Məhkəmə qərarları › İş №e-2(006)-1532/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1532/2022

15.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1532/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin sonunda işə qəbul olunmaq üçün Təhsil Nazirliyinə müraciət etmişdir, lakin cavabdeh "xxxx" MMC-nin rəhbəri və əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçının işə qəbul olunmağı mümkün olmamışdır. Belə ki, məlum olmuşdur ki, iddiaçının müraciəti və razılığı olmadan "xxxx" MMC-nin rəhbəri və əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində onun adına saxta əmək müqaviləsi bağlanmış, adına əmək haqqı yazılmış və adına yazılan əmək haqqı mənimsəmişdir. Adına əmək müqaviləsi bağlanmasından, əmək haqqı yazılmasından heç bir məlumatı olmamışdır. Bu barədə əmək müfəttişliyinə müraciət etsə də, "xxxx" MMC-nin rəhbəri və əməkdaşları barədə heç bir tədbir görməmiş, əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməyi iddiaçıya izah edilmişdir. İddiaçının razılığı və məlumatı olmadan "xxxx" MMC ilə aralarında saxta əmək müqaviləsi mövcud olduğundan, həmin əmək müqaviləsi onun hüquqlarını pozulması səbəbindən, yəni həmin əmək müqaviləsinə görə işə qəbul olunmamasına görə əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X7 Xidmətinə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi məcbur olmuşdur. Göstərilənlərə əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış (saxta) əmək müqaviləsinin qanunsuz hesab edilərək, həmin əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş digər cavabdeh olan hüquqi şəxs tərəfindən onlara göndərilməlidir. Onların təşkilatın üzərinə sırf həmin məlumatın silinməsi öhdəliyi qoyula bilməz. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

7. Nəsimi rayon Məhkəməsinin 2(006)-1532/2022 saylı, 15.04.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X7 Xidmətinə həvalə edilməsi hissəsində işin icraatına, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan «Elektron Məhkəmə Sistemi» portal çıxarışından görünür ki, İddiaçı "xxxx" MMC-də (VÖEN: **********) menecer vəzifəsində işləyir, aylıq əmək haqqı 220 manat təşkil etmişdir.

9. İş materiallarında olan xxxxxxx000100 saylı, 30.09.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 "xxxx" MMC-də (VÖEN: **********) menecer vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz növü əmək müqaviləsi 06.01.2014-cü il tarixdə bağlanılmış, aylıq əmək haqqı 220 manat təşkil etmişdir.

10. İş materiallarında olan xxxxxxx000500 saylı, 14.10.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Şamaxı rayon Təhsil Şöbəsinin Zarat Xeybəri adına ümumi orta məktəbin direktoru vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi 13.10.2021-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 300 manat təşkil etmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 26.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, adına aktiv əmək müqaviləsinin olması barədə məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs "xxxx" MMC-nin ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev,208, 3/2) rəsmi məktub göndərilmiş, lakin bu günədək məktuba cavab verilməmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Bildirirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda məlum edirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.06.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 04.11.2021-ci il tarixli məktubun surətindən görünür ki, adına aktiv əmək müqaviləsinin olması barədə eyni məzmunlu müraciətinə 26.10.2021-ci il tarixli **********2 nömrəli məktubla cavab verilmişdir. Məlum edirlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Bir daha bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. İşəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə verilməsi barədə tələb irəli sürülməlidir.

13. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 25.01.2022-ci il tarixli, 2022-008715 nömrəli arayışın surətindən görünür ki, "xxxx" MMC İddiaçı tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi üzrə (əmək müqaviləsinə xitam verilməsinə dair) 25.01.2022-ci il tarixə təyin edilmiş və keçirilməsi nəzərdə tutulan ilkin ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının xəbəri və razılığı olmadan onunla cavabdeh "xxxx" MMC arasında 06.01.2014-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «menecer» vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmış və əmək haqqı 220 manat məbləğində təşkil etmişdir. İddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, hazırki vaxtadək tərəflər arasında bağlanmüş əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı cavabdeh "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilərək, həmin əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X7 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir.

16. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

17. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

20. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini və iş üzrə toplanmış sübutları nəzərə alaraq hesab edir ki, iddiaçının xəbəri və razılığı olmadan "xxxx" MMC tərəfindən onun adına əmək müqaviləsi bağlanması müəyyən edildiyindən, mübahisəli əmək müqaviləsi qanunla müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələb əsaslı hesab edilməli və təmin edilməlidir.

22. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinin etibarsız hesab edilməklə, iddia tələbi əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi hissəsi təmin edilməməlidir.

23. Belə ki, qeyd olunan əmək müqaviləsi etibarsız hesab edildiyindən olmayan bir müqavilənin xitamından da söhbət gedə bilməz.

24. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Mahmudova (Orucova) Nigar İldırım qızı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06.01.2014-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Mahmudova (Orucova) Nigar İldırım qızı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06.01.2014-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Mahmudova (Orucova) Nigar İldırım qızı ilə cavabdeh "xxxx" MMC arasında mövcud olmuş 06.01.2014-cü il tarixli əmək müqaviləsinə dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar