Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1600/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə təhsil İdarəsi və Bakı şəhəri Buzovna qəsəbəsi 26 saylı orta məktəbinə qarşı «əmək kitabçasında müvafiq qeydin aparılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri üzrə təhsil İdarəsi və Bakı şəhəri Buzovna qəsəbəsi 26 saylı orta məktəbinə qarşı «əmək kitabçasında müvafiq qeydin aparılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 2 avqust 1995-ci il tarixində Buzovna qəsəbəsi 26 saylı orta məktəbdə coğrafiya müəllimi vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək kitabçasında müvafiq qeydin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 10 sentyabr 1986-cı ildə Buzovna qəsəbəsi 26 saylı orta məktəbdə coğrafiya müəllimi kimi çalışmağa başlamış və 15 iyun 1995-ci il tarixində 48 günlük məzuniyyətə çıxmış, məzuniyyətə çıxdığı zaman isə ərizə ilə məktəbə müraciət edərək məzuniyyətdən qayıtdıqdan sonra onunla cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 3 avqust 1995-ci ildə iddiaçı məzuniyyətdən qayıtdıqdan sonra Buzovna qəsəbəsi 26 saylı orta məktəbdən ona bildirilmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə məzuniyyətdən qayıtdığı gün xitam verilmiş və ərizəçinin əmək kitabçası özünə təhvil verilmişdir. Daha sonra iddiaçı pensiyaya çıxmaq üçün müraciət etdikdə ona məlum olmuşdur ki, əmək kitabçasına onun işdən çıxarılması ilə bağlı cavabdeh tərəfindən müvafiq qeydiyyat aparılmamış, işdən çıxma rəsmi əmr ilə rəsmiləşdirilməmişdir. İddiaçı hələ də həmin məktəbin işçisi kimi qalmaqdadır. İddiaçı dəfələrlə cavabdehə şifahi müraciət etmiş, məktəbin keçmiş direktoru Tofiq Heydərovun qəbulunda olmuşdur. Lakin məktəb rəhbərliyi problemi yalnız Bakı şəhəri Buzovna qəsəbəsi 26 saylı orta məktəbin həll edə biləcəyini və oraya müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı online ərizə ilə cavabdehə müraciət etmiş, 3 dəfə İdarədə qəbulda olmuş, lakin orada da əmək kitabçasında yol verilmiş yalnışlığın aradan qaldırılması barədə müsbət nəticə əldə edilməmişdir. Cavabdeh də etiraf edir ki, qeydiyyat kitabında iddiaçının hənin tarixdə işdən azad edilməsi ilə bağlı qeyd vardır. Lakin, o vaxtkı rəhbərlik dəyişdiyindən, əmək kitabçasının imzalanması mümkün deyildir. Cavabdehin əmək nünasibətlərinə xitam verilməsi halını rəsmiləşdirməməsi iddiaçının 1986-1995-ci illər ərzində işlədiyi illərin əmək stajı kimi hesablanmamasına və onun pensiyasına əlavə edilməməsinə səbəb olmuşdur. Odur ki, qeyd olunan faktiki və qanuni əsaslara görə cavabdeh tərəfindən yol verilmiş yanlışlıq aradan qaldırılmalı və pozulmuş hüquqlar bərpa edilməlidir. Sonradan (09 mart 2022-ci il tarixli məhkəmə hazırlıq iclası zamanı) iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 01.04.1974-cü il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı 16.09.1986-cı il tarixdən Bakı şəhəri Əzizbəyov rayonu 26 nömrəli orta məktəbə coğrafiya müəllimi kimi işə qəbul edilmişdir. 16.06.1996-cı il tarixli 33 saylı əmrdən çıxarışdan görünür ki, iddiaçı 16.06.1995-ci il tarixdən növbəti məzuniyyətə buraxılmışdır. 26 saylı orta məktəbin 1995/1996 tədris ili üçün məktəbin müəllimlərinə dərs saatlarının verilməsi siyahısından müəyyən olunur ki, iddiaçının adı və soyadı həmin siyahıda göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı 16.09.1986-cı il tarixdən Bakı şəhəri Əzizbəyov rayonu 26 nömrəli orta məktəbə coğrafiya müəllimi kimi işə qəbul edilmiş, 16.06.1995-ci il tarixdən növbəti məzuniyyətə buraxılmış, məzuniyyətdən qayıtdıqdan sonra öz ərizəsi əsasında işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının 16.09.1986-cı il tarixdən Bakı şəhəri Əzizbəyov rayonu 26 nömrəli orta məktəbdə işləməsi, 16.06.1995-ci il tarixdən növbəti məzuniyyətə buraxılması, məktəbin 1995/1996 tədris ili üçün məktəbin müəllimlərinə dərs saatlarının verilməsi siyahısında iddiaçının adı və soyadının göstərilməməsi iş materialları ilə təsdiq olunur. Sonuncu hal iddiaçının həmin məktəbdən işdən azad olunmasını təsdiq edir ki, qanunvericiliyin tələblərinə əsasən bu hal iddiaçının əmək kitabçasında qeyd olunmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, əmək kitabçasında müvafiq qeydlərin aparılması iddiaçının təqsiri hesab edilə bilməz. Belə ki, həmin qeydlərin aparılması qanunvericilklə iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan əmək və sosial təminat (pensiya) hüququnun pozulmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının 2 avqust 1995-ci il tarixində Buzovna qəsəbəsi 26 saylı orta məktəbdə coğrafiya müəllimi vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək kitabçasında müvafiq qeydin aparılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 2 avqust 1995-ci il tarixində Buzovna qəsəbəsi 26 saylı orta məktəbdə coğrafiya müəllimi vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək kitabçasında müvafiq qeydin aparılması öhdəliyi Bakı şəhəri Buzovna qəsəbəsi 26 saylı orta məktəbinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1600/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1600/2022
30.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver