Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1672/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 38901,50 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə “Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır: a)müqavilənin predmeti; b)tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç)təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d)müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqaüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2012-ci il tarixli, 1469 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Türkiyə Ege Universiteti ali təhsil müəssisəsində “pediatriya” ixtisasi (rezidentura) üzrə 2012-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 38901,50 manat vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, təhsilini həmin ali təhsil müəssisəsində başa vura bilməmiş və Nazirliyin xx.xx.2020-cü il tarixli, F-134 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh təhsilini uğurla başa vurmuşdur və hazırda da uzman həkim işləyir. Tərəflər arasında bağlanmış 2012-ci il tarixli müqavilənin predmeti tələbənin Türkiyədə rezidentura təhsili alması olmuşdur. Cavabdeh müqaviləni yerinə yetirərək 2012-ci ildə Türkiyədə Ege Universitetinə daxil olmuş və orada rezidentura təhsili və təcrübəsi keçmişdir. Dörd il sonra 2016-cı ilin avqustunda həmin Universitetdən Haydarpaşa Universitetinə keçmiş və 2017-ci ildə tibdə uzmanlıq dərəcəsi almışdır. Nazirliklə bağlanmış müqavilənin son hədəfi də tələbənin tibbi uzmanlıq dərəcəsi almasıdır. X3 Osmanpaşa hastanesində uzman olaraq işləyir. Tələbə müqavilə öhdəliyini yerinə yetirərək təhsilini başa vurduğu və uzmanlıq dərəcəsi aldığı üçün Nazirliyin ödənilmiş vəsaiti geri tələb hüququ yoxdur. Tələbənin Ege universitetini deyil, Haydarpaşa Universitetini bitirməsi isə öhdəliyin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Əvvəla, tələbə 4 illik təhsilinin əsas hissəsini Egedə təhsil almış, sonda bir neçə ay digər məktəbə keçmişdir. Digər tərəfdən təhsil proqramında əsas məqsəd Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması və ölkənin nüfuzunu təmsil etməsidirsə o, bu məqsədi həyata keçirmişdir. Əgər o Dövlətin vəsaitini alıb təhsillə əlaqədar olmayan yerlərə xərcləsəydi onda hazırkı iddiaya hansısa əsas tapmaq olardı. Universitetin dəyişməsi müqavilədə birbaşa qadağan olmadığı üçün müqavilənin pozulması sayıla bilməz. Əsas odur ki, tələbə təhsil proqramını uğurla başa vurmuş və uzmanlıq almışdır. Elə buna görə də tələbənin 2020-ci ildə təhsil proqramından çıxarılması qanunsuz olmuşdur. Təhsil xərclərinin məbləği sübut olunmur. Cavabdeh təhsilinə dövlətdən əlavə özü də xeyli xərc çəkmişdir. Dövlətin ödədiyi vəsaitin məbləğini xatırlamır. Bankdan pulları rəhmətlik atası götürdüyü üçün həmin məbləği dəqiqləşdirmək imkanı da yoxdur. Hər bir halda iddiaçı təhsil üçün ödənilmiş vəsaiti və məbləğini rəsmi sənədlərlə sübut etmək öhdəliyi daşıyır. Hələlik belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Nazirlik tələbənin 2016-cı ilin avqustunda Ege Universitetindən çıxmasını müqavilənin və öz hüquqlarının pozulması hesab edirsə onda həmin vaxtdan başlayaraq təhsil haqqını geri tələb etməli idi. Ən gec 2016-cı təhsil ili üzrə tələbənin hesabatından və ya hesabat verməməsindən sonra məsələni dəqiqləşdirib öz tədbirlərini görməli idi. Lakin, Nazirlik 4 il sonra 2020-ci ildə tələbəni proqramdan çıxarmış, növbəti 4 il də keçəndən sonra məhkəməyə müraciət etmişdir. Özü də bütün bu proseslər tələbəyə heç bir məlumat verilmədən həyata keçirilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Həmin müddət buraxılmışdır. Elə ona görə də hazırda işi tam araşdırmaq imkanı da aşağı düşmüşdür. Bu nazirliyin təqsirinə görədir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil yeni etiraz təqdim etməklə öz etirazında qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Universitetlərin ilkin siyahısında EGE universiteti yoxdur. Sonradan təqdim etdiyi siyahıda isə həmin universitet olsa da həmin siyahının səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilməsi barədə heç bir məlumat yoxdur. Belə olan təqdirdə cavabdehin sonda bitirdiyi ali məktəblə ilkin daxil olduğu ali məktəbin statusu eyniləşir, beləliklə cavabdeh dövlət proqramı və müqavilə öhdəliyini yerinə yetirmiş sayılır. 2. Xərcləri təsdiq edən sənədlər aydın və əsl deyil. O sənədlərə əsasən məhz iddia olunan məbləğdə vəsaitin cavabdehə ödənilməsini müəyyən etmək mümkün deyildir. Cavabdehə ödənilmiş vəsaitləri onun mərhum atası aldığı üçün cavabdeh özü də xərclərin dəqiq məbləğini bilmir. Bir daha vurğulamaq lazımdır ki, cavabdeh özü də öz təhsilinə xeyli xərc çəkmişdir. 3. Cavabdeh öz öhdəliyində vicdanlı olmuş və dövlətin verdiyi az-çox vəsaiti öz şəxsi ehtiyaclarına deyil, məhz Türkiyədə təhsilinə xərcləmiş və uzmanlıq dərəcəsi alıb həkim kimi işləməyə davam etməkdədir. Dövlətin təhsilə verdiyi vəsaiti bütünlüklə geri tələb etməsini başa düşmür. Cavabdeh 3 il 6 ay məhz EGE universitetində oxumuş, son 6 ayı başqa məktəbə keçmişdir, yəni faktiki olaraq təhsil müdətinin 7/8 hissəsində müqavilədə nəzərdə tutulan məktəbdə biliklərə yiyələnmişdir. 4. Cavabdeh təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmasa da Nazirlik nə şəxsin təhsil proqramından xaric edilməsi barədə 2020-ci il tarixli əmrdə, nə də iddia ərizəsində bu əsasa toxunmamış, yəni pul vəsaiti tələbə dövlət prqoramında göstərilən ali məktəbi deyil başqa məktəbi bitirdiyi üçün tələb edilir. Deməli iddiaçı tələbənin məzun olduqdan sonra ölkəyə qayıdıb işləməməsini mübahisələndirmədiyi üçün məhkəmənin həmin məsələyə hüquqi qiymət verməsinə zərurət də qalmır. 5. Cavabdeh gələcəkdə daha böyük təcrübə ilə ölkəyə qayıdıb işləyə bilər. 6. Hazırkı iddia cavabdehdə çaşqınlıq yaradır. Çünki onunla birlikdə təhsil almış şəxslərdən oxuduğu məktəbi dəyişmiş və işləmək üçün ölkəyə qayıtmamış heç kəsə qarşı Nazirlik tərəfindən belə bir iddia irəli sürülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi və iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Təhsil Nazirliyi ilə xaricdə təhsil alanarasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Dövlət Proqramına daxil edilmiş təhsil alan Cavabdeh 2012-2016-cı illərdə Türkiyənin EGE Universitetinin pediatriya ixtisası üzrə təhsil alması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli F-134 saylı əmrindən görünür ki, həmin əmr Türkiyənin “İstanbul Üniversitesi” və “EGE Üniversitesi” ali təhsil müəssisələrindən “Anesteziologiya və reanimatologiya” və “Pediatriya” ixtisasları üzrə rezidentura səviyyəsində təhsil almq hüququ qazanmış X1 və Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədikləri nəzərə alınaraq onların adlarının Dövlət Proqrmı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması haqqında verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maliyyə Cədvəlindən görünür ki, 2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2012-2016-cı illərdə Türkiyədə təhsil alan Cavabdeh üçün 38901,72 manat xərc çəkilmişdir. İş materiallarında olan T.C.Sağlık Bakanlığı tərəfindən verilmiş Uzmanlık Belgesindən görünür ki, Aytan Ayyarlı “X2 Haydarpaşa Numune E.A.Hastanesi”ndə uzmanlıq təhsilini tamamlayaraq xx.xx.2017-ci tarixində “Çocuk Sağlığı və Hastalıkları” sahəsi üzrə uzmanlığı qazanmışdır. İş materiallarında olan EGE Üniversitesi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə “Çocuk Sağlığı və Hastalıkları” fakültəsinə tələbə olaraq işə başlamış, xx.xx.2016-cı il tarixdə təhsilini tamamlamaq üçün X2 Haydarpaşa Numune E.A.Hastanesi”nin“Çocuk Sağlığı və Hastalıkları” ixtisası üzrə davam etdirilməsi üçün fakültədəki işindən ayrılmışdır. İş materiallarında olan Gaziosmanpaşa Hastanesi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdən “Çocuk Sağlığı və Hastalıkları” uzmanı dr.Aytən Ayyarlı hal-hazırda xəstəxanada çalışır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 №-li Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilmiş Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilməsi göstərişi verilmiş, Proqramın icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həll etməsi tapşırılmışdır. Həmin Sərəncamla təsdiq edilmiş Dövlət Proqramın “Məzunların potensialından səmərəli istifadə edilməsi mexanizminin yaradılması” adlanan 3.7-cü bəndində Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərlə "məcburi xidmət" prinsipi əsasında təhsillərini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıdıb ən azı beş il işləmələrini nəzərdə tutan müqavilə imzalanması barədə imperativ göstəriş əks olunmuşdur. Bu müqaviləinin öhdəlik hissəsində təhsil alan şəxslərin təhsillərini başa vurduqdan sonra altı ay müddətində ölkəyə qayıtmadıqları təqdirdə təhsilə görə ödənilmiş xərclərinin tam şəkildə geri ödənilməsi məsuliyyəti nəzərdə tutulması qeyd olunmuşdur. Həmin Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaların 5.1-ci bəndində göstərilmişdir ki, təhsil alanların təhsili ilə bağlı bütün xərclərin ödənilməsi poseduru barədə Təhsil Nazirliyi tərəfindən hər bir tələbə məlumatlandırılır və bu prosedurlar Təhsil Nazirliyi və tələbi arasında bağlanmış müqavilədə öz təsdiqini tapır. Həmin Qaydaların 2 nömrəli əlavəsində göstərilmiş “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə”-nin “Tərəflərin hüquq və öhdəlikləri” adlanan 2-ci bəndinin 2.3.11-ci yarımbəndinə əsasən Təhsil alan təhsil müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək öhdəliklərini qəbul edir. Göründüyü kimi, tərəflər arasında münasibətlərin yaranmasına əsas Dövlət Proqramın icrasından irəli gələn məsələlər olmasına baxmayaraq, təhsil alan normativ sənədlərdə elan edilən öhdəlikləri gəbul edib onları icra etməsinə könüllü olaraq iradə ifadəsini bildirmiş, bu da öz növbəsində mülki müqavilə münasibətlərinin yaranmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının pul tələbinin əsasında Təhsil Nazirliyi ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi” durmaqla cavabdehi xx.xx.2020-ci il tarixdə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması və çəkilmiş xərclərin geri qaytarılması olmuşdur. İddiaçının tələbi qəbul edilmiş normativ sənədlərdəki göstərişlərin və tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn aşağıdakı dəlillərdən ibarət olmuşdur:
1. Müqavilədə göstərilmiş ali təhsil müəssisəndə təhsil alan tərəfindən seçilmiş ixtisas üzrə təhsili uğurla yekunlaşdırmaq (müqavilənin 1.2-ci və 2.3.2-ci bəndi);
2. Təhsil uğurla bitirdikdən sonra göstərilmiş müddət ərzində ölkəyə dönmək və Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək (müqavilənin 2.3.11-ci bəndi). Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, və bununla da xərclənmiş vəsaitin geri tələb edilməsi barədə Təhsil Nazirliyinin subyektiv hüququ yaranmışdır. Belə ki, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsasən çəkilən xərcləri və 2.4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetiriliməsini tələb etmək hüququ Nazirliyə aid edilmişdir. Buna baxamayaraq məhkəmə hesab edir ki, məhkəmə qərarı çıxarılanadək cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbqiqi barədə ərizənin dəlilləri nəzərdən keçirilməlidir. Tərəflər arasında mövcud münasibətlər müqavilə öhdəliklərindən irəli gəlməklə müqavilənin müddəti 2012-2016-cı illəri əhatə etmiş, öhdəlikləri yerinə yetirliməməsi səbəbindən təhsil alan Təhsil Nazirliyin xx.xx.2020-cü il tarixli F-134 saylı əmri ilə Dövlət Proqramından xaric edilmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ isə 2019-cu il tarixdə bitməsinə baxmayaraq, iddia tələbi bu müddətin bitməsindən 5 il sonra, 2024-cü ildə irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla da müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”nda mülki münasibətlərdə müddətlərə dair bir daha hüquqi mövqe sərgilənməklə qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunur ki: “... iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır.” Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nail Abbasov