Məhkəmə qərarları › İş №e-2(006)-1784/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1784/2022

13.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1784/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi X1, Cavabdeh Məhəmmədiyə oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Məhəmmədiyə oğluna qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Məhəmmədiyə oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmmədiyə oğlundan 30.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı1 və 12.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı2 ödənilməsi, ödənilmiş 230 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 uzun illər Bakı şəhəri Füzuli meydanı yerləşən yeraltı keçiddə olan mağazaların birində ticarət fəaliyyəti ilə məşğul olur. İddiaçı1 işlədiyi mağazanın yanındakı mağazanı isə Cavabdeh Məhəmmədiyə oğlu işlədirdi. Bu üzdən aralarında etibarlı qonşuluq münasibətləri yaranmışdı. 2018-ci ilin sonlarında İddiaçı1 səhhəti ilə əlaqədar olaraq fəaliyyətini dayandırmışdır. 2019-cu ilin sentyabr-oktyabr aylarında cavabdeh ona zəng edərək vacib bir iş üçün onunla görüşmək istədiyini bildirmiş və onun işlədiyi keçiddəki mağazasına gəlməsini xahiş etmişdir. İddiaçı1 bacısı qızı İddiaçı2la birlikdə cavabdehin mağazasına getmişlər. İddiaçı1 fəalliyətinə son qoyanda cavabdeh bilirdi ki, ticarətə qoyduğu pulları geri çəkdiyindən onda müəyyən məbləğdə pul var. Cavabdeh bu faktı nəzərə alaraq Türkiyədən mal gətirilməsi üçün 50.000 manat məbləğində pulu İddiaçı1 borc olaraq istəmiş və 3-4 ayın ərzində qaytaracağına söz vermişdir. İddiaçı1 onun təcrübəli və ticarət işini yaxsı bilən bir biznes adamı kimi tanıdığından və uzun illər etibarlı qonşuluq şəraitdə işlədiklərindən 30.000 manat verə biləcəyini bildirmişdir. Çox xahişlərdən sonra yanında olan İddiaçı2 ona görə cavabdehə əlavə olaraq 12.000 manat məbləğində pulu borca verə biləcəyini bildirmişdir. Səhəri gun İddiaçı1 30.000 manat, eyni zamanda İddiaçı2 12.000 manat məbləğində pulu ayrı-ayrılıqda cavabdehə vermişlər. Cavabdeh borc olaraq aldığı pulu 3-4 ay müddəti ərzində qaytaracağına dair verdiyi sözə müxtəlif bəhanələrlə əməl etmir və bu günə qədər pulu qaytarmayıb. İdiaçılara yalnız sadə formada özü tərəfindən tərtib olunaraq yazılan iltizam vermişdir, lakin bu günə kimi həmin pulu sonuncudan ala bilmirlər. Hər bir iddiaçı cavabdehdən borc olaraq verdikləri pulu ala bilmədiklərindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətdə gördükləri tədbirlər bir nəticə vermədiyindən hesab edirlər ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. İndiki halda cavabdeh onlara yalan vədlər və məlumatlar vermiş, etibar və inamlarından istifadə edərək öhdəliyi yerinə yetirməmişdir. Hesab edirlər ki, Cavabdeh Məhəmmədiyə oğlundan 30.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı1 və 12.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı2 ödənilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhəmmədiyə oğlu məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi və izahatında bildirdi ki, iddiaçılardan pulu almışdır. İmkanı olmadığı üçün indi ödəyə bilmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 avqust 2021-ci il tarixli sadə yazılı formada tərtib olunmuş iltizamdan görünür ki, Cavabdeh Məhəmmədiyə oğlu 2021-ci ilin sonuna kimi qaytarmaq şərti ilə İddiaçı1 faizsiz olaraq 30.000 manat borc, İddiaçı2 faizsiz olaraq 12.000 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçılar qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir və iddiaçılar qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 230 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Məhəmmədiyə oğlundan 30.000 manat borc və 115 manat dövlət rüsumu tutularaq İddiaçı1, 12.000 manat borc və 115 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhəmmədiyə oğlundan 30.000 manat borc və 115 manat dövlət rüsumu tutularaq İddiaçı1, 12.000 manat borc və 115 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar