Məhkəmə qərarları › İş №e-2(006)-1681/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1681/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1681/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan qorunan faiz dərəcələri ilə hesabında qalan 31.698,81 USD (otuz bir min altı yüz doxsan səkkiz, 81 sent) əmanətinin cavabdehdən alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv edilənə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialına 05 avqust 2015 il tarixli 07/1 saylı depozit müqaviləsi ilə 05 avqust 2016-cı il tarixinədək 1 (bir) illik 12 faizlə 50.000(əlli min) USD məbləğində pul vəsaiti qoymuşdur. 2015-ci ilin dekabr ayında ikinci devalvasiyadan sonra 2016-cı ilin yanvar ayından Atrabank ASC-nin lisenziyası ləğv olundu və bank kimi fəaliyyətini dayandırdı. Hazırda bankda ləğvetmə komissiyası və Sığorta fondunun əməkdaşları fəaliyyət göstərirlər. 2016-cı ilin avqust ayından depozitlərin verilməsinə başlanıldı. 29 avqust 2016-cı il tarixdə Cavabdeh1 ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışına əsasən ona əmanətinin 18.717 (on səkkiz min yeddi yüz on yeddi) USD məbləğində hissəsi kompensasiya kimi qaytarılmışdır. Hesabında qalan 31.698,81 USD (otuz bir min altı yüz doxsan səkkiz, 81 sent) məbləğində pul vəsaiti cavabdeh tərəfindən ona heç bir səbəb göstərilmədən qaytarılmır. Neçə dəfə yazılı və şifahi müraciətlərinə cavab verilmir. Elə onun əzabları da bundan sonra başlayıb. Belə ki, o bu insanlardan halal əmanətini qanunda nəzərdə tutulmuş qaydada ala bilmir. Ötür-ötürlə məşğuldurlar. Sığorta fondu deyir ki, baxıb araşdıraram. Maliyyə bazarına nəzarət palatasında 10 dəfəyə yaxın olmuşdur. O İlqar Muradov, hüquq departamentinin müdiri Fəxriyar Cabbarov və onların tabeliyində olan Məhəmməd, Rəşad və s. adlı əməkdaşları qəbul edib, rəsmi ərizələr vermişdir. Bu günə kimi bir ərizəsinə də cavab verilməyib. Məsələ burasındadır ki, Palatada olanda ona əməkdaşlardan biri deyir ki, “pulu banka qoyanda mənimlə məsləhətləşmişdin ki, indi gəlmisən bura?”. Bu necə münasibətdir axı? Prezidentimiz məmurlara müraciətlə dəfələrlə deyib ki, hər bir məmur xalqa ləyaqətlə xidmət etməlidir. Dövlət büdcəsindən əmək haqqı alan məmurun sadə vətəndaşa bu cür münasibətinə nə ad vermək olar? Biz onlara üz tuturuq, kömək istəyirik, onlar isə bizi belə həqarətlə qarşılayırlar. Onun öhdəsində ikisi azyaşlı biri tələbə olmaqla, üç övladı vardır. Həyat yoldaşı işləmir, 2-ci qrup əlildir. Özü rəssamdır. Rəssamlıqla indi ailə dolandırmaq çox çətindir. Əmanətə qoyduğu həmin pulları uzun illər əziyyət çəkib yığmışdır. Bakıda yaşasa da, əslən Fizuli rayonundandır. Məcburi köçkündür. Göstərilənlərlə bağlı bütün sənəd və arayışları Maliyyə Bazarına Nəzarət Palatasına müraciət edərkən ərizəsinə əlavə etmişdir. Cavabdehin onun pulunu verməməyə heç bir hüquqi əsası və mənəvi haqqı yoxdur. Məhkəmənin kifayət qədər qanuni əsası vardır ki, cavabdehdən ona məxsus pul vəsaitinin alınıb ona qaytarılmasına dair qətnamə qəbul etsin. Daha sonra İddiaçı ərizə ilə məhkməyə müraciət edərək, cavabdeh qismində ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsil cavabdeh Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirmişdir ki, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Bu Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. İddia tələbində birbaşa Fonddan pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin unutmaq olmaz ki, Fond kompensasiya ödənişini “Əmanətlərin sığortalanması haqqında” Qanunda nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirir. Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Ərizə verilməsi qaydası isə Qanunun 28.2-ci maddəsi ilə tənzimlənir. Maddəyə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Ümumi iddia müddəti olan 5 il müddət ötürülmüşdür. Əlavə olaraq qeyd edək ki, bankla müştəri arasında müqavilə münasibətləri yaranan və bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericilik aktına əsasən yəni “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qeyd edilən qanunun normasına əsasən Fond bankda sığorta hadisəsi baş verdiyi zaman iddiaçıya 30 000 AZN ekvivalentində yəni iddia ərizəsində iddiaçı tərəfin özünün etiraf etdiyi 18.717 ABŞ dolları kompensasiya edilmişdir. İddia tələbi üzrə 31 283 ABŞ dolları isə “Banklar haqqında” Qanuna əsasən kreditor tələbi kimi qeydə alınmış və növbəlik çərçivəsində ödəniləcəkdir. Qeyd edilənlərdən əlavə olaraq iddiaçının tələbi “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə əsasən 21.09.2016-ci il tarixində 0180 saylı qəbzlə 31283 ABŞ dolları olaraq qeydə alınaraq kreditorların reyestrinə əlavə edilmiş təsdiq edilməsi üçün aidiyyəti üzrə Bakı 1 saylı İnzibati-İqtisadi məhkəməsinə göndərilmişdir. Və qərarla həmin tələb kreditorların reyestrində öz əksini tapmışdır. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iddiaçı X1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul" tələbinə dair e- 2(006)-1681/2021 saylı işi üzrə iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin “Kreditor tələblərinin qeydiyyatı barədə” 21.09.2016-ci il tarixli qəbzin surətindən görünür ki, kreditor İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin qarşısında 31.698 ABŞ dolları məbləğində kreditor tələbi 0180 saylı reyestrdə qeydiyyata alınmışdır. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh1 ASC ilə əmanətçi İddiaçı arasında 05.08.2015-ci il tarixli, 07/1 saylı depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 12 % ödənilməsi şərti ilə yerləşdirmişdir. Bankda sığorta hadisəsi baş verdiyi zaman iddiaçıya 30.000 manat ekvivalentində 18.717 ABŞ dolları kompensasiya edilmiş, 31.698 ABŞ dolları isə “Banklar haqqında” Qanuna əsasən kreditor tələbi kimi qeydə alınmışdır. İddiaçıya, iddia ərizəsində istinad etdiyi 05.08.2015-ci il tarixli depozit müqaviləsinin məhkəməyə təqdim edilməsi təklif olunsa da, qeyd edilən müqavilə iş materiallarına əlavə edilməmişdir. Sözügedən müqavilə məhkəməyə təqdim edilməməsinə baxmayaraq qeyd olunan hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin mübahisələndirilməyən hallarına həmçinin Azərbaycan Respublikası Mərkəzi X4 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə Cavabdeh1 ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyasının ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007ci il tarixdə 30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan Cavabdeh1 ASC-nin 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarıldığı və Banka verilmiş şəhadətnamənin ləğv edildiyi aiddir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1594/2016 saylı Qərardadına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh1 ASC-nin iflas proseduruna dair ərizəsi qüvvədə qalmış və Cavabdeh1 ASC-də sığorta hadisəsi baş vermişdir. Cavabdeh1 ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verilməklə 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcəyi barədə məlumat Fond tərəfindən yayılmışdır. Məhkəmə iddiada qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun və 01 mart 2016-cı il tarixində qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun tələbləri daxilində aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmalqa müəyyən etdiyi illik faiz dərəscəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixdən etibarən Əmananətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli malyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensasiya olunur. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Yuxarıda qeyd olunan maddələrin mahiyyətindən də göründüyü kimi, 30.000 manat məbləğində sığortalanmış əmanətlərin tam sığortalanmış əmanət statusuna aid edilməsi üçün əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin, iş materiallarına əsasən iddiaçı tərəfindən faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması və daha sonra əmanətin geri qaytarılması barədə banka müraciət edilmədiyi müəyyən edilmişdir. Belə ki, əmanətin «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşmək üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin iddiaçı qeyd edilən məzmunda LPO Banka müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının əmanət kimi banka yerləşdirdiyi pul məbləğinin sığortalı hissəsi (30.000 manatın ekvivalenti olan 18.717 ABŞ dolları) ona cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmış, qalan hissənin növbəlilik qaydasında ona qaytarılacağı tələbi kreditor tələblərinin qeydiyyatı barədə reyestrdə qeydiyyat aparılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün məhkəmə tərəfindən iddia “əmanət üzrə kompensasiya ödənilməsi” hissəsində əsassız sayılmaqla rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar