Məhkəmə qərarları › İş №e-2(006)-1616/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1616/2022

31.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1616/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 50 kv.m ümumi, 22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 76 nömrəli mənzilindən Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılmasına əsas verən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2007-ci ildə alqı-satqı ilə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 50 kv.m ümumi, 22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 76 nömrəli mənzili əldə etmişdir. DƏDRX tərəfindən MH seriyalı, qeydiyyat nömrəsi ********** olan, 14.12.2007-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh 2007-ci ildə mənzilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının öz doğma qızıdır. İddiaçı 2007-ci ildə mənzili aldıqdan sonra yetkinlik yaşına çatmayan qızı ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, cavabdeh anası ilə birlikdə yaşadığından iddiaçının evinə, yəni yaşadığı yer üzrə qeydiyyata alınmışdır. Qohumluq münasibətlərini təsdiq edən my.gov sistemindən arayış iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh 2019-cu ildən həmin mənzildə yaşamır. Cavabdeh evlənərək mənzildən köçüb. 2019-cu ilin sentyabr ayında cavabdeh ailə həyatı qurur və mənzili faktiki tərk edib əri ilə birlikdə yaşamağa başlayır. Cavabdehin ailə münasibətləri bugünə kimi davam edir və o, hal-hazırda əri ilə birlikdə başqa yerdə yaşayır. İddiaçı ilə eyni binada yaşayan onun qonşuları 07.01.2022-ci il tarixli Akt tərtib etmişlər. Həmin akta əsasən, qonşular təsdiq edirlər ki, Cavabdeh 2019-cu ilin sentyabr ayından etibarən anasına məxsus mənzildə yaşamır. 3 qonşusunun (X1, X3 və X4) imzaladığı və həmin binanın kommunal ödənişlərini qəbul edən "xxxx" MMC-nin möhürü ilə təsdiq edildiyi 07.01.2022-ci il tarixli Akt qonşuların şəxsiyyət vəsiqələri ilə birlikdə hazırki iddia ərizəsinə əlavə edilir. Mənzilin yerləşdiyi 16 mərtəbəli binanın kommunal ödənişlərini qəbul edən "xxxx" MMC tərəfindən verilmiş 07.01.2022-ci il tarixli Arayışa əsasən, Cavabdeh 2019-cu ilin sentyabr ayından etibarən mənzildə yaşamır. Həmin arayış iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, cavabdehin ailə həyatı quraraq qeydiyyatda olduğu mənzili tərk etməsi və həmin mənzildə üç ilə yaxın yaşamaması faktı mötəbər sübutlar ilə təsdiq edilir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə təqdim edərək, iddiaçı Şabanova X7 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 50 kv.m ümumi, 22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 76 nömrəli mənzilindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab olunması barədə və Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılmasına əsas verən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda “sübutların məhkəmə tərəfindən təmin edilməsi”nə dair vəsatət təqdim edərək, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh kiminlə və neçənci ildə evlənməsi və hazırki ailə vəziyyəti haqda məlumatların əldə olunması üçün AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə bu maddəyə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli iddiaçının qonşuları tərəfindən tərtib olunan Akta əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 1 otaqlı 76 nömrəli mənzildə onun qız övladı Cavabdeh 2019-cu ilin sentyabr ayından etibarən ailə həyatı qurub köçməsi səbəbindən yaşamır. Aktın doğruluğu yaşadıqları binanın kommunal ödənişlərini qəbul edən "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bunu iş materiallarında olan 07.01.2022-ci il tarixli Arayış da təsdiq edir. İş materiallarında olan AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 50 kv.m ümumi, 22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 76 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 603 nömrəli reyestr kitabının 55420 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli Sorğuya cavab olaraq, AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilən 05 mart 2022ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Cavabdeh 01.09.2018-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 17.10.1990-cı il təvəllüdlü X2 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 30.03.2022-ci il tarixli məktuba əsasən, Cavabdeh və X2 2018-ci il tarixdə "xxxx" MMC ilə (valideyn) Həsənova Cəmilə kamal qızı arasında bağlanmış 04.10.2016-cı il tarixli A/019 nömrəli Mansardın alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, A kompleksində inşa edilmiş 3 nömrəli yaşayış binası, sahəsi 64.2 kv.metr, 2 otaqdan ibarət 38 nömrəli mansardda yaşayırlar. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən mənzil ilə bağlı hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq olunmalı və qətnamə qeyd olunan mübahisəli mənzillə bağlı iddia tələbinə dair hissədə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qanunun mənasından göründüyü kimi, ailə üzvünün yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi mümkündür. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 1 otaqlı 76 nömrəli mənzildə yaşamaması onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə əsas verir. Odur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 1 otaqlı 76 nömrəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 50 kv.m ümumi, 22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 76 nömrəli mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab olunsun. İstifadə hüququnun itirilmiş hesab edilməsi Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində istifadədə olan 0.1555 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 50 kv.m ümumi, 22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 76 nömrəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar