirinin xx.xx.2021ci il tarixli əmri ilə kapitan rütbəsi verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmri ilə N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli əmri ilə N nömrəli hərbi hissədə xidmət rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühim işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X2 xx.xx.2022-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı 47 nəfər hərbi qulluqçudan 3 manat pul yığması faktı ilə əlaqədar Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsi ilə barəsində həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən xitam verilməsi, İddiaçı manqa komandiri təyin edilməsi üçün pul alması ilə bağlı əməli Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 341.1-ci maddəsinə tövsif edilməsi və İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına şəraitin dəyişməsi ilə bağlı xitam verilməsi qərara alınmışdır. İddiaçı məxsus olan 510307******2072 nömrəli karta xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixədək olan dövrü əhatə edən əməliyyatlar üzrə çıxarışdan görünür ki, sözügedən karta xx.xx.2017-ci il tarixdə 858.66 manat, xx.xx.2017-ci il tarixində 1427.20 manat, xx.xx.2017-ci il tarixində 819.32 manat, xx.xx.2017-ci il tarixdə 1323.40 manat mədaxil olmuşdur. Məhkəmənin Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli İddiaçı xx.xx.2017-ci il tarixdə xidmətdən azad olunduqdan sonra son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ona ödənilməli əmək haqqı və digər ödəmələr) hazırki vaxtadək ödənilib-ödənilməməsi və son haqq-hesabın hansı məbləği təşkil etməsi barədə sorğusunu Müdafiə Nazirliyi müvafiq olaraq N nömrəli hərbi hissəyə göndərmiş, N nömrəli hərbi hissə öz növbəsində müvafiq olaraq bildirmişdir ki, xx.xx.2017ci il tarixdə İddiaçı N nömrəli hərbi hissədən ehtiyata buraxıldığı üçün sorğuya cavab verə bilmirlər və X3 maliyyə plan şöbəsində qeyd olunan şəxslə bağlı həmin dövrə aid heç bir paylanma cədvəlində adı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyataxtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin: 1-ci bəndinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 2-ci bəndinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 3-cü bəndinə əsasən 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. 4-cü bəndinə əsasən orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. 5-ci bəndinə əsasən orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. 6-cı bəndinə əsasən orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı bir qrup digər şəxslər kimi əsassız yerə təqsirləndirilərək həbs edilmiş, uzun müddət ərzində mənəvi iztirab çəkmiş, törətmədiyi cinayət əməllərinə görə peşəsindən və Ordu mühitindən kənarda qalmış, ömrünü bağladığı zabit peşəsini müəyyən dövrdə əsassız davam etdirə bilməmişdir. Hətta mühüm əhəmiyyət kəsb edən cinayət təqibi orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tabeliyində olan bəzi hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qalmaları faktı üzrə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.3, 126.3, 133.2.1, 341.2.1 və digər maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, həmin işin istintaqı zamanı ona fiziki və psixi zor tətbiq edilərək qanunsuz azadlıqdan məhrum edilmişdir. İddiaçının azad olunanadək 19 ay 14 gün ərzində əsassız yerə həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə işsiz qalması və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 28.500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 28.500 manat (1.500 manat x 19 ay) müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr hərbiçi kimi stabil şəkildə əmək haqqı almışdır. Bununla bağlı ödəniş kartı üzrə çıxarış məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə iddiaçının tələbində göstərdiyi orta aylıq əmək haqqına görə 28.544 manat 20 ay ərzində faktiki aylıq qazanc, 1 il işsiz qaldığı üçün 17.126 manat 60 qəpik olmaqla manat maddi ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçının 2017-ci il tarixdə həbs edilməzdən əvvəlki son iki ayda (xx.xx.2017, xx.xx.2017) əmək haqqının cəmi (1427,20+819,32=2246,52) 2246,52 manat təşkil etmişdir. Həmin aylarda iş günlərinin sayı,həmin illər üçün təsdiq edilmiş istehsalat təqvimlərinə əsasən) 2017-ci il fevral ayında 20 gün və mart ayında 17 gün təşkil etmişdir. Bu hesabla, onun bir günlük əmək haqqının təqribən 2246,52:37≈ 60 manat olması müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək haqqı saxlanılan iş günlərinin sayı (2017 və 2018-ci illərin istehsalat təqvimlərinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 385 iş günü müəyyən edilir) nəzərə almaqla iddiaçıya ödənilməli olan maddi zərərin məbləği -385x60=23100 (iyirmi üç min yüz) manat, həmçinin həbsdən azad olduqdan sonra işsiz qaldığı xx.xx.2018-ci il tarixdən xidmətə bərpa edildiyi xx.xx.2019cu il tarixədək olan dövrdə itirdiyi qazancın həmin aylardakı orta əmək haqqı hesabı ilə (2018 və 2019-cu illərin istehsalat təqvimlərinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 210 iş günü müəyyən edilir) maddi ziyanın məbləği- 210x60=12600 (on iki min altı yüz) manat hesablamaqla nəzərdə aldıqda,maddi ziyanın cəmi məbləği 35700 manat təşkil edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 28500 (iyirmi səkkiz min beş yüz) manat, vurulmuş maddi ziyana – itirilmiş əmək haqqına görə 23100 (iyirmi üç min yüz ) manat və işsiz qaldığı dövr üçün 12600 (on iki min altı yüz) manat olmaqla, cəmi 64.200 (altmış dörd min iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 28500 (iyirmi səkkiz min beş yüz) manat, vurulmuş maddi ziyana – itirilmiş əmək haqqına görə 23100 (iyirmi üç min yüz ) manat və işsiz qaldığı dövr üçün 12600 (on iki min altı yüz) manat olmaqla, cəmi 64.200 (altmış dörd min iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1487/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1487/2024
09.07.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver