Məhkəmə qərarları › İş №e-2(006)-1571/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1571/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1571/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31 yanvar 2019 il tarixli 101840-134712/6 nömrəli kredit müqaviləsi üzrə 4.226,53 manat əsas borc və 1.581,98 manat faiz borcu olmaqla, cəmi 5.808,51 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 78,49 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25,2 kv.m olan mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.2 kv.m. olan mənzildən çıxarılması və mənzilin boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2ilə bağlanmış 31 yanvar 2019 il tarixli 101840-134712/6 nömrəli Kredit müqaviləsinə əsasən 25 faiz dərəcəsilə, 24 ay müddətinə 10000 (on min) manat məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.2 kv.m. olan mənzil 31 yanvar 2019 il tarixli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh1 arasında 31 yanvar 2019 il tarixli 101840-134712/6 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 31 yanvar 2019-cu il tarixli 101840-134712/6 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli 001/007/32576391/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X1 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi Mülki Məcəllənin bir çox maddələrinin pozulmasını özündə şərtləndirir. Cavabdehin (borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində 10 yanvar 2022-ci il tarixə onun Banka 4.226,53 manat əsas borc və 1.581,98 manat faiz borcu olmaqla, cəmi 5.808,51 (beş min səkkiz yüz səkkiz (əlli bir)) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyəni bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 172 saylı evin 15B saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2974 nömrəli reyestr kitabının 277661 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 101840- 134712/6 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 24 ay müddətinə, illik 25% ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 101840-134712/6 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra olunmasının təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2ə məxsus olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 30.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 172 saylı evin 15B saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilməsi barədə ********** nömrəli qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində 2974 nömrəli reyestr kitabının 277661 nömrəli vərəqində xx.xx.2019 il tarixdə aparılmışdır. İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, banka borclu olmaqları barədə xabərdar edilmişdilər. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 101840-134712/6 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz və cəimələrin ödənilməsi tələb etmiş və əks təqdirdə kredit müaviləsinin ləğv edilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət edilcəyi barədə borclu şəxslər xəbərdar edilmişdir. İddiaçı ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən ona xx.xx.2021-ci il tarixdə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. Bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 10 manat məbləğində dövlət rüsum ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışınının surətindən görünür ki, xx.xx.2022-ci il tarixə borcalanın Banka 4.226,53 manat əsas borc və 1.581,98 manat faiz borcu olmaqla, cəmi 5.808,51 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 502 gün təşkil edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2477 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 101840-134712/6 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 10 yanvar 2022-ci il tarixədək (maliyyə arayışında göstərilən tarix) banka olan borcu 6.086,23 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 4.499,99 manat, faiz borcu üzrə 1.586,24 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/07-PLS saylı mütəxəssis rəyindən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və monitorinq nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən evin 15 B saylı mənzilinin hal-hazırda likvid qiyməti 40.000 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 101840-134712/6 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 25% ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, cavabdeh özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 172, 15B mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən banka 4.226,53 manat əsas borc və 1.581,98 manat faiz borcu olmaqla, cəmi 5.808,51 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Baxmayaraq ki, ekspert rəyi ilə müəyyən olunan əsas və faiz borcunun məbləği iddia ərizəsində qeyd edilənlərdən daha yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, cavabdehdən əsas və faiz borcu üzrə müvafiq olaraq 4.226,53 manat və 1.581,98 manat məbləğində pul tutulmalıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 172, 15B mənzil kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh2 əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli, 001/007/32576391/2021 saylı bildiriş cavabdehə göndərilmiş və xx.xx.2021-ci il tarixli məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/07-PLS saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən evin 15 B saylı mənzilin hazırda mövcud olan likvid qiyməti 40.000 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsi ilə bağlı hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti 2022-ci il tarixi üçün tərtib edilmiş sonuncu qiymətləndirmə rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 40.000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın xx.xx.2019-cu il tarixli, 101840-134712/6 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh - borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 4.226,53 manat, faiz borcu üzrə 1.581,98 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı, həmçinin məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 78,49 manatın 50 manatı, cəmi 5.898,51 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma Cavabdeh2ə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyob küçəsi, ev 172, 15B saylı mənzilə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan kredit borcu ödənilməli, satışdan əldə olunacaq pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2ə qaytarılmalıdır. Belə ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (Cavabdeh2) qaytarılmalıdır. Məhkəmə iddianın “Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.2 kv.m. olan mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 4.226,53 manat, faiz borcu üzrə 1.581,98 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı, məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 78,49 manatın 50 manatı, cəmi 5.898,51 (beş min səkkiz yüz doxsan səkkiz manat, əlli bir qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 172, 15B saylı mənzilə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 İddiaçı ASC-yə olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar