Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1719/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 33, mənzil 58 ünvanda yerləşən ev iddiaçıya məxsusdur. Həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və mülkiyyəti kimi bu günə maneəsiz istifadə edir. Cavabdeh «mənzildən istifadə hüququnun tanınması və köçürülmə»si ilə bağlı iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət edərək, onun və övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 33, mənzil 58 ünvanına dair mənzildən istifadə hüququn tanınması və köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)- 2667/2014 saylı qətnaməsinə əsasən məhkəmə Cavabdeh və onun övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 33, mənzil 58 ünvanına dair mənzildən istifadə hüququ tanınmış və köçürülməsi təmin edilmişdir. Həmin qətnamənin icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icraçıları tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktında qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2667/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh və onun övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 33, mənzil 58-ə köçürülməsinə əsasən mənzilə köçürülməli və həmin mənzildən istifadə hüquqları tanınmalıdır. İcra sənədi icraata qəbul edildikdən sonra icraata başlanılmış və könüllü icra müddətində icra edilmədiyindən xx.xx.2016-cı il tarixə məcburi icra təyin edilmişdir. Həmin akta əsasən müəyyən olunmuşdur ki, tələbkarın nümayəndəsi yaşamaq üçün binanın ilkin layihəsinə uyğun olaraq, əvvəl mətbəx olmuş, hal-hazırda otaq edilmiş yaşayış sahəsinin təklif olunması ilə razılaşmamış, ayrıca ona daha geniş, koridora birbaşa çıxışdan otağın ona yaşamaq üçün verilməsini tələb etmişdir. Bundan başqa borclu 16 kv.m. sahəlik otaq sahəsini də tələbkara yaşamaq üçün təklif etdi. Eyni zamanda mətbəxdən, ayaq yolu və hamamdan qarşılıqlı istifadə etməyə razı olduğunu bildirdi. Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin icraçıları tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktında qeyd olunmuşdur ki, icra sənədinin məcburi icrası xx.xx.2016-cı il tarixə təyin olunmuş, lakin həmin vaxt tələbkar şəxsən olmadığı üçün icra hərəkətləri təxirə salınmışdır. Tələbkarın müraciəti ilə növbəti icra tarixi xx.xx.2016-cı il tarixə təyin edilmişdir. Tərtib edilən icra aktına əsasən borclu İddiaçı tələbkarın yatıb durması üçün təxmini 16 kv.m. olan kiçik bir otaq təklif etmişdir. Tələbkarlar mətbəxdə hamam və ayaqyolundan, eyni zamanda dəhlizdən, qonaq otağından istifadə etmək şərti ilə razılaşdılar. Mənzilin giriş qapısının açarının bir nüsxəsi saxlanılmaqla tələbkar Cavabdeh verdi. Tələbkar həmin ünvana köçürüldü. Cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini onunla əsaslandırır ki, cavabdehlərin iddiaçının mənzilində qalmaları formallıq təşkil edir və bu onun hüquqlarını pozur. İddiaçı xüsusi mülkiyyətində olan ev üzərində sərəncam verə bilmir və nəticədə də dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqları məhdudlaşdırır. Göstərilənlərə əsasən Cavabdeh və onun azyaşlı övladı X1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun oğlu ikinci dəfə ailə həyatı qurmuşdur və öz ailəsi ilə həmin mənzildə birlikdə yaşayır. Cavabdehin bu şəraitdə yaşaya bilməsi özü də absurddur.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbi müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 2014-cü ildə məhkəmə qətnaməsi çıxmasına baxmayaraq həmin mənzilə 2017-ci ildə köçürülmüşdür və orada cəmi 1 gün yaşaya bilmişdir. Növbəti gün evə gəldikdə qapının kilidinin dəyişdirildiyini görmüşdür. Vvəllər orada yaşaması mümkünsüz idi, belə ki, davamlı təzyiqlər və təhqirlər olurdu. Lakin inda oğlunun 15 yaşı var və o, artıq rahat formada orada yaşaya bilər. 3 ildir ki, kirayədə yaşayır. 700 manata yaxın əmək haqqı alır və kirayə pulu da daxil olmaqla bütün xərclərini özü qarşılayır. O, da istəyir ki, kirayədə yaşayıb boşuna məsrəf etməkdənsə, uşağının da haqqı olan və qeydiyyatda olduqları həmin mənzildə yaşasın. Mənzildən çıxması müqabilində ona heç bir kompensasiya təklif olunmayıb, lakin təklif olunsa idi, bu barədə düşünə bilərdi. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov yerləşən 33 nömrəli, 5 mərtəbəli binada, 52,2 kv.m. ümumi, 40,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 58 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. 9.İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2667/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnmaəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh və onun bvladı xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 33, mənzil 58 ünvanına dair mənzildən istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. 10.İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, tələbkar Cavabdeh və onun övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 33, mənzil 58 ünvanına dair mənzildən istifadə hüquqları tanınmalı və onlar həmin mənzilə köçürülməlidir. Borclu İddiaçı və X2 icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır.
11. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan şəxsin (şəxslərin) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvəəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir.
12. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İHB-nın Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən Cavabdeh oğlu X4 ilə birlikdə Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi, 4 saylı evdə qeydiyyatsız yaşayır.
13. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 23 saylı MKİS tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 və onun övladı xx.xx.2008-ci il təvəllüdlü X4 2012-ci ilin avqustun 23-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 33, mənzil 58-də yaşamır, Bakı şəhəri 14 saylı notariat kontorunda qonşular tərəfindən təsdiq olunmuş ərizəyə əsasən hal-hazırda da Cavabdeh yuxarıda göstərilən mənzildə yaşamır.
14. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisində təsdiq edilmiş və «Kirayəyə verən» qismində X8 ilə «Kirayəçi» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsinin) surətindən görünür ki, kirayəyə verən X8 özünə məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 88 kv.m. olan fərdi yaşayış evini kirayəçi Cavabdeh xx.xx.2025-ci il tarixədək kirayəyə vermişdir. Aylıq kirayə haqqı 225 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, 1 MR., A.Məhərrəmov küçəsi, ev 33, mənzil 58 İddiaçı mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş gəlinidir və onun həmin mənzilə istifadə hüququ vardır. Hazırda iddiaçı cavabdehin həmin mənzildə formal qeydiyyatda olmasını iddia etsə də onun göstərilən ünvanda olan istifadə hüququna xitam verilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
20. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
23. Göstərilən Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
24. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
26. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz.
27. Göründüyü kimi yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olması faktı öz təsdiqini tapmışdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
29. Məhkəmə qeyd edir ki, iddiaçının özünə məhkəmə tərəfindən cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi təklif olunsada iddiaçı tərəf buna razı olmamışdır.
30. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud hüquqa, hətta bu hüquq qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuşsa qanunvericilikdə nəzərdə tutulmuş tələbə uyğun olaraq müvafiq kompensasiyanın verilməsi ilə xitam verilə bilər. Lakin iddiaçı tərəf kompensasiyanın verilməsi ilə razılaşmamışdır. Cavabdeh tərəf isə mənzilə köçürüldükdən sonra oradan məcburi halda çıxarılması, bu səbəbdən orada hazıradək yaşamasının qeyri-mümkün olması da məhkəmə tərəfindən müəyyən edilmişdir.
31. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
40. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov