Məhkəmə qərarları › İş №e-2(006)-1747/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1747/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1747/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “müqavilə üzrə öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “müqavilələr üzrə öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2013-cü il tarixdə 115751-1-8050 saylı “Avtomobil krediti müqaviləsi” üzrə pul öhdəliyinə və xx.xx.2013-cü il tarixli 1151xx-xx-11293 saylı “İpoteka müqaviləsi” üzrə 1151xx-xx- 11293 saylı ipotekaya xitam verilməsi və dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 100 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2013cü il tarixdə 115751-1-8050 saylı “Avtomobil krediti müqaviləsi” bağlanmışdır. Həmçinin tərəflər arasında bağlanılmış kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2013-cü il tarixli 1151xx-xx-11293 saylı “İpoteka müqaviləsi” bağlanılmışdır. Daha sonra iddiaçıya məxsus “Kia Cerato” markalı mühərrik G4FGDH639128 nömrəli, ban KNAFX411B5D078739 nömrəli “99- FC789” dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin vasitəsilə hərraca çıxarılmış və həmin avtomobil xx.xx.2023-cü il tarixdə X2 hərracda qalib gəlmək yolu ilə 8260 (səkkiz min iki yüz altmış) manat ödənilməklə onun mülkiyyətinə keçmişdir. Bundan sonra Bank tərəfindən Ağcabədi Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə hesablanmış Banka olan 18136.91 ABŞ dolları məbləğində əsas borc, 9468.08 ABŞ dolları məbləğində faiz borcu, 137 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 27741.99 ABŞ dolları məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulmasına, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş mübahisəli avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Banka ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh olaraq hazırkı iş üzrə iddiaçıya qarşı qaldırılmış iddia tələbinə dair iddia müddətini ötürdüyü üçün iddia təmin olunmamışdır. Daha sonra Cavabdeh ASC Ağcabədi Rayon Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1749/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də narazı qalan Cavabdeh ASC Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1144/2023 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 01 avqust 2013-cü il tarixdə tərəf olaraq Cavabdeh və iddiaçı arasında bağlanmış avtomobil kredit müqaviləsinin müddətinin xx.xx.2016-cı il tarixə kimi olmuşdur. Buradan da göründüyü kimi, Cavabdehın iddiaçıya verdiyini iddia etdiyi müddətdən yəni 2013-cü il tarixdən artıq 12 ilə yaxın vaxt kemişdir. Məhz həmin tarixdən Cavabdehın qalan borcu iddiaçıdan tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi iddia müddəti bank tərəfindən ötürülmüşdür. Müddətin keçməsi nəticəsində öhdəliyə xitam verildiyi üçün Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə pul öhdəliyi və həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1151xx-xx-11293 saylı “İpoteka müqaviləsi” etibarsız hesab edilərək ləğv olunmalıdır. İddiaçı hazırda həmin sözügedən avtomobilə sahiblik hüququnu itirmiş və həmin avtomobil "xxxx" MMCnin təşkilatçılığı ilə baş tutmuş hərracın yekununda qalib gələn vicdanlı alıcı olaraq X1 mülkiyyətinə keçmişdir. Cavabdeh ASC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2013-cü il tarixdə 115751-1-8050 saylı “Avtomobil krediti müqaviləsi” üzrə pul öhdəliyi və həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2013-cü il tarixli 1151xx-xx-11293 saylı “İpoteka müqaviləsi” ləğv olunmalıdır.

3. Cavabdeh ASC iddia tələbinə dair etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobilin girovdan azad edilməsini tələb etsə də, avtomobili kreditə aldıqdan sonra borclu tərəfindən kredit müqaviləsi üzrə borcu tam ödədikdən sonra daşınmaz əmlakı girovdan azad etmək mümkündür. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1301/2023 nömrəli qətnaməsi ilə bankın iddia tələbi rədd olunsa da, ipoteka predmetinin yüklülükdən azad edilməsinə səbəb yoxdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixə 27.741,99 ABŞ dolları məbləğində borcu hesablanmışdır və hal-hazırda qeyd olunan borcda heç bir dəyişiklik yoxdur. Bu isə iddiaçının hüququnun pozulmasına dair iddiasındakı məqsədinin hüququnun bərpa edilməsi deyil, məhkəmə sisteminin mühüm vaxtının alınmasıdır. İddiaçı tərəfindən ipotekaya xitam verilməsi tələbinə uyğun olaraq heç bir hərəkətlər edilməmişdir. Bütün göstərilənlər iddia ərizəsinin tam əsassız olduğunu sübut edir. Odur ki, iddia təmin edilməməlidir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib bildirdi ki, iddiaçının icra edilməmiş öhdəliyi vardır. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli avtomobil krediti müqaviləsindən görünür ki, cavabdeh iddiaçıya 19.009 ABŞ dolları məbləğində kredit verməyi, iddiaçı isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə cavabdehə illik 16 faiz ödəməyi öhdəsinə götürmüşdür. Kredit 36 ay müddətinə “Kia” markalı, “Cerato” modelli avtomobilin satın alınması məqsədi üçün verilmişdir. Bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri xx.xx.2013-cü il tarixli, 1157xx-xx-11293 saylı ipoteka müqaviləsi və zaminlik müqavilələri ilə təmin edilmişdir.

10. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1157xx-xx-11293 nömrəli ipoteka müqaviləsindən (avtomobil) görünür ki, ipotekanın predmeti “Kia” markalı (2013-cü il buraxılışlı, gümüşü (metal) rəngli) avtomobildir. Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 115751-1-8050 nömrəli kredit müqaviləsindən əmələ gələn mövcud, həm də tərəflər arasında mövcud kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn cavabdehin iddiaçıya qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir.

11. "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 107 nömrəli, xx.xx.2023cü il tarixli protokoldan görünür ki, iddiaçıya məxsus “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil 8.260 manata üçüncü şəxsə satılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki: - Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1301/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı xx.xx.2013-cü il tarixli, 115751-1- 8050 nömrəli kredit və xx.xx.2013-cü il tarixli, 1157xx-xx-11293 nömrəli ipoteka müqavilələrindən irəli gələn “pul və s.” tələbinə dair iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir (9-10-cu bəndlər); - Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1749/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (14-cü bənd); - iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli 2(106)-1749/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (6-cı səhifə).

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 376/23-38-10 saylı sifariş məktubu əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə baş tutmuş hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 107 nömrəli protokolunun etibarsız hesab edilməsi qət edilmişdir.

14. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı işi üzrə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

15. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən gömrük bəyannaməsi 532689 nömrəli hesab-arayışla iddiaçının adında qeydiyyatda olmaqla, ipoteka müqaviləsi əsasında cavabdeh bankda girovdadır. Həmçinin, bildirilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(017)-01/2021 nömrəli qərardadı ilə “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(005)-26/2022 nömrəli icra vərəqəsi ilə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə DİN Baş X8 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Nəqliyyat vasitəsi ilə bağlı qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məktuba kompüter uçot bazasından çıxarış əlavə edilmişdir.

17. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Əmlak məlumatları” bölməsindən görünür ki, “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir.

18. İş materiallarına iddiaçı ilə üçüncü şəxs arasında olmuş pul münasibətləri ilə bağlı qəbul edilmiş qətnamə əsasında verilmiş icra vərəqəsi və onun əsasında açılmış icra işinin materialları da əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə cavabdehlə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan “Kia Cerato” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

20. İddiaçı müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, bank ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələb üzrə iddia müddətinin ötürülməsi müəyyən edildiyindən, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

21. Bank tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmiş və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır.

22. Qanuni qüvvəsini almış və hazırkı iş üzrə preyudisiya təşkil edən həmin qətnamə ilə müəyyən edilmişdir ki, bankın iddia tələbi əsaslı olmuş, lakin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən və iddia müddətinin ötürülməsi müəyyən edildiyindən, iddia tələbi rədd edilmişdir.

23. Hazırda iddiaçı həmin qətnaməyə istinad edərək, kredit müqaviləsi üzrə əsas öhdəliyə, ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsini; cavabdeh tərəf isə iddiaçının icra edilməmiş öhdəliyinin mövcudluğuna görə, iddianın rədd edilməsini xahiş edirlər.

24. İddiaçı ilə üçüncü şəxs X2 arasında olan başqa məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnamənin icrası zamanı ipoteka predmeti olan nəqliyyat vasitəsi açıq hərraca çıxarılaraq üçüncü şəxsə satılsa da, Cavabdeh ASC-nin həmin hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin işdən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin “Əmlak məlumatları” bölməsindən müəyyən edilir ki, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materialları əsasında müəyyən edilir ki, bank müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, iddiaçı öz öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmış, bank isə kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını və ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tələb etmişdir. Həmin tələblər məhkəmə tərəfindən əsaslı hesab edilmiş, lakin iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən, iddia təmin edilməmişdir.

26. Beləliklə, iddiaçının bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin olması, lakin bankın borcu məhkəmə qaydasında tələb etmə müddətini ötürməsi məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir və hazırkı işin mübahisəsiz halını təşkil edir.

27. İddia tələbi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktları ilə iddia tələblərinin müddətin keçməsinə görə təmin edilməməsi öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcudluğu halı yoxdur.

28. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının xitam verilməsini tələb etdiyi kredit müqaviləsi üzrə öhdəliyə və ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsinə əsas yoxdur, çünki həmin kredit müqaviləsi üzrə ödənilməmiş borc öhdəlikləri mövcuddur, belə ki, məhkəmə aktı ilə bu hal öz təsdiqini tapmışdır. Yəni iddiaçının banka borcunun olması və öhdəliklərini icra etməməsi, lakin bankın həmin borcu məhkəmə qaydasında tələb etmə müddətinin ötürülməsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının banka ödənilməmiş borcu mövcud olduğundan, müqavilə üzrə öhdəliyə xitam verilməsinə əsas yoxdur. Deməli, əsas öhdəliyə xitam verilmədiyindən, öhdəliyin icrasının təmini üsulu olan ipotekaya da xitam verilməsi barədə iddia tələbinin təmin edilməsinə də əsas yoxdur.

29. İddiaçı iddia ərizəsində əmlakın üçüncü şəxsə özgəninkiləşdirilməsi barədə hərrac protokolunun olmasına istinad etsə də, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, həmin hərrac protokolu müvafiq məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Buna görə də iddiaçının bu dəlili həm əsassız hesab olunur, həm də heç bir məhkəmə iclasında iştirak etməyən üçüncü şəxsin mənafeyinin müdafiəsi üçün iddiaçının səlahiyyətinin olmasına dair hər hansı əsas məhkəmə tərəfindən müəyyən edilmir.

30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddə. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 372, 373.3, 375-ci maddə. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 527. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Fəsil 27, 6-cı paraqraf. Öhdəliyin xitamının digər əsasları: Maddə 555. Borclu və kreditor eyni şəxs olduqda öhdəliyin xitamı; Maddə 556. İcra mümkün olmadığına görə öhdəliyin xitamı; Maddə 557. Dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı; Maddə 558. Borclunun ölümü nəticəsində öhdəliyin xitamı; Maddə 559. Hüquqi şəxsin ləğvi nəticəsində öhdəliyin xitamı. 739-cu maddə. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddə. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

32. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X3rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı: İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarı: İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

41. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda yuxarıda istinad olunmuş qanunvericilik aktlarına müvafiq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilə üzrə öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə xərclərinə qiymət verilməsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə məsələni həll edərkən məhkəmə iş iştirakçılarının tələblərindən asılı olmadığını vurğulamağı zəruri hesab edir.

Nəticə:

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilə üzrə öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar