Məhkəmə qərarları › İş №e-2(006)-1495/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1495/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1495/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - Vəkil, Cavabdehin nümayəndəsi - X3 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzillərin təhvil verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzillərin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilədən irəli gələn öhdəliklərə əməl edilərək Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binanın Səməd Vurğun küçəsinə baxan hissəsindən 145 kv.m və 72 kv.m mənzillər ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 126820 və RX seriyalı ******* seriyalı çıxarışlara əsasən onun mülkiyyətindədir. Lakin Nəsimi Rayon İcra Hakimiyyətinin 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış Binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə cavabdehə Bakı şəhəri, Nəsimi rayonu, X6 Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihiyələndirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdehin istifidəsinə verilmişdir. Qeyd olunan layihənin həyata keçirilməsi üçün cavabdeh ilə onun arasında 04 iyun 2018-ci il tarixli 3/35 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh onun mülkiyyətində olan mənzillərin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasında mənzilləri ona təhvil verir. Mülkiyyətində olan mənzillər Səməd Vurğun küçəsinə baxan mənzillərdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ona müqavilənin şərtlərinə uyğun olmayan mənzil təklif etmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir. Nəticədə müqavilə ilə və qanunla nəzərdə tutulan hüquqları pozulmuşdur. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3/35 saylı müqavilədən irəli gələn öhdəliyə əməl edilərək, Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq cavabdeh tərəfindən tikilmiş binanın S.Vurğun küçəsinə baxan hissəsindən 145 kv.metr və 72 kv.metr mənzillər ilə təmin edilməsi, təmin edilmədiyi təqdirdə isə real bazar qiymətlərinə uyğun olaraq kompensasiyanın ödənilməsi, 2023-cü ilin fevral ayından etibarən aylıq 400 + 450 (850) manat, ümumi olaraq 3400 manat kirayə haqqının, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binanın həmin küçəyə baxan hissəsindən 145 kv.metr və 72 kv.metr olan mənzillər ilə təmin edilməsi, 9350 manat kirayə haqqının, və ya həmin ünvanda yerləşən 145 kv.metr mənzilə görə 382800 manat və sahəsi 72 kv.metr olan mənzilin ümumi dəyəri 190080 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsini əsassız hesab edərək, iddia tələblərinə etiraz edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Cavabdeh MMC-yə (hazırda MTK) Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh MMC (hazırda MTK) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. Pilot layihələr ölkədə ilk dəfə həyata keçirildiyi üçün, ilkin olaraq sərəncam verilməsi, layihələrin təsdiqi və digər məsələlər rayon icra hakimiyyətlərinə həvalə edilmiş, lakin müəyyən müddətdən sonra mərkəi icra hakimiyyəti orqanları tərəfindən bir sıra dəyişikliklər edilmiş, ərazidə əhalinin sıxlıq səviyyəsi nəzərə alınaraq inşa etdiyimiz sonuncu binanın (S.Vurğun küçəsində yerləşən 2 saylı binanın) bir-neçə mərtəbəsinin tikilməməsi (azaldılması) qərara alınmışdır. Bu səbəbdən həmin binada mənzil verilməsi nəzərdə tutulmuş bir-neçə sakinə yaşayış kompleksinin digər binalarında mənzil sahələri verilmişdir. O cümlədən, İddiaçı da eyni təkliflər edilmişdir. Belə ki, İddiaçı 72.0 kv.m. mənzilin əvəzinə eyni binada (3-cü giriş, 3-cü mərtəbəsində) daha çox sahəsi olan 81.0 kv.m. sahəsi olan mənzil bir il bundan öncə verilmiş, tərəfindən həmin mənzilə baxış keçirilmiş, ölçü işləri aparılmış, mənzil təmizlənmiş və tərəfindən faktiki olaraq qəbul etmişdir. Lakin, digər 145.0 kv.m. mənzil sahəsini də həmin binada verilməsini istəmiş və bundan sonra təmirə başlayacağını bildirmişdir. 2 saylı binada mənzil sahəsi qalmadığını nəzərə alaraq, ona həmin binanın yanında yerləşən 1 saylı binanın 6-cı girişinin 13-cü mərtəbəsində tam təmir olunmuş (halbuki müqaviləyə əsasən mənzilləri təmirsiz verilməsi nəzərdə tutulmuşdur) 154.0 kv.m. ümumi sahəsi olan mənzil sahəsi verilməsi təklif edilsədə, binanın baxışı S.Vurğun küçəsinə olmadığını bəhanə edərək imtina etmişdir. Halbuki hər iki mənzildə 18 kv.m. sahə əlavə verilmiş (18 kv.m. x 2000 m= 36.000 manat) və 23.100 manatda təmirə xərcləndiyini nəzərə alsaq 59.100 manatdan artıq dəyərində ona güzəşt edilmişdir. O cümlədən, hazırki dövrə qədər xahişini nəzərə alaraq özünə və qardaşına (mənzilləri hazır olmasına baxmayaraq) aylıq kirayə pulları ödənilmişdir. Bu da İddiaçı göstərilən qayğı və diqqətin təzahürüdür. Bundan əlavə, İddiaçı Cavabdeh MTK-nın təsisçiləri tərəfindən inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən "xxxx" MTK-nın balansında olan yaşayış binasının A blokun, 6-cı mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 136,0 kv.m-dan ibarət mənzil təklif edilmiş, lakin yenə də müxtəlif bəhanələrlə iddiaçı tərəfindən imtina edilmişdir. Beləliklə, öhdəliklər yerinə yetirilməsinə, çoxsaylı güzəştlər edilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsassız bəhanələr gətirilməklə rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 208 saylı sərəncamından görünür ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ıl 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış 19 07 2016-cı il tarixli 02/05-10G8 nömrəli Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, “Pilot İnşaat-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov Qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyrı-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3/35 saylı müqavilədən görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 3-cü blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 145,0 kv.metr və Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 2-ci blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 72,0 kv.metrdən ibarət mənzilləri ümumilikdə 217 kv.metrdən ibarət mənzilləri iddiaçıya təhvil verməyi, həmin mənzillərin 175,5 kv.metrdən ibarət olan hissəsi iddiaçının sökülən daşınmaz əmlakının əvəzi kimi verməyi, qalan 41,5 kv.metrdən ibarət olan hissə isə ödənişli əsaslarla iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4730-9/4933 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsinə paralel olaraq cavabdeh tərəfindən inşa edilmiş binanın S.Vurğun küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin orta bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 382800,0 manat və sahəsi 72 kv.m olan mənzilin ümumi dəyəri təqribən 190080,0 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. “X2” MMC-nin xx.xx.2023-cü il tarixli 152 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının S.Vurğun küçəsinə baxan hissəsinin 8-ci mərtəbəsində yerləşən, təmirsiz vəziyyətdə olan, ümumi sahəsi 145.0 kv.m-dən ibarət mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri 378740,00 manat, ümumi sahəsi 72.0 kv.m olan mənzilin hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri isə 188064,00 manat məbləğində müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.20213-cü il tarixli REC-12-23/AR-04 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov, Mərdanov Qardaşları, S.Əsgərova və Səməd Vurğun küçələrini əhatə etdiyi ərazilərində yerləşən 2 (iki) ədəd yaşayış mənzilinin (təmirsiz - 72.0 kv.m və təmirsiz - 145.0 kv.m) bazar dəyərləri 19 dekabr 2023-cü il tarixinə 72 kv.m olan 125000 (bir yüz iyirmi beş min) manat - 130000 (bir yüz otuz min) manat, 145 kv.m olan 250000 (iki yüz əlli min) manat - 255000 (iki yüz əlli beş min) manat arası təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 3-cü blokun 8-ci mərtəbəsində, ümumi sahəsi 145,0 kv.metr və Səməd Vurğun küçəsində (Səməd Vurğun küçəsinə baxan mənzillər) özü tərəfindən inşa edilən çoxmənzilli yaşayış yaşayış binasında 2-ci blokun 8ci mərtəbəsində, ümumi sahəsi 72,0 kv.metrdən ibarət mənzilləri ümumilikdə 217 kv.metrdən ibarət mənzilləri iddiaçıya təhvil verməyi, həmin mənzillərin 175,5 kv.metrdən ibarət olan hissəsi iddiaçının sökülən daşınmaz əmlakının əvəzi kimi verməyi, qalan 41,5 kv.metrdən ibarət olan hissə isə ödənişli əsaslarla iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən həmin mənzillər başqa şəxslərə satıldığından müqavilədə göstərilən mənzillərin iddiaçıya verilməsi mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, müqavilə üzrə mənzillərin iddiaçıya verilməsi mümkün olmadığından onların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, mübahisənin düzgün həll edilməsi ilə bağlı mənzillərin dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4730-9/4933 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsinə paralel olaraq cavabdeh tərəfindən inşa edilmiş binanın S.Vurğun küçəsinə baxan hissəsində yerləşən sahəsi 145 kv.m olan mənzilin orta bazar qiymətinə uyğun olaraq ümumi dəyəri təqribən 382800,0 manat və sahəsi 72 kv.m olan mənzilin ümumi dəyəri təqribən 190080,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən ekspert rəyləri ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki, ekspert rəyləri hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdurlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş sahəsi 145 kv.m olan mənzilə görə 382800,0 manat və sahəsi 72 kv.m olan mənzilə görə 190080,0 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kirayə haqqına münasibətdə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, müqavilənin 1.1.4-cü bəndinə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisinin davam edəcəyi 20 ay müddət üçün aylıq 850 manat olmaqla, iddiaçıya cəmi 17000 manat kompensasiya hesablamağı öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı tarixdən 6 ildən artıq müddət keçməsinə baxmayaraq mənzillər iddiaçıya təhvil verilməmişdir. Eyni zamanda iş materiallarında cavabdeh tərəfindən kirayə haqqının iddiaçıya ödənilməməsini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir (2023-cü il fevral tarixindən dekabr 2023-cü il tarix daxil olmaqla 11 ay dövr üçün – 850 manat X 11 ay = 9350 manat). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixli 3/35 saylı müqaviləyə əsasən İddiaçı verilməli olan Bakı şəhəri, Səməd Vurğun küçəsinə paralel olaraq tikilmiş binada yerləşən sahəsi 145 kv.metr olan mənzilə görə 382800 manat və sahəsi 72 kv.metr olan mənzilə görə 190080 manat, kirayə haqqına görə 9350 manat olmaqla, ümumilikdə 582230 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar