Məhkəmə qərarları › İş №e-2(006)-1500/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1500/2023

22.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1500/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı, Cavabdeh “X2 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili - Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X2 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «işdənçıxma müavinətinin, xəbərdarlıq müddəti əvəzinə pul məbləğinin və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «işdənçıxma müavinətinin, xəbərdarlıq müddəti əvəzinə pul məbləğinin və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzinə 11439.50 manat, istifadə edilməmiş məzuniyyət günlərinə (23 gün) görə pul əvəzi kimi 2212.45 manat olmaqla cəmi 13 651.95 manat pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan – 16 mart 2023-cü il tarixdı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin “İxtisar olunma barədə, xx.xx.2022-ci il tarixli 223 saylı Əmrinin ləğv edilməsi, göstərilən tarixdən işə bərpa olunması və buraxılmış iş müddətinə görə orta əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 mart tarixli ərizə ilə verilmiş tələbin azaldılmasını, cavabdeh tərəfindən işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzinə 11439.50 manat, istifadə edilməmiş məzuniyyət günlərinə (23 gün) görə pul əvəzi kimi 2212.45 manat olmaqla cəmi 13 651.95 manat pul məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2022ci il tarixədək cavabdehdə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hüquqşünas və xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək baş mühəndis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda) əmək müqaviləsinə xitam verililmişdir və ona 2682.33 manat işdənçıxarma müavinəti və 23 (iyirmi üç) gün istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya kimi 817.29 manat pul məbləği ödənilmişdir. İşdənçıxma müavinətinin və istifadə edilməmiş məzuniyyət günlərinə (23 gün) görə pul əvəzinin (kompensasiyanın) hesablanmasında yanlışlığa (səhvə) yol verilmiş və Azərbaycan Respublikasıının Əmək Məcəlləsinin 77-ci, 157-ci, 177-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Təqribi hesablamalara görə ona işəgötürənlə bağlanmış əmək müqavilələri üzrə 6 il 10 ay əmək stajı və 4555.43 manat aylıq əmək haqqı nəzərə alınmaqla, işdənçıxarma müavinəti beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında = 4555.43 AZN (orta aylıq əmək haqqı) x 1.7 =7744.23 AZN (NET) və azı altı təqvim həftəsi xəbərdarlıq müddəti (beş ildən on ilədək əmək stajı olduqda) əvəzinə orta aylıq əmək haqqının 1,4 misli miqdarında = 4 555.43 x 1.4 = 6377.60 AZN (NET), yekun 7744.23 + 6377.60 = 14121.83 AZN, istifadə edilməmiş məzuniyyət günlərinə (23 gün) görə kompensasiya = (4555.43/30.4) x 23 = 3446.54 AZN (GROSS), 14121.83 AZN ödənilməli olduğu halda 2682.33 AZN, ümumi GROSS məbləğdən (3446.54 AZN) vergilər və digər ödənişlər tutulduqdan sonra NET məbləğ 3029.74 AZN ödənilməli oduğu halda 817.29 AZN ödənilmişdir. Beləliklə, təqribi olaraq məbləğlərin cəmi olaraq (11 439.50 + 2 212.45) 13651.95 AZN məbləğ əlavə olaraq ona ödənilməlidir. İşdənçıxarma müavinəti və azı altı təqvimhəftəsi xəbərdarlıq əvəzinə (14121.83 – 2682.33) – 11439.50 AZN, istifadə edilməmiş məzuniyyət günlərinə (23 gün) görə pul əvəzi (3029.74 – 817.29) – 2212.45 AZN. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: “X2 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müavinət təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli 793 saylı protokolundan görünür ki, İddiaçı Ali oğlu, A.R. Əmək Məcəlləsinin 77-ci maddəsinin, 4-cü bəndinə əsasən qarşdıqlı razılaşma əsasında xəbərdarlıq müddəti əvəzinə ona orta aylıq əmək haqqının 0.9 misli (dörd təqvim həftəsi əvəzinə) miqdarında müavinətin və bu məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində qeyd olunan işdən çıxarma müavinəti (bir ildən beş ilədək əmək stajı olduqda) birdəfəyə ödənilməsi şərtilə xx.xx.2019-ci il tarixli əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2022-ci il tarixində xitam verilməsi və ödənilməsi üçün müvafiq şöbəyə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli 223 nömrəli Əmrdən görünür ki, İddiaçı Ali oğlu xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək Məcəlləsinin 77ci maddəsinin 3-cü və 4-cü hissəsinə əsasən işdənçıxartma müavinəti (2682,34 manat) ödənilməklə istifadə etmədiyi 23 (İyirmi üç) təqvim günü əmək məzuniyyətinə görə 817,29 manat pul əvəzi verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 223K-22 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2441 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq, iş materiallarında olan (c.i.v.14) “X2 və Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli arayış məlumatlarına əsasən İddiaçı son 1 ilin hesablanmış əmək haqqısı əsas götürülməklə ona ödənilməli olan işdənçıxarma müavinətinin, altı təqvim həftəsi xəbərdalıq müddətinin əvəzinə və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyasının məbləği 54180,13 manat (arayışa əsasən son 12 ayın hesablanmış cəmi əmək haqqı məbləği) / 12 ayın 1,7 misli = 7675,51 manat, 54180,13 manat (arayışa əsasən son 12 ayın hesablanmış cəmi əmək haqqı məbləği) / 12 ayın 1,4 misli = 6321,01 manat müəyyən edilmişdir. Eyni zamanda sual üzrə/stifadə edilməmiş məzuniyyət günlərinə görə (23 gün) kompensasiyasının məbləği 54180,13 manat (arayışa əsasən son 12 ayın hesablanmış cəmi əmək haqqı məbləği) / 12 ay/30.4 gün x 23 gün = 3415,96 manat müəyyən edilmişdir. Qeyd edilir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 223 nömrəli “Əmr”də Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissəsinə əsasən işdənçıxartma müavinəti (2682,34 AZN), ödənilməklə istifadə etmədiyi 23 (iyirmi üç) təqvim günü əmək məzuniyyətinə görə 817,29 manat pul əvəzi verilməsi göstərilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 157-ci maddəsinin 3-cü bəndinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı cavabdehdə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək, o cümlədən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hüquqşünas və xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək baş mühəndis vəzifələrində işləmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 223 nömrəli Əmri ilə iddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. eyni zamanda iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissəsinə əsasən işdənçıxartma müavinəti (2682,34 manat) ödənilməklə istifadə etmədiyi 23 (İyirmi üç) təqvim günü əmək məzuniyyətinə görə 817,29 manat pul əvəzi verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin arasındakı mübahisə yalnız işdənçıxartma müavinətinin və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın məbləği barədədir. Belə ki, cavabdeh işdənçıxartma müavinətinin 2682,34 manat və və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın məbləğinin 817,29 manat, iddiaçı isə işdənçıxarma müavinətinin 11439.50 manat və və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın məbləğinin 2212.45 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün işdənçıxartma müavinətinin və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın məbləğinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2441 saylı ekspert rəyi ilə, işdənçıxarma müavinətinin məbləği ümumilikdə 13996,52 manat (7675,51 manat + 6321,01 manat), istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın məbləği isə 3415,96 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/2441 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin yuxarıda göstərilən məbləğlərin müəyyən edilməsi ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Buna görə də məhkəmə hesab edir ki, işdənçıxarma müavinətinin, altı təqvim həftəsi xəbərdarlıq müddətnin əvəzinin və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın məbləğləri ilə bağlı ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər əsas götürülməlidir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya işdənçıxartma müavinətinə görə 2682,34 manat və və istifadə edilməmiş məzuniyyət günlərinə görə 817,29 manat kompensasiya verilmişdir. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər əsas götürülməklə həmin məbləğlərdən cavabdeh tərəfindən ödənilmiş məbləğlər çıxılmalıdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğlər, işdənçıxarma müavinətinin və altı təqvim həftəsi xəbərdarlıq müddətinin əvəzi ümumilikdə 11314,18 manat (13996,52 - 2682,34) və istifadə edilməmiş məzuniyyət günlərinə görə isə 2598,67 manat (3415,96 - 817,29) təşkil edir. İddiaçı isə işdənçıxarma müavinətinin və altı təqvim həftəsi xəbərdarlıq müddətinin əvəzi kimi 11439.50 manat, istifadə edilməmiş məzuniyyət günlərinə görə isə 2212.45 manat tələb edir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmalqa işdənçıxarma müavinətinin və altı təqvim həftəsi xəbərdarlıq müddətinin əvəzi qismində 11314,18 manat tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. İddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi ilə göstərilən tələbin məbləği (2598,67) iddiada tələb olunan məbləğdən (2212.45) artıq müəyyən olunsa da, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X2 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzi kimi 11314,18 manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə 2212.45 manat kompensasiya olmaqla cəmi 13526,63 manat pul məbləği tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehdən, qalan 50 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X2 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən işdənçıxarma müavinəti və azı altı təqvim həftəsi xəbərdarlıq əvəzi kimi 11314,18 manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə 2212.45 manat kompensasiya olmaqla cəmi 13526,63 manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdeh “X2 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, qalan 50 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar