Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-181/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan payın naturada ayrılması, əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən 183 nömrəli evin 29 nömrəli mənzilinin naturada bölünməsi, bu mümkün olmadıqda Cavabdeh onun xeyrinə 400.000 manat məbləğində pulun kompensasiya kimi tutulması, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin Cavabdeh ilə onun arasında 1/2 nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 22 dekabr 1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan üç uşaqları vardır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(009)-1198/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Eyni zamanda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli 2(009)- 1933/2020 saylı qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş "xxxx" MMC tərəfindən ünvan 1 ünvanı ünvan 2aşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 192 m2 olan 3 otaqlı 39 saylı mənzil) ünvanda inşa olunmuş 14 mərtəbəli bir bloklu yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 192 m2 olan 3 otaqlı 29 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə Cavabdeh payı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və 15 iyul 2022-ci il tarixdə mənzilin 1/2 hissəsinə dair iddiaçının adına çıxarış verilmişdir. Lakin cavabdeh iddiaçını mənzilə buraxmır, nəticədə iddiaçı mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və qiymətləndirmə nəticəsində mənzilin müəyyən edilmiş dəyəri ilə razı olmadıqlarını qeyd edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(009)-1933/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü» tələbinə dair iddiası qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş "xxxx" MMC tərəfindən ünvan 1 ünvanı ünvan 2aşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 192 m2 olan 3 otaqlı 39 saylı mənzil) ünvanda inşa olunmuş 14 mərtəbəli bir bloklu yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 192 m2 olan 3 otaqlı 29 saylı mənzilin, "xxxx" MMC-nin nizamnamə kapitalında 25 manat dəyərində 25 payın, "xxxx" MMC-nin nizamnamə kapitalında 10 manat dəyərində 1 payın, "xxxx" MMCnin nizamnamə kapitalında 3 manat dəyərində 3 payın, «Opel İnsignia» markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə payları müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili paylı mülkiyyət kimi - 1/2 hissədə pay hüququ ilə İddiaçı, 1/2 hissədə pay hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2022-ci il tarixli 10/6496 saylı ekspert rəyindən göründüyü kimi, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin faktiki yerləşmə vəziyyətinə, yəni 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşdiyinə, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğuna və mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, hamam-tualet və s.) yeganə olduğuna görə, həmin mənzilin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada mülkiyyətçilərin paylarına uyğun naturada ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin hazırki vaxtda mövcud olan orta bazar qiymətləri təqribən 294.000 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İddia tələblərinə əsasən payların müəyyən edilməsinə baxmayaraq cavabdeh iddiaçını mənzilə buraxmaması nəticədə sonuncu mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyindən hazırki iddia ilə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh tərəf mənzilin açıq hərrac vasitəsi ilə ekspertizanın müəyyən etdiyi qiymətlə satışa çıxarılmasına etirazını bildirərək iddianı qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. - 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair cavabdeh tərəfin dəlilləri ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2022-ci il tarixli 10/6496 saylı ekspert rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün sübut kimi qəbul ediməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Məhz bu əsaslardan çıxış edərək məhkəmə təkrar ekspertiza barədə verilən vəsatətin təmin edilməsini də zəruri saymamışdır. Məhkəmə hesab edir ki, tərəflərin bərabər pay hüququ tanınmış mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı üçün naturada bölünməsinə dair iddia tələbi əsaslı sayılmasa da, habelə cavabdeh tərəfin mənzilin dəyərinin yarı hissəsini ödəməklə əldə etmək istəməməsini, bununla da sadalanan qanunvericilik normalarının tələblərinə və mahiyyətinə əsasən mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin Cavabdeh ilə onun arasında 1/2 nisbətdə bölünməsinə dair iddia tələbləri əsaslı olduğu üçün təmin edilməli və mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilməlidir. Lakin məhkəmə iddiaçının cavabdehə qarşı 400.000 manat kompensasiya ödənilməsi tələbinə qiymət verərək rədd edilməsi nəticəsinə gəlir. Belə ki, qanunvericilikdə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçi tərəfindən kompensasiya ödənilməsinə yalnız onun öz razılığı ilə yol verilməsi nəzərdə tutulduğundan və cavabdeh tərəfindən də belə bir razılıq olması müəyyən edilmədiyindən iddia tələbi bu hissədə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili açıq hərracdan satılmalı, Bakı şəhəri, Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməklə bölüşdürülməli, mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzili açıq hərracdan satılsın. Mənzilin hərracda ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilsin. Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin 29 saylı mənzilinin satışından əldə olunan pul vəsaiti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylara uyğun olaraq 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməklə bölüşdürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatı xərcinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-181/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-181/2023
19.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver