Məhkəmə qərarları › İş №e-2(006)-1630/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1630/2022

04.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1630/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «əmək haqqının düzgün hesablanması və əmək müqaviləsinə dəyişiklik edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının düzgün hesablanması və əmək müqaviləsinə dəyişiklik edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 1.350 manat əmək haqqının, 2021-ci ilin avqust ayı da daxil olmaqla gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla 1.577 manat 08 qəpik məbləğin, 50 manat mediator xərcinin, 51 manat dövlət rüsumunun, 5.071 manat 92 qəpik mənəvi ziyanın tutulması və xx.xx.2020-ci il tarixli əmək müqaviləsində təcrübəçi vəzifəsinin (peşəsinin) mühasib vəzifəsi (peşəsi) ilə əvəz edilməsi, əmək haqqının kəsilməsinə səbəb olmuş şəxslər barəsində tədbirlər görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 113 manat 48 qəpik əmək haqqının, 2021-ci ilin avqust ayı da daxil olmaqla gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla 3.529 manat 47 qəpik məbləğin, 50 manat mediator xərcinin, 51 manat dövlət rüsumunun, 1.500 manat nümayəndəyə ödənilmiş xərcin, 2.856 manat 05 qəpik mənəvi ziyanın tutulması və xx.xx.2020-ci il tarixli əmək müqaviləsində təcrübəçi vəzifəsinin (peşəsinin) mühasib vəzifəsi (peşəsi) ilə əvəz edilməsi, əmək haqqının kəsilməsinə səbəb olmuş şəxslər barəsində tədbirlər görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının vəsatətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universitetini və Azərbaycan Texniki Universitetini bakalavr və magistr pilləsi üzrə bitirmiş, əlavə olaraq qrafik dizaynerlik sahəsi üzrə code akadem-nin məzunudur. xx.xx.2020-ci il tarixdən 1 ilə yaxındır o, Araz marketlər şəbəkəsinin Xətai rayonunda yerləşən Ağa Biznes centrdə olan Araz super marketlərin baş ofisində mühasibatlıq şöbəsinə əmək müqaviləsi üzrə qəbul olunmuşdur. Bu müddət ərzində onu minimum əmək haqqı ilə işlədərək ştata keçirmək adı altında 1 ilə yaxındır süründürməçiliyə yol veririlər. Onunla birlikdə təcrübəçi kimi işə onlarla işçi daxil olmuşdur, onlar səssiz qalıb 100 manatla süründürməçiliyə və pozulmuş hüquqlarının pozulmasına göz yumduqları üçün təcrübəçilikdən şöbələrdə müvafiq iş yerlərinə keçirilmişdir. Lakin, o, hələ də qanunsuz olaraq təcrübəçi kimi qalır. İnsan resurları departamentinin rəhbəri bildirir ki, onlarda vakansiya yoxdur, ona görə bu hal baş verir. Hörmətli məhkəmə, bu insanlar onun işə başladığı gündən bu günədək Araz supermarket MMC-də olan vakansiyaların sayı və onlara götürülmüş şəxslərin siyahısını məhkəməyə təqdim etsə, görülər ki, nəinki işə götürülmüş işçilərin, neçə ildir orada vəzifə tutmuş şəxslərin belə diplomları ixtisas üzrə tutduğu vəzifəyə uyğun gəlmir. Eyni zamanda bildirir ki, vakansiya yox idisə onları niyə 1 ildir 100 manatlıq əmək haqqı ilə təcrübəçi kimi saxlayırlar. Burdan da göründüyü kimi, MMC Əmək Müfəttişliyinin yerində yoxlama səlahiyyətinin olmamasından istifadə edərək qanunvericiliyi kobud şəkildə pozur. Qeyd olunanlarla bağlı mediasiyaya müraciət olunmuş, lakin nəticəsi olmamışdır. Araz supermarket MMC aşağıdakı qanunsuz hərəkətlərə yol verməklə əmək qanunvericiliyini, insan hüquq və azadlıqlarını pozmuşdur. Əmək müqaviləsi üzrə 250 manatlıq aylıq minimum əmək haqqının ödənilməsi ilə müqavilə bağladığı halda hər ay onun əmək haqqına tarif maaşı üzrə 100 manat pul keçirilmişdir. Bununla da, qanunsuz olaraq minimum əmək haqqı ilə aşağı məbləğlə işçi çalışdırmışdır. İlkin olaraq 250 manatla müqavilə bağlanır ki, (təcrübəçi adı altında) guya bir neçə aya işi öyrənən kimi əsas işə götürüləcək və əmək haqqı artacaq. Lakin bir neçə ay işlədikdən sonra şöbələr dəyişdirilir və deyilir ki, yeni şöbənin işini öyrən, orada da, əsas işə keçəcək (bu araz marketin məkrli siyasətidir öz millətinə qarşı). Bu vədlər ilə 1 ilə yaxındır artıq həmin şöbələr dəyişdirilməklə aylıq 100 manatlıq əmək haqqı ilə işləyir. Yuxarıda qeyd olunanlarla bağlı insan resurları şöbəsinə və rəhbərliyə dəfələrlə müraciət edib, bu qanunsuzluğa yol verilməsinin dayandırılmasını bildirmişdir. Lakin qanundan xəbərsiz bu insanlar insanları incitməkdən və hüquqlarını pozmaqdan əl çəkmirlər. Bunlarla bağı X3 və Araz super marketlərin baş idarəsi sayılan Veysəloğlu şirkətlər qrupuna müraciət etmişdir. Lakin, pozulmuş hüquqları bərpa olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbində göstərmişdir ki, ona ödənilməli olan əmək haqqının müəyyən hissəsi ödənilməmiş və bu səbəbdən ona maddi və mənəvi zərər dəymişdir. Həmçinin, vəzifəsinin dəyişdirilərək mühasib vəzifəsi ilə əvəz edilməsini tələb etmişdir. Bildirir ki, İddiaçı kart hesabına köçürülməmiş əmək haqqı hissəsi (1.076 manat) xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin, iddiaçıya xx.xx.2021ci il tarixli, 030-AM nömrəli əmrlə 126 təqvim günü müddətə hamiləliyə və doğuma görə məzuniyyət verilmiş və məzuniyyətdən qayıtdıqdan sonra xx.xx.2022-ci il tarixli, 006-SM nömrəli əmrlə xx.xx.2023-cü il tarixədək üç yaşınadək uşağa bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət verilmişdir. Əlavə olaraq bildirir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi qarşılıqlı razılaşma əsasında müddətli (3 ay müddətə) olaraq bağlanılmışdır. Hesab edir ki, yuxarıda qeyd edilənləri və iddia tələbinin tamamilə əsassız olduğunu nəzərə alaraq, iddia tələbi təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh MMC-yə mühasibatlıq şöbəsi – faktura nəzarət bölməsinə təcrübəçi vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. İddiaçı birinci dəfə 07 iyul 2021-ci il tarixdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla bağlanmış müddətli əmək müqaviləsinin şərtlərinə uyğun olaraq iş vaxtının onun razılığı əsasında 09:00-dan 18:00-a qədər olduğu, nahar fasiləsinin isə 12:00-dan 14:00-a qədər (yaş yarımına çatmamış uşağı yedizdirmək üçün fasilələrlə 30 dəqiqə, cəmi 1saat iş vaxtı qısaldılır) olduğu müəyyən edilmişdir. Eyni zamanda, təcrübəçi kimi işə götürüldüyünə görə digər əməkdaşlar kimi qanunvericiliyə əsasən 40 saat işləmə məcburiyyəti qoyulmamış, işlədiyi vaxtlara mütənasib olaraq (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər gün ərzində 2-3 saat, xx.xx.2021-ci il tarixdən 01.03 2021-ci il tarixə qədər gün ərzində 3-4 saat, 2021-ci il mart ayı üzrə 8 gün, aprel ayı üzrə 10 gün, may ayı üzrə 7 gün) əmək haqqının ödənildiyi məlum olmuşdur. Bildirilmişdir ki, Bakı şəhər İdarəsinə təqdim etdiyi izahatda hər gün işə çıxaraq 8 saatlıq iş rejimi ilə çalışdığını qeyd etsə də, lakin müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərində bu məsələ öz təsdiqini tapmamışdır. Müəssisə ilə aralarında yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı ikinci dəfə 11 fevral 2022-ci il tarixdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət ünvanlamışdır. Həmin müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyinə **********2 nömrəli, xx.xx.2022ci il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin, tələb olunan sənədlərin təqdim olunması cəmiyyətin rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Ərizəçiyə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 05 noyabr 2021-ci il tarixli 2021/005333 saylı arayışdan görünür ki, İddiaçı və işəgötürənin nümayəndəsi Könül Bayramova 05 noyabr 2021-ci il tarixdə saat 12:30-13:00-da ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli 9/4237 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı Cavabdeh MMC tərəfindən hesablanmış əmək haqqının ödənilməsində gecikmələr olması müəyyən edilir və ekspert qarşısında qoyulan suallar üzrə yaranmış borc aşağıdakı kimi müəyyən olunur: 1-ci sual üzrə – Əmək müqaviləsi üzrə aylıq əmək haqqı 250 manat olduğu halda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işçiyə 2.261 manat 36 qəpik əmək haqqı hesablanmalıdır. 2-ci sual üzrə – İşçiyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manatdan az ödənilmiş (gecikdirilmiş) əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən hər gün gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş xx.xx.2021-ci il tarixədək 3.058 manat 53 qəpik təşkil edir. 3-cü sual üzrə - İşçiyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manatdan az ödənilmiş əmək haqlarının məbləğinin 1.076 manatdan çox olan hissəsinin (yəni, hesablanmış ümumi məbləğdən ödənilmiş 1.076 manat çıxılır) xx.xx.2021-ci il tarixdən hal-hazırki tarixədək, yəni ekspert rəyinin tərtib olunduğu tarixədək hər gecikmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş 357 manat 46 qəpik təşkil edir. 4-cü sual üzrə – Yuxarıda qeyd olunan suallar üzrə hesablanmış gecikdirilmiş əmək haqlarının və hər gecikdirilmiş gün üçün 1 faiz ödənişlərin ümumi məbləği aşağıdakı kimi müəyyən olunur: Əmək haqqı üzrə 113 manat 48 qəpik. 1 % gecikmə üzrə 3.415 manat 99 qəpik. Cəmi 3.529 manat 47 qəpik. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..... Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci bəndinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Göründüyü kimi, iddiaçının iddia tələbi – ödənilməmiş əmək haqqının əvəzi olaraq 113 manat 48 qəpik, gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik, mediasiya təşkilatına ödənilmiş 50 manat, ödənilmiş 51 manat dövlət rüsumu, həmçinin mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 3.830 manat 47 qəpik pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair hissədə əsaslıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçıya ödənilməmiş əmək haqqı 113 manat 48 qəpik təşkil edir. Habelə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik təşkil edir. Həmin əmək haqqının gecikdirilməsinin iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə ödənilməmiş əmək haqqının məbləğini nəzərə alıb, tənasüblüyü qoruyaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə iddiaçıya dəymiş mənəvi zərərin məbləği 200 manat müəyyən edilməsi ədalətli olmaqla iddiaçıya dəymiş mənəvi zərəri təmin etmiş olur. Məhkəmə hesab edir ki, iddia tələbi “nümayəndəyə ödənilmiş 1.500 manat məbləğində pulun tələb edilməsi” hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Yuxarıda qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, şəxs yaxın qohumu və ya vəkili olan nümayəndəsi vasitəsilə təmsil oluna bilər. İş materiallarından da göründüyü kimi hazırki iş üzrə nümayəndə olan Nümayəndə İddiaçı həyat yoldaşı olmaqla, ona hər hansı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin bağlanması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə nümayəndəyə ödənilmiş pul məbləğinə dair hissədə iddia tələbinə qiymət verməyə davam edərək qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi nümayəndə tərəfindən göstərilən yardıma görə çəkilmiş xərclərin nədən ibarət olması göstərilməli olduğu halda göstərilməmiş, habelə nümayəndə tərəfindən məhkəməyə konkret hallar və çıxış üçün hər hansı hesabat təqdim olunmalı olduğu halda belə hesabat təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əmək haqqının əvəzi olaraq 113 manat 48 qəpik, gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik, mediasiya təşkilatına ödənilmiş 50 manat, ödənilmiş 51 manat dövlət rüsumu, həmçinin mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 3.830 manat 47 qəpik pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməmiş əmək haqqının əvəzi olaraq 113 manat 48 qəpik, gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik, mediasiya təşkilatına ödənilmiş 50 manat, ödənilmiş 51 manat dövlət rüsumu, həmçinin mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 3.830 manat 47 qəpik pul vəsaiti Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar