Məhkəmə qərarları › İş №e-2(006)-1812/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1812/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1812/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanmış 10.09.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqaviləyə əsasən, 11,970 manat borcun, 2,185 manat cərimənin, 200 manat vəkil xərcinin və 133.10 manat dövlət rüsumunun, cəmi 14,488.10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanmış 10.09.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqaviləyə əsasən, cavabdehin övladı X3 2020/2021-ci tədris ilində İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-də təhsil almışdır. Müqavilənin 4.1-ci bəndinə görə, 2020/2021-ci tədris ili üçün avans qismində 3,000 manat ödəmək şərtilə, 14,000 manat məbləğində təhsil haqqı hissə-hissə cavabdeh tərəfindən iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Müqavilənin 4.2-ci bəndi ilə cavabdehin avans qismində 3,000 manat, 01.10.2020-ci il tarixədək 3,300 manat, 20.12.2020-ci il tarixədək 4,400 manat və 01.02.2021-ci il tarixədək 3,300 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməsi razılaşdırılmışdır. Həmin müqavilə üzrə cavabdehin təhsil haqqına görə 11,970 manat borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və 25.01.2022-ci il tarixdə yazılı pretenziya verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bu səbəblə də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə baxış iclasında İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, 10.09.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqaviləyə əsasən, cavabdehin övladı X3 2020/2021-ci tədris ilində İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-də təhsil almış, həmin tədris ili üçün təhsil haqqının məbləği 14,000 manat təşkil etmiş, iddiaçı ilə cavabdeh bu məbləğin hissə-hissə ödənilməsini sözügedən müqavilə ilə razılaşdırmış, cavabdehin övladı həmin tədris ilində dərslərdə iştirak etmiş və onun müvafiq sənədləri iddiaçıda olmuşdur. Cavabdeh COVİD-19 pandemiyasını bəhanə gətirərək sözügedən müqaviləyə imza etməsə də, öz hərəkətləri ilə müqavilənin bağlanmış hesab edilməsinə şərait yaratmışdır. Həmçinin, cavabdehin böyük oğlu da İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-də təhsil almış, buna görə də onun ödənişləri edəcəyi barədə iddiaçıda inam yaranmışdır. Lakin cavabdeh bu inamı doğrultmamış, belə ki, müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmiş, övladının məktəb tərəfindən göstərilən təhsil xidmətlərindən yararlanmasına baxmayaraq, o, razılaşdırılmış məbləği iddiaçıya tam ödəməmiş və müqavilə üzrə 11,970 manat borcu və 2,185 manat cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib etiraz edərək bildirdi ki, 10.09.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqavilə cavabdeh tərəfindən imzalanmamış, həmin tarixdən əvvəl bağlanmış digər müqavilələr isə cavabdeh tərəfindən deyil, onun anası tərəfindən imzalanmışdır. Həmçinin, dərslərdə iştirak etdiyi iddia edilən X3 əyani olaraq dərslərdə iştirak etməmiş, cavabdehin şifahi xahişi əsasında övladı COVİD-19 pandemiyası dövründə keçirilən onlayn dərslərdə iştirak etmiş və bununla əlaqədar ödənişlər iddiaçının mühasibinin bank hesabına ödənilmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etirazı qəbul etməyib bildirdi ki, mühasibin bank hesabına edilmiş ödənişlərin əvvəlki müqavilələr üzrə olduğunu ehtimal etmək də olar, yəni həmin ödənişlərin təyinatını konkret olaraq müəyyən etmək mümkün deyildir. Buna görə də 11,970 manat borcun, 2,185 manat cərimə borcunun, 200 manat vəkil xərcinin və 133.10 manat dövlət rüsumunun, cəmi 14,488.10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, vəkillərin çıxışlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə həmin məktəbdə təhsil alacaq X1 valideyni Cavabdeh arasında bağlanmış 10.09.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqavilədən görünür ki, məktəb 2020-2021-ci tədris ilində şagirdi “Grade 2” sinfinə qəbul etmiş, beynəlxalq təhsil proqramlarının seçimini şagirdə təklif etmiş və əlavə olaraq, şagirdi dərsliklər (kitabların ilin sonunda geri qaytarılması şərtilə) və iş dəftərləri ilə, məktəb və idman formaları ilə, tam nahar, sağlam yemək çeşidləri və tənəffüs zamanı qəlyanaltılarla, dərsdən kənar məşğələlər və idman zalından tam istifadə imkanı ilə təmin etməyi, təmsilçi isə öz növbəsində təhsil haqqını vaxtlı-vaxtında məktəbə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndindən görünür ki, təhsil haqqının ödənişi 4 bərabər hissəyə bölünməklə həyata keçirilir, 2020/2021-ci təhsil ili üçün 14,000 manat təşkil edir və müqavilə bağlanarkən təmsilçi tərəfindən avans qismində 3,000 manat ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən, təmsilçi tərəfindən 01.10.2020-ci ilədək 3,300 manat, 20.12.2020-ci il tarixədək 4,400 manat və 01.02.2021-ci il tarixədək 3,300 manat məbləğində pul vəsaiti məktəbə ödənilir. Həmçinin, müqavilədən görünür ki, cavabdeh müqaviləni imzalamamışdır. İş materiallarında olan “2020/2021-ci tədris ili üçün şagirdlərin dərslərə davamiyyət qrafiki”ndən görünür ki, X3 dərslərdə müntəzəm iştirak etmişdir. İş materiallarında olan 14.02.2022-ci il tarixli 9244/22 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 170 manat müəyyən edilmiş və order marka pulu 30 manat təşkil etmişdir. Müvafiq olaraq, 15.02.2022ci və 16.02.2022-ci il tarixli qəbzlərlə hüquqi yardıma görə iddiaçı tərəfindən ümumilikdə 200 manat ödəniş edildiyi təsdiq olunur. İş materiallarında olan 15.02.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 133,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan 25.01.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC cavabdehi borcun ödənilməsi barədə lazımi qaydada xəbərdar etmişdir. Mülki işin materiallarında olan ərizədən görünür ki, iddiaçının vəkili və nümayəndəsi müqavilədə iddiaçının imzasının olmamasına baxmayaraq, həmin dövrə aid davamiyyət sənədinə, şagirdin müvafiq sənədlərinin həmin dövrdə məktəbdə olmasına və şahid qismində cəlb edilə bilən şəxslərin mövcudluğuna istinad etmiş, cavabdehin övladının təhsildən yararlanması nəticəsində onun müqavilə üzrə göstərilən xidmətləri qəbul etməsini əsas gətirərək, cavabdehlə müqavilənin real şəkildə bağlanmasını bildirmişdir. Mülki işin materiallarında olan 13.04.2022-ci il tarixli etirazdan görünür ki, 10.09.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqavilənin cavabdeh tərəfindən imzalanmaması, həmin tarixdən əvvəl bağlanmış digər müqavilələrin cavabdehin anası tərəfindən imzalanması, X1 cavabdehin şifahi xahişi əsasında yalnız COVİD-19 pandemiyası dövründə keçirilən onlayn dərslərdə iştirak etməsi və bununla əlaqədar ödənişlərin iddiaçının mühasibinin bank hesabına ödənilməsi əsas gətirilərək, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Mülki işin materiallarında olan 20.09.2017-ci və 17.07.2019-cu il tarixli müqavilələrdən görünür ki, X1 təmsilçisi qismində X2 çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Sözügedən Məcəllənin 329.2 və 329.3-cü maddələrinin tələbinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, cavabdeh övladının iddiaçı qurumda onlayn qaydada aparılan təhsildən yararlanması barədə iddiaçıdan xahiş etmiş, iddiaçı da bu xahişi qəbul etmişdir. İddiaçı tərəfindən hazırlanan yazılı müqavilənin imzalanması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh COVİD-19 pandemiyasını bəhanə gətirərək, həmin müqaviləyə imza etməmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul etmiş, belə ki, uşağının onlayn dərslərdə iştirakını təmin etmiş, lakin bunun əvəzində iddiaçıya heç bir təhsil haqqı ödəməmişdir. Bununla da tərəflər arasında şifahi qaydada bağlanmış müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sözügedən Məcəllənin 389.1, 389.2 və 389.3-cü maddələrinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 397.1 və 398.1-ci maddələrinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, onlar arasında mövcud olan müqavilə münasibətləri əvəzli xarakter daşımışdır. Belə ki, iddiaçı cavabdehin övladına təhsil xidmətləri göstərmiş, cavabdehin övladı bu xidmətlərdən yararlanmış, lakin iddiaçıya bunun qarşılığında haqq ödəməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə yaranmış borca münasibətdə təmin edilməlidir. Belə ki, cavabdehdən iddiaçının xeyrinə 11,970 manat məbləğində pul tutulmalıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinin tələblərinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.4-cü maddəsinə görə, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Sözügedən Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında şifahi şəkildə bağlanmış sonuncu müqavilədən əvvəl başqa müqavilələr də mövcud olmuş və onların qarşılıqlı münasibətlərində yaranmış praktikaya əsasən, iddiaçı cavabdehə güvənərək onun müqaviləyə imza atmamasını problem etməmişdir. Lakin cavabdeh bu güvəndən sui-istifadə etmiş, müqaviləni imzalamamış, xidmətlərdən yararlandığı halda qarşılığını iddiaçıya ödəməmişdir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Sözügedən Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Mülki Məcəllənin 408.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. İşin hallarından məlum olur ki, cavabdeh iddiaçıya oferta göndərmiş və iddiaçı onu aksept etmiş, nəticədə onlar arasında müqavilə bağlanmışdır. Mülki Məcəllənin 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Sözügedən Məcəllənin 409.3 və 409.4-cü maddələrinə görə, əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə görə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Sözügedən Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 2,185 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan, iddia tələbi bu hissədə qismən təmin edilməli və cərimə borcu 598.50 manat məbləğinə qədər azaldılmalıdır. Mülki Məcəllənin 777.1 və 777.2-ci maddələrinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Sözügedən Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İşin hallarından məlum olur ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Onlar bu müqaviləni şifahi qaydada bağlamış, iddiaçı tapşırığı qəbul etdikdən sonra müqavilə qüvvəyə minmişdir. Həmçinin, iddiaçının müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlaması da istisna edilmədiyindən, ona muzd (təhsil haqqı) ödənilməsi cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin dövlət rüsumu hissəsinə münasibətdə hesab edir ki, ödənilmiş 133.10 manat dövlət rüsumunun 121.12 manat hissəsində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən alınmalı, dövlət rüsumunun qalan 11.98 manat hissəsi iddiaçıya aid edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin vəkil xərci hissəsinə münasibətdə hesab edir ki, 200 manat vəkil xərci iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı tərəfindən şifahi tapşırıq müqaviləsi əsasında xidmətin göstərilməsini, cavabdeh tərəfindən göstərilən xidmətin qəbul edilməsini, tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbi 11,970 manat borcun, 200 manat vəkil xərcinin iddiaçının xeyrinə cavabdehdən tutulması hissəsində təmin edilməli, 2,185 manat cərimənin və 133.10 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir. 2,185 manat cərimənin məbləği azaldılaraq 598.50 manat məbləğində cərimə borcu və 133.10 manat dövlət rüsumunun 121.12 manat hissəsində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən alınması müəyyən edilərək, dövlət rüsumunun qalan 11.98 manat hissəsi iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11,970 manat əsas borc, 598.50 manat cərimə borcu, 200 manat hüquqi yardıma görə çəkilmiş xərc, cəmi 12,768.50 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə ödənilsin. Ödənilmiş 133.10 manat dövlət rüsumunun 121.12 manat hissəsi Cavabdeh alınaraq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə ödənilsin, qalan 11.98 manat hissədə İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar