Məhkəmə qərarları › İş №e-2(006)-1676/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1676/2022

14.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1676/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və məlumatın qeyd edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və məlumatın qeyd edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24.12.2020-ci il tarixdə Cavabdeh1 MMC-də (VÖEN: **********) müddətli əmək müqaviləsinə əsasən (3 ay müddətinə) sürücü vəziyəsinə işə düzəltmişdir. Həmin 3 aylıq müddətin sonunda iddiaçı Cavabdeh1 MMC-də işdən azad olunmuşdur. Lakin bağlanmış əmək müqaviləsinin müddətinin 24.03.2021-ci il tarixdə bitməsinə baxmayaraq, Cavabdeh1 MMC (VÖEN: **********) tərəfindən həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Cavabdeh1 MMC-nin hüquqi ünvanına dəfələrlə getməsinə baxmayaraq, həmin ünvanda Cavabdeh1 MMC-nin fəaliyyət göstərmədiyini bildirmişlər. Bu səbəbdən iddiaçı heç bir yerdə işə düzələ bilmir, onun yenidən əmək müqaviləsi ilə işə düzəlməsi üçün Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 24.12.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməlidir. İşəgötürən Cavabdeh1 MMC-ni tapa bilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 09.09.2021-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh1 MMC-nin (ünvan 1 ünvanına rəsmi məktub göndərilmiş, lakin məktuba cavab verilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Belə ki, Cavabdeh1 MMC (VÖEN: **********) tərəfindən daxil edilmiş əmək müqaviləsinə verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün Cavabdeh1 MMC-yə müraciət etmişdir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də bu mübahisənin həlli üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən 24.12.2020-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 MMC (VÖEN: **********) arasında bağlanmış əmək müqaviləsinin 24.03.2021-ci il tarixdən xitam verilmiş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X1 Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Cavabdehlər Cavabdeh1 və Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01.11.2021-ci il tarixli, 2021-005216 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 MMC-nin nümayəndəsi İddiaçı tərəfindən təsvir edilən «əmək münasibətlərindən irəli gələn mübahisə» üzrə 01.11.2021-ci il tarixdə 15.00-15.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

7. İş materiallarında olan «Elektron Məhkəmə Sistemi» portal çıxarışından görünür ki, İddiaçı Cavabdeh1 MMC-də (VÖEN: **********) sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 350 manat təşkil etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 24.12.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «sürücü» vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanılmış və əmək haqqı 350 manat məbləğində müəyyən edilmişdir. Bağlanmış əmək müqaviləsinin müddətinin 24.03.2021-ci il tarixdə bitməsinə baxmayaraq, Cavabdeh1 MMC tərəfindən həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Hazırki vaxtadək tərəflər arasında bağlanmüş əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinin 24.03.2021-ci il tarixdən xitam verilmiş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X1 Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir.

10. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

11. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir.

12. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir.

13. Məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X1 Xidmətinin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.

15. Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

16. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.06.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

18. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmalıdır.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron sisteminə daxil edilməsi vəzifəsinin X1 Xidmətinin üzərinə qoyulması hissəsində əsassız hesab edilməklə təmin edilməməlidir.

20. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC-də (VÖEN: **********) arasında bağlanmış 24.12.2020-ci il tarixli əmək müqaviləsinə 24.03.2021-ci il tarixdən xitam verilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC-də (VÖEN: **********) arasında bağlanmış 24.12.2020ci il tarixli əmək müqaviləsinə 24.03.2021-ci il tarixdən xitam verilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. X2 Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ilə Cavabdeh1 MMC-də (VÖEN: **********) arasında bağlanmış 24.12.2020-ci il tarixli əmək müqaviləsinə 24.03.2021-ci il tarixdən xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar