Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1662/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 125 saylı evin 16 saylı evindən oğlu X9 ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanlarda iddiaçıya məxsus bir neçə fərdi yaşayış evləri var. 2018-ci ilin əvvəllərində iddiaçı səhhəti ilə əlaqədar olaraq pula ehtyacı olduğuna görə evlərin 2-ci mərtəbədə küçəyə ayrı giriş-çıxışı olan ikisini satmaq qərarına gəlmiş və bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Həmin şəxslərdən biri Rəhilə adlı xanım iddiaçıya bir ailənin ev almaq istədiyini bildirmişdir. Evlərə baxdıqdan və sənədləri ilə tanış olduqdan bir neçə gün sonra vasitəçisiz onunla danışıqlara gəlmişlər. Söhbət zamanı iddiaçıya məlum olmuşdur ki, evini bəyənib almaq istəyən alıcılar bacı və qardaşdır. Cavabdeh B.Məcidov küçəsi 125 ünvanda yerləşən evin 2-ci mərtəbəsindəki 24 kv.m, qardaşı İlkin Əliyev isə M.Əbilov küçəsi 115 ünvanda yerləşən evin 2-ci mərtəbəsindəki 52 kv.m evi bəyəndiyini bildirmişdir. Cavabdeh evi 30.000 manata, qardaşı İlkinə isə 65.000 manata satdığını bildirmişdir. Cavabdeh bəyəndiyi ümumi sahəsi 24 kv.metr olan ev 13,5 kv.metr yataq otağından, 6,1 kv.metr mətbəxdən və 4,4 kv.metr açıq eyvandan ibarətdir. O, həmin evə 25.000 manat, qardaşı İlkin isə bəyəndiyi ev üçün 55.000 manat təklif etsələr də iddiaçı onlarla razılaşmamışdır. Onlar iddiaçıya demişlər ki, söküntüyə düşən atalarma məxsus evləri var. Yaxın günlərdə evin pulu verilməlidir. Ataları ev almaq üçün onların hər birinə pul verəcəkdir. Bu ərazidən ev almaq fikirləri qətidir. Lakin ataları onlara bu məbləğdə pul verməyəcəkdir. Hər biri təklif etdiyi məbləğə evi satmağı xahiş etmişlər. İddiaçı, Esmiraya bildirmişdir ki, onları bura gətirən evlərin alqı satqısı ilə məşğul olan xanımdan soruşa bilərlər, 28000 manata evi almaq istəyən gətirdiyi müştəriyə yox demişdir. Onlarla evin qiyməti barədə razılığa gəlmək mümkün olmadığına görə sövdələşmə baş tutmamışdır. Az müddət sonra yenə onlarla görüşü olmuş, bu dəfə ataları Dağbəyi kişinin yanında söhbət etmişlər. O, bildirmişdir ki, bütün qonşuları kompensasiya ilə razılaşıb evlərindən köçmüşdür. Onların evinə dəyərindən çox aşağı məbləğdə pul təklif etmişlər.Vaxtları az qalıb bir-iki günə pulu verib evdən çıxardacaqlar. Ancaq iddiaçının evini uşaqların gözü tutmuş, təklif etdiyi məbləğlər dəyərindən çox aşağıdır, onlarla razılaşmasını xahiş etmişdir. İddiaçı ona yox cavabı vermiş və təklif etmişdir ki, söküntü aparan şirkətlə danışığa gedərək əlavə kompensasiya almaq olar. Dağbəyi kişi iddiaçının hansı bölgədən olduğunu soruşmuş, olduğu kimi Qərbi Azərbaycanın Dərələyəz mahalından deyəndə, kişi kövrələrək, vaxtilə özünün də babalarının onun mahaldan deportasiya olunduğunu söyləmiş və Cermuk (səfolar) istisuyundan danışmağa başlamışdır. İddiaçı da kövrələrək, ona kömək edəcəyinə söz vermişdir. Ona məsləhət görmüşdür ki, evin sahəsi qiymətləndirildikdən sonra məhkəmə qaydasında əlavə kompensasiya alınması mümkündür. Bu işdə onlara köməklik edə biləcəyini söyləmişdir. Bu təklifini Dağbəyi kişi, Esmira və İlkin bəyənib sevinmişlər və səhəri günü onlarla birlikdə qiymətləndirici şirkətin yerləşdiyi ünvana getmişdir. Şirkətin əməkdaşı onların ünvanını yazıb götürərək sifarişi qəbul etmiş və mütəxəssislərin başqa sifarişi yerinə yetirmək üçün getdiklərini bildirmişdir. Sonra telefon nömrələrini götürərək, yaxın günlərdə gəlib qiymətləndirəcəklərinə söz vermişdir. Qayıdanda Dağbəyi kişi iddiaçıya gözəl nəsildən, gözəl yerdən olmasını deyərək tərifləmiş, hətta köhnə stildə şahmat da hədiyyə etmişdir. Dağbəyi kişi iddiaçıya demişdir ki, Esmiranm əlində 14.000 manat pulu var, sənədləşmə işlərinə başla, bunun özü xeyli vaxt aparır, evinin söküntüsünə görə bu yaxın günlərdə pulunu verəcəklər, evdən çıxanda hər ikisinin ailəsi çöldə qalmasın, narahat olma ailəsinə verilən puldan ona yerdə qalan 81.000 manatı verəcəkdir. Sonra məhkəməyə müraciət edib əlavə kompensasiyanı alıb bölərlər. Beləliklə, iddiaçı, Esmira, İlkin və Dağbəyi kişi Esmiranın bəyəndiyi 24 kv.metr sənədsiz evi 30.000 manata, İlkinin bəyəndiyi sənədsiz 52 kv.m evi isə 65.000 manata satılması barədə razılığa gəlmişlər. Esmira və İlkin iddiaçıya yalnız qeydiyyata düşdükdən sonra sənədsiz evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən reyestrdən çıxarış almaq mümkün olduğunu, ona görə ümumi paylı mülkiyyətdə olan evin payının bir hissəsini onlara satmasını, evə mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra satdığı payı alqı-satqı yolu ilə geri qaytaracaqlarını, ilkin olaraq Esmira iddiaçıya 14.000 manat, qalıq pulu 81.000 manatı evlərinin söküntüsündən əldə edilən puldan verilməsi barədə təklif vermişlər. Evləri qiymətini istədiyi məbləğdə razılaşdığına və onların atalarına inandığına görə hələ üstəlik məhkəmə yolu ilə Dağbəyi kişi ilə alacağı kompensasiyadan xeyli qazanc əldə edəcəyini düşünüb onlarla razılaşmışdır. 02.02.2018-ci il tarixdə Esmira, 03.02.2018-ci il tarixdə İlkin ilə Bakı şəhəri, 14 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilədən görünür ki, iddiaçı, Esmiraya ümumi sahəsi 49,8 kv.m olan ümumi paylı mülkiyyətli evin 1 kv.metrini 14.000 manata satmışdır. Həmin məbləği hesabından çıxarıb, təkrar İlkinin adından öz hesabına qoyaraq alqı-satqını rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı, İlkinə ümumi sahəsi 136,4 kv.m olan ümumi paylı mülkiyyətli evin 5,69 kv.metrini 14.000 manata satmışdır. 05.02.2018-ci il tarixdə Esmira, 21.02.2018-ci il tarixdə İlkin evlərə dair reyestrdən çıxarış almışdır. Hər ikisini ayrı-ayrılıqda çıxarış almaq üçün Asan Xidmətə aparmışdır. Pulları olmadığına görə hər ikisinin əvəzinə rüsumları iddiaçı ödəmişdir ki, onsuzda bunlarla haqq-hesabı sonra olacaqdır. Səhəri günü Dağbəyigilə gedərək sənədləşmə işini başa çatdırdığını və xahişini yerinə yetirdiyini bildirərək danışdığı qalıq pulu verməsini istəmişdir. Çox çək-çevirdən, təkiddən sonra onunla banka gedib hesabından 50.000 manat pul çıxarıb vermiş, iki ay yarıma da 52.kv.metr sahəni oğlu İlkinin adına texpasport çəkdirəndən, sonra yerdə qalan 31.000 manatı verib onunla halallaşacağını bildirmişdir. Cavabdeh satdığı 2-ci mərtəbədə sahəsi 24 kv.m olan evdə kirayənişin qalırmış. O, evi boşaltmaq üçün 2018-ci ilin mart ayının axırlarına kimi ona vaxt verməsini xahiş etmişdir. Həmin ərəfədə 1-ci mərtəbədə yerləşən, 2 otaqlı və küçəyə birbaşa çıxışı olan iki otaqlı evdə təmir yekunlaşmışdır. Bu haldan sui-istifadə edən Esmira təklif etdi ki, kirayəşini çıxartma, həmin 200 manatı da özün alarsan, oğlu əsgərlikdən məzuniyyətə gəlməlidir, burda qalsın, kirayəşin üst mərtəbəni boşaldan kimi öz evinə köçər. 2-ci mərtəbədəki aldığı ev boşaldıqdan sonra 1-ci mərtəbədəki evdən çıxmamış, həmin evə isə müəyyən əşyalarını yığmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.02.2018-ci il tarixli seriya RX ******* nömrəli çıxanşa əsasən Bakı şəhəri, B.Məcidov küçəsi 125 saylı evin 16 saylı mənzilinin 49,8 kv.metr ümumi sahənin 2/3 hissəsindən qalan hissəsinin 1/8 hissəsinin xüsusi mülkiyyətçisidir. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti 41 saylı Mənzil Kommunal İstisman Sahəsinin mühəndisinin tərtib etdiyi İddiaçı mənzilinin sxemindən görünür ki, mənzil 8 otaqdan, ümumi sahəsi 201,7 kv.metr, yaşayış sahəsi isə 100,6 kv.metrdən ibarətdir. Həmin Mənzil İstismar Sahəsinin işçiləri tərəfindən tərtib olunmuş 07.06.2013-cü il tarixli aktda göstərilir ki, baxış zamanı İddiaçı mənzili 1 otaq, yaşayış sahəsi 20 kv.m, ümumi sahəsi 49,8 kv.m olmaqla qeydiyyatdan keçmişdir. Sonradan sözü gedən ünvanda İddiaçı mənzilində təmir və bəıpa işləri apararaq mənzilin yaşayış və ümumi sahəsi dəyişilmişdir. Ölçmə zamanı müəyyən olmuşdur ki, İddiaçı mənzili 8 otaq, yaşayış sahəsi 100,6 kv.m, ümumi sahəsi 201,7 kv.metrdən ibarətdir. Cavabdeh zəbt etdiyi yaşayış evini 6,4 kv.m və 13,1 kv.metr iki yaşayış otağından və küçə istiqamətində 6 kv.m artırmadan ibarətdir. 6 kv.metr sahəyə malik artırma mənzildə mətbəx və sanitar qovşağı üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri, Nəsimi RİH-nin 23.12.2013-cü il tarixli H-90 nömrəli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, 01 yanvar 2013-cü ildən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.9-cu maddəsinə əsasən təqdim edilmiş layihədə evin 1-ci mərtəbəsində 12 kv.metrdən çox olmamaq şərti ilə sanitar qovşağı tikintisinə etiraz etmir. Cavabdeh zəbt etdiyi ərəfədə 1-ci mərtəbədə yerləşən, 2 otaqlı və küçəyə birbaşa çıxışı olan iki otaqlı evindən könüllü çıxmaq istəmir, bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh onun qonşularıdırlar. 2018-ci ildə iddiaçı evi satanda həmin dövrdə brokerlik ilə məşğul olmuşdur. Mübahisələndirilən evin 2-ci mərtəbəsinin satılması ilə bağlı evə müştəri gətirmişdir. Evin 2-ci mərtəbəsini cavabdeh almışdır. İddiaçının evinin 1-ci mərtəbəsini almaq özü istəmişdir. Cavabdeh 2-ci mərtəbəni almasına baxmayaraq, 1-ci mərtəbəyə də köçmüşdür. Oğlu əsgərlikdə olduğunu bildirərək, 1-ci mərtəbəyə müvəqqəti köçdüyünü bildirmişdir. 1-ci mərtəbə ilə bağlı alqı-satqı olmamış, 2-ci mərtəbə ilə bağlı alqı-satqı olmuşdur. Alqı-satqıda iştirak etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, iddiaçının evində usta olmuşdur. Mübahisə 1-ci mərtəbə ilə bağlıdır. Cavabdehi şəxsən tanımır, lakın görmüşdür. 1-ci və 2ci mərtəbələrdə söküntü işləri aparmışdır. Cavabdeh 2-ci mərtəbəni almaq istəyirdi, lakin 1-ci mərtəbəyə köçmüşdür. Cavabdeh 1-ci mərtəbədə müvəqqəti olduğunu və oğlu əsgərlikdən qayıtdıqdan sonra 2-ci mərtəbəyə köçəcəyini bildirmişdir. Lakin cavabdeh 2-ci mərtəbəyə köçməmişdir. 2-ci mərtəbəni alsa da, faktiki olaraq orada yaşamırdı, 1-ci mərtəbədə qalırdı. 1-ci mərtəbəyə də təxminən 1 və ya 2 il olar ki, köçmüşdür. Cavabdeh 2-ci mərtəbəni almaq istəyəndə oarada kirayədə qızlar qalırdı. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, iddiaçı dostudur, 10 ildən çoxdur ki, tanıyır. Ev 2 mərtəbədən ibarətdir. Cavabdeh 1-ci mərtəbədə yaşayır. İddiaçı 2-ci mərtəbədə yaşayırdı. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, ev 2 mərtəbədən ibarətdir. 2018ci ildə evin 2-ci mərtəbəsində kirayədə qalan var idi. Cavabdeh aşağıda yaşayırdı. Alqısatqı da həmin vaxtı olmuşdur. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, iddiaçı dostudur. İddiaçının evində usta kimi santexnika işlərini görmüşdür. Usta kimi işləyəndə həmin yerdə qalmışdır. Evə giriş küçənin girişindən idi. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin (vəkili) izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar sahəsinin 15.01.2022-ci il tarixli 16 və 17 saylı arayışlarından görünür ki, Cavabdeh və X9 iddiaçıya məxsus ünvan 3 ünvanında qeydiyyatdadırlar. 02.02.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin 2/3 hissəsindən özünə məxsus qalan hissənin 1/4 hissəsindən 1/2 hissəsini 14000 manata cavabdehə satmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(006)-752/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı müqavilələrin etibarsız hesab edilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(103)-5716/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(006)-752/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən mübahisə predmeti olan mənzilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, evə 1 yerdən giriş müəyyən olundu. Evin arxasındakı mənzillərin cavabdehə aiddiyyatı yoxdur. Həyətdən mübahisəli mənzilə giriş- çıxış qapıları müəyyən olunmadı. Giriş-çıxış qapıları yolun kənarındadır. Mübahisəli mənzil 2 mərtəbədən ibarətdir, birinci və ikinci mərtəbəyə daxildən giriş yoxdur. 2-ci mərtəbəyə giriş evin çölündəndir, 1-ci mərtəbədəki mənzilə girəndə, girişin sol tərəfində hamam, tualet və samuzer, sağ tərəfdə isə mətbəx müəyyən olundu. Mətbəxdən sonra isə qonaq otağı, daha sonra isə yataq otağı gəlir. Cavabdeh 1-ci mərtəbədə məskunlaşdığı müəyyən olundu. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.12.2021-ci il tarixli 2(102)- 6933/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12.07.2021-ci il tarixli 2(103)-5716/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(006)-752/2021 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, 02.02.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsində yerləşən ümumi sahəsi 49.8 kv/m olan 16 saylı mənzilinin 2/3 hissəsindən özünə məxsus qalan hissənin 1/4 hissəsindən 1/2 sahəsini alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 14000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı daşınmaz əmlaka dair öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi mübahisə predmeti olan mənzil cavabdehin mülkiyyətindədir və onun mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 125 saylı evin 16 saylı evdən çıxarıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1662/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1662/2022
12.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver