Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1518/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC–dən İddiaçı xeyrinə 1900 manat məbləğində maddi ziyanının tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat məbləğində pul vəsaitini İddiaçı xeyrinə tutulması, İddiaçı göstərilmiş hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Azərişıq ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 sentyabr 2023-cü il tarixdə Astara rayonu, Şiyəkəran kəndi ərazisində saat 18:00 radələrində İddiaçı ona məxsus bir baş iribuynuzlu heyvanın elektrik transformatorunun yanında yerə yıxılmış vəziyyətdə görmüşdür. O, ərazinin elektrikini hadisə yerinə çağırmış, elektrik hadisə yerinə gələndən sonra qırılıb transformatorun içinə düşmüş xətti ayırmış, bundan sonra onlar heyvanı həmin yerdən götürmüşlər. Hadisə yerinə Şiyəkəran kənd bələdiyyəsinin sədri Rövşən Heydərov, Şiyəkəran icra nümayəndəsinin müavini Anar Hüseynov və baytar həkim Mehman Bəşirov gəlmişlər. Hadisə yerində onlar müvafiq akt tərtib etmişdirlər. Hadisə barədə Azərişıqın yerli orqanına məlumat verilsə də, onlar hadisə yerinə gəlməkdən imtina etmişdirlər. Vurulmuş ziyanın könüllü ödənilməsi barədə təklifimizi qəbul etməmişlər və bu günə qədər ziyanı ödəməmişlər. Hadisə yerində tərtib edilmiş aktdan görünür ki, 10 sentyabr 2023-cü il tarixdə təqribən saat 18:00 radələrində vətəndaş İddiaçı məxsus bir baş iribuynuzlu heyvanı elektrik cərəyanı vurmuşdur. Akt yuxarıda göstərilən vəzifəli şəxslərin və hal şahidlərinin iştirakı ilə tərtib edilmişdir. Baytar həkim Mehman Bəşirovun verdiyi Rəyə əsasən İddiaçı məxsus bir baş iribuynuzlu heyvan 10 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində elektrik cərəyanı vurmuşdur. Hadisə yerindən foto şəkilllər də çəkilmişdir. Astara rayonu icra hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Məcidovun verdiyi Arayışa görə 2023-cü ilin sentyabrın 10-da elektrik cərəyanı vurmuş bir baş düyə Şiyəkəran kənd təsərrüfat başına 14 №li kitabın 144-cü səhifəsinə əsasən həqiqətən İddiaçı təsərrüfatına məxsusdur. Astara rayonu Pensər bazar firmasının direktoru Namiq Babayevin verdiyi arayışa əsasən 10 sentyabr 2023-cü ildə bir baş düyə çəkisi 170-180 kq olmaqla qiyməti 1800-1900 AZN təşkil edir. 19 yanvar 2024-cü il tarixdə İddiaçı müraciəti əsasında toplanmış HK-1/22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan Şiyəkəran kənd bələdiyyəsinin sədri Rövşən Heydərov, Şiyəkəran icra nümayəndəsinin müavini Anar Hüseynov və hal şahidləri Nahid Baxşıyev və Şaiq Heydərov tərəfindən tərtib edilmiş 10 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, 10 sentyabr 2023-cü il tarixdə təqribən saat 18:00 radələrində vətəndaş İddiaçı məxsus bir baş iribuynuzlu heyvanı elektrik cəriyanı vurmuşdur. Mülki işin materiallarında olan baytar həkim Mehman Bəşirov tərəfindən tərtib edilmiş rəyə əsasən, çəkisi 160-180 kg arasında olan iri buynuzlu bir baş düyə saat 18:00 radələrində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Mülki işin materiallarında olan Astara rayonu Pensər bazar firmasının direktoru Namiq Babayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 10 sentyabr 2023-cü ildə bir baş düyə çəkisi 170-180 kq olmaqla qiyməti 1800-1900 AZN təşkil edir. Mülki işin materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Astara rayon Şiyəkəran kənd sakini İddiaçı məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Astara rayon prokuroruna göndərilməsi, qərarın sürəti Şiyəkəran kənd sakini İddiaçı göndərilməklə ona qərardad narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Astara rayonu icra hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Məcidovun verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2023-cü ilin sentyabrın 10-da elektrik cərəyanı vurmuş bir baş düyə Şiyəkəran kənd təsərrüfat başına 14 №li kitabın 144-cü səhifəsinə əsasən həqiqətən İddiaçı təsərrüfatına məxsusdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Astara rayonu, Şiyəkəran kənd ərazisində yerləşən 10 kv-luq Şivəkəran hava xətti və 0/0,4 kV-luq 100 kVA transformator "xxxx" ASC-yə məxsus deyil. Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 22 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Astara rayonu, Şiyəkəran kənd ərazisində quraşdırılan 10 kv-luq elektrik verilişi xətləri və transformator məntəqələri "xxxx" ASC-nin balansındadır. Mülki işin materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinə görə 15 saylı Vəkil Bürosuna 200 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddia tələbinin “maddi ziyan” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Beləliklə, toplanmış iş materialları nəticəsində cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışda tələf olan heyvanın hazırda bazar qiymətinin 1800-1900 manat olduğunu nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və heyvanın hazırda bazar qiyməti (yuxarı və aşağı meyarları nəzərə almaqla) 1850 manat qiymətində dəyərləndirilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 15 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür kimi, iddiaçı tərəfindən hüquqi yardıma görə 200 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 200 manat cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməli və dövlət rüsumu kimi ödənilmiş 39 AZN-nin 38 AZN-i cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən vurulmuş maddi ziyanın əvəzi kimi 1850 (bir min səkkiz yüz əlli manat) manat, iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 200 AZN (iki yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 AZN (otuz səkkiz manat) məbləğində pul tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1518/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1518/2024
16.05.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver