Məhkəmə qərarları › İş №e-2(006)-1823/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1823/2025

23.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1823/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 4 saylı binada 37 saylı mənzilin hazırki bazar qiymətinə uyğun olaraq 60000 (altmış min) manat pul və dövlət rüsumuna görə ödənilmiş 270 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı mərhum əri X14 1999-cu il tarixdə Bakı şəhərində mənzil almaq qərarına gəlmiş, ünvan 1 ünvanda yerləşən mənzili tapmış, həmin mənzilin alqı-satqısı üçün 18 milyon (köhnə pulla) manata mənzilin mülkiyyətçisi X11 ilə razılığa gəlmişdir. Həmin dövrdə Bakı şəhərində pasport qeydiyyatı olmayan şəxslər üçün mənzil alqısatqı etmək mümkün olmadığından, həmin mənzili iddiaçının qardaşı oğlu və eyni zamanda qızının nişanlısı Cavabdeh adına rəsmiləşdirmişlər. Cavabdeh həmin vaxt Bakı şəhərində polis nəfəri işləməklə Bakı şəhərində pasport qeydiyyatında idi. Beləliklə, mərhum əri X14 tərəfindən (köhnə pulla) 18000000 (on səkkiz milyon) manat X6 ödənilmiş və həmin mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh qızı X17 ilə ailə qurmuş, birgə nigahlarından iki qız övladları doğulmuşdur. İlk əvvəl münasibətləri normal olsa da, sonradan aralarında mübahisələr baş vermiş və sonra məhkəmənin qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan sonra Cavabdeh mənzilin dəyəri X14 tərəfindən (köhnə pulla) 18000000 (on səkkiz milyon) manat X6 ödənilməsinə baxmayaraq, 2024-cü il tarixdə iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X17nın, X8 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 4 saylı binada 37 saylı mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla da onun və uşaqlarının hüquqları pozulmuşdur. 1999-cu il tarixdə mərhum əri X14 tərəfindən (köhnə pulla) 18000000 (on səkkiz milyon) manat X6 ödənilsə də, hazırda həmin ünvan 1 ünvanda yerləşən mənzilin ərazi üzə mövcud bazar qiyməti 60-70 min manatdır. Hesab edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud deyil. Bu baxımdan mərhum əri X14 tərəfindən 18000000 (on səkkiz milyon) manat X6 ödənildiyi halda Cavabdeh iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X17nın, X8 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 4 saylı binada 37 saylı mənzildən çıxarılmalarını tələb etməklə iddiaçının (mərhum Şaiq Muradovun hüquqi varisi iddiaçıdır) hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti X9 hüquqi varisi İddiaçı qaytarmalı olduğundan hesab edir ki, həmin vəsaitin ümumi miqdarını müəyyən edilərkən, mübahisəli mənzilin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, mənzilin hazırki bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı tələbinin əsaslandıraraq göstərir ki, guya o, qızının nişanlısı olarkən mülkiyyətində olan mənzili onun adına alıblar. Halbuki 1999-cu ildə iddiaçının qızı orta məktəbin 7-ci sinfində təhsil alırdı. O, iddiaçının qızı ilə 2004-cü ildə nişanlanmışdır. Bundan başqa mənzilin yalnız Bakı şəhərində qeydiyyatı olan şəxsin adına alına bilinəcəyi fikri absurddur. O, iddiaçının ərinin qardaşı oğludur. Məgər iddiaçının və ərinin Bakı şəhərində ondan başqa qohumları yox idimi? İddiaçının qızı onun mülkiyyətində olan mənzili atasının alması barədə sübut edilə bilməyən halları mənzilində istifadə hüququ verilməsi ilə bağlı mülki iş üzrə apellyasiya şikayətinə baxılarkən də göstərmişdir. Lakin həmin hallar sübuta yetirilməmiş və məhkəmə iddiaçının qızının iddiasını rədd etmişdir. İddiaçının qızı ilə o, 2012-ci ildə faktiki ayrılmış və sonuncu 2014-cü ildə ondan alment tələbi ilə məhkəməyə müraciət etmişdir. Əgər iddiaçının və ailəsinin belə bir tələbi vardısa iddiaçının əri niyə həmin illərdə ona qarşı iddia qaldırmırdı? Mənzilə dair mülkiyyət və texniki sənədlərin iddiaçının qızında olmasına gəlincə o, 2012-ci ildə Rusiya Federasiyasına gedərkən həmin sənədlər Sona İbişova və uşaqlarıyla birlikdə yaşadığı Göyçay şəhərində yerləşən valideynlərinin evində olmuş və Sona İbişova həmin evdən çıxarkən ona aid digər sənədlərlə yanaşı mənzilinə aid sənədləri də özü ilə aparmışdır. İddiaçının tələbini əsaslandırdığı hallar sübut olunmur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştiarak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 1999-cu ildə şəxsi hesabına özünə ev almışdır. 1994-cü ilə qədər 4 il Rusiyada ticarətlə məşğul olmuşdur. 1994-cü ildən sonra Prezidentin yanında mühafizədə işləmiş, 1999-cu ildə ehtiyata buraxılmışdır. Həmin dövrdə bu evi almışdır. Həmin dövr hətta 3 ev almağa da pulu var idi. İddiaçının qızı İbişova Sona ilə 2004-cü ildə nikaha daxil olmuş, faktiki 2012-ci ildən ayrılmışlar. Nikahları pozulduqdan sonra belə əsassız iddialar qaldırırlar. Hal-hazırda onun mənzilində yaşayırlar. Heç cür öz mənzilinə girə bilmir. 1999-cu ildə Muradov Şaiqlə qohumluğu olmamışdır. Onun adına niyə ev almalı idi ki? Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh yekun məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X11 ifadəsində bildirmişdir ki, onun İddiaçı ilə münasibəti yoxdur. 1999-cu ildə Şaiq müəllim ondan ev almışdır. Vasitəçi vardı. Şaiq müəllim onunla gəldi, evə baxdı, xoşu gəldi. 42 saylı Notariat Ofisində alqı-satqı etdilər. Təxmini 18.000.000 manat ona pul vermişdi. Şaiq müəllim, arvadı, bir uzun oğlan –hazırkı cavabdeh idi, bir də qohumu gəlmişdi. Ona pulu Şaiq müəllim verib. Hələ soruşmuşdur ki, nə yaxşı evi qohumun adına alır, dedi, çox etibarlı adamdır, qohumudur. İddiaçı ilə əlaqəsi yox idi. X7 ifadəsində bildirmişdir ki, iddiaçının qardaşıdır. 19-cu Polis Bölməsinin şöbə rəisi işləmişdir. Muradov Şaiq tez-tez Bakıya qızıl satmağa gəlirdi. Bir gün gəldi ki, ev almaq istəyir. Aygün xanımın evinə baxmışlar və razılaşmışdır, evi Rahibin adına almışdır. Dedi, qaynı oğludur, güvəndiyi adamdır. Sonra qızını ona verdi. Onda kömək etmişdir, Rahibi polisə işə düzəltdirmişdir. Sonra Rahib işdən çıxıb, Rusiyaya getmişdir. Sonra da boşanmışdılar. Deyir, evdən çıxın. Evi yeznəsi alıb. Rahibin heç bir pulu olmayıb. Şaiq Rusiyada da işləyib. Cavabdeh də onun yanında olub. Evdə 1999-cu ildən bacısıgil yaşayıblar. Rahib Göyçayda yaşayıb. Onun nə özünü, nə də atasının ev almağa elə pulu olmayıb. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR, H.B.Əliyev küçəsi, 04 saylı evin, 37 saylı mənzilini 18.000.000 (on səkkiz milyon manata) Cavabdeh satmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 023130 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanın mülkiyyətçisi Cavabdehdur. Göycay Rayon Bığır kənd nümayəndəliyinin İİİ-JQ seriyalı 372266 saylı nikahın bağlanması haqqında şəhadətnaməsinə əsasən X15 ilə X1 arasındakı nikah xx.xx.1984-cü ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Muradova» soyadı verilmişdir. Bakı şəhəri Göycay Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 155698 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən X15 çoxsaylı mielomadan vəfat etmişdir. Göycay Rayon notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiqləmiş xx.xx.2021-ci il tarixli 2V-750 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş-MURADOV ŞAlQ MURAD OĞLUNUN vərəsələri: GÖYÇAY ŞƏHƏR, M.Ə.RƏSULZADƏ, EV 2 A ünvanında yaşayan aravdı İddiaçı QİZİ (AZE0*******, xx.xx.2012 - Göyçay, FİN:xxxxxxx, d/t:xx.xx.1961) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK-nin yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X14NA verilmiş **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən GÖYÇAY ŞƏHƏR M.Ə.RƏSULZADƏ KÜÇ,EV.2A ünvanında 0.06043 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 368.6 kv/m, yaşayış sahəsi 70.8 kv/m, yardımçı sahəsi 297.8 kv/m, 3 otaqlı olan fərdi yaşayış evidən ibarətdir. X4 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ünvan 3 ünvanda yerləşən mənzil alqısatqısı barədə X14 ilə razılığa gəlmişlər, həmin mənzil Cavabdeh adına rəsmiləşdirilsədə, həmin mənzilin alqı-satqı üçün razılaşdığı pul məbləğini Cavabdeh tərəfindən deyil, X14 tərəfindən ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2307/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilməsi, Cavabdeh ilə X17 arasında Göyçay rayon Qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixdə 120 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X10 anası X17nın yanında saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1230/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X17nın Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması tələbi barədə” iddiasının təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-2127/2024 saylı qərarına əsasən iddiaçı X17nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1230/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-4364/2024 saylı qətnaməsinə əsasən ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə cavabdehlər X17, X23 qızı və X18 qızı (qanuni nümayəndəsi X17) ünvan 4 ünvanında yerləşən 37 nömrəli mənzildən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16085/2025 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 4, 37 saylı mənzil X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994cu il tarixli 3M-796 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 42 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 3M-A-522 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 4 saylı binada yerləşən 37 saylı mənzil Cavabdeh satılmış və xx.xx.1999cu il tarixdə daşınmaz əmlakın dövlət reyesrtində sonuncunun adına qeydə alınmışdır. Hazırda İddiaçı mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq 60000 (altmış min) manat pulun Cavabdeh alınaraq ona verilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, sözügedən mənzil faktiki olaraq hazırda vərəsəsi olduğu - mərhum əri Şaiq Muradov tərəfindən sağlığında öz vəsaiti hesabına özləri üçün alınmış, lakin alqı-satqı və mülkiyyət sənədi onun keçmiş kürəkəni (həm də qardaşı oğlu) olan cavabdehin adına rəsmiləşdirilmişdir, bununla da cavabdeh onların hesabına əsassız varlanmışdır. Cavabdeh isə mərhumun başqa qohumları olduğu təqdirə iddiaçının mərhum ərinin (Şaiq Muradovun) öz qohumuna deyil, arvadının qardaşı oğlu olaraq ona ev almasını məntiqsiz hesab edərək, evin özü tərəfindən alındığını bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, işdə olan sübutlarla – evin bilavasitə satışını həyata keçirən keçmiş mülkiyyətçi şahid Aygün Qasımovanın ifadəsi, habelə tərəflər arasında danışıqları özündə əks etdirən və CD diskdə təqdim edilmiş səs yazısı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 4 saylı binada yerləşən 37 saylı mənzilin cavabdehin öz vəsaiti hesabına deyil, iddiaçının mərhum əri X14 tərəfindən ödənilmiş vəsait hesabına alınması müəyyən edilmişdir. Audioyazıda İddiaçı və Cavabdeh arasındakı telefon danışığı zamanı sonucunun ifadələri: “Mənim o evdə haqqım, payım yoxdur, mən necə o kişinin evini alım? Ev barəsində mən sənə 100 faiz söz verirəm, tam arxayın ol, necə deyirsiz, kimin adına deyirsiz keçirim. O ev mənə heç lazım olmayıb, lazım da deyil, ehtiyacım da yoxdur”. Göründüyü kimi mübahisəli mənzilin dəyərinin cavabdehin keçmiş qayınatası Şaiq Muradov tərəfindən ödənildiyi, yəni, cavabdehin həmin mənzili öz vəsaiti hesabına almadığı öz təsdiqini tapsa da, mərhumun evi alarkən alınmış əmlakın cavabdehin adına rəsmiləşdirməklə niyyətinin, mənzilin alınması üçün nəzərdə tutulmuş pulun sonradan qaytarılmaq şərtilə verilməsini və ya alınmış mənzilin sonradan mərhumun və ya onun göstərdiyi şəxsin adına keçirmək şərtilə cavabdehin adına alınmasını müəyyən etmək mümkün deyildir. Belə ki, mənzilin 1999-cu ildə alınması, keçən uzun müddət ərzində Şaiq Muradovun öldüyü günədək (ölüm tarixi: xx.xx.2021-ci il) mənzilin cavabdehin adından öz və ya ailə üzvlərinin adına keçirilməsi imkanına malik olması, lakin bu imkandan istifadə etməməsi nəzərə alındıqda, əri vəfat etdikdən sonra iddiaçının hazırkı iddianı qaldıraraq sağlığında ərinin cavabdehin adına aldığı mənzilin dəyərini tələb etməsinin hər hansı əsası yoxdur. Odur ki, qeyd edilənlər, mübahisəli mənzilin alınması üçün ödənilmiş pulun mərhumun qızının nişanlısı və gələcək həyat yoldaşı olaraq cavabdehə bağışlanması qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar