Məhkəmə qərarları › İş №e-2(006)-1602/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1602/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1602/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndələri X6 və X9 oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMM-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMM ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə ididaçı) Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə müraciət edərək, kommunal xidmət haqqı qismində xx.xx.2021-ci il tarixinə 2.080 manat məbləğində yaranmış borcun, xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən ödənilməmiş 2000 manat qalıq borcun, dövlət rüsumu üçün ödənilmiş 62 manat, ümumilikdə 4.142 manat pul vəsaitinin ünvan 1 ünvanda yaşayan Cavabdeh tutularaq, "xxxx" MMM-in hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 9A ünvanda yerləşən yaşayış binasına "xxxx" MMM tərəfindən kommunal xidmətlər göstərilir. Bununla əlaqədar olaraq xidmətlərin göstərilməsinə dair yaşayış və qeyriyaşayış sahələrinin sahibləri ilə "xxxx" MMM arasında kommunal xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlərin aparılması həyata keçirilir. Cavabdeh Vaqif pr-ti 9A, mənzil 30 ünvanda 10 ildir ki yaşayır və ona kommunal xidmətlər göstərilir. Lakin buna baxmayaraq, cavabdeh kommunal xidmət haqlarını ödəməkdən imtina edir. Kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq cavabdehə "Mənzilkommunal xidməti haqqında" müqavilə təqdim edilmiş və o, müqaviləyə imza atmışdır. Xidmət haqqının ödənilməsi üçün dəfələrlə cavabdehə şifahi müraciətlər olunsa da, heç bir nəticə əldə olunmamışdır. Belə ki, 21 yanvar 2021-ci il tarixində Cavabdeh və "xxxx" MMM arasında Razılaşma imzalanıb. Razılaşmanın 1-ci bəndinə əsasən cavabdeh ona məxsus mənzil üçün Müəssisə yə idarəçilik və kommunal haqlarına görə 2017-ci ilin fevral ayından, 2020-ci ilin dekabr ayı daxil olmaqla həmin dövr üçün 4500 (dörd min beş yüz) manat borcu olduğunu qəbul edir və yaxın zaman ərzində ödənilməsinə razılığını bildirir. Həmin vəsaitin bir hissəsi olan 2500 (iki min beş yüz) manat vəsait bu razılaşma imzalanan gün Sakin tərəfindən Müəssisəyə ödənilir. Qalıq borc məbləği olan 2000 (iki min) manat həmin mənzili başqa adamın adına rəsmiləşdiriləndə (satılanda) ödəməyi öhdəsinə götürür. Bundan əlavə Razılaşmanın 2-ci bəndinə əsasən cavabdeh mənzil sahəsinə görə kommunal xidmət haqqı qismində hər ay 160 (bir yüz altmış) manat məbləğində pul vəsaitini ödəməyə, eləcə də kommunal xidmət haqqında müqaviləni imzalamağı da öhdəsinə götürmüşdü. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli Razılaşmanın 1-ci bəndində qeyd edilən 2500 manat cavabdeh tərəfindən ödənilsə də, Razılaşmanın digər şərtləri bu günə qədər yerinə yetirilməmişdir. Belə ki, cavabdeh hər ay üçün kommunal xidmət haqqı qismində 160 manat məbləği müəssisəyə ödəməmiş nəticədə yanvar 2021 - yanvar 2022 dövrü üçün (13 ay) 2080 (iki min səksən) manat borcu yaranmışdır. Bununla bərabər xx.xx.2021-ci il tarixinə olan 2000 manat qalıq borc da cavabdeh tərəfindən ödənilməmişdir. Kommunal xidmət haqqı borcunun ödənilməməsi ilə əlaqədar olaraq cavabdehə 10 yanvar 2022-ci il tarixli, XMS-03 tarixli Pretenziya məktubu göndərilmiş, buna baxmayaraq ödənişlər təmin edilməmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə ididaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMM-yə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 18 aprel 2021-ci ildən bu günə qədər öz mənzilində (ünvan 1) mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmədiyinə görə əsassız hesablanmış 1920 manat borcun silinməsi və eləcə də, bundan sonra mənzil-komunal xərcləri nin119.40 kv.m.-lə hesablanması, yaşadığı mərtəbəni ninözü tərəfindən təmizlənməsinə, evin məişət tullantılarınının özü tərəfindən aparılmasına və eləcə də, himayəsində olan X3 1-ci dərəcəli əlil olduğunu nəzərə alaraq kommunal xidmətlərə görə hər ay 60 manat ödəməyə razı olunmasına dair ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 02 oktyabr 2018-ci il tarixində “Xəzər Mənzil Servis" MMM tərəfindən ona təqdim olunan mənzil-kommunal xidməti haqqında müqavilənin şərtləri ilə tanış olduqdan sonra etiraz edilməsinə dair imza ataraq (müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin dəyişdirilməsi barədə təklifə onun alındığı gündən 3 gün müddətində baxılır və əlavə müqavilə ilə rəsmiləşdirilir) müqavilənin dəyişdirilməsi barədə bildirmişdir. Buna baxmayaraq onun etirazına 3 gün müddətində "xxxx" MMM tərəfindən nə şifahi, nə də yazılı bir rəsmi məlumat veıilrməmişdir. "Xəzər Mənzil Servis” MMM tərəfindən bu günə qədər borc kimi hesablanmışdır. Halbuki bu günə qədər yaşadığı mərtəbəni özü təmizləyir, evin məişət tullantılarını özü aparır, mərtəbədə öz qapının üzərində işıqlandırma var və mənzilin elektrik sayğacına birləşdirilib. Binanın mühafizəsinə ehtiyacı yoxdur. Çünki 24 saat blokun qapısı açıqdır, nəzarət yoxdur və istənilən insan binaya sərbəst daxil olur (şəkillər əlavə olunur). Bununla bağlı dəfələrlə "xxxx" MMM müraciət etmişdi, lakin heç biri nəzərə alınmamışdır. 18 aprel 2021-ci il tarixindən bu günə qədər öz mənzilində (ünvan 1) mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmir. Çünki mərkəzləşdirilmiş istilik sistemində bir neçə dəfə təmir işləri aparılmışdır və binanın istiliklə təchizatı dayandırılmışdır, hər dəvə də soyuq aylarda sonuncu dəfə təmir işləri 2022-ci ilin əvvəlində baş vermişdir. Eyni zamanda mərkəzləşdirilmiş istilik sisteminin tarif qiyməti yüksək olduğuna görə ödəyə bilmir və onun maddi durumu buna imkanı vermir. Bununla bağlı "xxxx" MMM dəfələrlə şifahi və eləcə də yazılı rəsmi olaraq bildirmişdi (siyahı əlavə olunur). "Xəzər Mənzil Servis” MMM onun məktubuna cavab olaraq bildirmişdir ki, “tərəfinizdən yaşadığınız mənzilə fərdi istilik cihazı (kombi) quraşdırılmışdır. Fərdi istilik sistemi (kombi) vasitəsinin mənzilinizdə quraşdırılması ilə bağlı yaşayış binasının təsdiq olunmuş qaz təchizatı layihəsinə əsasən mənzillərdə mətbəxdə quraşdırılan sobadan (4 gözlü qaz plitəsi) əlavə hər hansı bir qaz cihazının quraşdırılması nəzərdə tutulmayıb” “Xəzər Mənzil Servis" MMM öz məktubunda əlavə hər hansı bir qaz cihazının quraşdırılması nəzərdə tutulmayıb, bu o demək deyil ki, o, sabah öz mənzilində müvafiq qaydada (kombi) cihazından quraşdıra bilmir. O, mülkiyyətçidir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çixarışı əlavə olunur), əgər mərkəzləşdirilmiş istilik sisteminin tarif qiyməti yüksəkdirsə, o, istifadə etmək məcburiyyətində deyil. Çünki onun bir mülkiyyətçi kimi imtina etmək hüququ var. Binada aylıq kommunal ödəniş haqqının məbləğnin təyini, artırılıb və azaldılması mənzil mülkiyyətçinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. “Xəzər Mənzil-Servis" MMM tərəfindən yox. Mənzil mülkiyyətçinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərarı olmadan “Xəzər Mənzil-Servis" MMM şişirdilmiş ödənişlərdən imtina etmək hüququ var. 18 aprel 2021-ci il tarixindən bu gün qədər öz mənzilində (ünvan 1) mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmir və mənzilində texniki və təhlükəsizlik tələblərə cavab verən müvafiq qaydada cihazın (kombi) quraşdırılması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, “Azəriqaz" İB-yə və "xxxx" ASC-yə zəng edərək müraciət etdi. Sözügedən qurumda ona heç bir qanunsuzluğa yol verilmədiyi və eləcə də mülkiyyətçi olaraq müvafiq qaydada tələblərə cavab verən cihaz (kombi) quraşdırılması onun hüququ olduğunu bildirdilər. O, 18 aprel 2021-ci il tarixində öz mənzilində (ünvan 1) qanunvericiliyin tələblərinə cavab verən cihaz (kombi) quraşdırıldıqdan sonra “Azəriqaz” İB ilə əlaqə saxlamış və onların əməkdaşların iştirakı ilə baxış keçirildi və bildirdilər ki, müvafiq təhlükəsizlik tələblərə uyğun olaraq cihaz (kombi) quraşdırılıb və bu barədə AKT tərtib edildi (AKT əlavə olunur). Mərkəzləşdirilmiş istilik sistemindən sözügedən 18 aprel 2021-ci il tarixindən bu günə qədər istifadə etmədiyi bir halda "Xəzər Mənzil Servis” MMMnin bunu nəzərə almadan ondan xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər şişirdilmiş kommunal xərcləri və istilik sistemi daxil olmaqla ümumilikdə 1920 (bir min doqquz üz iyirmi) manat borcunu tələb etməsi düzgün deyil. Çünki öz mənzilində mərkəzləşdirilmiş istilik sistemini ləğv etmişdir və 18 aprel 2021-ci il tarixindən bu günə qədər mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmədiyi bir halda nəyə görə o, sözügedən borcu ödəməlidir? Qurumların müvafiq qanunvericiliyə əsasən quraşdırdığı sayğaclar üzrə ayda işıq 30 (otuz) azn, su 30 (otuz) azn və qaz 40 (qırx) azn ödədikdən sonra əlavə “Xəzər Mənzil Servis'’ MMM-nin şişirdilmiş kommunal xidmətini hər ay 160 manat ümumi olaraq hər ay cəmi 260 manat ödəməlidir? O, bir mülkiyyətçi olaraq öz mənzilində kirayədə yaşayır? “Xəzər Mənzil Servis" MMM 02 oktyabr 2018-ci il tarixli mənzilkommural xidməti haqqında müqavilənin müddəti bitdikdən sonra "xxxx" MMM 2021-ci ildə mənzil-kommunal xidməti haqqında yeni müqavilənin şərtləri ilə tanış olduqdan sonra bir daha etirazını bildirərək imza atmadı. Həmin ildə yəni 2021-ci ilin əvvəlində öz mənzilini sənədləşdirməsi üçün (Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Çıxarış almaq üçün) “Xəzər Mənzil Servis" MMM müraciət edərək maliyyə sənədini istədi lakin “Xəzər Mənzil Servis" MMM-nin nümayəndəsi ona bildirdi ki, yeni Razılaşma sənədi (kommunal xidmətlərinin ödənilməsi barədə) imzalamasa onlar maliyyə arayışı verməyəcəklər. O, məcburiyyət qarşısında Razılaşma adlı sənədi imzaladı. Razılaşmanın şərtləri Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 9A ünvanda yerləşən 8-ci mərtəbədə, sahəsi 130 kv.m olan, ödənilməli 2017-ci ilin fevral ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla həmin dövr üçün yaranan borcun (4500 manat) bağlanılması tələb edilmişdir. Buna baxmayaraq o, sözügedən 4500 (dörd min beş yüz) manatdan 2500 (iki min beş yüz) manatı ödədi (yerdə qaldı 2000 manat ) lakin ona qəbz verilməmişdir. Bundan sonra dövlət reyestrindən çıxarışını almaq üçün müvafiq sənədləri hazırlayıb dövlət qurumuna göndərdikdən sonra Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri mənzilinə (ünvan 1) gəlib otaqlarının sahəsini bir-bir hesabladıqdan sonra məlum olmuşdur ki, onun əmlakının ümumi sahəsi 119.60 kv.m təşkil edir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çixarışı və texniki pasportu əlavə olunur). Amma "xxxx" MMM isə bu günə qədər kommunal ödənişlərə görə müqavilələrdə və Razılaşma sənədində mənzilini 130 kv.m kimi göstərmişdir. Bütün sənədlərə baxandan sonra məlum oldu ki, kommunal xidməti üzrə "xxxx" MMM bu günə qədər onu aldadıb. Belə ki, bu günə qədər "Xəzər Mənzil Servis” MMM tərəfindən tərtib etdiyi mənzil-kommunal xidməti müqavilələrində və razılaşma sənədində ona məxsus olan (Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 9A ünvanda yerləşən 8-ci mərtəbədə, 30 saylı mənzil) mənzilin ümumi sahəsi 130 kv.m kimi qeyd edilmişdir (siyahı əlavə olunur). Halbuki Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda mənzilinin sahəsi 119,60 kv.m qeyd olunub. Nəticədə əmlakının ümumi sahəsi 130 kv.m deyil, 119,60 kv.m təşkil edir. Beləliklə "xxxx" MMM bu günə qədər kommunal xidmətə görə əlavə 10,4 kv.m. pulunu borc kimi hesablayaraq ondan qanunsuz tələb edir. Nəyə görə o, bunu ödəməlidir? Halbuki onun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda mənzilin sahəsi 119.60 kv.m təşkil edir. Belə halda bağlanmış müqavilələr etibarsız hesab edilməlidir və yenidən hesablanmalıdır. O, heç bir yerdə işləmir, himayəsində olan X7 1-ci dərəcəli əlildir, onunla yaşayır. O, illərdi ona baxır (diaqnoz: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə ümumi xəstədir, Arayış əlavə olunur). Xəzər Mənzil Servis" MMM-in şişirdilmiş kommunal xidməti yüksək olduğuna görə ödəyə bilmir, onun maddi durumu buna imkanı vermir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (Bakı şəhəri, Nəsimi rayonu. Vaqif prospekti 9A, mənzil 30) çıxarışın ümumi sahəsi 119.60 kv.m olduğuna görə "xxxx" MMM tərəfindən mənzilkommunal xidməti müqavilələrində və Razılaşma sənədində 10 kv.m əlavə əsassız yazılmış 2017-ci il ilin fevral ayından 2020-ci ilin dekabr ayınadək cəmi 588 (beş yüz səksən səkkiz) manat təşkil etmiş məbləğinin, borcdan qalmış 2000 (iki min) manatdan silinməsini xahiş edir və o, yerdə qalan 1412 (min dörd yüz on iki manat) manat məbləği hissə-hissə ödəməyə razıdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1602/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə ididaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MMM-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi ilə baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X6 və X4 yuxarda qeyd olunan məzmunda izahat vermiş və əlavə olaraq bildirmişlər ki, "xxxx" MMM binanı inşa etmiş "xxxx" MTK ilə bağladığı müqavilə və sakinlərlə bağlanmış müqavilələr əsasında binanın idarəçiliyini həyata keçirir. MTK-nın bu cür müqaviləni bağlamağa səlahiyyəti vardır. Hazırda binada cəmi 10-12 mənzilin çıxarışı yoxdur. Binada 84 nəfər işləyir, ümumi 15 binaya nəzarət edirlər. Binada hər mənzilin 1 kv.m ölçüsünə 1,35 (bir manat otuz beş qəpik) manat hesablanmaqla kommunal xərcə görə hər ay pul toplanır. Həmin kommunal xidmətlərə isti su təsisatının işlədilməsi, qazanxana, lift, məişət tullantıları, təhlükəsizlik xidməti, xadimələrin və komendatın əmək haqqı,cari təmir daxildir. Bina ümumi istlilik sistemi ilə qızdırılır, fərdi qaydada ümumi istilikdən imtina edilə bilməz. Oxşar problem başqa sakinlərlə də yaranmışdı, lakin Fövqəladə Hallar Nazirliyi tərəfindən icazə verilməmişdir. İddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. "xxxx" MMM ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli “Mənzilkommunal xidməti” haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMM Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 9A ünvanda yerləşən 8-ci mərtəbədə, sahəsi 130 kv.m olan 30 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyatyanı sahənin yaşıllaşdırılması, abad saxlanmasını öhdəsinə götürmüş, Cavabdeh isə müqavilə ilı ona aid şərtlərə etirazını bildirmişdir. "xxxx" MMM ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Razılaşmanın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr-ti 9 A ünvanında, İİ giriş, 8-ci mərtəbə, ümumi sahəsi 130 kv.m. olan 30 saylı mənzil üçün “Müəssisə”yə idarəçiliyə və kommunal xidmət haqlarına 2017-ci ilin fevral ayından, 2020-ci ilin dekabr ayı daxil olmaqla həmin dövr üçün 4.500 (dörd min beş yüz) manat borcu olduğunu qəbul edir və yaxın zaman ərzində ödənilməsinə razılığını bildirir, həmin vəsaitin bir hissəsi olan 2.500 (iki min beş yüz) manat vəsaitin bu razılaşma imzalanan gün “Müəssisə”yə ödəməyi, qalıq borc məbləği olan 2.000 (iki min) manat həmin mənzil başqa adamın adına rəsmiləşdiriləndə (satılanda) ödəcəyini, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr-ti 9 A ünvanda, İİ giriş, 8-ci mərtəbə, ümumi sahəsi 130 kv.m. olan 30 saylı mənzil üçün hər ay 2021-ci ilin yanvar ayından etibarən 160 (bir yüz altmış) manatı da “Müəssisə”yə idarəçiliyə və kommunal xidmətə görə hər ay vaxtında ödəyəcəyini və xidmət haqqı müqaviləsini imzalayacağını öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə, ev 9A, mənzil 30 (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rauonu, Vaqif prospekti 75, M8, m1) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMM-in xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbardar edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. Bu Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mənzil Məcəlləsinin 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Bu Məcəllənin 125.1-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindən biridir. Həmin Məcəllənin 128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Bu Məcəllənin 139.1-ci və 140.3-cü maddələrinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən ... Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Beləliklə mənzil qanunvericiliyinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra binanın idarə edilməsi ilə bağlı kooperativin səlahiyyətləri bitir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin imperativ göstərişinə müvafiq olaraq həmin müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. (Mənzil Məcəlləsinin 125, 128.0.3, 138.1, 138.4, 139.1, 140.3, 141.2). Hazırki iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, binanı inşa etmiş "xxxx" MTK ilə iddiaçı "xxxx" MMM arasında bağlanmış müqavilə əsasında binanın idarəçiliyini məhz sonuncu şirkət həyata keçirir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq iddiaçı tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları, bir çoxunun iddiaçı ilə yazılı müqavilə bağlaması işin mübahisəsiz halıdır. Bu hallar ona dəlalət edir ki, həm "xxxx" MTK, həm də sahə mülkiyyətçiləri binanın idarəçiliyini "xxxx" MMM-yə tapşırmışlar. Binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MMM tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Bununla bağlı məhkəmə qeyd edir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. İddiaçı isə çoxmənzilli binanın idarə edilməsi üçün yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun formada binanın sahə mülkiyyətçiləri tərəfindən seçilməmişdir. Bundan başqa iş materiallarından tələb olunan müddət üçün cavabdehlə iddiaçı arasında kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanması və ya qeyd olunan qərarın qəbul edilməsi də müəyyən olunmur. Belə ki, iddiaçı tərəf bununla bağlı sübutlar təqdim etməmişdir. İş materiallarında xx.xx.2018-ci il tarixli müqavilənin surəti mövcuddur ki, həmin müqavilədə cavabdeh “etiraz edirəm” qeydi ilə orada əks edilmiş şərtlərlə razı olmadığını bildirmişdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından isə görünür ki, mənzil tikinti kooperativi üzvlərinin kommunal xidmətlərə görə ödəniş haqqlarının müəyyən edilməsi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən həyata keçirilir. Bunun üçün isə payçıların (mənzil mülkiyyətçilərinin) yarıdan çoxunun iştirakı ilə keçirilən ümumi yığıncağın qərarı zəruridir. Belə olan halda məhkəmə hesab edir ki, MTK-nın səlahiyyətli olması müəyyən edilməyən protokollara və müqaviləyə əsasən tələb olunan məbləğdə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tərəfindən əvvəlki dövr üçün müvafiq ödənişlərin tələb edilməsinə əsas verən kooperativ üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericilikdə nəzərdə tutulan qaydada bağlanmış müqavilə məhkəməyə təqdim edilməmiş, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra iddiaçı kommunal xidmətlərin ödənilməsini tələb etmək üzrə subyektiv hüququnu ümumiyyətlə itirmişdir. Məhkəmə həmçinin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma ilə əlaqədar yuxarıda nümayiş etdirdiyi mövqeyini təkrarlayaraq “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarındaki hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri sayır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Belə ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma, əqdi həyata keçirən hüquqi şəxsin əqddə iştirak etmək qabiliyyətinin olmamasına görə, subyektiv tərkib baxımından qüsurludur və beləliklə də bu razılaşmaya əsasən, həmin əqd heç bir hüquqi nəticəyə səbəb olmadığından, iddiaçı cavabdehdən hər hansı hüquqi hərəkəti həyata keçirməyi tələb edə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMM-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar