Məhkəmə qərarları › İş №e-2(006)-1702/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1702/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1702/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1.227,12 manat məbləğində pul vəsaitinin və 32.27 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1920/2021 saylı 26 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 896,12 (səkkiz yüz doxsan altı manat, on iki qəpik) manat əsas, 159,31 (bir yüz əlli doqquz manat, otuz bir qəpik) manat faiz borcu, 103,69 (bir yüz üç manat, altmış doqquz qəpik) manat cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1189,12 (bir min yüz səksən doqquz manat, on iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASCyə ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3105/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən borclu X1 və X4 5.355,58 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki məhkəmə qətnaməsi icraya yönəldilmiş, tutma borcluların əmək haqqına yönəldilmişdir. Texniki səhv səbəbdən X2 əmək haqqından tutulmuş 1.465,67 manat məbləğində vəsait Cavabdeh kredit borcuna silinmişdir. Həmin vəsaitdən xx.xx.2022-ci il tarixdə 366,42 manat, xx.xx.2022-ci il tarixdə 388,97 manat, xx.xx.2022-ci il tarixdə 386,63 manat və komissiya olaraq 2,32 manat, xx.xx.2022-ci il tarixdə 10 manat və 70 manat, xx.xx.2022-ci il tarixdə isə 2,78 manat olmaqla ümumilikdə cəmi 1.227,12 manat məbləğində vəsait əsassız olaraq Cavabdeh tərəfindən hesabdan məxaric olunmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1920/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu Cavabdeh əmək haqqına yönəldilmiş və 16125 nömrəli, xx.xx.2021-ci il tarixli yönəltmə qərarı icra olunması üçün borclunun iş yeri olan "xxxx" ASC-yə göndərilmişdir. Lakin "xxxx" ASC-dən qeyd olunan icra sənədinin icrası ilə bağlı Banka heç bir vəsait daxil olmamışdır. Borclunun əmək haqqından yalnız 7% icra ödənişi tutulmuş və icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Nəsimi rayon İcra şöbəsinin icraatında olan İddiaçı ASC-nin tələbkar olduğu digər icra sənədi olan Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu X2 da əmək haqqına yönəldilmiş və yönəltmə qərarı borclunun işlədiyi Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Yönəltmə məktubu Baş Polis İdarəsinə ünvanlanan zaman məktuba qoşma olaraq səhvən Cavabdeh bank hesab rekvizitləri əlavə edilmişdir. Beləliklə, Hüseynov Habilin əmək haqqından tutma aparılaraq Cavabdeh hesabına köçürülmüş və borcundan silinmişdir. Hətta Cavabdeh Hüseynov Habilin əmək haqqından gələn vəsait hesabına borcunun bağlandığını, cari hesabda əlavə vəsaitin qalmasını və bu vəsaitin ona aid olmadığını bilə-bilə 1227.12 manat məbləğində vəsaiti öz hesabından məxaric edərək mənimsəmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh hesabdan məxaric etdiyi məbləği ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, iş materiallarının araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş 2(006)-1920/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi mövcuddur. İrəli sürülən məsələ məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələlərdir. Belə olan halda, iddiaçının sözügedən məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, icra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi icra mərhələsində həll olunmalı məsələ olduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququna malikdir.Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar