Məhkəmə qərarları › İş №e-2(006)-1831/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1831/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1831/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2-ci mikrorayon, 27 saylı evin 14 saylı mənzilində qeydiyyatda olan cavabdehin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 27 saylı evin, 14 saylı mənzilini Bakı şəhəri, 32 saylı Notariat ofisinin notariusu vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən təsdiq olunmuş, reyestrdə 4Ə-1048 nömrə ilə ilə qeyd edilmiş, 09 iyul 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən mənzilin əvvəlki mülkiyyətçisi X2 almışdır. Alğı-satqı müqaviləsinin 6cı bəndinə uyğun olaraq mənzili faktiki sahibliyinə və istifadəsinə qəbul etmişdir. Həmin vaxtdan da cavabdeh ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər. 14 iyul 2022-ci il tarixdə qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə onun adına Daşınmaz Əmlakın Reyestrində, ********** nömrə ilə qeydiyyata alınmışdır. Mənzilin əvvəlki mülkiyyətçisi ailə üzvləri ilə birlikdə yeni yaşayış yerinə köçsə də, Cavabdeh adlı köhnə sakin pasport qeydiyyatından çıxarılmayıb və hal-hazırda da xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilində qeydiyyatdadır. Cavabdehin formal olaraq onun mənzilində pasport qeydiyyatında qalması xüsusi mülkiyyəti olan mənzili üzərində sərəncam, sahiblik, istifadə hüquqlarını tam şəkildə həyata keçirməyinə mane olur ve eyni zamanda mənzil kommunal xidmət haqlarının ödənilməsində problemlər yaradır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən mənzili cavabdehdən almışdır. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili X3 almışdır. ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, "hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzili cavabdeh xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı müqaviləyə əsasən X1, X5 isə xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı müqaviləyə əsasən həmin mənzili iddiaçıya satmış, sözügedən mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdeh mənzilin keçmiş mülkiyyətçisidir. Formal olaraq qeydiyyatda qalmışdır. Bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdeh mənzildən istifadə hüququna xitam verilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə- yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh həmin mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar