Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1773/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X4, X10 və X6 qarşı «mülkiyyətçinin mənzilə köçürülməsi və cavabdehlərin mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı «mülkiyyətçinin mənzilə köçürülməsi və cavabdehlərin mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 uşaqları xx.xx.2009-cu il təvəllüdlü X13, 12.11,2015-ci il təvəllüdlü X12 və əmlakları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı bir otaqlı mənzilindən çıxarılmaları və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında X13 və X12 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı bir otaqlı mənzili onun mülkiyyətindədir. Həmin mənzilin onun mülkiyyətində olması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışla təsdiq olunur. Həmin mənzil 2004-cü ildən onun mülkiyyətindədir və bu barədə onun adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyati İdarəsindən ÖM seriyalı 219783 saylı 25 dekabr 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Cavabdehlərdən Cavabdeh onun oğlu, X7 isə onun həyat yoldaşı, yəni gəlinidir. Cavabdehlər təxminən 2006-cı ildə ailə qurmuşlar və kirayədə yaşamışlar. Həmişə demişlər ki, pul toplayıb özlərinə ev alaçaqlar. Onlar, yəni valideynlər də imkanları daxilində köməklik göstərmişlər. 2009-cu ildə cavabdehlərin Zəhra adlı qızları, 2015-ci ildə isə Zeynəb adlı qızları dünyaya gəlmişdir. 2015-ci ildə belə məsləhətləşmişlər ki, kirayədən çıxıb müvəqqəti onun mülkiyyətində olan hazırda yaşadıqları bir otaqlı mənzilə köçsünlər və kirayə pulunu da mənzil almaq üçün topladıqları pula əlavə edərək özlərinə ev alsınlar. Cavabdeh əvvəldən qeydiyyatda olsa da, digərlərini uşaqlar doğulandan sonra poliklinikada qeydiyyata düşmələri üçün qeydiyyata almışdır. Özü isə bu müddət ərzində müvəqqəti olaraq Abşeron rayonu Masazır kəndi Yoncalıq yaşayış massivi deyilən ərazidə qızının yanında yaşayır. Xəstədir, tez-tez həkim çağırmaq lazım qəlir və ya həkimə getmək zəruri olur. Çağrışa gələn həkimlər ünvanı çox çətinliklə tapırlar. Hər dəfə kimsə gedib onları müəyyən bir yerdə qarşılayıb qətirməlidir. Bunun gecəsi var, qışı var, küləyi var və digər çətinliklər vardır. Həkimə getmək üçün də çox çətinlik çəkir. Dəfələrlə hazırda cavabdeh olan oğluna mənzilə köçmək istədiyini bildirib, onlardan mənzili boşaldaraq mənzildən çıxmalarını xahiş etsə də, heç bir nəticəsi olmayıb. Cavabdehlərin mənzil almaq fikirləri yoxdur. Yəqin fikirləşirlər ki, yaşlı, xəstə adamdır, bu gün - sabah dünyasını dəyişər. Ancaq o da istəyir ki, xəstə vaxtında, yaşlı vaxtında rahat yaşaya bilsin, öz evində yaşasın, heç olmasa dünyasını dəyişəndə öz evindən çıxsın, yeznə evindən çıxmasın. Cavabdehlər bunu başa düşmürlər. O, bu doğmalarından ona qulluq etmələrini, maddi kömək göstərmələrini, və ya başqa diqqət göstərmələrini xahiş etmir. Sadəcə olaraq halal mülkiyyətində olan və təmənnasız olaraq müvəqqəti yaşamaları üçün buraxdığı mənzildən çıxmalarını istəyir. Cavabdehlər faktiki olaraq onu mülkiyyətində olan mənzildə yaşamaqdan məhrum ediblər. Cavabdehlər onu mülkiyyətində olan mənzilə dair qanunla verilmiş bütün hüquqlardan məhrum etmişlər. Mülkiyyətçi olaraq onun cavabdehlərin əmlakları və azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı bir otaqlı mənzilindən çıxarılmalarını və həmin mənzilə köçürülməsini tələb etmək hüququ vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndəsi olduğu İddiaçı izahatına oxşar izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında əlavə olaraq bildirdi ki, 1982-ci ildən həmin evdə qeydiyyatdadır və öz ailəsi ilə orada yaşayır. Həyat yoldaşı da, 2008-ci ildən həmin evdə qeydiyyatdadır. Ailə qurduqdan bir müddət sonra kirayə ev tutaraq ailəsi ilə ora köçmüş, sonra valideynlərinin razılığı ilə yenidən ailəsi ilə birlikdə hazırda mübahisə predmeti olan mənzilə köçmüşlər. Onların başqa yaşamağa yerləri, habelə kirayə haqqı ödəməyə imkanları yoxdur. Həmin mənzilə köçərkən mənzilin şəraitinin çox pis olduğunu görmüşdür. Bu səbəbdən 10.000 manata yaxın xərc çəkib orada təmir işləri aparmışdır. Əgər o, bir müddət sonra həmin mənzildən çıxacaqdısa niyə o qədər xərc çəkirdi ki? Təmirə verdiyi pulu götürüb üzərinə də, bir qədər pul əlavə edib özünə başqa yerdən də, ev ala bilərdi. Bundan əlavə iddiaçının həmin mənzilə köçürülməsinə dair tələbini qəbul edir və anasının yaşadıqları mənzilə köçürülməsinə hər hansı etirazı yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndəsi olduğu cavabdehin izahatına oxşar izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X4, X10 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər X2, X8 və X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və Cavabdeh nümayəndəsi və vəkili C.Cəfərovun izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 25 dekabr 2004-cü il tarixli ÖM seriyalı 219783 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı bir otaqlı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 1361 saylı reyestr kitabının 204367 saylı vərəqində 25 dekabr 2004-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı qeyd olunan daşınmaz əmlak üzərində tam pay üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı və X9 mübahisəli mənzildə qeydiyyatdadırlar. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzili iddiaçının mülkiyyəti olmaqla cavabdehlərdən Cavabdeh onun övladıdır və 1982-ci ildən həmin ünvanda qeydiyyatdadır. Cavabdeh 2006-cı ildə X7 ilə ailə həyatı qurmuş və bu nikahlarından 2009-cu ildə Zəhra, 2015-ci ildə isə Zeynəb adlı qızları dünyaya gəlmişdir. Onlar 2015-ci ilə kimi iddiaçının 1 otaqlı mülkiyyətində deyil, digər ünvanda yaşamış, lakin həmin vaxtdan iddiaçının razılığı ilə onun mənzilinə köçmüşlər, sonuncu isə qızının yanında yaşamağa başlamışdır. Cavabdeh X7 da həmin mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı öz mənzilinə köçmək niyyəti ilə cavabdehlərin onun tələbi üzrə mülkyyətindən çıxmadıqları üçün onların məhkəmə qaydasında çıxarılmasını tələb edir, cavabdeh tərəf isə (oğlu) mənzilə mülkiyyətçinin razılığı ilə köçdüyündən və oranın təmirinə 10000 manat xərclədiyindən oradan çıxmağa etiraz edir, lakin iddiaçının öz mənzilinə köçməsinə etiraz etmir. Məhkəmə ilk növbədə hesab edir ki, iddianın mənzilə köçürülmə hissəsinə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının öz mülkiyyətindən sərbəst, maneəsiz istifadə etmək kimi hüquqları olduğu üçün onun mülkiyyətinə köçürülməsinə dair iddiası əsaslıdır. Məhkəmə iddia tələbinin digər hissəsi üzrə cavabdehlərin mənzilə istifadə hüquqlarının olub-olmamasına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyinə əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə hesab edir ki, mübahisə olunan ev iddiaçının adına 25 dekabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alındığına görə, həmin yaşayış sahəsində yaşayan şəxslərin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli evə ailə olaraq 2015-ci ildə köçsə də, həmin ev iddiaçının adına xüsusi mülkiyyət kimi 25 dekabr 2004-cü il tarixdə qeydə alındığından evin mülkiyyətçisi ilə cavabdehlər arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anasını saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, cavabdeh X7 gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil deyildir. O, 2015-ci il tarixdə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, cavabdeh X7 iddiaçının ailə üzvü deyildir. Beləliklə də, iddiaçı cavabdehlər X4, X10 və X6 mənzilindən istifadə hüququ verməmiş, cavabdeh A.Rzayevanın istifadə hüquqlarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd aparılmamışdır. Cavabdehlərdən A.Rzayeva və uşaqları mənzilə müvəqqəti buraxılmışlar. İddiaçının öz mülkiyyətində olan mənzildən zərurətlə bağlı çıxmaları tələbinə həmin cavabdehlər məhəl qoymamış, mənzildən çıxaraq, boşaldıb iddiaçıya təhvil verməmişlər. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X7 iddiaçının razılığı ilə müvəqqəti yaşamaq üçün mənzilə köçsə də, mənzil üzərində heç bir hüququ olmadığı halda iddiaçının tələbi ilə mənzildən çıxmamaqla sonuncunun mülkiyyət hüquqlarını pozduğundan iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdeh A.Rzayeva və övladları həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə təmin edilə bilməz. Belə ki, digər Cavabdeh iddiaçının ailə üzvü olmaqla, 1982-ci ildən həmin mənzildə yaşayır, bir müddət kirayədə yaşamasına baxmayaraq, həmin mənzildən istifadə hüququ vardır. Onun həmin hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilinə köçürülməli; cavabdeh X7 övladları xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə (əşyaları da daxil olmaqla) İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilinə köçürülsün. Cavabdeh X7 övladları xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə (əşyaları da daxil olmaqla) İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Mixail Kaveroçkin küçəsi 8 saylı evin 3 saylı 1 otaqlı mənzilindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1773/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1773/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver