Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1547/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh X2, Cavabdeh1 nümayəndəsi və vəkili Cəbrayılov Mehman Hümsi oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X4 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvandan qeydiyyatdan və yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019cu il tarixli 2(103)-8951/2019 saylı qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin 04 mart 2019-cu il tarixli onun xeyrinə olan qətnamə ləğv edilmiş, eyni zamanda Cavabdeh2 50.000 ABŞ dollar məbləğində pulun tutularaq ona verilməsi qət olunmuşdur. Qətnamədə eyni zamanda göstərilmişdir ki, qətnamə könüllü icra edilməsə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 96, 7 saylı mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılaraq borc ödənilməlidir. Cavabdeh2 pulu könüllü ödəmədiyindən Bakı Apellyasiya məhkəməsinin icra vərqəsinə əsasən borcun ödənilməsi Cavabdeh1 məxsus mənzilə yönəldilmişdir. "X1 Mərkəzi" MMC tərəfindən 30 sentyabr 2020-ci il tarixdə keçirilmiş hərracdan həmin mənzili o özü almışdır. Lakin cavabdehlər bu günə qədər mənzildən və qeydiyyatdan çıxmaq istəmirlər. Cavabdehlər onun mülkiyyətində olan mənzildə qanunsuz və əsassız qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1547/2022 saylı, 28.04.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə icraata “qeydiyyatdan çıxarılma” hissəsində xitam verilməsi, iddiaçıya müvafiq tələblə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmək hüququna malik olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 və Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)- 8951/2019 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1,Cavabdeh2, X9 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-633/2019 saylı mülki iş üzrə qəbul etdiyi 04 mart 2019-cu il tarixli qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X5 qarşı cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 saylı evin 7 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən çıxarılmaları barədə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, 29.03.2017-ci il tarixdə Bakı şəhər 53 saylı Notariat kontorunda Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 saylı evin 7 saylı mənzilinə dair bağlanılmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 saylı evin 7 saylı mənzilinə İddiaçı adına aparılmış qeyd və 06.12.2017-ci il tarixdə verilmiş RX ******* saylı çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən həmin mənzilə dair Cavabdeh1 adına aparılmış qeyd və 29.04.2009-cu il tarixli MH serialı ******* saylı çıxarışın bərpa edilməsi, Cavabdeh2 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, tələbin könüllü icrası müddətində həmin məbləğin ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 saylı evin 7 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılaraq qeyd olunan borcun ödənilməsi qət edilmişdir. 30.09.2020-ci il tarixli, YP seriyalı 07 nömrəli satış protokolunun surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 96 nömrəli evin 7 saylı mənzil hərracda alıcı-İddiaçı tərəfindən 80.190 manata əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 96, mənzil 7 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 21.01.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21.01.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, X9 və X10 Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 96, 7 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.06.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulubpozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. İddiaçının əmlakın mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehlərin əşyaya sahiblik hüquqlarının olmaması işin mübahisələndirilməyən hallarıdır. Belə ki, “X1 Mərkəzi” MMC-nin təşkilatçılığı ilə 30.09.2020-ci il tarixdə keçirilmiş açıq hərracda Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 96 saylı evin 7 saylı mənzili X7 tərəfindən əldə edilmiş, onun mübahisəli mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 21.01.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, cavabdehlər həmin mənzildə qalmaqda davam edirlər. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 96 saylı evin 7 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçıya keçdiyindən, cavabdehlərin iddiaçının mülkiyyətinə keçmiş mənzildə qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onlar həmin mənzildən çıxarılmalıdır. Belə ki, cavabdehlərin həmin mənzildə yaşamalarına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X10 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 96 saylı evin 7 saylı mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 və X10 İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 96 saylı evin 7 saylı mənzilindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1547/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1547/2022
28.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver