Məhkəmə qərarları › İş №e-2(006)-1738/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1738/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1738/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları 25.08.2020-ci il təvəllüdlü X1 ilə birlikdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 92 saylı evin 6 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün qətnamənin nəticə (qət etdi) hissəsinə “bu qətnamə cavabdehlərin qeydiyyatdan çıxarılması üçün əsasdır” olması barədə qeydin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 92 saylı evin 6 saylı mənzilini 22 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzil 26.10.2021-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər evin köhnə sakinləridir və mənzili alarkən mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Cavabdehlər əvvəldən həmin mənzildə qeydiyyatda olmuş və onları mənzilə qeydiyyata o, salmamışdır. Cavabdehlər həmin mənzilin köhnə sakinləri olmuş, əgər onların istifadə hüququ mövcud olmuşdursa mülkiyyətçinin dəyişməsi ilə əlaqədar olaraq həmin mənzilə mülkiyyət hüquqularını itirmişlər. Cavabdehlər həmin mənzili ona satarkən mənzildən çıxmağı öhdələrinə götürmüşlər. Məhkəmə qərarı olmadan p, cavabdehləri mənzildən qeydiyyatdan çıxara bilmir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, iş materiallarında olan 22 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 92 saylı evin 6 saylı mənzili satıcı X2 tərəfindən alıcı İddiaçı 88.000 manat məbləğinə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 92 saylı evin 6 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Beləliklə yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı alğı-satqı müqaviləsi bağlamaq yolu ilə 26 oktyabr 2021-ci il tarixində almış və onun cavabdehlərlə qohumluq münasibətlərində olduğunu göstərən fakt məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı öz tələbini cavabdehlərin “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” formasında göstərmişdir. Halbuki bu iş üzrə cavabdehlər Cavabdeh1 və qeyrilərinin mənzilə olan istifadə hüquqlarının itirilməsi mübahisə doğuran məsələ deyil (onların belə bir hüquqları yaranmamışdır ki, hazırda itirilə), cavabdehlər iddiaçı ilə qohumluq münasibətlərində (ailə üzvü) deyillər və onların mübahisəli mənzilə istifadə hüquqlarının yaranması üçün əsas da olmamışdır. Cavabdehlərin mənzildə qeydiyyatda olmaları isə onların bu mənzildən istifadə hüquqlarının yaranması üçün əsas qismində çıxış etmir (Mənzil Məcəlləsi 30.4). Bundan əlavə iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı hazırda cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmasını da tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq tələbi ilə bağlı inzibati orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından, mülki işin icraatına xitam verilməlidir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar