Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1514/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı (X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı (X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Depozit Mərkəzində borc idarəetmə agenti olaraq işə bərpa olunması; xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının ödənilməsi; cavabdeh Milli Depozit Mərkəzi tərəfindən ona 1 manat simvolik olaraq mənəvi ziyan, İMS üçün ödənilmiş 60 manat xidmət haqqı, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 91 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Depozit Mərkəzində borc idarəetmə agenti olaraq işə bərpa olunması (işgüzar münasibətlərin pisləşməsi səbəbindən iddiaçının imtina hüququ saxlanılmaqla); xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının ödənilməsi (işgüzar münasibətlərin pisləşməsi səbəbindən iddiaçının işə bərpadan imtina etməsi halında məhkəmənin qərarının icra olunduğu tarixə qədər hesablanmış orta aylıq əmək haqqının ödənilməsi hüququ saxlanılmaqla); cavabdeh Milli Depozit Mərkəzi tərəfindən ona keçirdiyi əsəb sarsıntıları və karyerasının zədələnməsi səbəbindən 20.000 manat mənəvi ziyan, İMS üçün ödənilmiş 60 manat xidmət haqqı, 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20.090 manat pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ali təhsillidir, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakültəsinin bakalavr üzrə və Odlar Yurdu Universitetini MBA-İdarəetmədə informasiya texnologiyaları ixtisası üzrə magistr dərəcəsinin məzunudur. Cavabdeh Milli Depozit Mərkəzi ilə onun arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanaraq Depozitar və Reyestr saxlayıcı Departamentinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi xx.xx.2025-ci ilə qədər bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 2.300 manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə Milli Depozit Mərkəzinin yeni strukturunun yaradılması ilə əlaqədar onunla cavabdeh Milli Depozit Mərkəzi arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək borc idarəetmə agenti vəzifəsinə işə təyin edilmiş və hər ay 2.378 manat məbləğində əmək haqqı ödənilməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə Milli Depozit Mərkəzinin sədri Ağahüseyn Xudaverdiyev onu yanına cağıraraq işdən öz xahişi ilə çıxması üçün ərizə yazmasını, artıq onunla çalışmaq istəmədiyini bildirmişdir. O, ərizəni yazmaqdan imtina etdikdə isə «Özün bilərsən, artıq işdən azadsan» deyərək Təhlükəsizlik Departamentinin rəisi Ramil Şıxaliyevə onu iş yerindən kənarlaşdırmasını və bir də içəri buraxmamasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər işə daxil olmasına Ramil Şıxəliyev tərəfindən icazə verilməmişdir. xx.xx.2024-cü il tarixdə İnsan Resursları Departamentinin əməkdaşı S.İskəndərova ona zəng edərək artıq işdən azad olunduğunu və gəlib əmək kitabçasını götürməsini bildirmişdir. Həmin əməkdaşa işdən azad olunması üçün ərizə yazmadığını bildirdikdə isə rəhbərliyin artıq əmrinin olduğunu, əlavə sualları birbaşa rəhbərliklə həll etməli olduğunu bildirmiş və daha sonra telefonu Təhlükəsizlik Departamentinin rəisi Ramil Şıxaliyev götürərək ona gəlib əmək kitabçasını götürməsini və hər hansısa bir yerə şikayət edəcəyi təqdirdə rəhbərliyin başqa yerdə iş tapmasına maneə yaradacağını, bir daha heç yerdə iş tapa bilməyəcəyini və xoşluqla problem olmadan işdən ayırlmasını bildirmişdir. Əsasən bank sektorunda çalışdığı üçün və Ağahüseyn Xudevrdiyevin işindəki vəzifəsindən irəli gələn əsaslarla bütün bank rəhbərləri ilə sıx əlaqədə olduğu üçün şikayət etməkdən qorxmuşdur. «Əmək və Məşğulluq» alt sistemində işdən azad olmaq ilə bağlı ərizə yazmadığı halda cavabdeh Milli Depozit Mərkəzi tərəfindən onun əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında bidilrişin olduğunu görmüşdür. Cavabdeh Milli Depozit Mərkəzinin qanunsuz hərəkətlərindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə şikayət etmişdir. X7 Xidməti tərəfindən ona göndərilmiş. xx.xx.2024-cü il tarixli 317-5/2-Ə-93643/2024 nömrəli məktubda bildirilir ki, xx.xx.2024-cü il tarixdə Milli Depozit Mərkəzinə poçt və mərkəzləşdirilmiş dövlət elektron karguzarlığı üzərindən iş üçün əhəmiyyət kəsb edən (əmək müqaviləsinin, ona əlavələrin, işdən azad olunma ilə bağlı əmrin, işdən azad olunma ilə bağlı ərizənin, haqq hesab sənədlərinin və əmək kitabçasının təqdim olunduğu vaxtla bağlı təhvil-təslim jurnalından çıxarışın surətləri) sənədlərin təqdim olunması üçün müraciət olunsa da, məktub göndərilən xx.xx.2024-cü il tarixinə müraciət cavablandırılmamışdır. xx.xx.2024-cü il tarixdə X7 Xidmətinə təkrarən elektron qaydada müraciət edərək Milli Depozit Mərkəzi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədlərin təqdim olunmasının qəsdən yubadılmasını nəzərə alaraq bir üst qurum olan Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilərək iş üçün əhəmiyyət kəsb edən sənədlərin istənilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə təqdim olunduğu günə qədər məktubuna cavab verilməmişdir. Cavabdeh Milli Depozit Mərkəzinə xx.xx.2024-cü il tarixdə iş üçün əhəmiyyət kəsb edən sənədlərin təqdim olunması üçün ərizəsini poçt vasitəsi ilə göndərmişdir. İddia ərizəsi məhkəməyə təqdim olunduğu günə qədər məktubuna cavab verilməmişdir. Cavabdeh Milli Depozit Mərkəzinə xx.xx.2024cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini (ilkin mediasiya sessiyası) poçt vasitəsi ilə göndərmişdir. 10 iş günü ərzində təklifinə cavab verilmədiyi üçün xx.xx.2024cü il tarixdə Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən müraciət ərizəsi əsasında X5 mediator təyin olunmuşdur. xx.xx.2024-cü il tarixə olan ilkin mediasiya sessiyasında cavabdeh Milli Depozit Mərkəzi bildirişi qəbul etməsinə baxmayaraq iştirak etməmişdir. İMS üçün 50 manat xidmət haqqı, 10 manat mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləğini, ümümilikdə 60 manat İMS üçün pul ödəmişdir. xx.xx.2024-ci il tarixdə İMS-nin davam etdirilməməsi barədə Arayış ona təqdim olunmuşdur. İşdən qanunsuz olaraq çıxarıldığından maddi vəziyyəti pisləşdiyi üçün o və həyat yoldaşı dərin psixoloji sarsıntı keçirmişdir. Belə ki, 2018-ci ildə keçirdiyi Obsessivkompulsiv pozuntu diaqnozlu xəstəlik 6 ildən çoxdur ki, heç bir əlamətini görmədiyi halda bu müddət ərzində yenidən təkrarlanmışdır. İşdən çıxarıldığı bu günə qədər həmin xəstəlikdən Psixi sağlamlıq Mərkəzində müalicə alır. Obsessivkompulsiv pozuntu gündəlik həyata və hətta həyati fəaliyyətlərə təsir edən obsessiv düşüncələr nəticəsində yaranan psixi xəstəlikdir. Obsessiv düşüncələr və impulslar mənasını verən obsessiya və təkrarlanan zehni hərəkət və davranışlar mənasını verən məcburiyyət xəstəliyi əmələ gətirir. Obsesyonlar, yəni insanın beynində xilas ola bilmədiyi fikirlər, düşüncələr, impulslar insanın iradəsinə zidd olaraq inkişaf edir. İnsan bunları ağılsız hesab etsə də, düşünməkdən vaz keçə bilmədiyi üçün çox sıxıntı yaşayır və buna görə də narahatlıq yaşayır. O, obsesyonların yaratdığı narahatlıq və sıxıntıları aradan qaldırmaq üçün təkrarlanan davranışlar və zehni hərəkətlər inkişaf etdirir. Ona işdən çıxarıldığı üçün 1 manat dəyərində simvolik olaraq mənəvi zərər dəymişdir. Həmçinin cavabdeh Milli Depozit Mərkəzi tərəfindən ona qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh etiraz ərizəsində qeyd edir ki, işdən çıxarılma barədə ərizə onun tərəfindən imza olunmuşdur. Lakin 4/564-5/361 nömrəli 30 aprel 2025-ci il tarixli ekspertizanın rəyi ərizənin onun tərəfindən imzalanmadığını sübut edir. Cavabdehin ərizədə qeyd etdiyi kamera görüntülərinin və xx.xx.2024-cü il tarixdə yazdığı izahatın məhkəməyə təqdim olunması ilə bağlı xx.xx.2025-ci il tarixdə göndərdiyi məktuba üstündən 3 aydır keçməsinə baxmayaraq hələ də cavab verilməməsi sənədlərin saxtalaşdırıldığını bir daha sübut edir. xx.xx.2024-cü il tarixdə cavabdehin inzibati binasındakı iclas zalında o və iş yoldaşı Bilal Ağayarlıya işdən ayrılmaları üçün ərizə yazmaları tələbi qoyulur və xx.xx.2024-cü il tarixdə həmin zaldakı 16:15-dən sonrakı kamera görüntülərində bu qeydə alınıb. İş yoldaşı Bilal Ağayarlı həmin ərizəni yazmışdır. O, ərizəni yazmayacağını bildirdikdə isə işdən artıq kənarlaşdırıldığı bildirilmiş və onun adından ərizə imzalanaraq müqaviləsinə xitam verilmişdir. Cavabdeh öz ərizəsində Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilmədiyini, ərizəsində qeyd edilən bu xəyali hadisələrin ehtimal olunan baş vermə tarixindən sonra, hüquqlarının müdafiəsi ilə bağlı kifayət qədər zamanı və imkanı olduğu təqdirdə hər hansı orqana müraciət etməmiş və guya pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək müddətini ötürməsi ilə bağlı etirazını bildirmişdir. Cavabdeh tərəfindən işdən çıxarılma ilə bağlı şikayət və məhkəməyə müraciət etdiyi təqdirdə onun bundan sonra bütün iş görüşmələrinə müdaxilə edəcəklərini, heç bir yerdə işləməyə qoymayacaqlarını bildirmişlər. Milli Depozit Mərkəzi quruluşu gərəyi bütün banklar və biznes sahələrinin qiymətli kağızlarını qeydə alan qurum olduğu üçün rəhbərliyin kifayət qədər müdaxilə imkanları olduğundan qorxaraq şikayət və yaxud məhkəməyə müraciət etməmişdir. Sonrakı aylarda şikayət etməməsinə baxmayaraq cavabdeh tərəfindən başqa strukturlarda puluna maneəçilik törətməsini müşahidə etdiyi üçün məhkəməyə pozulmuş hüquqlarının bərpası üçün müraciət etmişdir. Ərizənin onun tərəfindən yazılmamasının ekspert rəyi ilə təsdiqlənməsi iddia müddətinin ona hədə-qorxu gəldikləri üçün üzürlü səbəbdən ötürülməsinə dəlalət edir. xx.xx.2024-cü il tarixdə MDMnın iclas zalında 16:15 radələrindəki görüntülərdə hədə qorxunu müşahidə etmək mümkün olacaq. Bir daha bildirir ki, onun iddia müddəti çərçivəsində, vaxtında təqdim etməməsinin səbəbi Milli Depozit Mərkəzinin rəhbərliyi tərəfindən başqa yerdə iş tapmasına maneəçilik törədiləcəyi şantajı ilə əlaqədardır. Bundan əlavə, onu və iş yoldaşını ciddi şəkildə təhdid edən və şantaj edən bir hadisəni bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir. Həmin şantaj, Milli Depozit Mərkəzinin sədri Ağahüseyn Xudaverdiyev tərəfindən iclas zalında, onun və iş yoldaşnın iştirak etdiyi bir görüş zamanı edilmişdir. Şantajın məzmunu, onları işdən çıxarılmağa məcbur edərək, hər ikisini işdən çıxarılma ərizəsi yazmağa yönəltmək olmuşdur. İş yoldaşı, Ağahüseyn Xudaverdiyevin təzyiqi altında qorxaraq ərizəni yazmış, lakin o, bu təzyiqə qarşı çıxaraq ərizəni imzalamaqdan imtina etmişdir. Bu zaman, iclas zalında olan digər şəxslər tərəfindən onun və iş yoldaşının təzyiqə məruz qalması və şantaj edilmələri, zalda yerləşən təhlükəsizlik kameraları tərəfindən qeydə alınmışdır. O, dəfələrlə həmin görüntülərin cavabdehdən məhkəməyə təqdim olunmasını xahiş etmiş, lakin bu müraciətinə heç bir məhəl qoyulmamışdır və cavabdeh tərəf bu görüntülərin təqdim edilməsindən yayınmışdır. Yuxarıda qeyd olunan hadisələr olduqdan sonra və ərizəsi olmadan işdən çıxarıldığına görə daha da qorxaraq şikayət etməkdən çəkinmişdir. Çünki bu qanunsuz hərəkətləri edən işə götürənin gələcəkdə başqa yerdə işə düzəlməsinə nə kimi çətinliklər törədəcəyini qabaqcadan görmək elə də çətin bir iş olmadığından hər şeyi kənara qoyaraq başqa iş axtarışına başlamışdır. Lakin onun kimi peşakar kadrın öncəki işə götürənindən alınmış onun barəsində neqativ məlumatlar digər işə götürənlərin də ona marağını azaltmışdır. Neqativ fikirlərin söylənilməsi öz tərəfindən öyrənilmişdir. Bununla da, şikayət etməməsinin müqabilində gələcəkdə iş tapmasına maneəçilik edilməyəcəyi vədinə əməl olunmadığından iddia müddəti ötdükdən sonra məhkəməyə müraciət etmişdir. Bütün bu hadisələri nəzərə alaraq, Mülki Məcəllənin 382-ci maddəsinə uyğun olaraq, iddia müddətinin bərpa edilməsini, iş üzrə zəif tərəf olduğu üçün iddia müddətinin göstərilən səbəblərdən ötürülməsinin üzürlü sayılmasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzi məhkəməyə göndərdiyi iddiaya etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək MDM-nın Depozitar və Reyestrsaxlayıcı departamentinin baş mütəxəssisi vəzifəsində, sonuncu tarixdən xx.xx.2024-cü il tarixədək isə həmin departamentin Depozitar Xidmətləri bölməsinin borc idarəetmə agenti vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad olunması və əmək kitabçasının ona təqdim edilməsi barədə müraciət etmişdir. Bundan sonra, İddiaçı müvafiq ərizə nümunəsi təqdim olunmuş, İddiaçı ərizəni tərtib edərək imzalamış və İnsan resursları şöbəsinə təqdim etmiş, işdən çıxarılması barədə ərizəsinin baxılması və tutduğu vəzifədən kənarlaşdırılması barədə müvafiq əmrin verilməsini təkid etmişdir. Bundan sonra, həmin ərizə əsasında xx.xx.2024-cü il tarixli 6-1-1/3-1-62/2024 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəllasinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən İddiaçı tutduğu vəzifədən əzad edilmiş, əmr müvafiq qaydada ona təqdim olunmaqla, onunla həmin tarixə olan son haqq-hesab aparılmış və əmək kitabçası ona taqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət edərək, guya onun tərəfindən imzalanmamış ərizə əsasında, həmin ərizə saxtalaşdırılmaqla tutduğu vəzifədən azad edilməsi əmrinin verilməsi barədə məsələnin araşdırılmasını, lazım gəldikdə xətti ekspertizanın təyin olunmasını və işə bərpa olunmağa köməklik göstərilməsini xahiş etmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən MDM-ya ünvanlanmış 3-17-5/2-83331/2024 nömrəli məktub xx.xx.2025-ci il tarixdə MDM-ya daxil olmuş və qeyd edilən məsələ ilə bağlı təqdim edilməsi xahiş olunan sənədlər xx.xx.2025-ci il tarixli 6-1-1/2-31/2025 nömrəli məktubla Əmək Müfəttişliyi Xidmətinə təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məktubla MDM-ya müraciət edərək guya qanunsuz işdən azad olunması ilə bağlı məsələnin məhkəmə orqanlarında mübahisələndirilməsi zərurəti ilə əlaqədar müvafiq sənədlərin surətlərinin təqdim edilməsini xahiş etmişdir. Həmin müraciət xx.xx.2025-ci il tarixdə MDM-ya daxil olmuş və xx.xx.2025-ci il tarixli 6-1-1/2-Ə1-xx-xx/2025 saylı məktubla cavablandırılaraq müvafiq sənədlər İddiaçı təqdim edilmişdir. İddiaçı tərəfindən guya imzası saxtalaşdırılmış ərizə əsasında işdən kənarlaşdırılması iddiasına cavab olaraq bildirilmişdir ki, hazırki məktuba əlavə edilmiş bütün sənədlərin surətləri əsl nüsxələrində İddiaçı tərəfindən imzalanmışdır. Təqdim olunan sənədlərin hər biri İddiaçı tərəfindən müxtəlif dövrlərdə imzalanmış olsa da, yalnız bir neçəsinin təsviri eynilik təşkil edir. Həmçinin məktuba əlavə edilmiş «Mediasiya Prosesinin tətbiqi barədə təklif məktubu»nun ilk və növbəti səhifələrindəki imzalar, İddiaçı xx.xx.2024-cü il tarixli «müvafiq sənədlərin təqdim edilməsi barədə» məktubundakı imzası, o cümlədən, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı ərizədəki imzası bir-birindən tamamilə fərqlənir. Qeyd edilən ərizələr və İddiaçı tərəfindən imzalanmış digər sənədlər müvafiq məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi və eyniləşdirilmə məqsədi ilə təqdim edilə bilər. O cümlədən, ərizələrin İddiaçı hər hansı kənar qüvvənin təsiri olmadan, bilavasitə özü tərəfindən imzalaması MDM-nın daxili təhlükəsizlik kameraları tərəfindən qeydiyyata alınmışdır və məhkəmənin tələbi əsasında materiallara əlavə edilə bilər. Dolayısıyla, İddiaçı ərizəsində tarix göstərməsinə baxmayaraq işəgötürən tərəfindən həmin tarixə riayət edilməməsi və işçinin əmək müqaviləsinə xitam verilməməsi məhz elə Əmək qanunvericiliyinin tələblərinin, həmçinin işçinin hüquqlarının pozulmasına gətirib çıxarar. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənə müraciət etmək işçinin hüquqlarından biri kimi təsbit olunduğundan və həmin hüququn həyata keçirilməsinin işəgötürən tərəfindən təmin edilməməsi (məhdudlaşdırılması) Konstitusiyanın 35-ci maddəsinin (Heç kəs zorla işlədilə bilməz) və Əmək Məcəlləsinin 42.1ci maddəsinin (Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz) pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, İddiaçı iddia ərizəsində guya MDM-nın rəhbərliyi tərəfindən işdən çıxması barədə ərizə yazmağa məcbur edilməsi, imtina etdikdə isə artıq işdən azad olunduğunun bildirilməsi ilə bağlı hər hansı dəlil təqdim olunmamışdır və qeyd edilənlər tamamilə əsassızdır. Həmçinin əlavə olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, İddiaçı ərizəsində qeyd edilən bu xəyali hadisələrin ehtimal olunan baş vermə tarixindən sonra, hüquqlarının müdafiəsi ilə bağlı kifayət qədər zamanı və imkanı olduğu təqdirdə hər hansı orqana müraciət etməmiş və guya pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. Bu səbəbdən, iddianın əsassız hesab edilməsi xahiş olunmuşdur. Cavabdehin nümayəndələri X6 və X4 ayrı-ayrılıqda məhkəmə iclasında iddia tələbini qəbul etmədilər, iddiaya etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - 03 oktyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Milli X3 və Reyestrsaxlayıcı Departamentinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, müqavilədə işçinin iş vaxtı, məzuniyyət vaxtı, əmək haqqı və s. bağlı şərtlər təsbit olunmuşdur. Eləcə də, əmək müqaviləsinə 1 saylı əlavə olan vəzifə təlimatı işçiyə təqdim edilmiş, işçi həmin təlimatla tanış olaraq imzalamışdır. Bundan başqa, tərəflər arasında eyni tarixdə kommersiya sirrinin məxfi saxlanılması haqqında razılaşma bağlanmışdır. Sonra, 03 oktyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli dəyişiklik edilərək, əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Daha sonra, 03 oktyabr 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli dəyişiklik edilərək, işçi Azərbaycan Respublikası Milli X3 və Reyestrsaxlayıcı Departamentinin Depozitar xidmətləri bölməsinin Borc idarəetmə agenti vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı məbləği vəzifəsinə uyğun olaraq dəyişdirilmişdir. - Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 09 avqust 2024-cü il tarixli 6-1- 1/3-1-62/2024 saylı əmrindən görünür ki, Depozitar və Reyestrsaxlayıcı departamentin Depozitar xidmətləri bölməsinin Borc idarəetmə agenti İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən öz xahişi ilə xitam verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/564-5/361 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 93cü vərəqində İddiaçı adından olan 08 avqust 2024-cü il tarixli ərizədə «İmza: /İddiaçı/» qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (məkəmə-xəttşünaslıq ekspertizası üzrə). Rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən «2. İşdən azad olunma ilə bağlı ərizədəki imzanın çəkilməsi tarixi xx.xx.2024-cü il tarixə uyğun gəlirmi?» sualı üzrə tədqiqat aparılmadı (sənədlərin materiallarının tədqiqi üzrə). Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 17 dekabr 2024-cü il tarixli 3-17-5/2-Ə-93643/2024 saylı məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə daxil olmuş müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlərlə əlaqədar ətraflı izahat verilməsi və əmək haqqına dair bank hesabından çıxarışın təqdim edilməsi məqsədi ilə iddiaçının ünvanına (Bakı şəhəri Binəqədi rayonu 9-cu MKR Adil Məmmədov küçəsi ev 42 C mənzil 16) xx.xx.2024-cü il tarixli 3-17-5/2-Ə- 83335/2024 nömrəli məktub göndərilmişdir. Bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 4 saylı Bakı DOST Mərkəzində izahat verərək xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində «borc idarəetmə agenti» vəzifəsində işlədiyini, əmək qanunvericiliyinin tələbləri pozularaq işdən azad edildiyini, əsas tələbinin əvvəlki peşəsi üzrə işinə bərpa olunmağına köməklik göstərilməsindən ibarət olduğunu qeyd etmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, müraciətlərlə əlaqədar Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin ünvanına (Bakı şəhəri Nəsimi rayonu Bülbül pr., ev 27 və Bakı şəhəri Həsən bəy Zərdabi prospekti 2A) İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-83331/2024 nömrəli məktub göndərilmiş və iddiaçıya aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin iddiaçının müraciətləri ilə əlaqədar tələb olunan aidiyyəti sənədlər hazırki vaxtadək Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmədiyindən İdarə tərəfindən müraciətlərin araşdırılmasının başa çatdırılması mümkün olmamışdır. Müraciətlərlə əlaqədar İdarə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən iddiaçı ilə Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin işəgötürəni arasında «borc idarəetmə agenti» vəzifəsi üzrə xx.xx.2023-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir, eyni zamanda işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Bu səbəbdən əvvəlki peşəsi üzrə işinə bərpa edilməsi ilə əlaqədar iddiaçının Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə müraciət etmək hüququ vardır. Nəzərə çatdırılmışdır ki, müraciətlərlə əlaqədar tələb olunan aidiyyəti sənədlər Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə İdarə tərəfindən yenidən baxılaraq nəticəsi barədə iddiaçıya əlavə məlumat veriləcəkdir. Müraciətlərdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar iddiaçıya məhkəməyə müraciət etmək huququnun olduğu izah edilmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/2-01317 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin edilmiş mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə mediasiya sessiyasına gəlməmişdir. - 79760017361 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulmuş iddianın dayandırılmasına səbəb olur. Məhkəmə formalaşmış təcrübəyə əsasən ilk olaraq cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Belə ki, qanunvericilikdə iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. İşin faktiki hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən artıq qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Başqa sözlə iddia müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmiş, Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/2-01317 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Həmçinin işin materiallarından görünür ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh tərəf isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. İddiaçı tərəfindən iddia müddətinin buraxılması halı olsa da, məhkəmə qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. İddiaçı tələbində qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi aylıq əmək haqqının hesablanaraq ödənilməsi və s. barədə qətnamə çıxarılmasını xahiş etməsini göstərsə də iddianın mahiyyətindən aydın olur ki, o ilk əvvəl işə bərpa olunması üçün barəsində verilmiş əmrin qanuniliyini mübahisələndirir və bu tələbini onunla əsaslandırmışdır ki, işdən çıxarılmasına dair ərizəni özü imzalamamışdır. Məhz bununla bağlı iddiaçı tərəfin vəsatəti əsasında mübahisələndirilən əmrdə istinad edilən xx.xx.2024-cü il tarixdə dərkənar yazılmış ərizənin məzmununda İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etdiyi qeyd olunmuş, onun soyad, ad, atasının adı qarşısında imzanın iddiaçı tərəfindən icra olunmaması iddia olunduğundan bu xüsusat üzrə sənəd saxtalaşdırılması kimi cinayət əməlinin əlamətlərinin olması ehtimalı nəzərə alınaraq bu halı müəyyən etmək üçün müvafiq məhkəmə ekspertizası təyin edilmiş və iddiaçının qeyd olunan dəlili ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad edilmə barədə ərizəsində imzanın onun tərəfindən icra olunmaması halı müəyyən edilməsinə və məhkəmə tərəfindən müəyyən edilmiş bu hala digər qərarı ilə (xüsusi qərar) müvafiq qiymət verilməsinə baxmayaraq iddiaçının məhkəməyə müraciət üçün iddia müddətini buraxması faktı mövcud olması ilə əlaqədar hazırki mübahisəyə iddia müddəti tətbiq edildiyi üçün hüquqi nəticə etibarı ilə “əmrin qanunsuz hesab edilməsi” tələbinə verilən vəsatətin təmin edilməsi və ekspert rəyi alınması ilə kifayətlənmiş və bu tələbə mahiyyəti üzrə baxılması davam etdirilməmişdir. Beləliklə də, məhkəmə bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edildiyi üçün hüquqi nəticə etibarı ilə iddiaçının “əmrin qanunsuz hesab edilməsi” tələbinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilə bilməz. Məhkəmə qeyd edir ki, iddia iddia müddətinin buraxılması əsası ilə rədd edildiyindən iddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, mənəvi ziyan və s.” tələblərinin “əmrin qanunsuz hesab edilməsi” tələbinə münasibətdə törəmə tələblərdir və onların təmin edilib-edilməməsi bilavasitə bu (əsas) tələbin təmin olunub-olunmamasından asılı olması onların da rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı (X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi və s. » tələblərinə dair iddiası iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı (X7 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi» tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1514/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1514/2025
17.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver